BU – RAFİQ YUSİFOĞLUDUR

BU – RAFİQ YUSİFOĞLUDUR

Rafiq Yusifoğlu – ədəbi prosesdə, məşğul olduğu elm sahəsində, mətbuat aləmində kifayət qədər tanınmış, yaradıcılığı ilə çoxdan etiraf olunmuş şair və publisistdir. Yaşının yetmişinə doğru inamla addımlayan, hər günü yazı masasının arxasında keçən bu insanla ilk dəfə 1975-ci ildən tanışam və bu tanışlığımız dostluğa da çevrilib. O dostluq ki, bir-birimizin yaradıcılığına qətiyyən biganə deyilik, aramızdakı münasibət həmişə səmimidir. Mən onun baş redaktoru olduğu “Göyərçin” jurnalını həvəslə vərəqləyir, nəvələrimi yanıma çağırıb o jurnalda dərc edilən yazıları onlara oxuyuram.
Rafiq Yusifoğlu ciddi elm adamıdır, elmlər doktorudur, professordur. Onun Azərbaycan poemasının inkişaf problemlərinə aid tədqiqatı bu mövzuda ən sanballı bir elmi əsərdir. “Ədəbiy-yatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” dərslik və monoqrafiyaları, mətbuatda dərc edilən onlarla ciddi məqalələri onu bir tənqidçi, ədəbiyyatşünas kimi tanıdıb. Onun pedaqoji fəaliyyətindən də söz açmaq olar, bir müddət Sumqayıtda orta məktəbdə müəllimlik edib, on il ADPU-da ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxuyub, iyirmi ildən artıqdır ki, Sumqayıt Dövlət Universitetində çalışır, professordur. Orta məktəb dərsliklərinə xeyli əsərləri daxil edilən Rafiq Yusifoğlu özü də ibtidai siniflər üçün bir neçə dərsliyin müəllifidir və müasir uşaq ədəbiyyatının inkişafında da Rafiq müəllimin xidmətlərini unutmaq olmaz.
Rafiq Yusifoğlu haqqında bu bilgiləri ona görə təqdim etdim ki, onun çoxşaxəli yaradıcı fəaliyyətini göz önündə canlandırım. Sözə, ədəbiyyata, elmə bağlı bir insanı daha yaxşı tanıyasınız. Ancaq mən bu təqdimatla kifayətlənib, onu bir şair kimi təqdim etmək istəyirəm. Rafiq Yusifoğlunun “Yurdum-yuvam” adlı şeirlər kitabı 1983-cü ildə nəşr edilib, amma Rafiq ədəbi fəaliyyətə 1966-cı ildə başlayıb. İndiyə kimi iyirmidən çox şeir kitabı işıq üzü görüb. Ancaq onun bütün şeir kitabları haqqında söhbət açmağı qarşıma məqsəd qoymamışam. Yalnız “Üçüncü qərinə” adlı hələlik sonuncu şeirlər kitabından söz açmaq istəyirəm. Əslində bir şeir kitabı da, hətta bir neçə şeir də bir şair haqqında dolğun təsəvvür yarada bilər.
Altmış səkkiz yaşını ötmüş tanınmış bir şair artıq poeziya ömrünün payızını yaşayır. Payız fəsli özündə bütün fəsillərin gözəlliklərini yaşadır – yazın gül-çiçəkli, bahar rahiyəli, sevgi ilə dolu təbiətindən, yayın qızmarından, qışın qarından, bəyaz dünyasından bu fəsildə bir pay görürsən. Amma payızın da özünə görə, heç bir fəslə bənzəməyən əlamətləri var. Küləyi var, ağac-ların budaqlarında saralmağa başlayan yarpaqları var, məhsul bolluğu var, toyu var – büsatı var. Rafiq Yusifoğlunun payız ömrünə nəzər salanda da, o rəngarəngliyi – müxtəlif poetik cizgiləri görə bilirik. Yaşın altmış səkkizində də baharlı sevgi duyğuları insanı tərk etməz, içəridə – Məcnun eşqi yatan sinədə duyğuları alovlandırar:
Mənə göndərilən bir qom bənövşə
Qəlbimi köklədi yaz havasına.
Dilimdə xoş sözlər qönçə bağlayıb,
Qulaq as könlümün yaz avazına!
Az qalır içimdə sellər oyana,
Sevgidən, heyrətdən gözlərim dolub.
Hər məni görəndə od tutub yanan,
Közərən yanağın dan yerim olub.
Dolub ciyərimə bənövşə ətri,
Dilimin ucunda əsir sözlərim.
Məni sevən, duyan çiçəkdən ötrü
Yağış əsirgəməz bulud gözlərim…
Alım qadasını alın yazımın! –
Könlümün kükrəyən seli sən oldun!
Bəlkə də gecikən sevgi yazımın
Bənövşə qoxulu gülü sən oldun?!
Gözləri dikilib aya, günəşə,
Gör şair nələrə ümid bəsləyir?!
Köksündən boylanan bir cüt bənövşə,
Məni bir əbədi yaza səsləyir!
Bir qom bənövşə ürəkdə əbədi yaza-sevgiyə çağırış deyil-mi? Rafiq Yusifoğlu sevgi şeirlərində təbiidir, insanları hissləri ilə şeirə gətirir. Sevginin əzablarından da yazır, onun şirinliyindən də. Onun fikrincə, sevgi göylərinə arxa çevirmək həyatı adiləşdirər, ömrü qayğılar içində itirər, ürəkdə sevgi çiçəkləri saralıb-solar. Sevgi qəfil gələn selə bənzəyir, qarşısına çıxan hər şeyi yuyub aparır. Bəzən bu sevgi bahardan payıza adlayır. “Çırpır qanadını durna tək meşə, Qoşulub yellərə xəzəllər uçur”; “Çölümə xəzəllər qızıl rəng qatıb, İçimi göynədir sevgi nəğməsi”… Rafiq Yusifoğlu sevgi hisslərini ən qısa şeirlərində də obrazlı şəkildə ifadə etməyin gözəl nümunələrini yarada bilir.
Eşq oduna için-için közərdim,
Sevgi azman gücündəymiş sən demə!
Xoşbəxtliyi uzaqlarda gəzirdim,
Gözlərinin içindəymiş sən demə!
Rafiq Yusifoğlu Qubadlının Çardaxlı kəndində dünyaya gəlib. Ta on altı yaşınacan bu kənddə yaşayıb. Amma indi:
Qəlbimə tuşlanan dərd nizə-nizə,
Saralıb yarpağım, solub güllərim.
Nə ata-anama, nə evimizə,
Nə də kəndimizə yetir əllərim.
Bəs qalan ömrümü kimə həsr edim?
Doğma diyarımda qəribəm, qərib.
Bu gecə əriyib sonsuz həsrətim,
Kənddəki evimiz yuxuma girib.
Ömrün payızında belə sərt küləklər əsir. Analı-atalı dünya xatirələrdə yaşayır…
Rafiq Yusifoğlunun bir silsilə Qarabağ şeirləri var. Amma bu şeirləri “dəstədən geridə qalmamaq” üçün yazmır. Qarabağ dərdi onun içindədir.
Qəlbin istəyən yerdə
Gəzmək olmur, bilirsən.
Bu qədər haqsızlığa
Dözmək olmur, bilirsən.
Sən sükuta dalmısan
nədən, haran ağrıyır?
Vətən, haran ağrıyır?
Daha gözlərim görmür
Salvartı yaylağını,
Məkan seçib qarğalar
Tərlanlar oylağını.
Dağı dumanlı görüb,
Düşkün Aran ağrıyır,
Vətən, haran ağrıyır?
Dərman tapa bilmirəm
Dərdinin əlacına.
Niyə gedə bilmirik
Qubadlıya, Laçına?
Neçə kəndlər, şəhərlər
Qalıb viran ağrıyır,
Vətən, haran ağrıyır?
Cıdır düzü göynəyir,
Elə bil gedib huşa.
Yolumuzu gözləyir
Dağlar qoynunda Şuşa.
Düşmən tapdağı altda
Yəqin yaran ağrıyır,
Vətən, haran ağrıyır?
Bağlanıb Füzulinin
Cəbrayılın yolları.
Zəngilanın, Ağdamın
Qandallıdı qolları.
Hasar çəkən görəndə
Sərhəd yaran ağrıyır,
Vətən haran ağrıyır?
Övladın var köksüylə
gülləyə sipər çəkir,
Övladın var dənizə,
meşəyə çəpər çəkir.
Nadanları görəndə
ürək hər an ağrıyır,
Vətən, haran ağrıyır?
Vətən, haran ağrıyır?
Əlbəttə, bu misralardan ağrı-acı süzülür və bu da təbiidir. O zaman ki, Cıdır düzündə “həsrət xalı toxuyur”. “Xarıbülbüllər hıçqırır”. Amma istərdim ki, onun şeirlərində ümid, qələbəyə çağırış notları gurlasın. Mən Rafiqin Qarabağ şeirləri içindən bu altı misralıq nümunəni misal gətirirəm ki, o şeirlərdəki fikir hamımızı narahat edir, gecə-gündüz düşündürür:
Ruhsuz könül könül,
Cansız bədən
bədəndimi?
Şuşasız Qarabağ,
Qarabağsız vətən
vətəndimi?
Rafiq Yusifoğlunun poeziyasında yaşadığımız həyatın mənəvi mənzərəsi daha çox diqqəti cəlb edir. Həyatda, gerçəklikdə nə baş verirsə, onun ürəyindən keçir. Şairi qocaların niyə ağlamağı düşündürür və bu qənaətə gəlir ki, onlar nə itirəcəklərini bildikləri üçün ağlayırlar. Həyatın sevinc-qəm təzadları düşündürür onu və bu düşüncələr bənzərsiz poetik misralara hopur. “Sevinc kükrəyib daşır, Qəm isə pıçıltıdı”…
Rafiq Yusifoğlu poeziyamızda orijinal fikir şairi kimi diqqəti cəlb edir. O, hər şeydə məna və mahiyyət axtarır, lakin filosofluq iddiasına düşmür, fəlsəfi fikir şeirin mənasına özü qoşulur, yəni sən o fikri adilikdən çıxarırsan. Amerikada, Los -Anceles şəhərində gənclik haqqında düşünmək, ömrün ötən və itən illərini xatırlamaq olarmış…
Dünya öz işindədi bir əsr oldu yarı!
Üstümüzə çox çaxıb ayrılıq şimşəkləri.
Əlli il bundan əvvəl gördüyüm insanları
Görüşümə gətirib zamanın küləkləri…
Hanı o şux yerişlər, hanı nur saçan üzlər?
Hanı könüllər yaxan o boy-buxun, o qamət?
Yenə həmin pillələr, yenə həmin dəhlizlər,
Ancaq gəncliyimizdən varmı əsər-əlamət?
Qəlbimizdəki sevgi bir dalğalı dənizdi,
Dünyanı dərk edəndən itirmişik dincliyi…
O şirin xatirələr bizə necə əzizdi? –
Ziyarətə gəlmişik yoxa çıxan gəncliyi…
Bir də geri dönərmi o qaynar sevdalı yaz?
Yamyaşıl tumurcuqlar indi sarı xəzəldi.
Üzlərə qırış düşüb, qara saçlar bəmbəyaz,
Müdriklik zirvəsində dünya yenə gözəldi…
Qəlbimizə dağ çəkib ayrılıqlar, vidalar,
Zaman sınağa çəkib sevdalı ürəkləri.
Şux qamətlər bükülüb, sual olub nidalar,
Ancaq yenə solmayıb təbəssüm çiçəkləri…
Mən zaman dənizinin sahilində qalmışam,
Fırtınalı qoynunda kimlər batıb, kim gəlib?
Taleyimə min şükür, görüşümə bu axşam,
Qocalıq libasında qaynar gənciyim gəlib…
Rafiq Yusifoğlu təbiəti, onun gözəlliklərini duyan və mənalandırmağı bacaran şairdir. Rafiqin sırf peyzaj şeirləri azdır, amma təbiətlə insan hissləri arasında harmoniya bu şeirlərin məzmununu təyin edir. Bakıda payız yağışını kimsə, hansı şairsə təsvir etsə, təbii ki, bu yağışın “rəsmini” əks etdirəcək, amma Rafiq Yusifoğlu Bakıdakı payız yağışında ayrı çalarlar tapır və göstərir:
Məni haldan-hala saldı
Bakıda payız yağışı…
Qəlbimi yaman kövrəltdi
Təbiətin yır-yığışı…
Qara asfalt gözəlləşib,
Üstündə nə çox yarpaq var!
Elə bil yapışıb yerə
Sarı, qızılı yarpaqlar.
Sanki xatirələr çimir
Gözümün qaynar selində.
Xəzəllər bir addamacdı
Elə bil yağış gölündə…
Ürəyimin arzusuna
Axı necə qulaq asım?
O addamacın üstünə
Necə qıyıb ayaq basam?
O qızın əlində xəzəl
Dönüb payız çiçəyinə.
Təşnə dodaqlarım qonub
Təptəzə gül ləçəyinə.
Payızam, yaz çiçəyini
Mən necə bağrıma basım?
Heç bilmirəm dönəcəkmi
Bir də geri könül yazım?
Sevinir üşüyən çiçək,
Od tutub yanır yanağı.
Elə bil qorxutmur onu
Elin tənəsi, qınağı!
İçimdə yaz havası var,
Yeriyirəm ağır-ağır.
Çölümə də yağış yağır,
İçimə də yağış yağır…
Rafiq Yusifoğlunun əvvəlki kitablarında olduğu kimi yeni toplusunda da bir silsilə “Dəniz nəğmələri” var. Mənim fikrimcə, bu silsilə Rafiqin yeni kitabının ən gözəl nümunələridir. Xüsusilə “Xəzərə yağış yağır” şeiri poetik bir tablodur. Sözlərin Xəzərləşməsi mənzərəsi…
Möcüzədir, sübh çağı
yağış yağır Xəzərə,
Çoxdan idi görmürdüm
belə gözəl mənzərə…
Günəş təzə qalxanda
suların qucağından,
Nəğmələr süzülürdü
buludun dodağından…
Elə bil ki, damcılar
sulara vurur naxış,
İncə barmaqlarıyla
xalı toxuyur yağış…
Dostum narahat idi,
sevinirdim mən isə:
– İslanmaq istəmirsən,
özünü vur dənizə!
Sopsoyuq damlalarından
xilas etsin su səni,
Bir də çətin dadasan
belə dadlı busəni!
Yağış ayna suları
edəndə çimdik-çimdik,
Damlaların altında
doyunca çimdik, çimdik!
Arzular qönçə tutdu,
ömrün qışı yaz oldu!
Xəzərə yağan yağış
taleyimə yazıldı…
Bu yağış boynubükük
arzuları dirçəltdi,
Bu yağış içimdəki
gizli eşqi cücərtdi…
Belə gözəl təbiətdən, sevgi həyəcanlarından söhbət açan bir şairin satirik şeirlər yazması heç də təəccüblü deyil. Gözəllik varsa, antigözəllik də qaçılmazdır. Amma mən bu şeirlərdən heç birini misal gətirməyəcəm. Çünki Rafiqi satirik şair kimi tanımıram, o, gözəllik şairidir.
Rafiq Yusifoğlunun şeir dili, ümumiyyətlə şeir mədəniy-yəti artıq tam formalaşmış bir şairin mövcudluğunu təsdiq edir. Şeirlərində sıx-sıx rast gəldiyim təşbehlər, metaforalar əksərən təzədir, orijinaldır. Xüsusilə metaforalar. İnsanla təbiətin vəhdəti, insanın ağac, dəniz, ay, çöl, yağış görkəmində metaforikləşməsi, ya da təbiətin insaniləşməsi o şeirlərin bədii təsir qüvvəsini artırır. Şeirin gözəlliyi də elə buradadır.
Rafiq Yusifoğlunun yeni şeirlər kitabı barədə uzun-uzadı söz açmaq, onun bütün şeirlərini təhlil etmək niyyətim yoxdur. Amma bu qısa qeydlərimi onun bir arzusuyla bitirmək istəyirəm:
Onsuz da
ömür qısadı,
Onsuz da
haqq işidi ölüm.
Allahım, mənə elə
uzun ömür ver ki,
insanlara daha çox
yaxşılıq eləyə bilim.
Vaqif Yusifli,
filologiya üzrə elmlər doktoru, tənqidçi.
“Ədalət” qəzeti, 26.04.2018

MÜƏLLİF: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir