Təranə Dəmir yazır:

VƏTƏN QADIN

Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də. .Yaxası orden , medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram.
Özü də mərhum H.Əliyevin kadrı idi.
70 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Bu ötkəm, sözünün ağası, dilinə görə dilçəyi olan qadına bir ayrı hörmət edirdi ölkə başçısı. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, onu yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgəyə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.


Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi – bütövlükdə mükəmməl idi. Bütün bunları bir ayada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik , eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.


Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da . Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də . Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.


Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa , bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım , bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir