Rafiq Yusifoğlu: Bizə çox görməyin xaraba yurdu…

BİZƏ ÇOX GÖRMƏYİN
XARABA YURDU

Nigaran gözlərə qaranlıq çökür,
Elə sanırdıq ki, ağ nura düşdük.
Bizsiz ata yurdu müsibət çəkir,
Yağışdan qurtarıb, yağmura düşdük…

Hamının vicvicə düşüb canına,
Utancaq arzular boy ata bilmir…
Ürəyim dönsə də Aşıq Cünuna,
Səsim Koroğlunu oyada bilmir…

Yaman nigaranam, itib dincliyim,
Sağalmır qəlbimə vurulan zədə.
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Məni tapacaqmı təzə binədə?!

Divanə könlümün deyil o çağı,
Bizə zülüm verib qaraguruhlar…
Əlimlə yanmasa ata ocağı
Ora qayıdarmı pərvanə ruhlar?

Kəndim – xatirəylə dolu xəzinə,
Burda yol gözləyən xeyli bulaq var.
Dönüb baxacaqmı Qeysin üzünə,
Bu Məcnun sevdalı Leyli bulaqlar?

Ciyəri hicrandan ələyə dönən
Bəlkə şəfa tapa nağıllı kənddə…
Doğma yurd dərdindən dəliyə dönən
Xoşbəxt olacaqmı “Ağıllı kənd”də?

Bu da bir sınaqdı, nə küs, nə inci,
El gözündən düşən boy ata bilmir…
Nə günə qalmışıq, zəfər sevinci
Qara bəxtimizi oyada bilmir…

Nuru azalsa da, göz o göz deyil; –
Halal yurd yerimiz sonalanıbdır.
Təkcə həyətimiz, evimiz deyil
İndi səbrimiz də minalanıbdır…

Divanə Məcnun tək mən də dəliyəm,
Öz doğma Leylimi könlüm haraylar…
Hələ görməmişəm xoşbəxt eləyə
Qılbi viranəni abad saraylar…

Onu cəlb etmədi nurlu səhərlər, –
Həmişə könlümdə qəm yuva qurdu…
Cavanlara qalsın abad şəhərlər,
Bizə çox görməyin xaraba yurdu…

20.02.2021

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir