Təvəkkül Goruslu: Yeni şeirlər.

GÜNƏŞ GÖTÜRƏR

Səma ləkələnmiş güzgü kimidi,
Günəş gah görünür, gah da gizlənir.
Üfüq sərhəd kimi, cizgi kimidi,
Yeni görüntülər ordan gözlənir.

Küləkli təmasla uzansa bir əl,
Ləkəsin təmizlər isti nəfəslə.
Səma da dəyişər, başqa görünər,
Torpağı əks edər başqa həvəslə.

Ya da ki, bax ordan gəlincə duman,
Səmanın önündə tülə bənzəyər.
Günəş də hərdənbir görünən zaman,
Ləçəyi tökülmüş gülə bənzəyər.

İnsan da belədi, ayna çöhrəsi,
Dumanı, buludu içdən gətirər.
İçin aydın etsə qəlbin Zöhrəsi,
Gözlərlə cahana günəş götürər!

31. 03. 2024.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir