“…Alimlər dünyanın ÇIRAĞI, axirətin NURUDURLAR”…
Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…
“Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nurudurlar” – deyib Peyğəmbərimiz.
Şirindil müəllimin alimliyindən, ədəbiyyat tariximizdəki xidmətlərindən həmkarları çox yazıblar. Bu gün də yazırlar… Ölümündən sonra…
Xatirəsinə ehtiramla yazdığım bu yazı isə ona olan minnətdarlıq borcumdur.
“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində direktorum, arxa-dayağım olub Şirindil Alışanlı. Böyük ehtiyac içində olan məcburi köçkün ailəsinin vəziyyətini bir az yüngülləşdirmək üçün halal çörək qazanmaq yolunda çarpışan bir kəndli qızına zamanında edilən yaxşılığı heç bir təşəkkür, minnətdarlıq ödəməz, təbii ki…
Şirindil müəllim “Köhnə kişilər”dən idi. Samballı, ağır çəkili, ciddi. Yaxından tanımayan üçünsə həm də “çox sərt”. Bu xarakterin zirvəsində isə onun XEYİRXAHLIĞI dayanırdı. Görənlər üçün, görmək istəyənlər üçün o belə biri idi. “Elm və həyat” jurnalının redaktor müavini, rəhmətlik Binnət Süleyman həmişə xoş sözlər deyərdi onun barəsində, – mən onu şəxsən tanımadığım illərdə… Deyilənlərə layiq olduğunun illər sonra özüm də şahidi oldum.
Bu yaxınlarda özü ilə telefonla danışanda ürəyimdə olan ən yaxşı sözlərimi ona dedim. Nə yaxşı ki, dedim. Bu tezlikdə itirəcəyimiz heç ağlıma da gəlməzdi. Mənə ən böyük təsəlli də elə budur… İnsana nə lazımdır ki… Adi bir xoş söz, gülər üz… Bütün inciklikləri, qəlb qırıqlıqlarını bir xoş sözlə əritmək olar, məncə, yetər ki, kindən, qərəzdən uzaq olasan… Ürəyimdəkiləri ona deməyə geciksəydim, bu ağır yük bir ömür çiyinlərimdən asılıb qalacaqdı… Məni diqqətlə dinlədikdən sonra gülərək: “Eh… Aliyə, çox sağ ol ki, sən bu sözləri deyirsən. Mən nələr etmişəm, bunu bir Allah bilir, bir də mən. İnsanlıq ölüb gedir artıq. Bilə-bilə ki, bu gün mən xəstəyəm, adi zəng edib hal-əhval tutmaq mədəniyyətləri belə qalmayıb çoxunun”. Ad da çəkdi… Tanıdıqlarım idi… Mən də şahidi olmuşdum onlara etdiklərinin… Təəssüf…
Bir neçə nəfərin adını isə minnətdarlıqla çəkdi. Xüsusilə, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin və vaxtilə onun rəhbərlik etdiyi “Elm” nəşriyyatının hazırkı direktoru Cəbuhi Qəhrəmanovun adlarını.
Xalq şairi Nəriman Həsənzadə ilə ara-sıra görüşdüyünü dedi. Biri-birilərinin xətrini istəyirdilər. Bunları deməyi özümə borc bildim…
Martın 12-də professor Musa Quluzadənin xatirəsinə bir yazı yazmışdım. Orada dar günün dostları sırasında, təbii ki, Şirindil müəllimin adı da var idi. 2 gün sonra isə vəfat etməsi xəbərini eşitdim. Gec eşitdim… İnanmadım. Son danışığımızda demişdi ki, martda xarici ölkəyə müalicəyə gedəcək. Görüşməliydik. Telefonuma baxdım… 29 fevralda zəng etmişdim. Götürməmişdi. Adətən götürməyəndə, sonra özü yığırdı. Bu dəfə zəng gəlmədi. Düşündüm ki, yəqin gedib müalicəyə, inşallah, qayıdar görüşərik.
Təəssüf… Bir dəyərli dostu da beləcə vaxtsız itirdim…
İllər öncə Xalq şairimiz Bəxtiyar Vahabzadənin ömrünün sonlarına yaxın bir müsahibəsinə qulaq asmışdım. Dostluqdan, xeyirxahlıqdan danışırdı…
Mir Cəlal Paşayevin, Nəsir İmanquliyevin, Aslan Aslanovun, Şıxəli Qurbanovun, Cəfər Xəndanın, Həmid Araslının, Muxtar Hüseynzadənin, Abbas Zamanovun, Qulu Xəlilovun, Famil Mehdinin, Nurəddin Babayevin, Nəriman Həsənzadənin adlarını çəkdi.
Belə bir söz dedi Bəxtiyar Vahabzadə: “Nurəddinin bir sözünü unutmuram. Dostlarımızı bir-bir itirib acısını çəkdikcə: “Vay arxaya qalanın halına…”, – deyirdi.
Yəqin Bəxtiyar Vahabzadə özünü nəzərdə tuturdu, dostlarının, xeyirxahlarının bir-bir “yoxa çıxması” onu qorxudurdu. Çox kövrək olmuşdu…
Ömrü yazan Allahdı, düzdü… Amma doğmaların, dostların itkisini kənardan müşahidə etmək həqiqətən çox ağırmış…
Vay axıra qalanın halına!
Sonda Şirindil müəllimin 3 gözəl, ağıllı-kamallı qız övladına üzümü tutub: “Belə bir atanın övladı olmaq səadəti hər kəsə nəsib olmur. Başınızı uca tutun, həyat davam edir! – deyirəm.
Ehtiramla: Aliyə CAVANŞİR,
tədqiqatçı
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru