Əjdər Ol – Yaşamaq dəlisi

Yaşamaq dəlisi

(Qəşəm Nəcəfzadə haqqında)

Qəşəm şeir dəlisidir.Bu, həm də o deməkdir ki, o yaşamaq dəlisidir. Onun ayıq vaxtını görmədim, həmişə şeirdən sərxoşdur, ilham ayığındadır. Tək-tək şair onun qədər şeirin gücünə inanar, şeiri arxası, söykənəcəyi sayar.

Qəşəm Nəcəfzadə ilə köhnənin dostuyuq. İnstitutda məndən iki kurs aşağı oxuyan Qəşəmin şeir yazdığını eşidəndə özüm gedib onunla tanış olmuşdum. Onda gur saçı dağınıq, yellənə-yellənə gəzən bir oğlanıydı. Qəşəmlə Gəncənin, Bakının küçələrində çox var-gəl eləmişik, kitab mağazalarını gəzmişik, çay içmişik, ədəbiyyat haqqında danışmışıq. O, öz havası olan şairdir.

Şeirləri sadə və səmimidir. Şeirdə həmişə konkret bədii faktları olur. Bəlkə heç bircəcik də mücərrəd şeiri yoxdur. Bu tələskən adamın, demək olar ki, bütün şeirləri tələm-tələsik, bir nəfəsə yazılıb. İnanmıram ki, o, yazdığı şeirin üstünə təzədən qələm silkələyə. Yazdısa, qurtardı getdi. Necə deyərlər, “Yazıya pozu yoxdur!”

Qəşəmin şeirlərinin canı olduğu üçün bəzən misralarının köntöylüyü, qafiyələrinin uyuşmazlığı onun eyninə deyil.

Onun hərdən adamdan küsməyi də var. Xoşuna gəlməyən adi bir söz, hərəkət onu alt-üst eləyir. Ancaq küsülü qalmağa da dözümü yodur, bir də gördün, gəldi barışdı. Qəşəmi kim tərifləyirsə, deməli, onu duymayıb, düzgün başa düşməyib. Tərif siyasətdir, bu şair dostumsa siyasətdən min ağac uzaqdır.Onun şeirini dinləyirsənsə, bu, ona bəsdir.

Qəşəmin sözüdür, deyir: “Dünyanın dərdləri çoxalıb, nədir, dünyaya bu qədər şairlər gəlir?!”

Bəli, dünyaya gələn çox şairlərdən biri olan Qəşəm Nəcəfzadə nazik, yuxa şeirlər yazır:

A kişi, döymə arvadını,

Heç bilirsən onu kim sevirdi?


…O sənin üstünə yüz yol hirslənər,

Mən sənə yüz sevgi şeiri yazardım.


…Vaxt axır… şagirdlər duymurlar səni,

Gör necə qıyırlar kövrək səsinə.

Hardan bilsinlər ki, həsrət qalmışam

Qırx beş dəqiqənin bir dəqiqəsinə.

O, sevgi şairidir, özü də saf, dupduru, halal sevgi şairi. Onun könül oyunları ilə işi yoxdur.

Bütün bəlalara qarşı ən yaxşı immunitet diri sözdür. Biz şeirsiz yaşaya bilmədiyimiz kimi, cəmiyyət də bizsiz yaşaya bilməz.

Böyük, basabas, tünlük şəhərlərin şeir oxuyan sakit hücrələri də var. Milyonları olanlar var ki, rahat yuxusu yoxdur, təsəlliyə möhtacdır. Bax, şeir (ədəbiyyat) o təsəllidir.

Mən birnəfəsə elədiyim bu qeydlərimi gecə vaxtı yazıram. Bu gecə vaxtı, Qəşəm, səni düşünə-düşünə deyirəm:

Gecəmiz xeyrə qalsın,

Gecəmiz şeirə qalsın!

525-ci qəzet, 30 yanvar, 2010

Müəllif: ƏJDƏR OL

ƏJDƏR OLUN YAZILARI

FİRUZ MUSTAFANIN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir