HAQDAN GƏLƏNDİ
Qaysaq tutmur, həsrət adlı göynəyim,
Sevinc dolu dünyam qəmə bələndi.
Göz yaşımla axıb getdi, hər nəyim,
Yağış kimi sinəm üstə ələndi.
Saf eşqimiz bir həmləlik yuxuydu,
Qırıq neytək dilə gəlib, oxudu,
Qəm-kədərdən könlüm çələng toxudu,
Sevinclərim göz yaşımda çiməndi.
Sən gedəli, qəm gölünə dönmüşəm,
Dərd-sərimi xəyalınla bölmüşəm,
İçin-için hey alışıb, sönmüşəm,
Burum-burum tüstüm ərşə dirəndi.
Nağıl imiş, sevilməyim, sevməyim,
Sevinməyim, şadlanmağım, gülməyim,
Göz yaşımla yoğrulub, ta dürməyim,
Sevincim, kədərim Haqdan gələndi.
Alın yazım qap qaradır, ağ deyil,
İllər ötüb, artıq sənli çağ deyil,
Ruh kimidir Amal, artıq sağ deyil,
Tək qonağı royalarda gələndi.
Yaxşını-yamanı Tanrı biləndi.
26.03.2024.
BİLMƏZ
Bəxt yazım Tanrıdan qaralanıbdır,
Fələyin özü də ağarda bilməz.
Həsrətinlə qəlbim yaralanıbdır,
Yüz təbib yığışsa, sağalda bilməz.
Bəlkə, xəyalını tutub saxlayım?
Ümid, inamımı ona bağlayım?
Həsrət güllərindən çələng bağlayım?
Kimsə kədərimi ovuda bilməz.
Səngimir, ömrümün dumanı, çəni,
Günbəgün çoxalır, telimin dəni,
Tərk etdi, ömrümü, qəlbimin təni,
Ha səslə, ha çağır, qayıda bilməz.
Donubdur, gözümdə, arzu-diləyim,
Sənsizlik dünyamdan mən nə istəyim?
Məndən üz çevirib, sevgi mələyim,
Bir ümman yanğımı soyuda bilməz.
Tüstüsüz yanıram, görünməz atəş,
Yoxluğun dondurur, qızdırmaz Günəş,
Tez-tez qulağımı oxşayır bir səs,
Kimsə, ta Amalı toxdada bilməz,
Dədimi-sərimi ovuda bilməz.
23.03.2024.
Müəllif: Sona AMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru