Bu gün Ümumdünya Poeziya Günüdür. Bütün YARADICI insanlara sağlam ömür diləyir, Zahid bəyin başlatdığı “söz yürüşü”nü davam etdirirəm.
…Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
Bir az alatoranlıq, bir az nisgil…
Qarışıq…
Duyğularım hələ də körpü çəkir həsrətə:
İlahi, indi görən nəyə bənzəyir Şuşa?
Kimə bənzəyir Şuşa?
Bəlkə son ayrılığa?
Bəlkə ilk məhəbbətə?
…Tərk edilmiş yolların geriyə dönüşünə?
Susuzluqdan çat verib qanayan dodaqların
yağışla öpüşünə?
Əsarətin sonuna…
Azadlığın dadına…
Ən əziz adamını qarşılayan qadına…
…Dağlar çənlə qolboyun,
Yollar sislə sarmaşıq…
Dəqiqələr süzülür saat əqrəblərindən,
Vaxt sınır,
zaman çökür.
Sanki uçan xalçadı nağıllar aləmində –
Şuşaya yağış yağır,
Şuşaya duman çökür…
Buludlar damla-damla
Layla deyir qalaya.
Ağaclar yallı gedir,
Dağlar durur halaya…
Şuşaya yağış yağır…
Yağış damlalarıyla
Rəqs eləyir çiçəklər.
Çiçəklərin telinə
Sığal çəkir küləklər,
Şuşaya yağış yağır…
İndi Cıdır düzündə
Süslənir xarıbülbül.
Yarıçiçək, yarıquş,
Yarıeşq, yarıbülbül…
İndi Cıdır düzündən
Ucalır cəngi səsi.
Daha şikəst deyildir
Qarabağ şikəstəsi…
Daha şikəst deyildir
Yollar, cığırlar, izlər.
Yurd həsrətli baxışlar,
Vətən sevdalı gözlər.
Şuşaya yağış yağır –
Azadlıq havasında…
Buludlar xumarlanır
Şuşanın səmasında…
…Şəhidlərin ruhu da
Sıldırım qayalardan
Şuşaya işıq saçır…
Şuşa sevgi, gözəllik,
Şuşa yaraşıq saçır.
Necə xoşbəxt görünür
Minarələr, türbələr…
Nə qaçqın var, nə köçkün,
Nə didərgin,
Dərbədər…
Damlalar rəqs eylərir –
Dincəlir əziz Şuşa.
Vətən, yurd sevgisindən
Dirçəlir əziz Şuşa…
Şuşaya yağış yağır…
12 may 2022-ci il
Bakı-Şuşa-Bakı
Müəllif:Elçin MİRZƏBƏYLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru