BAHAR
Gül açıb gülən fəsil,
Gülünü gülən gördüm.
Səni, ruhun elə bil,
Dilini bilən gördüm.
* * *
Gəl, oyat bülbülləri,
Ruhumuz cana gəlsin.
Çiçəklərin, güllərin,
Gül açsın, qana gəlsin.
* * *
Gəl, oyansın bu torpaq,
İsinsin nəfəsinlə.
Sevənlər şad olacaq,
Oxuyacaq səsinlə.
* * *
Duyğuya can verirsən,
Ruha uçan qol-qanad.
Sən illərin qovşağı,
Bizlər isə amanat.
* * *
Ay ruhumun çətiri,
Qanım qaynayan gözəl!
Darıxdım səndən ötrü,
Bircə gecikmə, tez gəl!
QOŞMA
Yaşımın bu vaxtı çox darıxıram,
Pul ola ,dünyanı dolanam, gəzəm.
Göylərə seyrangah kimi baxıram,
Tanrı qanad verə quş kimi süzəm.
* * *
Tövbə eləməyə indi aman var,
Məni bəyənməyən yaxşı-yaman var.
Əyər-əksiyimi deyən zaman var,
İstərəm yerbəyer eləyəm, düzəm.
* * *
Gün olur vaxt getmir, bir il sanıram,
Canım gizildəyir, sanki yanıram.
Yaşamaq eşqiylə alovlanıram,
Nə gördüm dünyadan əl çəkəm, bezəm.
* * *
Doğrunu gizlədib, bax, danmağım yox,
Kiməsə yarınıb qatdanmağım yox.
Boyumdan yuxarı atdanmağım yox,
Boyum çatan qədər doğruyam, düzəm.
* * *
Dəyəri qızıldan baha almazam,
Ruhları dindirən baharam , yazam.
Muradam, çətində məğlubolmazam,
Mən dara düşəndə əlliyəm, yüzəm.
DÜNYA QOCALMIR
Dünya, balam, qocalmır,
Nur saçır çöhrəsiylə.
İyi işindən qalmır,
Əyirir cəhrəsiylə.
* * *
Dəyirmanı üyüdür,
Dəni qıraqdan gəlir.
Bu küy onun küyüdür,
Səsi beynimi dəlir.
* * *
Dəyişəni bizlərik,
Boşalarıq, dolarıq.
Növbəmizi gözlərik,
Yoxsa xurd-xış olarıq.
* * *
Qalmaz öz nizamından,
Nəşəsini duymarıq.
İyindən, dad-tamından,
Nə sirdisə doymarıq.
* * *
İnsanları çabalar,
Özü durar daş kimi.
Gözündə şəkli qalar,
Beynində yaddaş kimi.
* * *
Bir kimsəni ayırmaz,
Rəngi, ala gözüylə.
Ümid verməz, doyurmaz,
Şirin, şəkər sözüylə.
* * *
Xətirinə dəyər o,
Xətirinə dəy görüm!
Qamətini əyər o,
Gəl, sən onu əy görüm!
* * *
Bu dünyayla əlləşmə,
Düz olan özü gedib.
Çox bilsən də dilləşmə,
Sən adda yüzü gedib.
BU YOL MƏNƏ TANIŞDI
Bu yolu mən keçmişəm,
Bu yol mənə tanışdı.
Nə bəyənib seçmişəm,
Nə də deyim yanlışdı.
* * *
Neçə dəfə azmışam,
Döngəsində, düzündə.
İynəylə gor qazmışam,
Bu yolun hər üzündə.
* * *
Bu yol ömür yolumdu,
Ölçsən bircə qarışdı.
Cığırları, izləri,
Alnımdakı qırışdı.
* * *
O qədər büdrəmişəm,
Bu yolda karıxmışam.
Soyuqdan titrəmişəm,
İstidən qarıxmışam.
* * *
Başlanğıcı soyuq qış,
Neçə fəsil ötürdüm.
Ortasına çatmamış,
Ayıldım ki, bitirdim.
* * *
Çəkinmirəm deməkdən,
Bu yol da bağlanacaq.
Paslanıb işləməkdən,
Silinib yağlanacaq.
NEYLƏYƏK?!
Yaxşı nədir, pis nədir?
Deyən olmaz, neyləyək?!
Ömür gedir, gün gedir,
Duyan olmaz, neyləyək?!
* * *
Sən də, mən də günahkar,
Min xislətli bəndə var.
Bir-birinə kor olar,
Həyan olmaz, neyləyək?!
* * *
Çox dəyişmə yolunu,
Sudan çıxar çulunu.
Yaradanın qolunu,
Əyən olmaz, neyləyək?!
* * *
Sözü düzər sətrinə,
Doyanmazsan ətrinə.
Şairlərin xətrinə,
Dəyən olmaz, neyləyək?!
* * *
Aldanma xoş üzlərə,
Ay Murad, boş sözlərə.
Vaxtsız ölüm bizlərə,
Əyan olmaz, neyləyək?!
TƏCNİS
Qarğışa inanma, quruca sözdü,
Neyləyər quruca söz yad daşına.
Yaddaşın mənbəyi baxışdı, gözdü,
Tanrı toxunmasın göz yaddaşına.
* * *
Əl çəkmə fikrindən, çəkinmə dala,
Bir xeyir iş üçün çıxdınsa yola.
Niyə gözləyirsən o vaxta qala,
Fikrindən o, dönə və ya daşına.
* * *
Hər an uzaq oldum yad olan səsdən,
Qaçdım ruhuma yad bildiyim kəsdən.
Çəkindim yad dildə hər yad nəfəsdən,
Qorxdum ki, ruhuma off yad daşına.
* * *
Pisdən uzaq dolan, Murad, gendə ol!
Doğru ol, dürüst ol, çalış gündə ol!
Tövbə qıl, Allaha yaxın bəndə ol!
Möhtac eyləməsin, bax, yad aşına.
ÜMİDLƏ YAŞAYARAM
Ümidlə yaşayaram,
Ümid güvənc yerimdi.
Şükür ki, bu gün varam,
Sabah Allah kərimdi!
* * *
Hər səhər bu duayla,
Oyanaram, yataram.
Zaman alar sırayla,
Bu ömürü sataram.
* * *
Razıyammı, bilmirəm
Ötüb keçən ömürdən?!
Üz-üzə ki gəlmirəm,
Qaçam, çıxam əmirdən.
* * *
Bilirəm ki, qismətdə
Nə varsa görəcəyəm.
Yaşadığım ömürün
Barını dərəcəyəm.
* * *
Heç nə gəlməz vecimə,
Dünyanı boş sanıram.
Ona görə gücümə,
Ağlıma inanıram.
MƏNİ
Təbim çağlayanda günə gərək yox,
Sözümün istisi qızdırar məni.
Ay kağız, ay qələm sənə gərək yox,
Özümün ruhum var, yazdırar məni.
* * *
Bu ruh at üstədi, hövsələsi dar,
Qoymayır yatmağa, deyir gəl apar.
Desələr dərində beş- üç kəlam var,
Gözümün nuru var, qazdırar məni.
* * *
İnsanın dözümü yaşa bağlıdı,
Ağlı, dərrakəsi başa bağlıdı,
Ay Murad, yaddaşın huşa bağlıdı,
Dözümün həddi var, azdırar məni.
VİCDAN
Vicdan su ha deyil, soğula candan,
Sorula bədəndən, tər ilə ancaq.
Şübhəsiz var olar tərtəmiz qandan,
Əsildə, nəsildə varsa olacaq.
* * *
O elə duyğudu gözə görünməz,
Canını ağrıdar səhv etsən, oyan!
İstidən, soyuqdan qorxmaz, bürünməz,
Canında qövr edər, dolanar hər an.
* * *
Demə ki, xülyadı, o, mənə yaddı,
Nə cavab verərsən ürəyin sorsa?
O, hissdi, duyğudu, yandıran oddu,
Ağrıdar qəlbini içində varsa.
* * *
Onsuz bax, insanlıq bütöv, tam deyil,
Vicdandır Allahı yadına salan.
Vicdanı olanın önündə əyil,
Vicdansız insandan kənar gəz, dolan!
İNSAN KİMİ SAYILANDA
Axşam düşür şər qarışır,
Can atırıq yatmaq üçün.
Gecəylə gündüz yarışır,
Başımızı qatmaq üçün.
* * *
Ayılırıq yaddan çıxır,
Dünən olan günahımız.
Səhv edirik, Tanrı sıxır,
Ərşə qalxır off-ahımız.
* * *
Dərdə bax ki, düzəlmirik,
Qocalırıq ömür gedir.
Niyə düz yola gəlmirik?
Bir deyən yox dərdin nədir?!
* * *
Əllərimiz göydə olur,
Yarəb, kömək istəyən çox!
Nə boşalır, nə də dolur,
Bu gərdişi bir əyən yox!
* * *
Vaxt qurtarır, ömür bitir,
Qolu bağlı qul oluruq.
Torpaq çökür, qəbir itir,
Ayaqaltı yol oluruq.
* * *
Yıxılırıq bu başımız,
Qara əhlət daşa dəyir.
Dayanmayır göz yaşımız,
Zaman baxıb gülümsəyir.
* * *
Gündüz kefi çağ olarıq,
Bir də səhər ayılanda.
Ağ kəfənə bağ olarıq,
İnsan kimi sayılanda.
İTİRDİM
Yarəb, ömür yollarımda,
neçə doğma can itirdim.
Həm yaxından, həm uzaqdan
sevdiyim insan itirdim.
* * *
Bəlkə yazı, bəlkə qismət,
çox düşündüm biləmmədim,
Qaçırdığım neçə fürsət,
çatmadığım an itirdim.
* * *
Günbatanı çox izlədim,
gündoğana heç baxmadım,
Yuxum mənə şirin oldu,
neçə gözəl dan itirdim.
* * *
Bir dar günə düşürəmsə,
neçə insan yada düşür,
Mənə yaxın, mənə doğma
adı bəlli xan itirdim.
* * *
Arzularım böyük idi,
Yaradandan kömək umdum,
Ümidlərim doğrulmadı,
neçə arzu- kam itirdim.
* * *
Tənbəl oldum görünmədim,
maddiyyata uydum hər an,
Çox qaçmadım şan- şöhrətə,
ay Murad, ad-san itirdim.
MƏRDANƏLİK YOLUMDU
Sakit, səssiz dünyam var,
Qoruyaram özümçün.
Qəlbim geniş, səbrim dar,
Vuruşaram sözümçün.
* * *
Hey qeydinə qalaram,
Sarsıdıb yıxan olmaz.
Qadasını alaram,
Bu canı sıxan olmaz.
* * *
Heç kimə üz vermərəm,
Qonaqlarım söz olar.
Yamana göz vermərəm
Sevdiklərim düz olar.
* * *
Özümdən şübhəm olmaz,
Ruh gəldi havadayam.
Söz məni saya salmaz,
Həmişə davadayam.
* * *
Öz dünyamın şahıyam,
Mərdanəlik yolumdu.
Nə mən söz allahıyam,
Nə söz mənim qulumdu.
OLUR
Eşq, məhəbbət yaşayırsa,
insan sevir, insan olur,
Hər cür dərdə-qəmə dözür,
iki sevən bir can olur.
* * *
Bir-birini sevən bəndə,
dara düşsə çarə bulur,
Hər kəlmədə can söyləyir,
bax məhəbbət ondan olur.
* * *
Geci, tezi tanınar o,
əgər təmiz sevgi yoxsa,
Bircə yalan məhv eləyər,
insanı hər yandan olur.
* * *
Nəslinə bax o qızı sev,
gümanında yanılmazsan,
Əsli-nəsli təmizdirsə,
sevgi təmiz qandan olur.
* * *
Muradın da bu işlərdən
baxma azca başı çıxır,
Gözün gözə mehri varsa,
qığılcım o andan olur.
İNANCLARIM
Yuxularım çin olmur,
Uşaqlıqdan bilirəm.
Səhər suya danışıb
Əməlimə gülürəm.
* * *
Neçə vaxtdır yuxuma
Hər gecə atam gəlir.
Qalxıb suya oxuma,
Ay oğul, deyib gülür.
* * *
Anam öyrədib mənə,
Yuxunu suya danış!
Tapşırıb dönə-dönə,
Əl açıb göyə danış!
* * *
Allaha de sirrini,
Bəndəyə söz söyləmə!
Oğul, isti yerini,
Nəbadə dar eyləmə!
* * *
Anamın hər sözünü
Yaddaşıma yazmışam.
Deyəcəyəm düzünü,
Hər yuxumu yozmuşam.
* * *
Tərsə bax, atam isə,
Heç nəyə inanmazdı.
Ateist olduğunu
Heç bir zaman danmazdı.
* * *
Rəhmətlik bircə gün də
Xəstələnib yatmadı.
Bizləri sevən bəndə,
Başımızı qatmadı.
* * *
Nə vəsiyyət eylədi,
Nə dərdini danışdı.
Belə ani ölümlər
Çoxumuza tanışdı.
* * *
Allahı sevən kəslər
Ancaq ona inanar.
Səni ruhunda bəslər,
Özünə yaxın sanar.
* * *
Bəs hardandı inanıb
Tapındığım bu vərdiş?!
Görən harda sınanıb
Məni üzən bu gərdiş?!
* * *
Nə oyundu bilmirəm,
Ağılımdan çıxmayır.
İstəyərəm dəyişim,
Yaşım sözə baxmayır.
* * *
Altımışı ötürdüm,
Mən dəyişim nə edim?!
Atamı ki itirdim,
Anama sarı gedim!
DƏRD
Salam vermir, soruşmur,
Qadam, halın necədi?!
Ulduzumuz barışmır,
Adam, halın necədi?!
* * *
Adım dərddi, varam mən,
Dilim yoxdu, karam mən.
Əl yandıran qoram mən,
Şadam, halın necədi?!
* * *
Yoxam tanış- bilişə,
Qol qoymaram hər işə.
Üzdə azca gülüşə,
Yadam, halın necədi?!
* * *
Nə yerdə ağlayaram,
Nə göydə çağlayaram.
Qorx, səni dağlayaram,
Odam! Halın necədi?!
* * *
Hər yolu gizli gedən,
Arxanca səni güdən,
Ağzını zəhər edən,
Dadam, halın necədi?!
* * *
Səni yaman teylədim,
Dərdə büküb düylədim.
Canına köç eylədim,
Atam, halın necədi?!
RUHUM, İNCİTMƏ MƏNİ.
Ruhum, incitmə məni,
Qoy bir azca dincəlim!
Yaman yordun gecəni,
Dayan, özümə gəlim!
* * *
Mən canıma bələdəm,
Yuxusuzluq çətindi.
İstəyirəm mən gedəm,
Sən işinə bax indi.
* * *
Canı çöldən tapmadım,
Nə baş sındır, nə əlləş!
Nə istədin yapmadım?!
Bir az düşün, fikirləş.
* * *
Bəzən dara çəkirsən,
Məni işə salırsan.
Başımda turp əkirsən,
Məni məndən alırsan.
* * *
Ay canımın bəlası,
Niyə gecə gəlirsən?
İkimizə olası
Hər şeyi sən bilirsən.
* * *
Qorxum yoxdu heç nədən,
Taleyimlə yaram mən.
Bir sümüyəm, bir bədən,
Bir də sənlə varam mən.
BU DÜNYA QƏDİR BİLMƏZ…
Neçə vaxtdı doyunca,
Ürəkdən gülməmişəm.
Niyə?! Ömrüm boyunca,
Bu sirri bilməmişəm.
* * *
Bəlkə işdi başımı
Gündəlik məşğul edir.
Soruşan yox yaşımı,
Ay dolanır, il gedir.
* * *
Nə sabah yada düşür,
Nə dünən yaddan çıxar.
Sözü ağzında bişir,
Sərsəm ağıl ev yıxar.
* * *
Dünyanın gərdişindən,
Neyləyim, anlamadım.
Kasıb oldum beşindən,
Özümü danlamadım.
* * *
Dərd də, qəm də dadmışam,
Bunu qismət sanmışam.
Əksiyimi udmuşam,
Gizlətmişəm, danmışam.
* * *
Ürəyi daş olmadım,
Zülüm gördüm, ayıldım.
Zənnimcə baş olmadım,
Ancaq hər an sayıldım.
* * *
Bu dünya qədir bilməz,
Əziyyətin zay olar.
Biri gülər, biri gülməz,
Anla, pis də pay olar.
PAXILLIQ
Canda sağalmaz yara,
Hissdi, haldı paxıllıq.
Nə ağ olar, nə qara,
Rəngsiz xaldı paxıllıq.
* * *
Məqsədinə çatmağa,
Dərd yükünü atmağa,
Qoymaz gecə yatmağa,
Pis əhvaldı paxıllıq.
* * *
Səni, məni güdəndi,
İnsanı xar edəndi.
Sual vermə, nədəndi?!
Boş sualdı paxıllıq.
* * *
Səhv eləmək, çaşmaqdı,
Gah həddini aşmaqdı,
Tənədi, sataşmaqdı,
Qalmaqaldı paxıllıq.
* * *
Əldən vemə anını,
Ay Murad, ad-sanını.
Bir də gördün canını,
Aldı, çaldı paxıllıq.
ÖMÜR, SƏNDƏN İNCİMƏDİM
Bu yolları qoşa getdik,
Ömür, səndən incimədim.
Azmadıq, birbaşa getdik,
Ömür, səndən incimədim.
* * *
Nə zamanı, vaxtı duyduq,
Nə istəyə sərhəd qoyduq.
Nə yorulduq, nə də doyduq,
Ömür, səndən incimədim.
* * *
Torpaq əkdik, bar dilədik,
Məhsul üçün, qar dilədik,
Qismət umduq, var dilədik,
Ömür, səndən incimədim.
* * *
Hərdən oldu dara saldın,
Soruşmadım, harda qaldın?!
Bəlkə məndən qisas aldın?!
Ömür, səndən incimədim.
* * *
Vaxt tez uçdu, zaman keçdi,
Hiss etmədik, yaman keçdi.
Yaxşı günlər, güman, keçdi,
Ömür, səndən incimədim.
* * *
Artıq dilsiz neyəm indi,
Yaşa dolmuş bəyəm indi.
İstəyirəm deyəm indi,
Ömür, səndən incimədim.
A SƏNİ SAĞ OL
Şeirdi, yazıdı başımı qatan,
Mənə həvəs verən, dadıma çatan.
Ruhumda bəslənən, təbimə yatan,
Söz, varağı neylər, a səni sağ ol!
* * *
Sərin iç həmişə, çixartma yaddan,
Dadı bəlli olar, seçdiyin addan.
Arağı kənar qoy, ocaqdan, oddan,
Köz, arağı neylər, a səni sağ ol!
* * *
Kim desə sağalar, inanma, yalan!
Qorxudu xəstəni yatağa salan.
Dünya işığına tamarzı qalan,
Göz ,çırağı neylər, a səni sağ ol!
* * *
Könülsüz dəmlənən aşda dad olmaz,
Kefin kök olmasa, könlün şad olmaz,
Qohum səndən küsər, qorxma, yad olmaz,
Döz, qırağı neylər, a səni sağ ol!
* * *
Baxıram nə zildə, nə də pəsdəsən,
Səsin xırıldayır, deyən xəstəsən.
Başa bax, insandan daraq istəsən,
Daz ,darağı neylər, a səni sağ ol!
* * *
Arxada iz qoyma, çatdayar gorun,
Özünə ilişər qurduğun torun.
Deyirsən, ay Murad, pis gözdən qorun,
Düz, yarağı neylər, a səni sağ ol!
İNSANLIQ
İnsanlıq nədir ki,ayırır bizi?!
Həyatda yaxşıya, pislərə bölür.
Gəlin saf saxlayaq ürəyimizi,
Kin, nifrət doldusa, insanlıq ölür.
* * *
İnsan saf doğulur, mələklər kimi,
Ruhu qanad açır, göylərdə olur.
Doğulan arzular, diləklər kimi,
Sonradan beyninə yüz fikir dolur.
* * *
İçi bir müəmma, çölündən betər,
İlahi pərdə var, insan üzündə.
O pərdə cırılsa, insanlıq itər,
Quru daşa dönər, ölər gözündə.
* * *
Hamını var olan Tanrı yaradır,
Bu dünya bir rəngdə olmur, ay adam!
Hamı bu şirini, acını dadır,
Biri insan olur, o biri nadan!
* * *
Biz altı qardaşıq, əkiz tayı tək,
Oxşarıq, bənzərik biri-birinə.
Ruhumuz başqasa, min cür plan çək,
Sən ola bilməzsən onun yerinə.
* * *
Bəlkə də o qandan, soy-kökdən gəlir,
İnsanlıq insana sonra verilmir.
Bəzən biz bilmirik, Yaradan bilir,
Bilir ki, insanlıq öldü dirilmir!
QOCALAN VAXTI
Bəlkə də özümə əmin olmadım,
Sözə can vermədim, ac olan vaxtı.
Düşündüm, daşındım bir yol bulmadım,
Mən sözə baş əydim qocalan vaxtı.
* * *
Gözlərim yumuldu, baxmadım yola,
Nə xeyri təzədən yüz boylan dala?!
Gah sağa şütüdüm, gah da ki sola,
Ağlım əqidəmlə öc olan vaxtı.
* * *
İştahım çoxuydu, aşdan eylədi,
Aldatdı, alagöz qaşdan eylədi.
Söz məni oynatdı başdan eylədi,
Qanımda, canımda güc olan vaxtı.
* * *
Gəlhagəl olanda qohum çox olub,
Hamı razı qalıb, gözü tox olub.
Boylanıb baxıram , çoxu yox olub,
Dost, tanış artarmış ucalan vaxtı.
* * *
Yaş sıxır dalana, qısnayır, vurur,
Lazımsız acı söz beynimi yorur.
Hərə bir tərəfdən haqq-hesab sorur,
Yaradan Muraddan bac alan vaxtı.
DÜZƏLMİR
Allah verdiyi canda ruh dolanır, ruh gəzir,
Canımız istiliyi həmişə ondan alır.
Elə ki yaşa dolduq, can yorulur, can bezir,
Canımızda odumuz ruh çıxanda azalır.
Yanacaqla düzəlmir.
* * *
Ruhumuz çəkir bizi, yaxşı, yaman işlərə,
Bəzən insan ayılmır, bu dünyada xar olur.
Sizcə kimdi can atan, yaramaz vərdişlərə?!
İnsanlıq qandan gəlir, soydan, kökdən var olur.
Qanacaqla düzəlmir.
* * *
Bir insan canlı kimi iki candan yaranır,
Ağıl, şüur sonradan ruhumuzla verilir.
İnsan çiy süd əmir, bəzən əslini danır,
Görünməyən ruhumuz gah ölür, gah dirilir.
Gumacaqla düzəlmir.
* * *
Təhsilə sərmayə qoy, əməyin yerdə qalmaz,
Bəhrəsini görərsən, qavradığın hər dərsin.
Ummaqla, istəməklə hər istəyin çin olmaz,
Gərək bəxti , qisməti ulu Yaradan versin.
Umacaqla düzəlmir.
NƏ BİLİM?!
Bu dünyanın yaşı neçə?!
Bəs ayağı, başı neçə?!
Nə qədər boş məzar yeri?!
Yiyəsiz başdaşı neçə?!
* * *
Kəfəni dar, məzarı dar,
Gündə neçə insan udar.
Neçə əziz adamı var,
Göz üstündə qaşı neçə?!
* * *
Bizik buna fani deyən,
Fağır olub kəfən geyən.
Boş alına, başa dəyən,
Qara əhlət daşı neçə?!
* * *
İnsanları öz dinində,
Öz yaşında, öz sinnində.
Görənləri göz önündə,
Korafəhmi, çaşı neçə?!
* * *
Olanları çox vaxt üzdə,
Gizlinləri yarı sözdə.
Ağıllısı dağda, düzdə,
Bəs qanmayan naşı neçə?!
* * *
Şeytan kimi ara qatan,
Mənliyini pula satan,
İnsanlara divan tutan,
Məhv edən boşbaşı neçə?!
İNSAN
Üzünə baxıram, müəmma, sirsən,
Sən göydə azadsan, yerdə əsirsən.
Özündə olanda dünyayla birsən,
Özündən çıxanda dəli olursan.
* * *
Bəzən Yaradanı saya salmırsan,
Qismətdən yarıyıb yaşa dolmursan.
Nə yazıq ki, aza qane olmursan,
Çirkli nəfsin gəlhagəli olursan.
* * *
Var görüb şişirsən, dolub daşırsan,
Adını unudub quduzlaşırsan.
Anadan olanda Əhməd, Aşursan,
Və yaxud Məhəmməd, Vəli olursan.
* * *
Bu dünya dağılır, ruhun duymayır,
Ürəyin dur deyir, ağlın qoymayır.
Viranə qoyursan, gözün doymayır,
Qana susadıqca zəli olursan.
* * *
Ağlınla yüz fitnə- fəsad qurursan,
Dünyanı taqətdən salıb yorursan.
Nə qədər pis iş var arxa durursan,
Bu fani dünyanın əli olursan.
DƏRDİŞ
Özümü biləndən getdiyim yoldu,
Heç nə dəyişməyib, hamanam, dərdiş!
Bu söz qardaşına yaman dərd oldu,
Əhvalım korlandı, yamanam, dərdiş!
* * *
Həyatda doğruyla yoldaşam, tənəm,
Həmişə cəhd etdim, əyrini yenəm.
Bəlkə də bu günah sahibi mənəm,
Neyləyim, çözülməz gümanam, dərdiş!
* * *
Yaşda kiçik, böyüyünü danlamaz,
Nə desələr, əməl edər sonlamaz.
Üzümə baxanlar məni anlamaz,
Naşıya qaranlıq dumanam, dərdiş!
* * *
Haqqı söyləyəni kimsə əyənməz,
Dalınca danışar, üzə deyənməz.
Məni oxuyanın çoxu bəyənməz,
Muradam, ağladan kamanam, dərdiş!
SÖZ VƏ FİKİR
Bir baxış yüz fikri döndərər bəzən,
Bir fikir, dünyanı dəyişər, inan!
Ay sözdə düzgünlük, əyrilik gəzən,
Sözünə şəkər qat, dinəndə hər an!
* * *
Dünyanın sahibi nə sənsən, nə də,
Əlahəzrət sözün ağası bizik!
Bu sözə can verən çoxalır gündə,
Nə də ağsaqqalı, çağası bizik!
* * *
Hər gün söz sahibi insanlar köçər,
Səhv nəsə söyləsəm, bu mənəm- özüm.
İt hürər deyərlər, yüz karvan keçər,
Nə sənin fikrindi, nə mənim sözüm.
* * *
Tənha fikirlərim beynimdən bezər,
Pələsəng olarlar, yetim uşaq tək.
Heç kimə yovuşmaz, dünyanı gəzər,
Bəxtindən yarımaz, utancaq, ürkək.
* * *
Bəzən öz sözümü dedizdirərəm,
Hər kəsin məntiqi- onun ağlıdır.
Söz var ki, rahatca yedizdirərəm,
Söz var quruçanaq, söz var yağlıdır.
* * *
Sözdü fikrin əti, qanı, mayası,
Səhv fikir insanı hörmətdən salar.
Sözdü fikrin üz ağlığı, həyası,
Həyasız fikirlər candan can alar.
* * *
Hər sözə qulp qoymaq, düzgün yol deyil,
Nə desən öz çəkin, ağlın boydasan!
Sözlə yara vurmaq yaxşı hal deyil,
Dəyiş vərdişini! Gör nə haydasan?!
İNSAN VƏ RUH
Dünyanın əşrəfi adıyla varıq,
Allaha yaxınıq, demək uluyuq.
Yarəb, səhv eləsək, biz günahkarıq?!
Bəlkə bizlər ruhumuzun quluyuq?!
* * *
Bu sual həmişə beynimi yorur,
Ruhdurmu bizləri günaha çəkən?!
Gah məntiq soruşur, gah ağlım sorur,
Niyə səhv edirik, Tanrı varıykən?!
* * *
Ruhumuzdur həm hə deyən, yox deyən,
Əyri yolu yaxın edən, düz gedən.
Odur hərdən qızışdırıb, çox öyən,
Odur bizi dəhmərləyib işlədən.
* * *
Bəlkə, Tanrı dərinliyə çox varmır?!
Günah edib, qolumuzu sallarıq.
Bu məntiqlə ağıl ruhla bacarmır,
Ruhumuza bağlı dinməz qullarıq.
* * *
Bu dünyada bağlı sual çoxdu, çox,
Ruh nə deyir, onu səssiz edirik!
Çənə bağlı bu dünyadan gedən yox,
Gözü bağlı, qolu bağlı gedirik!
GƏLƏ BİLƏR
Nəzər sal ,kənardan yanıdığına,
Heç nədən başına iş gələ bilər.
Pis gün arzulama tanıdığına,
O gündən sənə də tuş gələ bilər.
* * *
Nə zilə ucalma, nə düşmə pəsə,
Qulaqlar alışıb tam orta səsə.
Dərdini danışma hər yetən kəsə,
Bu halın kiməsə xoş gələ bilər.
* * *
Hirsini soyutmaz, nə Kür, nə Araz,
Çalış havaya çıx, addımla bir az.
Allahını tanı, olma nataraz,
Göydən od ələnər, daş gələ bilər.
* * *
Yaxşıya bax, hər an su ver gözünə,
Qürrələnib aşiq olma özünə.
Böyük dursa, fasilə ver sözünə,
Fikirlərin ayaq-baş gələ bilər.
* * *
Müxtəlif fikirlər çox vaxt baş qatar,
Nə işə yarayar, nə dada çatar.
Mənim bilmədiyim bəlkə nəsə var?!
Kiməsə bu fikrim boş gələ bilər.
* * *
Yaz gəlir, ömründən qışı silirsən,
Qanın qaynayırsa, deyib gülürsən.
Allahın işidir, hardan bilirsən?!
Ay Murad, yayda da qış gələ bilər!
QƏZƏL
Qorxmamışam bu həyatda, heç zaman öz canım üçün,
Əzab çəkdim bəzən inan,kor olan vicdanım üçün.
* * *
Demədimsə öz sözümü,həmin anda MƏN olmadım
Düşünmə ki, mən çəkindim, töküləcək qanım üçün.
* * *
Elə anlar yaşamışam, bir də dönüb geri gəlməz,
Lazım gəlsə can verərəm, o dirilən anım üçün.
* * *
Fikirləşib yüz ölçmüşəm, sonra nəsə danışmışam,
Artıq addım atmamışam, həyatda ad-sanım üçün.
* * *
Murad yalan danışmadı, anladı ki, Tanrı görür,
Evim üçün yaşadım həm, evdə olan xanım üçün.
SABAHIN XEYİR, VƏTƏN!
Sabahın xeyir, Vətən!
Hər sözün dastan oldu!
Sevin, sinəndə bitən,
Gülün gülüstan oldu!
* * *
Ocaqların sönməsin,
Yurd yerlərin şen olsun!
Canın buza dönməsin,
Qoy qucağın gen olsun!
* * *
Yenilməzsən, ey Vətən!
Ayaqda möhkəm dayan!
Bağında bülbül ötən
Vətəndən kimdi doyan?!
* * *
Arzuların çin oldu,
Dağın, dərən sevindi.
Düşmənin sürgün oldu,
Bütöv bədənsən indi.
* * *
Gəlməyəsən gözə sən,
Ümidlərin çox yanıb.
Varlığını bəzə sən,
Sabahına inanıb.
* * *
Ucal, böyü, möhkəm ol!
Xain gözlər kor olsun!
Qalib kimi ötkəm ol!
Bəyənməyən xar olsun!
* * *
Türkiyəylə çək qoşa,
Azərbaycan adını!
Yaşa, var ol, çox yaşa,
Qoyma, sönsün odunu!
DÜNYA VƏ SÖZ
Biz Allahın, göz Allahın, söz Allahındı,
Fikirdə düşüncə, təməl bizimdi.
Əyri də Allahın, düz Allahındı,
Yaddaşlarda qalan əməl bizimdi.
* * *
Abırdır, həyadır bizi ayıran,
Çevrəmizdə fərqli insan çox olur.
Nəfsimizdir gözümüzü doyuran,
Göz doymursa, abır, həya yox olur.
* * *
Yüz söz desən, kar eləməz, ayılmaz,
Qulaqlara pambıq tıxan dünyadı.
Sənin fikrin heç vaxt təzə sayılmaz,
Söz üstündə evlər yıxan dünyadı.
* * *
Bu bazara çalış, təzə nırx qoyma,
Düz adını sən hörmətdən salarsan.
Goreşən tək qurdalama, çox oyma,
Tər tökərsən, söz altında qalarsan.
* * *
Yaxşı desən, güləcəklər üzünə,
Şeytan kimi ürəyinə girənlər.
Çəpik çalar söhbətinə, sözünə,
Dalda xısın-xısın söz gəzdirənlər.
* * *
Söz ilə oynamaq baş ağrısıdı,
Ağılsız insanlar yüz yerə yozar.
Belə düşünəndə nə olasıdı?!
Bir kəlmə səhv sözün qəbrini qazar!
* * *
Sözlərinlə çox öyünmə hər yanda,
Nə dedinsə, səndən qabaq deyilib.
Bu söz ki var, çox oturub zindanda,
Çox döyülüb, ağzı-gözü əyilib.
BAKI- QAZAX YOLU
Bu yolun yorğunu olmadım heç vaxt,
Sevinə-sevinə bu yola çıxdım.
Bu yolun yolçusu olmaq ayrı baxt,
Bir alın yazısı, şans kimi baxdım.
* * *
Gözümü yormadı, nə incitmədi,
Nə məni ağrıtdı, nə məndən bezdi.
Bu yolda arzular heç vaxt bitmədi,
Xəyalım hey dağı, aranı gəzdi.
* * *
Bu yollar ağartdı başımı mənim,
Bu yolda böyüdüm, deməyə dəyər!
Bu yoldan soruşsan yaşımı mənim,
İnan ki, yanılmaz, düzünü deyər.
* * *
Dərdimi söylədim, bu yollara mən,
Sanki yüngülləşdim, dərdim azaldı.
Milyonlar yol aldı, keçdi üstündən,
Nəsillər dəyişdi, bu yollar qaldı.
* * *
Bu ömür yoludur, keçirik biz də,
Ayağa daş dəyir, dizin qanayır.
Yaxşını, yamanı öyür də sözdə,
Bu yol dişə vurur, bir-bir sınayır.
* * *
Bakıdan Qazağa uzanan bu yol,
Bakıdan başlayır, Qazaxda bitir.
İrəvana çatan bu yol heyif ki,
Yurda qucaq açan Qazaxda itir.
Müəllif: Murad MƏMMƏDOV
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru