Rafiq Yusifoğlu – Şeirlər.

SAFLIQ

Heç özüm də bilmirəm
Nə imiş qəbahətim?
Heç zaman taleyimdən
Olmayıb şıkayətim.

Kimi dindirirəmsə,
Mənə deyir:
– Çox safsan…
Xəbislərin əlinə
Düşən hazırca ovsan…

Hə olsun coşqun çaysan,
Nə olsun qaynar odsan. –
Saflardan qaçaq düşür
Fəxri ad,
orden,
ad-san…

Lap təpəmdən çıxardır
Kinayələr tüstümü.
Vallah, çaşıb qalmışam,
Məgər saflıq pisdimi?

– Ay qardaş, hər şeyim var,
Sən niyə nainsafsan?
Gülür:
– Ta sözüm yoxdu,
Safsan e, qardaş,
safsan!

Necə canım qurtarsın
Adamların dilindən?
Bilmirəm hara qaçım
Bu saflığın əlindən?!

23.04.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir