Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur. R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
MƏLUMATI HAZIRLADI: PƏRVANƏ BAYRAMQIZI
PƏRVANƏ BAYRAMQIZININ YAZILARI
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru