Yıkansın insanlık, kirinden arınsın. Kutlu olsun dostluk, bolluk bereket ve beraberlik kardeşlik tütsün ocağı.
Üşümesin artık, canlıdan yana ne varsa, İllede çocuklar ve derya kuzular, Titremesin elleri ve ayakları leylekler göçerken.
Aydınlık ki sıcak ısıtsın, Gündüz ile geceyi.
Toprağı yarıp fışkırsın, Buğday tohumları, Dize dize kışkırtsın Börtü böceği.
Yaylada selamlıyorum onları, Bir karış buğdaylar henüz çimlenmiş, Demetleyip kesiyorum, Adetten…çiçeği.
Tanrıya dua ediyorum, Bir bahçıvan işçi gibi. Diliyorum el açıp ayette heceyi.
Bu topraklar bizden sonrada beslesin, Avuç içlerinde kuşları, Rüzgarda salınsın, Meyve ağaçları gelinlik kız gibi, Bir ana gibi emzirsin, Kalabalık eceleri ve niceleri.
El bağlayıp varıyorum, Azımız çok olurken, Yeşerip köklenen dağlara Hü çaputları bağlıyorum. Turnalar ağızlarından muştular taşırken, Bir düşüm aydınlanıyor , Çağrılırken gerçeğe. 21 Mart 2024
Şərq mədəniyyətini qiymətli inci əsərləri ilə zənginləşdirən ustadlardan biri də Məhəmməd Füzulidir. Hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzuli gahdan bir elm adamı kimi, gahdan astronom kimi, gahdan psixoloq, filosof kimi, gahdan bioloq kimi, gahdan həkim kimi, gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Təbii, deyə bilmərik ki, Füzuli elmin müəyyən bir sahəsinə aid xüsusi bir əsər yazmışdır. Lakin hər bir əsərində rast gəldiyimiz fikirlər və mülahizələr bizə onu deməyə əsas verir ki, Füzuli elmi təfəkkürün pik nöqtəsində dayanmışdır. M.Füzulinin əsərlərini oxuduqca görürük ki, Füzuli həm də yüksək mülahizəyə malik bir pedaqoq olmuşdur. Füzuli öz elmi və düşüncələrini irəli sürərkən lazım gələndə Sokratdan, Platondan, Aristoteldən, Miletli Falesdən, Anoksaqordan, Miletli Empedokldan, Pifaqordan, Plutarxdan, Heraklitdən, İbn Sinadan, digərlərindən də sitatlar gətirir və bu kimi alimlərin fikrini ehtiramla şərh edir. Qeyd etmək lazımdır ki, Məhəmməd Füzuli ilk öncə panteistdir. O, hər bir varlıqda, hər bir hadisədə Allahın təzahürünü, onun özünü görür, bu bütün müqəddəs varlıqlara, ilahi şəxsiyyətlərə – Məhəmməd Peyğəmbərə, həzrəti Əliyə, onun övladları imam Həsənə, imam Hüseynə aiddir. Deməli, Məhəmməd Füzuli belə qənaətə gəlir ki, Allah hər şeydə vardır, o hər şeydə mövcuddur, buna görə də əslində gizlin deyildir. M.Füzuli sevmək üçün nəcib sifətlər, zəngin mənəviyyat, əhdə vəfalı olmağı təbliğ edirdi. Əxlaqın mənşəyi və mahiyyətini düzgün aydınlaşdıran Məhəmməd Füzuli belə nəticəyə gəlir ki, əgər məsələ ata sözünü və ya müdrik sözləri sadəcə əzbərləməkdən ibarət olsaydı, onda əxlaq tərbiyəsinə ehtiyac qalmazdı, retsep və düsturlar verməklə cəmiyyətdəki əxlaqi qəbahətləri asanlıqla aradan qaldırmaq olardı.Əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan Məhəmməd Füzuli həyatın hər növ haqsızlıqlarına ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı daim qiyam qaldırmışdır.
Lütfün əlası sözün mənasını bilməkdir – deyən Məhəmməd Füzuli az sözlə nəcib insani xüsusiyyətləri obrazlı şəkildə ifadə etmişdir. Söz sənətinin dahi ustadı “Füzuli özünün az bir zamanda böyük şöhrət qazanmasına baxmayaraq, biliksiz şeirin təməli olmadığını bilərək, elmləri dərindən öyrənməyə başlamışdır” [1, s.302].
Bədii təfəkkür dairəsi geniş və zəngin olan Füzuli qəzəl, qəsidə, tərcibənd, tərkibbənd, müxəmməs, təxmis, mürəbbe, qitə və s. geniş istifadə etmişdir. Füzuli “şeirə hər şeydən əvvəl, həyatın məhsulu, “qəlb xəzinəsinin gövhəri” kimi baxır” [2, s.28]. Fikrin obrazlı şəkildə ifadəsi, az sözlə geniş məna vermək qabiliyyəti şairin qəsidələrinə də aid xüsusiyyətlərdəndir. Şərq klassik poeziyasının bütün şəkli xüsusiyyətlərindən özünə məxsus bir sənətkarlıqla istifadə edən Füzuli əsərlərini boş və mənasız sözlərlə doldurmaqdan çəkinmiş, ərəb, fars və Azərbaycan dilinin zəngin xüsusiyyətlərini mənimsəyərək hər sözünə, hər bir ifadəsinə dərin məna və orijinal xüsusiyyətlər verməyə çalışmışdır. Şərqşünas Bertelsin dediyi kimi, bu qəsidələr məntiqcə bitkin, bədii cəhətcə bütövdür. Bu qəsidələrin beytlərinin yerini dəyişdirmək qeyri-mümkündür. Öz hisslərini bədii nitqi ilə ifadə etmək bacarığı Füzuli qəsidələrinə xüsusi gözəllik verərək şeirin məna dairəsini genişləndirmişdir. Bədiiliyin pedaqoji-psixoloji və fəlsəfi sirləri qeyd etdiyimiz kimi Füzulinin şeirlərində öz ifadəsini tapmışdır. Bütün bunlar şairin qəsidələrini yüksək qiymətləndirməyə haqq verir.
Hər bir füzulişünasa aydındır ki, Füzuli bütün yaradıcılığı boyu çalışmışdır ki, ərsəyə gətirdiyi əsər özündən əvvəlki və müasirlərinin əsərlərinə bənzəməsin. Bu fikirlə bağlı Füzuli yazır: “Qəzəlin özünəməxsus bir dili və müəyyən bir kəlmə aləmi vardır. Təsadüfən, məndən əvvəl gələn şairlərin hamısı yüksək anlayışlı, dərin düşüncəli insanlar imiş. Qəzəl üslubuna yarayan hər gözəl ibarəni, incə məzmunu elə işlətmişlər ki, ortada bir şey qalmamışdır. İnsan onların bütün yazdıqlarını bilməlidir ki, çalışıb vücuda gətirdiyi əsərlərdə özündən əvvəl söylənən mənalar olmasın. Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb, yazdığımı pozmuşam, ona sahib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxtlar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini deşmişəm. (Bunu görənlər:) bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xoşagəlməzdir – deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm” [3, s.16].
Şərq ədəbiyyatında qəlb şairi, eşq və məhəbbət nəğməkarı kimi tanınan Füzulinin şeirlərinə qida və can verən yeganə amil və hərəkətverici qüvvə məhəbbətdir.
Dil yaxşıdır ki, Allahın birliyini söyləsin,
Əgər elə olmasa, ağızda dil olmasa yeydir.
Eşq olsun o kamil yaradana ki, iki aləm də,
Onun cızmış olduğu kainatın əbədi naxışıdır [4, s.177].
Bu beytlər yüksək məhəbbətlə sevən bir aşiqin real duyğularıdır. Füzuli Allaha xitabən deyir ki, sən yəqinsən, bəsbəllisən, zənnə, təqlidə gülmək lazımdır. “Doğrudan da, şair məşuqun sifətindən danışanda, o həqiqi sevgilinin ehtiyacsızlığının kamalını göstərərkən sadiqdir…” [5, s.16] – deyir. Füzuli deyir ki, hər kim ruhun bədəndə necə zahir olmasını, ruh ilə bədənin eyniyyət və fərqlənmə cəhətlərini bilsə, Tanrının da şeylərdə necə zahir olmasını, Tanrı ilə şeylərin eyniyyət və fərqlənmə cəhətlərini bilər və beləliklə, hər kim “özünü tanısa Tanrısını da tanıyar” [4, s.109].
İslamiyyətin dini prinsipləri şairin əxlaqi görüşlərində üzə çıxır. Mütərəqqi fikirlər təbliğ edən şairin dini əsərlərində belə (“Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s.) şairin humanist ideyaları, həyati əməlləri oxucunu təsir altında saxlayır.
M.Füzulinin sevgisi və ya sevgilisinə iki aspektdən yanaşa bilərik. Birinci sevgisi Ulu Tanrı və ya ilahi məhəbbətə, sonra Məhəmməd Peyğəmbərə, Həzrəti Əliyə və onun övladları imam Həsən və imam Hüseynə əsaslanır ki, biz bunları mütləq ruh adlandırırıq, cismani sevgi, həmçinin ilahi bir varlıq sayırıq. Füzuli öz divanına Əlini mədh edən qəsidə ilə başlayır. Əlini ibtidasız əvvəl, sonsuz axır, peyğəmbərə yardım edən, vəlilərin görən gözü, üzünün nurlu parıltısı ilə, öz ziyasından bir günəş yaradan haqq ilə olan adlandırır, haqqın ondan göründüyünü, haqq ilə əbədi olduğunu söyləyir və qəsidənin bir yerində “Ali-Əba”dan danışır, onlara and içir.
Mənim həmişə işim tək Əlini tərifdir,
Bir özgə işlərə yoxdur könüldə vəqt, məcal.
Mən and içib demişəm yüz kərə Əli həqqi,
Nəcəfdən özgə məni çəkməyir nə şərq, nə şimal.
Füzuli arzu edir müjdeyi-əta eşidə,
O da həmişə yaza böylə mədhi – Heydərü Əli [5, s.212]
M.Füzulinin tərənnüm etdiyi gözəl, öz təbirincə desək misilsiz təsir qüvvəsinə malik ideal gözəldir. O elə gözəgörünməz lətafətə malikdir ki, onun lətafətinin çoxluğunu idrak nəzərə alsaydı hiss qüvvələri zəifləyərdi. Bədr zühurunu onun camalı ilə kamala yetirmişdir. O bir gözəllik sahibidir ki, baxışı, xətti, xalı, qəddi ilə aşiqləri cəlb etmişdir. Məlahətdə yeganədir. Bir işıqlı ulduzdur ki, səyyarələrin mərkəzindən ən uzaq nöqtəyə çatmışdır. Qaməti bir şaxədir ki, ruh bağçasında aşiqlərin göz yaşı ilə artmış, böyümüşdür.
Bu və ya buna bənzər beytlərində şair “vahid dost”unu (Yaradanı) xüsusi qüvvət və ehtirasla yüksəklərə qaldırır. “Füzuli eşqinin mənasını hərtərəfli aydınlaşdırmaq üçün çox mühüm bir məsələni də nəzərə almaq lazımdır” [6, s.27]. M.Füzulinin qəsidələrindəki eşq-məhəbbət fəlsəfəsi dərin ictimai, əxlaqi mənaya malikdır.
M.Füzulinin şeirlərində xalqın zəmanədən narazılıq, həyatdan şikayət motivləri mühüm yer tutur. Orta əsr mühiti, rəzalət və riyakarlıq xalq kimi şairə də o qədər iztirab vermişdir ki, bəzən fikirlərində dünyada düzlük olmadığı qərarına gəlmişdir.
Rəhm qıl, rəhm xəlqə kim, Həqdən
Bulasan aqibət cəzayi-əməl.
Xəlqə sən rəhm qılmayınca, sana
Rəhm qılmaz Xudayi-əzzə və cəll [7, s.285].
M.Füzuli qəsidələrində və ya “Şikayətnamə” əsərində hakimlərin, zülmkar şahların hakimiyyəti altında yaşayan xalqın həmişə əzab-əziyyətdə olacağına işarə edərək “Vay olsun o məmləkətin halına ki, hakimi zalimdir” – deyir. Füzulinin böyüklüyü bundadır ki, o, nədən yazır-yazsın, ictimai hadisələrə biganə qalmamış, zamanın nəbzini tuta bilmişdir.
Füzulinin qəsidələrində əxlaqi fikir və qayələr də mühüm yer tutur. “Böyük mütəfəkkirin eşqi, məhəbbəti insan həyatının, insan qəlbi və hisslərinin əsas qayəsi saydığını, eşqin şairin yaradıcılığında tərənnüm edilən başlıca motiv olduğunu demək olar ki, Füzuli irsini tədqiq edən bütün alimlər söyləyirlər. Bu füzulişünaslıqda şəksiz-şübhəsiz qəbul edilmiş bir məsələdir” [8, s.130]. Müxtəlif əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan şair bu məsələyə etinasız qala bilərdimi? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Füzuli bütün varlığı ilə ülviləşdirdiyi, ləkəsiz bir gövhər qədər saflaşdırıcı məhəbbəti ən yüksək əxlaqi sifət sayır, ilahi eşqi bütün dünya eşqinin fövqündə tutaraq, başqa xoşagəlməz əməlləri şeytani əməl olduğunu göstərərək yaramaz işlərdən uzaqlaşmağı məsləhət görür.
Günahdır eşqdən özgə əməllərin hamısı
Eyib deyilmi, günah işləyib, olum rüsva? [5, s.294]
Qəsidələrdə həsəd əhli, paxıl və alçaq adamlar xeyirxah insanlara, nəcib və ali şəxslərə qarşı qoyulur. Burada təmiz əxlaqi sifətlərə malik insanlar çirkin adamların fasiləsiz hücumuna məruz qalırlar.
Məzəmmət əhli bizi dəhrdə edər təhqir,
Nə vəsldən bir əsər var, nə rəhmdən bir əsər [5, s.290].
Yaxud:
Kədərlənir ürəyim tənələr eşitdikcə,
Odur ki, dinləmirəm təni, vermirəm məna [5, s.294].
M.Füzuli hər bir qəhrəmanını lirik üslubda təsvir edir. Hadisələri daha çox prosesdə qələmə alan Füzulinin qəhrəmanları daxilən yetişir, mənəviyyatca tamamlanırlar. Füzulinin yaradıcılığındakı surətlərin çoxu köməksizdir. Daxilən böyük, namuslu və vicdanlı insanlar əksərən tək, kimsəsiz təsvir olunur. Mərd insanların köməksizliyi bir neçə səbəblə əlaqədardır. Əvvələn Füzuli göstərmək istəmişdir ki, bu insanları köməksiz edən yaltaqlıqdan, paxıllıqdan uzaq olmaları, namuslu əməklə yaşamaları, heç kimə boyun əyməmələridir. Füzuli həyatın hər növ haqsızlıqlarına “ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı” [9, s.58] daim qiyam qaldırmışdır.
Riyakarlıq və paxıllıq kimi pis əxlaqi sifətlərin tənqidinə Füzulinin qəsidələrinin, demək olar ki, əksəriyyətində rast gəlmək mümkündür. “Vay olsun o şəxsə ki, riyakarlıqla ömür keçirir” – deyən şair belə şəxslərə, hətta nəsihət etməyi də yersiz hesab edir: xeyirxah və nəcib insanları onlardan çəkinməyə çağırır: “Çirkin adamların müaşirətindən həzər et” – deyir.
M.Füzuli “insanın əxlaqi keyfiyyətlərinə yüksək qiymət vermiş” [10, s.153], insanın əxlaqının təmizliyindən danışaraq böyük bir nəsihətçi, müdrik ustada çevrilmişdir: “Zatən təbiətim alçaq işlərdən uzaqdır”, “fəsad işlərə adət etmədim”, “qəlbim həmişə həqiqətə mail olmuşdur”, “məcaz zəncirlərinə müqəyyəd olmadım” – deyərək oğurluq, tamahkarlıq, mütilik kimi sifətləri ifşa edir, faydalı, vəfalı, ədəbli olmağı, fəsad işlərdən uzaq olmağı təbliğ edir, insanları sədaqətə, etibarlılığa, ata-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə çağırır.
Çox zaman fikirlərini açıq söyləyə bilməyən Füzuli zəmanədən narazılığı cananın cövr və cəfasında çəkdiyi əziyyət və işgəncə pərdəsi ilə örtürdü. Zamanında hər bir arzunun maniələrlə pərdələndiyini gördükdə kədərlənir, bir çıxış yolu tapa bilmədikdə cəmiyyətdən uzaqlaşıb gizlində yaşamaqla nicat tapacağına ümid bəsləyirdi. “Paxıllıqdan, cəmiyyətdən uzaqlaşmaqla bir mağarada gizləndim, düşmənlərin qorxusunu bilməmək üçün mənə bu qələdə doğru yol göstərildi”. Belə mistik motivlər Füzuli dövründə olan ictimai bərabərsizliyin, zülm və əsarətin nəticəsidir. Məhz bu cür haqsızlıqlar şairi “faniyi-mütləq”ə sığınmağa məcbur edir.
Gətirdi təngə nakəslər məni, arzum budur daim,
Nə mən bir kəslə, nə də bir kəs mənimlə aşina olsun.
Fəqət, hümmət məni istər görə dünyadə müstəğni,
Təbiətcə o istər hər gəda padişah olsun.
Gəda tək ummaram pay süfrəsindən hər kəsin, əmma,
Könül istər Əlinin asitanında gəda olsun [5, s.176].
Əgər şair bir tərəfdən kədərlənir, dünyadan əl çəkib “üzlət” aləminə (bir tərəfə çəkilib təkbaşına oturma mənasında) sığınmağa can atırsa, digər tərəfdən zülm və haqsızlıqlar dünyasında özünü bütün çırkinliklərin fövqündə tutur, sənətinə, qüvvəsinə, ideyalarının qüdrətinə, fənası olmayan bir bəqaya çatacağına o qədər inanır ki, bu hal onu sevindirir. Füzulinin “fikrincə, insan faydalı əməlləri ilə cəmiyyətə xeyir verməyi bacarmalı, bununla da özünü tanıtdırıb, etibarlı mövqe kəsb etməlidir. Əks təqdirdə onun varlığı kimsə tərəfindən hesaba alınmaz” [11, s.68].
Qeyd edək ki, “Füzulinin əsərlərindən xoşlanmayan adamlar” [12, s.35] da olmuşdur. Şairin şeirlərindən danışan bəzi “tədqiqatçılar” şairin qəzəl və qəsidələrini “sönük”, “hissdən məhrum”, “yaxşı şeir vəsfinə layiq olmayan önəmsiz” əsərlər kimi qələmə verməyə cəhd edirlər. Təbii ki, fikirlərin elmi həqiqətdən uzaq olduğunu iddia etməyə kifayət qədər əsas vardır.
M.Füzulinin adı nəinki Azərbaycan, bütün Şərq və Qərb üçün doğma və əzizdir. “Ağlı olan insana biliklər hazır formada verilmir” [13, s.113]. Böyük təfəkkür sahibi Füzuli yaradıcılığı boyu xalqımızın ən nəcib duyğularını, yüksək və humanist əməllərini tərənnüm edən əvəzolunmaz bir sənətkar, böyük bir insan olmuşdur. “Şair zaman-zaman oxunduqca həyat nəfəsli sətirləri insanı arif olub ömrün mənasını dərk etməyə, gözəlliyi duyub yaşamağa, dünya nemətlərindən həzz almağa çağırmışdır” [14, s.123]. Bu mənada, pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji irsi Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Düzdür “Gibbdən sonra gələn Avropa tədqiqatçıları Füzuli əsərlərini öyrənmək işinə əhəmiyyətli bir yenilik gətirə bilməsə də” [15, s.99] alman Şərqşünası Hammer Purqştall (“Leyli və Məcnun” poemasından Leylinin buludlarla söhbətindən bir parçanı və “Bəngü Badə” əsərindən parçaları məsnəvi şəklində tərcümə etmişdir), ingilis Şərqşünas alim Gibb də Füzulinin “Leyli və Məcnun”, “Bəngü Badə” əsərlərindən parçalar tərcümə etmişdir. “Gibb, həmçinin Füzulinin “Dustum, aləm səninçün gər olur düşmən mana” misrası ilə başlanan qəzəlini də ingilis dilinə tərcümə etmişdir” [16, s.18]. Edmond Faze və Əbdülhəmid Məmduh, V.Minorski kimi şərqşünaslar Füzuli yaradıcılığına biganə qala bilməmiş, əsərlərindən tərcümələr etmişlər. Göründüyü kimi, “M.Füzuli dünya ədəbiyyatşünaslarını özünün ecazkar təfəkkürü, ölməz sənət nümunələri ilə heyrətə gətirmiş, onları məftun etmişdir” [17, s.151].
Yuxarıda qeyd etdik ki, Füzulu gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Qədim dövrdən xalqımızın musiqi təfəkkürünün parlaq nümunəsi dahi Füzulinin əsərlərində də öz təsvir və tərənnümünü tapmışdır. Bildiyimiz kimi, musiqi sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülsədə ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsi mühüm məna kəsb edir. Şairlə bəstəkarın yaradıcılıq zəhmətinin məhsulu olan mahnıları, eyni zamanda ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsinin, sintezinin bədii nəticəsi kimi qiymətləndirənlər haqlıdırlar. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin ilk korifeyi sayılan Əhməd Seyidov Füzuli yaradıcılığını tədqiqə cəlb edərkən qeyd edir ki, Füzuli “nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandırır” [18, s.87]. Musiqinin inkişafında və təbliğində əvəzsiz xidmətləri olan, “özünün zəngin şeir aləmini musiqi təranələri və sehrli ahəngləri ilə zinətləndirən Füzuli bəzən ustad musiqişünas kimi çıxış edir” [19, s.17]. Füzulinin dərin kamal, ideal və möhtəşəm sənət xəzinəsi sayılan “Rindü Zahid” əsərində musiqinin mənəvi-estetik tərbiyə gücünü diqqət mərkəzinə gətirmişdir. Musiqini ruhun və təfəkkürün incisi hesab edən Füzuli yazır ki, “nəğmə səma eyvanının kəməndidir. Xoş avazlar isə aləmin nərdivanıdır, ruha halın məbdəindən (məbdə – başlanğıcdan – K.C.) xəbər gətirir, onu cismani əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sirr pərdəsidir və hər nəğməsi Allah dərgahına bir niyazdır. Bu ləzzətlərə meyl etmək idrak üçün zəruridir. Buna şövq göstərmək pak təbiətli adamların xasiyyətidir. Saz nəğməsi və xoş səsin şərəfinə bu bəsdir ki, halsız və ürəyi sönmüş adamların canına ürək yandıran eşq odu salır, qafilləri eşq dərdinin nəşəsindən xəbərdar edir.
Lətif səslər eşqin təhrikinə səbəbdir,
Xəbərsizlərə eşqin xəbəri saz ilə yetişir.
Eşq bir gizli sirdir, saz ilə aşkar olur.
Həqiqət budur ki, o, sirr saz pərdəsinin arxasındadır” [4, s.57].
Hər bir əsərini öz canı və qanı ilə suvaran M.Füzuli yazır ki, “İlahi, məsum Əhli-Beytin hörməti xatirinə yaşamağım üçün, rüsvalıq palçığı və peşmançılıq daşı ilə meydana gətirdiyim və onu suvamaq və zinətləndirmək üçün qanlar udduğum bu bir neçə dağınıq beyti mənalar üzərində gündüzlər axşama qədər düşünüb onları bir araya gətirib, bir mənzumə yaza bilmək üçün gecələr sabaha qədər çalışan insanlar görüb oxusunlar… (İlahi, bu beytləri) şeirləri oxunduğu məclislərdə məsxərəyə qoyulan, bir neçə zəif beyt yazıb, onu dilənçiliyə alət etməklə iftixar edən və guya şeiri anladığını anlatmaq üçün sözün və mənaların incəliklərinə etiraz edən bir neçə insanın ayaqları altında əzdirmə” [3, s.19].
Bu gün ariflərin könlündə yaşayan Füzulinin müxtəlif məzmunlu əsərlərində, qəzəl və şeirlərində estetik təsir imkanları Azərbaycanın korifey sənətkarları tərəfindən tərənnüm olunmuş və bu gün də tərənnüm olunmaqdadır. Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu, Əbdül Həsən xan İqbal, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sara Qədimova, Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Süleyman Ələsgərov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Ələsgər Abdullayev və digərləri toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə Füzulinin “Can vermə qəmi-eşqə ki, eşq afəti candır”, “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd”, “Səfayi-vəsli-qədrin hicr ilə bimar olandan sor”, “Pərişan halın oldum, sormadın hali-pərişanım”, “Dün sayə saldı başimə bir sərvi-sərbülənd”, “Sərvi-azad qəddinlə mənə yeksan görünür, Nəyə sərgəştə olan baxsa xuraman görünür”, “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”, “Heyrət ey büt, surətin gördükdə lal eylər məni”, “Saqiya, cam tut ol aşiqə kim qayğuludur” və s. kimi qəzəllərini muğam və təsniflərdə sevə-sevə, duya-duya, ilhamla oxumuşlar.
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması neçə-neçə müğənninin səhnə sənətində, habelə muğam ifaçılığında kamilləşməsi yolunda bir məktəb, yarış səhnəsi olmuşdur. Yaradıcılığı ümman dolu olan Məhəmməd Füzulinin pedaqoji ideya və görüşlərinə ulu öndər Heydər Əliyev belə dəyər vermişdir: “Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq” [20, s.125].
Sonda belə nəticəyə gəlirik:
Pedaqoji-psixoloji-fəlsəfi və ədəbi elmi irsin tükənməz sərvəti sayılan Məhəmməd Füzuli təlimin və təhsilin inkişafı ilə bağlı çağdaş dövrümüzə cavab verən ideyalar irəli sürmüşdür;
Özünü tanıyan Tanrısını da tanıyar – görüşündə olan Məhəmməd Füzuli “Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s. kimi dini əsərləri ilə Ulu Tanrını, Məhəmməd Peyğəmbəri, Həzrəti Əlini və onun övladları imam Həsən və imam Hüseyni mədh etmiş, onları humanist ideyalar carçısı adlandırmışdır;
Məhəmməd Füzulinin əxlaqi fəzilətlərə verdiyi yüksək qiymət bu gün də öz təravətini itirməmişdir;
Yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmış Məhəmməd Füzuli haqlı olaraq deyir ki, insan şüuru ilə hər şeyə qalib gələcəkdir. Həqiqət olan hər bir şey imkan daxilində olan hər hansı bir şeydən daha əvvəldir;
Məhəmməd Füzulinin yaradıcılığı o qədər nəcib duyğular, yüksək və humanist əməllərlə doludur ki, Qərbi Avropa dillərinə tərcümə edilmişdir.
Nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandıran Məhəmməd Füzulinin qəzəl və qəsidələri Azərbaycanın korifey sənətkarları tərəfindən bu gün də toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə ifa olunmaqdadır.
ƏDƏBİYYAT
Məhəmməd Füzuli (elmi-tədqiqi məqalələr). Bakı: Azərnəşr, 1958, 389 səh.
Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı: ADU nəşriyyatı, 1958, 276 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, III cild. Bakı: Şərq-Qərb, 2005, 472 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, V cild. Bakı: Şərq-Qərb, 2005, 224 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, IV cild. Bakı: Şərq-Qərb, 2005, 344 səh.
Məmməd Cəfər Cəfərov. Füzuli düşünür. Uşaqgəncnəşr, 1959, 235 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, II cild. Bakı: Şərq-Qərb, 2005, 336 səh.
Fuad Qasımzadə. “Qəm karvanı” yaxud zülmətdə nur (Füzulinin dünyagörüşü). Bakı: Azərnəşr, 1968, 360 səh.
Akif Abbasov. Milli əxlaq və ailə etikası. Bakı: Mütərcim, 2010, 320 səh.
Rüfət Hüzeynzadə. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2019, 538 səh.
Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ADPU-nun nəşriyyatı, 2014, 432 səh.
Məmməd Cəfər Cəfərov. Klassiklərimiz haqqında. Bakı: Uşaqgəncnəşr, 1948, 96 səh.
Oruc Həsənli. Təhsilin müasir psixoloji problemləri. Naxçıvan: Əcəmi, 2017, 416 səh.
Ayaz Vəfalı. Füzuli öyrədir. Bakı: Gənclik, 1977, 148 səh.
Mirzağa Quluzadə. Füzulinin lirikası. Bakı: AMEA-nın nəşriyyatı, 1965, 476 səh.
Səyyarə Məmmədova. Qərbi Avropa Şərqşünasları Füzuli haqqında. /Elm və həyat, 1972, №3
Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 1999, 516 səh.
Əhməd Seyidov. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən. Bakı: Maarif, 1987, 301 səh.
Vəli Məmmədov. Füzulinin musiqi dünyası. Bakı: İşıq, 1977, 68 səh.
Heydər Əliyev. Müstəqillik yolu. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1997, 136 səh.
Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…
“Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nurudurlar” – deyib Peyğəmbərimiz.
Şirindil müəllimin alimliyindən, ədəbiyyat tariximizdəki xidmətlərindən həmkarları çox yazıblar. Bu gün də yazırlar… Ölümündən sonra…
Xatirəsinə ehtiramla yazdığım bu yazı isə ona olan minnətdarlıq borcumdur.
“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində direktorum, arxa-dayağım olub Şirindil Alışanlı. Böyük ehtiyac içində olan məcburi köçkün ailəsinin vəziyyətini bir az yüngülləşdirmək üçün halal çörək qazanmaq yolunda çarpışan bir kəndli qızına zamanında edilən yaxşılığı heç bir təşəkkür, minnətdarlıq ödəməz, təbii ki…
Şirindil müəllim “Köhnə kişilər”dən idi. Samballı, ağır çəkili, ciddi. Yaxından tanımayan üçünsə həm də “çox sərt”. Bu xarakterin zirvəsində isə onun XEYİRXAHLIĞI dayanırdı. Görənlər üçün, görmək istəyənlər üçün o belə biri idi. “Elm və həyat” jurnalının redaktor müavini, rəhmətlik Binnət Süleyman həmişə xoş sözlər deyərdi onun barəsində, – mən onu şəxsən tanımadığım illərdə… Deyilənlərə layiq olduğunun illər sonra özüm də şahidi oldum.
Bu yaxınlarda özü ilə telefonla danışanda ürəyimdə olan ən yaxşı sözlərimi ona dedim. Nə yaxşı ki, dedim. Bu tezlikdə itirəcəyimiz heç ağlıma da gəlməzdi. Mənə ən böyük təsəlli də elə budur… İnsana nə lazımdır ki… Adi bir xoş söz, gülər üz… Bütün inciklikləri, qəlb qırıqlıqlarını bir xoş sözlə əritmək olar, məncə, yetər ki, kindən, qərəzdən uzaq olasan… Ürəyimdəkiləri ona deməyə geciksəydim, bu ağır yük bir ömür çiyinlərimdən asılıb qalacaqdı… Məni diqqətlə dinlədikdən sonra gülərək: “Eh… Aliyə, çox sağ ol ki, sən bu sözləri deyirsən. Mən nələr etmişəm, bunu bir Allah bilir, bir də mən. İnsanlıq ölüb gedir artıq. Bilə-bilə ki, bu gün mən xəstəyəm, adi zəng edib hal-əhval tutmaq mədəniyyətləri belə qalmayıb çoxunun”. Ad da çəkdi… Tanıdıqlarım idi… Mən də şahidi olmuşdum onlara etdiklərinin… Təəssüf…
Bir neçə nəfərin adını isə minnətdarlıqla çəkdi. Xüsusilə, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin və vaxtilə onun rəhbərlik etdiyi “Elm” nəşriyyatının hazırkı direktoru Cəbuhi Qəhrəmanovun adlarını.
Xalq şairi Nəriman Həsənzadə ilə ara-sıra görüşdüyünü dedi. Biri-birilərinin xətrini istəyirdilər. Bunları deməyi özümə borc bildim…
Martın 12-də professor Musa Quluzadənin xatirəsinə bir yazı yazmışdım. Orada dar günün dostları sırasında, təbii ki, Şirindil müəllimin adı da var idi. 2 gün sonra isə vəfat etməsi xəbərini eşitdim. Gec eşitdim… İnanmadım. Son danışığımızda demişdi ki, martda xarici ölkəyə müalicəyə gedəcək. Görüşməliydik. Telefonuma baxdım… 29 fevralda zəng etmişdim. Götürməmişdi. Adətən götürməyəndə, sonra özü yığırdı. Bu dəfə zəng gəlmədi. Düşündüm ki, yəqin gedib müalicəyə, inşallah, qayıdar görüşərik.
Təəssüf… Bir dəyərli dostu da beləcə vaxtsız itirdim…
İllər öncə Xalq şairimiz Bəxtiyar Vahabzadənin ömrünün sonlarına yaxın bir müsahibəsinə qulaq asmışdım. Dostluqdan, xeyirxahlıqdan danışırdı…
Mir Cəlal Paşayevin, Nəsir İmanquliyevin, Aslan Aslanovun, Şıxəli Qurbanovun, Cəfər Xəndanın, Həmid Araslının, Muxtar Hüseynzadənin, Abbas Zamanovun, Qulu Xəlilovun, Famil Mehdinin, Nurəddin Babayevin, Nəriman Həsənzadənin adlarını çəkdi.
Belə bir söz dedi Bəxtiyar Vahabzadə: “Nurəddinin bir sözünü unutmuram. Dostlarımızı bir-bir itirib acısını çəkdikcə: “Vay arxaya qalanın halına…”, – deyirdi.
Yəqin Bəxtiyar Vahabzadə özünü nəzərdə tuturdu, dostlarının, xeyirxahlarının bir-bir “yoxa çıxması” onu qorxudurdu. Çox kövrək olmuşdu…
Ömrü yazan Allahdı, düzdü… Amma doğmaların, dostların itkisini kənardan müşahidə etmək həqiqətən çox ağırmış…
Vay axıra qalanın halına!
Sonda Şirindil müəllimin 3 gözəl, ağıllı-kamallı qız övladına üzümü tutub: “Belə bir atanın övladı olmaq səadəti hər kəsə nəsib olmur. Başınızı uca tutun, həyat davam edir! – deyirəm.
Mən uşaqlıq, yeniyetməlik, ilk gənclik illərindən ədəbiyyata vurğun idim. Yazıçılarımızı, dünya ədəbiyyatını oxuyurdum. Qələm adamları haqqında metafora ilə düşünürdüm. Məsələn, Seyran Səxavət məndə həmişə dəli-dolu dağ çayı ilə assosiasiya olunub. Elə alimlər, yazıçılar, şairlər var idi ki, torpağın bağrından qopub Göy üzünə ucalan dağa bənzədirdim. Sonra Bakıya gəlib, burda yaşayıb, o insanları həyatda gördükcə, bəziləri kiçilib gözümdə təpə oldu, amma dağ ucalığını saxlayanlar da vardı. Hətta təsəvvür etdiyimdən daha uca olanlar da. Məsələn, Xudu Məmmədov, Aydın Məmmədov, Məmməd Araz…
Heç şübhəsiz, İsmayıl Şıxlı da öz qürurlu əzəməti ilə bu sırada dayanır. Mən İsmayıl müəllimin, demək olar, bütün əsərlərini oxumuşam. Bəli, “Dəli Kür” İsmayıl Şıxlının şah əsəri kimi qəbul olunub. Ancaq bu, çoxumuzun “Ölən dünyam” romanından hələ xəbərsiz qaldığımızdandır. Yaxud hələ alıb oxumamış olmağımızdan. Bu roman heç də “Dəli Kür”dən geri qalmır. Əsər 20-ci əsrin əvvəlində bolşevik-rus işğalının Qazax mahalında və ətraf civarlarda törətdiyi faciəvi hadisələrdən və ən başlıcası Gəncə üsyanından bəhs edir. Biz Gəncənin işğala, yadelli zülmə qarşı dirənişi deyəndə, göz önünə çox hadisələr, çox şəxsiyyətlər gəlir. Əlbəttə, qəhrəman Cavad xanı rəhmətlə, ehtiramla və qürurla xatırlayırıq.
Ancaq başqa tarix də var: 1920-ci il aprelin 28-də Bakıda milli hökumət devrildikdən sonra Gəncə rus-bolşevik işğalçılara təslim olmurdu və az qala bir aya yaxın – mayın 25-dək düşmənə müqavimət göstərdi. Gəncəlilər sözün tam anlamında son damla qanına qədər dəfələrlə üstün rus qoşunlarına və erməni silahlı dəstələrinə qarşı vuruşdu. Bu, Azərbaycan tarixində çox ağır, qanlı hadisələrdən, eyni zamanda Gəncənin və bütün millətimizin qürurvericu qəhrəmanlıq örnəklərindən biri idi. İsmayıl Şıxlı bu faciəli və qürurlu tarixi özünə xas olan ustalıqla elə təsvir edib ki… Bu əsəri oxumağı bütün dostlara tövsiyə edirəm.Başqa romanlarını, povestlərini, hekayələrini də.
Gənclərimiz İsmayıl Şıxlını oxumalıdır. Mütləq oxumalıdır. Elə yazıçılar, elə əsərlər var ki, onları oxumadan özünə intellektual, hətta zəngin dünyagörüşü olan insan deyə bilməzsən. İsmayıl Şıxlı həmin qələm ustalarından biridir. Millətin içindən çıxmış və millətinə həmişə bağlı olmuş, özünə hər zaman sadiq qalmış nəhəng ziyalımızdır. Fiziki olaraq yaşasaydı, 105 yaşı olardı. Ancaq təəssüf ki, bu yubileyini onsuz qeyd edirik. Millətimizi İsmayıl Şıxlı münasibətilə təbrik edirəm.Allah İsmayıl müəllimdən rəhmətini əsirgəməsin. Amin.
“HAMIMIZIN TANIDIĞI VƏ TANIMADIĞI İSMAYIL ŞIXLI” (Görkəmli ədibimiz İsmayıl Şıxlı haqqında bilmədikləriniz)
İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.
Çoxu elə bilir ki, İsmayıl Şıxlının övladları, xüsusən Elçin Şıxlı orta məktəbi rus dilində oxuyub. Hətta buna görə İsmayıl müəllimə irad bildirənlər də olub. Ancaq belə deyil. Elçinin sadəcə dayəsi Tyotya Matilda rus olub. Volqaboyu qaçqınlarından imiş. Elçin valideynləri ilə azərbaycanca, Tyotya Matilda ilə rusca danışırmış.
Elçin Şıxlı yaradıcılıq evlərinin birində tanış olduğu rus qızı ilə evlənmək istəyirmiş. İsmayıl Şıxlı onun qərarında qəti olduğunu görüb sakit səslə deyir: “Özün bilərsən, həyat sənindi, amma əgər o qızla evlənsən, bir daha mən olan evə ayaq qoymayacaqsan!” Bundan sonra Elçin Şıxlı fikrindən daşınır.
Qəribədir ki, “Urus Əhməd” İsmayıl Şıxlının “Dəli Kür” romanının sevimli obrazı idi. Cahandar ağanın qızı da ona vurulmuşdu. Amma həyatda…
Həyat yoldaşını düz 7 il ona verməyiblər. Baxmayaraq ki, qohumdurlar. Nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar.
İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.
İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.
Səməd Vurğun öz yerində, Süleyman Rüstəmi də şair kimi çox sevib. Onun ölüm xəbəri gələndə Neftçalada imiş. Adamlardan aralanıb və eyvana çıxaraq ağlayıb.
Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü.”
Bir tələbəsi ona dəlicəsinə vurulmuşdu. Həyat yoldaşı da bilirdi.
Şəkər xəstəliyindən gözləri tutulub, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib. Həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm.”
Vəsiyyət etməyib, amma övladlarına ilk və son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”