Qürbətdə buzumu əritmiş ad
Çağdaş ədəbiyyatımızın xəritəsinə nəzər salan hər kəs orada onlarca ünlü imzayla yanaşı Qəşəm Nəcəfzadə imzasına da rast gələ bilər. Bu, həmən o imzalardandı ki, heç bir mübaliğəsiz, ədəbiyyat salnaməmizi öz çalarları, öz çeşidli ştrixləriylə bəzəyir. Bu gün Azərbaycan şeirini bir qocaman ağaca bənzətsək, onun ən yaşıl, ən sağlam budaqlarından biri Qəşəm Nəcəfzadəyə məxsusdur, desəm, yəqin mənimlə razılaşanların sayı kifayət qədər olar.
Yaxın çevrəm, dostlarım bilir ki, mən hər şeiri “həzm” edə bilmirəm, içimlə, ruhumla uzlaşmayan hər hansı yazı haqqında fikir söyləməkdən qaçıram. Amma Qəşəm Nəcəfzadənin şeirləri haqda, hansı səviyyədə olursa olsun, mübahisə etməyə hazıram. O ki qaldı onun özünə, şəxsi münasibətimdən gəldiyim qənaətə görə, Qəşəmin insani keyfiyyətləri çoxlarına örnək olmağa layiqdir. Onun diqqətcilliyi və qayğıkeşliyi həmişə duyulur. Bu, yaradıcı insanda ən önəmli keyfiyyətdir.
… Yazıçılar Birliyinin foyesində rastlaşdıq. “Bu yaxınlarda əlliilliyimdir” – dedi. Təbrik elədim. Yadıma, səhv etmirəmsə, doxsanıncı illərin sonunda, şaxtanın ülgüc kimi kəsdiyi bir gündə, Rusiyanın Moskva şəhərində, barmaqlarım soyuqdan tökülə-tökülə, ürəyimdə dünyanı, özümü, gərdişi söyə-söyə, tünlük küçələrdən birinin ortasında xarab olub qalmış avtomobilimi təmir etməklə məşğul olduğum bir məqam düşdü. Çiynimə bir əl toxundu. Başımı qaldırdım. Bu şəhərə mənim kimi çörək dalıyca gəlmiş tanışlarımdan birini gördüm. Acıqlı olduğumu görüb əvvəlcə duruxdu. “Heyif, maşından başım çıxmır, yoxsa sənə kömək eləyərdim” – deyərək uzaqlaşdı. Dinmədim. Aralanmağıyla geri dönməyi bir oldu. “Bəri bax, dedi, qoy könlünü açım, sənə səninlə bağlı bir xəbər verim”. “O nə xəbərdi elə?” – deyə etinasızlıqla soruşdum. Elə bir durumdaydım ki, məni heç bir xəbər-filan ilgiləndirmirdi. “Vətənə getmişdim. Televiziya ilə iki nəfər şair çıxış edirdi. Səni bir xeyli təriflədilər. Harda itib-batdığından nigarandılar”. “Kim idi axı onlar?” “Səhv etmirəmsə, birinin adı Qəşəm idi, hə, Nəcəfzadə Qəşəm, o birini xatırlamıram, amma çox odduydular…” Bilmirəm əllərimin donu açılmışdı, yoxsa ürəyimin buzu sınmışdı, ilıq bir istilik keçdi canımdan o an. Düzü, kövrəldim də. Kim idi məni itirib-axtaran axı? Mən ki onu tanımırdım… Kim idi bu Qəşəm Nəcəfzadə?
Mənim bu imzayla ilk tanışlığımın tarixçəsi, bax, beləydi.
Şəxsi tanışlığımız isə üstündən çox sonralar, Vətənə dönməyimdən sonra baş tutdu. Buna qədər isə artıq mən onun şeirlərini dövri mətbuatda oxumuşdum, yaradıcılığına bir xeyli bələd idim. Onun şeirləri arxasında bitkin və özünütəsdiq mərhələsini artıq keçmiş olan bir şair durduğu şübhəsizdi.
Ədəbiyyatımızı son zamanlar dünya çapında layiqincə təmsil edənlər arasında onun müstəsna yeri var. Bu, qürur gətirir. Qəşəm çağdaş şeirimizlə dünya turnesinə çıxmış layiqli səyahətçidir – tufanlar qorxutmaz onu, çünki onun yazdıqlarının stixiyası daha güclüdür. Ən gözəl şeirlərini isə inanıram ki, 50-sindən sonra – kamillik dövründə yaradacaq. Buna onun odu və nəfəsi çatar. Bu mənim içimdən gələn bir inamdır.
“525-ci qəzet” 25 yanvar 2010
Müəllif: Zahid SARITORPAQ
QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI
GÜNNUR AĞAYEVANIN YAZILARI
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru