
Görkəmli kinoşünas, teatrşünas, ədəbiyyatşünas, tənqidçi, esseist, ssenarist, nasir, tarixçi… Fədakar müəllim, elmlər doktoru, professor… Bu adların hər birinin layiqli daşıyıcısı Aydın Dadaşovla ilk tanışlığımız 1991-ci ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində olmuşdu. Hekayələri haqqında kəskin tənqidi rəy bildirsəm də, rəhbərlik etdyim “Yol” qəzetinin redaksiyasına tez-tez gəlirdi. Sonra bildim ki, gəlişinin əsas məqsədi Mərkəz haqqında televiziya tanıtım filmi hazırlamaqdır…
“Ağlı-qaralı dünya” adlı həmin film Azərbaycanın mədəni həyatında böyük bir hadisə kimi qarşılandı, sözün həqiqi mənasında ictimai partlayış yaratdı.
Filmdə maraqlı çəkiliş və montaj üsulundan istifadə edilmişdi. Çəkiliş məkanı kimi o vaxt təzəcə rəhmətə getmiş böyük alim, ictimai və siyasi xadim, millət vəkili Aydın Məmmədovun iri iş kabineti seçilmişdi. Kabinetdə işçilər Mərkəzin ilk kitabını – mənim özbək dilindən tərcümə etdiyim “Əmir Teymurun vəsiyyətləri”ni qeyd edirdilər…
Çəkiliş üçün xüsusi quraşdırılmış projektorlar yandırılır, gur işıqlar altında hamının üzündə kədər gəzişir. Çıxışlar başlayır. Hər danışan Aydın Məmmədovun yoxluğuna təəssüfləndiyini, onunla tanışlığının tarixini, ona olan sevgisini, dünyadan vaxtsız getməsinin ağırlığını dilə gətirir… Rejissor – Aydın Dadaşov qəfildən amiranə səslə çəkilişi saxlayır. İşıqlar söndürülür. Söhbətin quru alındığını bildirir. Məclisdə əhval-ruhiyyə çatışmır… Bir anda qırışıqlar açılır, üzlərdən kədər çəkilir. Mərkəzin özfəaliyyət musiqiçiləri alətlərini səsləndirir, ritmi pozuq musiqi altında şıdırğı rəqslər başlayır. Atmacalar, zarafatlar musiqiyə qarışır… Rejissor bu əhval-ruhiyyəni davam etdirməyi tapşırır. Yenidən işıqlar yandırılır, kamera işə salınır. Yenə kədərli üzlər, acı xatirələr, ağrılı təəssüratlar. Çəkiliş yenə dayandırılır. İşıqlar söndürülür. Yenidən “məşq” başlayır, əhaval-ruhiyyə dəyişir…
Bu, bir neçə dəfə təkrar edilir…
Film efirə gedəndə isə məlum oldu ki, çəkiliş həm işıq altında, həm də işıq söndürüləndə aparılırmış. Aydın Dadaşov “açıq” və “gizli” çəkiliş materiallarını montaj etməklə öz adaşı Aydın Məmmədovun deyil, ümumiyyətlə əxlaqı ikiləşmiş, öz dəyərlərinə qeyri-ciddi yanaşan və dəyəri də o qədər ağır olmayan cəmiyyətin parlaq televiziya obrazını yaratmağa nail olmuşdu. Bu nataraz obraz uzun müddət gündəlikdən düşmədi, söhbətlərin baş mövzusuna çevrildi…
Dünyanın ağ tərəfindən qara, qara tərəfindən ağ tərəfinə nəzər salmağı, dünyanın rəngsiz və zalım üzünü görməyi və göstərməyi bacaran Aydın Dadaşovla dostluğumuz elə o vaxtdan möhkəmlənib davam etdi…
Bu illər ərzində onun özü gur işıqlar altında da, işıqlar söndürüləndə də hamar olmayan xarakterinin bütövlüyünü, üzünün eyni ifadəsini saxlaya bildi.
Baş obrazlarından birinin də mən olduğum “Ağlı-qaralı dünya” filminin çəkilişini xatırlayanda hər dəfə onun da mənim haqqımda dilə gətirdiyi söz bu olurdu. Hər dəfə də şaqqıldayıb gülə-gülə: “İkimiz də eyni parodadanıq”, – deyirdi…
İndi onun kimliyi haqqında düşünərkən həmin çəkiliş məkanında işıqları yandırıb-söndürməyi əmr edən qarabağlılara xas cingiltili səsini eşidirəm. İşıq altında bir dünya, işıq söndürüləndə başqa dünya kəşf etmək möcüzəsi yaradan bir sənət adamı gözümün önünə gəlir. Bu ağlı-qaralı dünyada Aydını dünyanın ağ tərəfində görürəm…
Müəllif:Məti OSMANOĞLU
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru