Durnalar Qarabağa qayıdır.
(hekayə)
II Qarabağ savaşında şəhid olmuş müəllimlərin xatirəsinə
2 ay xəstəxanada yatdıqdan sonra üzücü qış aylarını evdə keçirmişdim.Baharın gəlişini səbirsizliklə, həm də bir az əsəbiliklə gözləyirdim.Kəndə getməyə səbirsizlənirdim.Çox istəyirdim, bu baharı ürəyimcə qarşılayım,yazın hər anının şahidi olum . Düzdü, bənövşə ilə alçanın çiçəkləmə vaxtını ötürmüşdüm.Çünki bizim yerlər nisbətən isti bölgədir, bənövşələr tez açıb, tez sovuşur, alçalar da başqa ağaclardan tez çiçəkləyir.Amma, sağ olsun qardaşımın qızı, bənövşənin şəkillərini çəkib yollayırdı mənə.Bir dəfə də qardaşım bizə gələndə bir böyük dəstə tutub yollamışdı.
Qardaşım günortadan sonra gəlmişdi, dedi ki, anam yollayıb, get Qayanı gətir, kənd havasını çəksin ciyərlərinə.Kənd səfərinə ailəliklə hazırlaşdıq.Uşaqlar da sevinirdilər.Yoldaşımın sevincinə isə, mənimki kimi, həyəcan və təlaş qarışmışdı.Anam mənim necə və hardan yara aldığımı indi öyrənəcəkdi.
Müharibə başlayanda kənddən gəldiyim
bir həftə idi.Builki məzuniyyətimin hamısını kənddə keçirmişdim.Anamla, uşaqlarla gözəl anlar yaşamışdıq.Bəlkə, elə buna görə anam məni telefonla uğurlayanda çox sakit danışmışdı.
Nə yaxşı ki, mən 2 ay xəstəxanada yatanda, sonra evdə keçdiyim o ağır günlərdə sözümə qulaq asıb anamı yanıma gətirmədilər.İndi özümə söz verdim ki, bütün yazı anamla bərabər olacağam.
Axşamdan qərara gəlmişdik ki, səhər tezdən yola çıxaq , evə tez çataq deyə .Zarafat deyil, dörd saatlıq yol idi.Yəqin ki, əvvəlki vaxtlarım olsaydı, qardaşım üç saata çatdırardı bizi.Heç mən özüm də buna etiraz etməzdim. Amma indi vəziyyət başqa idi.
Kənd həvəsinə oğlumla qızım hamıdan tez oyanmışdılar.Yoldaşımla uşaqlar arxada oturdular.Qardaşım mənim arabamı maşının arxasına qoydu. Yol aldıq kəndə sarı. Yol boyu uşaqlar keçən ilki kənd macəralarından mübahisə edə-edə danışırdılar. Qardaşım mənim kimi deyildi,az danışan idi. Ona görə də
musiqiyə qulaq asırdıq, arada mən bəzi suallar verirdim. Artıq Bakıdan çıxmışdıq, yolumuz bölgələrdən keçirdi.Radioda müharbədən bəhs edən veriliş başladı. Qardaşım söndürmək istədi, mən qoymadım. Arada müsiqi də verirdilər. Bir qiraətçi şeir oxumağa başladı.
Payızı göz yaşlarıyla yola salmışdım.
Budaqları qırılmış
vətən ağacından
yarpaq-yarpaq düşən
şəhid balalarçün
payız dolusu ağlamışdım.
Tək təsəllim oldu ki.
Şuşada, Suqovuşanda
itkin balalar kəfənsiz qalmasın deyə
anam təbiət bürüdü
hər yanı ağ örpəyə.
Ümidlə qarşıladım baharı,
inandım ki, günlərin birində
ağ atın üstündə
evlərinə dönəcəklər,
doğmalarını görməyə gələcəklər
Şəhidlər.
Döndülər, səmalarda.
atəş olunb yandılar,
laləli çəmənlərə
bayraq kimi qondular
Şəhidlər.
Yaşıl çəmən,
al lalə, mavi səma.
Hər şəhid bayraq olub
əl eyləyir adama.
Şeir bitəndən bir neçə saniyə sonra səssizliyin fərqində oldum.Bayaqdan dil boğaza qoymayan uşaqlar da susub durmuşdular. Pəncərədən çölə baxanda gördüm ki, yol taxıl tarlalarının arasından keçir. Gözümü tarlaya zillədim, uzaqdan qızartı gördüm, sonra qızartı artmağa başladı. Tez qardaşıma dedim:
– Nail, saxla maşını.
Maşını yolun qırağına verib saxladı qardaşım. Xahış etdim, məni düşürsün. Qardaşım məni arabama əyləşdirdi, arabanı tarlanın içi ilə sürməyə başladı. Yoldaşımla uşaqlar da arxamızca gəlirdilər. Qarşıdakı üç-dörd topa laləyə çatdıq. Yüngül səhər mehi əsirdi, sanki lalələrin ləçəklərin qarışıq salmaq istəyirdi. Lalələr isə ləçəklərinin düzənini saxlamağa çalışanda gülümsəmiş kimi görünürdülər. Bayaqkı şeirin son misralarını xatırladım.
Yaşıl çəmən,
al lalə, mavi səma..
Birdən qıy səsləri səmanı bürüdü. Qardaşımla eyni anda başımızı qaldıb göyə baxdıq. Bir dəstə durna gedirdi. Baxışlarımla durna qatarını müşayiət etməyə başladım. Qeyri-ixtiyari gözümdən yaş süzüldü. Qardaşım əlini çiynimə qoydu:
– Nə oldu sənə, Qaya?
Cavab vermədim. Yalnız durnalar gözdən tam itəndə dedim:
-Gedək, Nail.
Maşına oturub yolumuza davam etdik. İçəridə yenə səssizlik hökm sürürdü. Beş dəqiqədən sonra sükutu mən pozdum:
– Müharibə başlayandan bir həftə sonra hissəmizə yeni döyüşçülər gətirdilər. Demək olar ki, hamısı könüllülər idi.21 -30 yaş arasında. Tanış olanda biri diqqətimi daha çox çəkdi. Çox gözəl siması vardı, sanki qız gözəllliyi çökmüşdü üzünə. Dəniz kimi mavi gözləri ağ çöhrəsini işıqlandırırdı.
– Adın nədi, əsgər?
– Fateh.
Sifətimdə yaranan təbəssümə etiraz edirmiş kimi
qəddini daha da dik tutub davam etdi:
– 22 yaşım var, ordudan iyun ayında tərxis olunmuşam, alı təhsilliyəm, ixtisasca tarix müəllimiyəm.
– Deməli, könüllü olaraq tarıx yazmağa gəlmisən?
– Niyə də yox, tariximizi saxtalaşdırmağa çalışanların cavabını kim verməlidir bəs?
Cavab çox xoşuma gəldi, öz-özümə “Belə gənclərlə qalib olmamaq olar?”-deyib digərləri ilə tanış olmağa davam etdim. Axşama yaxın döyüş hazırlıqlarını bitib ona yaxınlaşdım. Söhbət zamanı işləyib işləmədiyini soruşdum. Məlum oldu ki, imtahan verərək ucqar bir kənddə müəllim kimi bu il fəaliyyitə başlayacaqmış. Dedim ki, müəllimlik də elə hərbçi kimidir, biz torpağın keşiyində dururuq, siz nəslin bilik və tərbiyəsinin. O, könüllü gəlməyinin səbəbini izah etdi.
– Qarabağ mənim ata-baba yurdumdu. Mən dünyaya bu torpaqlar işğal olunandan sonra məcburi köçkün kimi gəlmişəm. Bu ad da mənimlə bərabər doğulmuşdu sanki. Ağlım söz kəsəndən hər yerdə özümüz haqda bu sözü eşidirdim, küçədə, məktəbdə. Düzdü, səbəbini bilirdim, amma böyüdükcə toxunurdu bu ifadə mənə. Biz çoxları kimi Bakıya pənah aparmamışdıq, atamın əsgər yoldaşı bizi öz rayonlarına çağırmış, yaşadığı kənddə onların evində məşkunlaşmışıq əvvəlcə. Sonra kənd camaatı yığışıb bizə ev tikib, təsərrüfat yaratmağa kömək edib. Mən o evdə doğulmuşam. Amma bütün böyüklərimiz ” evimiz” deyəndə anlayırdım ki, söhbət bu evdən getmir. Ailəmizin böyüyü atamın nənəsidir Bacım da, balaca qardaşım da, mən də “böyük nənə” deyirik ona. Böyüdükcə fikir verirdim, hər payız böyük nənəm göyə baxıb ah çəkirdi, dodağı altda deyirdi”görəsən qayıdacaqlar?” Bahar gələndə də göyə baxıb kövrəlirdi”eh, bu baharı da qayıda bilmədilər”. Bir payız yenə böyük nənəm durnaların arxasınca baxıb ah çəkəndə soruşdum:
– Böyük nənə, sən niyə belə deyirsən?
Nənəm sulanmış gözlərini silib dədə-baba yurdlarını necə tərk etmələrini, ermənilərin vəhşiliklərini, oğlunun, ərinin şəhid olmasını danışdı.Dedi ki, bizim torpaqlarımız, qəbirlərimiz, arzularımız ermənilərin əsirliyində qalıb. Daha durnalar da o yerlərə uçmur. Gərək topaqlarımız əsirlikdən azad olsun ki, durnalar da bizimlə bərabər doğma ocaqlarına qayıtsın. Onda mən nənəmə söz verdim:
– Böyük nənə, mən böyüyüb əsgər olacağam, erməniləri torpaqlarımızdan qovacağam, səni də götürüb evimizə gedəcəyəm, biz durnaları evimizdə qarşılayacağıq!
Nənəmi qanadlandırdı mənim sözlərim, mən bunu onun qığılcımlar qaynaşan gözlərindən hiss etdim. Boynumu qucaqladı, əvvəl alnımdan, sonra gözlərimdən öpdü:
-İnşallah, mənim balam, atan nahaq yerə
adını Fateh qoymayıb ki?
Elə ona görə də evdə məni davaya yox, toya gedirmiş kimi yola salıblar. Siz bir nənəmin sevincini görəydiniz. İndi nənəmə verdiyim sözü yerinə yetirmək imkanı yaranıb. Həm də öz şagirdlərimə kitablardan öyrəndiklərimlə bərabər, iştirakçısı olduğum tarixi danışacağam.
Biz daha çox gecələr döyüşürdük.Həm özümüz hücuma keçir, həm də düşmənin artilleriya hücumunun qarşısını alıradıq.Fateh heç vaxt öz topunun arxasından çəkilmirdi, qoymurdu kimsə onu əvəz etsin.Gündüzlər də yatmaq imkanından çox az yararlanırdı. Bir dəfə bunu ona irad tutanda dedi:
– Komandir, mən bu şərəfli tarixin bütün anlarını yaşamaq istəyirəm, qayıdanda nənəm məndən hər şeyi təfərrüatı ilə soruşacaq.
Yadıma keçən il bir yaşlı kişinin söhbəti düşdü. İşlə əlaqədar təcili bir rayona getməli idim. Bir günə gedib qayıdacaqdım. Maşını səhər tezdən avtovağzaldan sürdüm ki, bəlkə o rayona gedən oldu, yolu tək getməyim, həmsöhbətim olsun. Bir yaşlı kişi gedirdi o rayona, amma tərəddüd edirdi, səbəbini duyub dedim:
– Narahat olma, əmican, pul almayacağam,özümə yol yoldaşı axtarıram.
Yol boyu məlum oldu ki, məcburi köçkündü, rayonda yaşayır, Bakıya həkim müayinəsinə gəlibmiş. Çox şeydən danışdıq. Danışdıqlarından anladım ki, ümidsizliyə qapılıb.
Dədə-baba torpağına qovuşmaq ona yuxu kimi gəlir. Kişiyə ürək-dirək vermək istədim:
– Darıxma, əmican, tezliklə alacağıq o torpaqları
– Eh, ay oğul, gecikirik e yaman, o vaxtdan bir nəsil doğulub yetişib, o torpaqların havasını udub nemətləri ilə böyüməyən çətin onu almaq barədə düşünsün.
-Düz fikirləşmirsən, əmi, o nəsil alacaq o torpağı, həm də tezliklə. Bəlkə, sən deyən kimi bir-iki nəfər tapıldı, amma burda günah onların deyil. O nəslə torpaq sevgisini biz böyüklər aşılamalıyıq.
Və mən yanılmamışdım, Fateh tək deyildi, bölməmdə onun kimi könüllülər çox idi.
Biz irəliləyirdik. Yaralılarımız, şəhidlərimiz olurdu. Hamı sabah onları da bu tale gözlədiyini bilə-bilə vuruşurdu. O gecə həlledici döyüş olacaqdı, biz nəyin bahasına olursa-olsun irəliləməli idik. Hücumun qızğın çağında düşmən mərmisi yaxınlıqda partladı. Əsgərlərdən biri mənə tərəf sürünrək qışdırdı:
– Komandir, Fateh yaralandı
Sürünə-sürünə ora yaxınlaşdım. Fateh çabalayırdı, böyründə qan gölməçəsi yaranmışdı. Əlimi yarasının üstünə basıb” Qorxma, Fatehim, qorxma”-dedim
O isə zorla bunu xırıldadı
– Komandir, durnaları… mən… qaytara bilmədim…siz qaytarın.
İkinci mərmi partlayanda uçduğumu hiss etdim, onu da hiss etdim ki, yüngülləşmişəm, uçan bədənimin hamısı deyil.
Gözümü xəstəxanada açanda qışqırdım:
– Mən burda nə edirəm, hanı mənim əsgərlərim?
Bütün xəstəxana heyəti başımın üstünü kəsdirdi:
– Müharibə qurtarıb, biz qalib gəlmişik.
Yavaş-yavaş anladım ki, yaralanmağımdan xeyli vaxt keçib, həm də anladım ki, Fateh şəhid olanda mənim də ayaqlarım şəhid olub.
Yenə sükut çökdü aralığa, heç kim danışmırdı. Qardaşım yenə radionu açdı. Yenə həmin qiraətçi şeir oxuyurdu:
Salamat qal oralarda,
“Vətən” deyib ölən şəhid.
Durna olub hər baharda
Vətəninə dönən şəhid.
Kəndə çatmağa az qalmış özümçün qərar verdim, anamı, qohumlarımı görəndən sonra səhərdən başlayaraq el-el gəzəcəyəm,daha doğrusu, qardaşım gəzdirəcək məni. Şəhid olmuş əsgərlərimin qəbirlərini ziyarət edəcəyəm. Birinci Fatehdən başlayacağam. Deyəcəyəm ki, rahat uyu, Fatehim, durnalar bu bahar Qarabağa qayıtdı. Həm də öz qanadları ilə yox, sənin ruhunun qanadı ilə.
Müəllif: Səmsiyyə QARAMANLI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru