Tanınmış şair Nigar Arif Mərakeşdə keçirilən Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil edib – FOTOLAR

“8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu” 12 gün – aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində (Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutub.  

Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunub. Sözügedən festivala Azərbaycanı tanınmış şair NİGAR ARİF təmsil edib. 

Tanınmış şair NİGAR ARİF səfər təəssüratlarını YAZARLAR.AZ oxucuları üçün bizimlə bölüşdü:

“Olduqca böyük, maraqlı, şən  və rəngarəng festival idi və yuxarıda adları keçən şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə – həm öz dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. (öz dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu) Bir çox tədbirlərdə, konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu… Layoune şəhərində Poeziya gecəsinin Bağlanış mərasimində bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək etdilər… Həqiqətən də özümüzü öz evimizdə kimi hiss edirdik… Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri “Sahara” səhrası, digəri isə “Tangier” şəhərində Mağarada idi… Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik… Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən, şən, zarafatcıl, mehriban,əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “kafada” olan bütün şairləri özəlliklə seçmişdilər.

Bu arada ən cavan, azyaşlı şair mən idim, buna görə qalan şairlər hamısı mənə “qızım” deyə müraciət edirdilər, mən də onlara “anam”, “atam” deyə … O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir  Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və  müxtəlif ölkələrdən istər insan olaraq, istərsə də şair olaraq kifayət qədər uğurlu, gözəl insanları yaxından tanıdım”. Fotolar:





YAZARLAR.AZ olaraq, tanınmış şair NİGAR ARİFi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! uğurlarınız bol olsun, NİGAR xanım!!!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – SƏHƏRƏ GEDƏN YOL..

SƏHƏRƏ GEDƏN YOL..

Aprel ayı olmasına baxmayaraq,havadan zəhrimar yağırdı.Üz-gözünü elə bozartmışdı ki,adamın lap zəhləsi gedirdi.Şəhərdə tək-tük nazik geyinən adam gözə çarpırdı.Hamının əynində pencək,gödəkçə,jaket vardı.Bir sözlə kimin nəyi vardısa geyinib çıxmışdı evdən.İş vaxtı bitdiyi üçün şəhərdə adam çox idi.Maşınlar da ki,tıxac yaratmışdı.Siqnal səslərindən,çığır-bağırdan qulaq batırdı.Havadan benzin,tütün,mazutqarışıq qəribə iy gəlirdi.Daha doğrusu havada hava yox idi.Rizvan da işdən çıxıb bu insan selinə qoşulmuşdu.Rəngi getmiş gödəkçəsinin düymələrini də bağlamışdı ki,soyuq olmasın.Çantasını çiynindən aşırıb(adətiydi,çantasız evdən çıxmazdı) basırıq küçələrlə evinə tələsirdi.Nə yaxşı ki,evi yaxınlıqdaydı..Yoxsa bu basabasda necə gedib gələ bilərdi işə?Nə maaşı vardı ki?450 manat.Onu da marşruta töksəydi çörək pulu qalmazdı ki.Bunları fikirləşə-fikirləşə evinə tərəf yol ölçürdü və ağlından keçirirdi ki,axı əvvəllər Bakıda bu qədər adam yox idi.Tələbə vaxtı küçələrdə tək-tük maşın görünürdü.Avtobusda da bu boyda basa-bas nə gəzirdi.Dərsdən kirayə qaldığı evə metroyla gəlirdi.Bax onda bir az tünlük olurdu.Onda da bu qatarı ötüşdürüb o biri qatarı gözləyirdi.Vəssalam.O da tələbələrin dərsdən çıxdığı vaxtlarda.Başqa saatlarda əminlik idi.Sonra ağlından keçirdi ki,rayonlarda,bölgələrdə işsizlikdi axı.İş yerləri yoxdu deyə hamı bir tikə çörək pulu üçün didərgin düşüb evindən,eşiyindən.Sıxlıq,tıxac da bu üzdən yaranmışdı şəhərdə.Tikintidə fəhlə işləyən kim,küçə süpürən,maşın yuyan,evlərdə qulluqçuluq edən kim.Düz əməlli iş yerləri açılsaydı insanlar belə pərən düşməzdi və şəhər də bu basırıqlarda boğulmazdı.Bu fikirlərlə həyətlərinə necə çatdığını bilmədi.Binaları köhnə və qəzalı vəziyyətdə olsa da buna da şükür edirdi.Evsiz,eşiksiz,küçələrdə,vağzallarda yatan adamları düşündükcə min dəfə Allaha şükranlığını bildirirdi.Elə cibində bir gecə gəzdirə bilmədiyi aylıq məvacibinə görə də.Heç olmasa kredit götürüb hansısa işini yola verə bilirdi ki.İşsiz adama mağazalar nisyə mal da vermirlər.Bu fikirlərlə binanın altındakı balaca ərzaq dükanına daxil oldu.
Salam,qonşu.Necəsən? _Salam,Rizvan müəllim.Şükür.Dığırlana-dığırlana yaşayırıq.Siz necəsiz? Rizvan qonşusunun ona müəllim deməsindən böyük məmnunluq duya-duya: Şükür,bu günkü günümüzə,qonşu deyib alacağı ərzaqları rəflərdən götürməyə başladı.Çalışdı ki,hər şeyin ən ucuzunu götürsün.
Nəhayət götürdüklərini hesablatdırdıqdan sonra:
_Qonşu,yaz dəftərə.İnşallah ayın axırında hamısını birdən ödəyəcəm deyib satıcının nə deyəcəyini gözləmədən sellafon torbaları götürüb dükandan çıxdı.
Ürəyində fikirləşdi ki,görəsən qonşusu söyüb söylənmədi ardınca?Axı niyə söylənsin?Mən ki,maaşı alan kimi borcumu qəpiyinəcən ödəyirəm.
Bu fikirlərlə beşmərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilinin qapısını haçan döydüyündən xəbəri olmadı.Qapını oğlu açdı.
Adəti idi.İşdən gələndə həmişə öpüşüb görüşürdülər.İndi nədənsə aldıqlarını qapının ağzına qoyub tələsik vanna otağına keçdi.
Təngnəfəs olmuşdu.Töyşüyürdü.Üzünə su vurdu.Gözü güzgüyə sataşdı.Boğulmuşdu sanki.Qapqaraydı.
Ordan çıxıb yataq otağına keçdi.
Yoldaşı ütü ütüləyirdi.Salam vermək də yadından çıxdı.
_Gəldin?Əynini dəyiş,keç mətbəxə.Yemək hazırdı.
_Yox.Nəsə özümü pis hiss edirəm.Bir az uzanacam.Bir-iki şey almışam.Sən onları yerbəyer et -deyib yerinə uzandı.
Fikirləşdi ki,yəqin işdə çox yorulub.Uzansa keçər.Baxdı ki,gödəkçəsi də əynindədi.Halsız-halsız düymələrini açdı.Əynindən çıxarmağa heyi olmadı.Sinəsi göynəyirdi.Otaqda hava yox idi sanki.Durub pəncərəni açmaq istədi.Qalxa bilmədi .Tumbanın gözündəki dərmanını tapıb atdı.İstədi Nazlını (həyat yoldaşını)çağırsın.Sonra fikirləşdi ki,bir az da gözləsin.Niyə təlaş yaratsın?Dərman təsir edincə yaxşılaşacağına ümid edib fikrindən daşındı.Ölümdən qorxan adam deyildi.Bircə oğlunun,yoldaşının yiyəsiz qalacağından qorxurdu həmişə.Vəssalam.Oğlu sonuncu kursda oxuyurdu.Universiteti bitirib əsgər gedəcəkdi.Sonra qayıdıb ixtisasına uyğun iş tapacaqdı və atasına kömək edəcəkdi.Yoldaşı isə tibb bacısı idi.Amma işləmirdi.Arada qonşuların iynəsini vururdu.Azdan çoxdan pulu olurdu.Allah bərəkət versin.Bunları beynində götür qoy edə-edə nə vaxt yuxuya getdiyini bilmədi.Yuxuda kəndlərini,anasını,bacılarını gördü.Hər yer çiçək açmışdı.Anası səhənglə su daşıyırdı Axmazdan.Bacıları da tullana-tullana,gülə-gülə onun ardınca gəlirdilər.Bir yanda toyuq cücə küllükdə eşələnirdi ,bir yanda da qoyun quzu mələşirdi.Alabaşları da quyruğunu qatlayıb oturmuşdu yorğun-arğın.Görünür o ki,var qaçmışdı nəyinsə dalınca. İt ki, it. Sonra anası süfrə açdı.Təzə motal pendiri,nehrə yağı,qaymaq,təndir çörəyi adama gəl-gəl deyirdi.Nə gözəl mənzərəydi,İlahi. Lap gerçəyə oxşayırdı. Sonra anası ağ güllü ləçəyini başına bağlayıb, Rizvanın ən çox sevdiyi yaşıl donunu əyninə geydi. Harasa getməyə hazırlaşırdı deyəsən:
_Süfrəni sən yığışdırarsan,oğlum- deyib tələsik evdən çıxdı.
Rizvan nə qədər yalvarsa da anası onu özüylə aparmadı:
-Yox,oğlum.Mən getdiyim yerə uşaqları aparmırlar.Gələn dəfə mütləq səni də özümlə aparacam.İndi olmaz. Sonra anası gözdən itdi.
Rizvan diksinib yuxudan oyandı.Qanın tərin içindəydi.Bir müddət yuxunun təsirindən qurtara bilmədi.Əl atıb sinəsini ovuşdurdu.Bir az ağrısı azalmışdı.Otaq qapqaranlıq idi.Görünür axşam düşmüşdü.Yavaş-yavaş ayağa qalxdı.Hiss etdi ki,acıb.Paltarını dəyişib təzədən vanna otağına keçdi,əl üzünə su vurdu ki,yuxusu qaçsın.Həm də bir növ adət etmişdi.Yatıb durandan sonra mütləq əl-üzünü yuyurdu.Günün hansı hissəsində olur,olsun.Sonra qonaq otağının qapısını aralayıb içəri baxdı.Oğlu kompyuterin arxasında nəyləsə məşğul idi.Sakitcə qapını çəkdi ki,fikri dağılmasın.Mətbəxə keçdi.Yoldaşı tez-tələsik yeməyi isitməyə başladı:
_Birinci çay verim,yoxsa..
_Yox yemək yeyəcəm.Acmışam.
Stolun üstündə göy-göyərti,duzlu xiyar,duz,istiot,bir də çörək vardı.”Allahın evi avadan”
Adəti idi.İlahinin verdiyi hər nemətə görə şükr edərdi.
Sonra yoldaşının çəkdiyi bir qab mərci supunu qaşıqlamağa başladı.
Yuxu heç yadından çıxmırdı.Mütləq anasının qəbrini ziyarət edəcəkdi.”Görünür arvad darıxıb.Haçandı ziyarət etmirəm”
Bir də maaşı alan kimi həkimə gedəcəkdi.Nə vaxtdı təzyiq onu düz-əməlli yaşamağa qoymurdu.Canını pula satmayacaqdı.Hələ işləri vardı.O işləri görmədən ölməyə haqqı yox idi.
Yeməyi bitirəndən sonra sakitcə yoldaşına “Şağ ol.Dadlı idi.Əlinə sağlıq”deyib süfrədən durdu.Halsız idi bir az.Həm də yorğun.İstədi götürüb bir kitab oxusun .Sonra fikrindən vaz keçdi.Dincələcəkdi bu gün.Yataq otağının pəncərəsindən çölə baxdı.Yağış yağırdı.Həyətdə heç kim görünmürdü.Heç itlər,pişiklər də gözə dəymirdi.
“Hamı yuvasına çəkilib.Görəsən yuvası olmayanlar neynir,İlahi?”Ağlından keçirdiyi bu fikirdən üşüdü.Yerinə uzandı,yorğanı başına çəkdi.Nəsə narahat idi.Bədəni uçunurdu.
“Bircə səhər açılsaydı”.Ömründə səhərin açılmasını bu qədər istəməmişdi.Qaranlıq bu qədər qorxutmamışdı onu.Bircə onu bilirdi ki,yatmayacaqdı.Yuxusu da yadından çıxmırdı.O üz bu üzə çevrilə-çevrilə anasını düşünürdü.Yenə götürüb bir dərman atdı.Mətbəxdən səslər gəlirdi.Yoldaşı idi yəqin.Gecə keçənəcən sil süpürlə məşğul olurdu.”Zalımın qızı bir dəfə kitab oxumur.Həyatı,evliliyi ancaq yır-yığışda,biş-düşdə görür.Zərrəcən romantikası yoxdu.Heç mənim hansı rəngi,hansı musiqini,hansı fəsli sevdiyimi belə bilmir”Ömründə ilk dəfə özünə yazığı gəldi.Tələbəlik illəri,eşqə düşdüyü vaxtlar,Nüşabə yadına düşdü.Sevgisinə yiyə dura bilmədi.Anası qoymadı.”Nə tanıyırıq xalxın qızın “deyib sevdiyi qızı ona almadı.O da susdu.Anasından keçmədi,sevdiyindən keçdi.Qonşuları Əjdərin qızını gözaltı etmişdi anası və Rizvanı da birtəhər razı saldıqdan sonra el adətincə elçi gedib üzük taxdı.Atası hələ Rizvan uşaqkən böyrək çatışmazlığından dünyasını dəyişmişdi.Anası onu və iki bacısını zülümlə böyüdüb oxutmuşdu.Bəlkə bu əziyyətinə görə də Rizvan onun sözündən çıxa bilməmişdi və qonşuları olsa da ömründə bircə dəfə də kəlmə kəsmədiyi bir qızla ailə qurmuşdu.Allah tərəfi pis qız deyildi.Hər şeyə qane olan,başını aşağı salıb öz işini görən qız idi..Bir oğlanları olandan sonra da Rizvan bütünlüklə ailəsinə bağlı birinə çevrildi və gözünü açıb yumdu ki,50 ni haqlayıb.Hər şeyə şükr edə-edə gəlib çıxıb yolun yarısına.Başı işinə,problemlərinə elə qarışmışdı ki,vaxtın necə keçməsindən xəbəri olmamışdı.Ara-sıra keçmişi,gəncliyi,tələbəlik illəri ,Nüşabə yadına düşsə də işin,qayğıların çoxluğu onu göz açmağa qoymamışdı.Hissizləşmişdi sanki.Elə bil o duyğulu,sevgisindən ötrü ölümə getməyə hazır olan,kitablarla yatıb duran,özünü əsər qəhrəmanlarına bənzədən gənc bu deyildi.
….”Adam nəyisə gözləyəndə vaxt niyə keçmir görən.Hələ gecə saat birdi.Zamandan daş asılıb elə bil.Ürəyim də ki,rahatlana bilmir.Görəsən bu gün nə olub bu çər dəymişə?”Gecə keçdikcə hiss edirdi ki,gözləri qapanır.Kirpiklərindən daş asılıb sanki.Öz- özünə bağlanır.Artıq yuxuya gücü çatmırdı.Almışdı gözlərini cənginə.
….Yenə anası əlində səhəng su gətirməyə gedirdi:
_Ana qurban,gəl gedək su gətirək.Yorulmuşam.Bir az mənə kömək elə.
İstədi etiraz edə.Səsi çıxmadı.Ayağını sürüyə-sürüyə anasının dalınca düşdü.Hər yer qaranlıq idi.Göz -gözü görmürdü.Kol-kosu yara-yara gedirdilər.Heç yer tanış gəlmirdi Rizvana.Bu yol hara aparıb çıxaracaqdı onları?Bilmirdi.Eləcə diqqətlə baxırdı ki,anasını itirməsin.Geriyə qayltmaq gözünə durdu.Bu yolu necə qayıdacaqdılar,İlahi?
“Bircə səhər açılsaydı”.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

XALİQ MƏMMƏDOVUN YAZILARI

EYVAZ ZEYNALOVUN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” kitabı axır ki, işıq üzü gördü.

YAZIÇI EYVAZ ZEYNALOVUN “NADİR ŞAH” KİTABI

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” kitabı axır ki, işıq üzü gördü. Niyə “axır ki” ifadəsi işlətdim – çünki qocaman yazıçı Allahın bəxş etdiyi ömür payının beş ildən çoxunu bu romanı yazıb ərsəyə gətirmək üçün sərf etdi. Mən öz fikrimi deyəcəm: beş ildən artıq vaxtı bir roman yolunda qoymaq yalnız klassik ruhda yazan, əsil ədəbiyyat məktəbi keçmiş yazıçılara məxsusdur.

Bu əsərə “xərclənən” illər özü, yazıçının öz əsərinə necə yanaşmağına, faktları dəqiqləşdirmək, hadisələri olduğu kimi öz tarixi boyaqları ilə birlikdə oxucuya çatdırmaq arzusunun şahididir.

Nadir şah kimi tarixi şəxs barədə əsər yazmaq asan iş ola bilməz, hətta, təcrübəli qələm sahibi üçün də! Əgər, min illər tarixi olan dünya yazılı ədəbiyyatında haqqında ən çox yazılan, anılan on nəfər sərkərdə varsa, Nadir şah onların sırasındadır və birincilərdəndir. Belə bir tarixi şəxs barədə böyük həcmli əsər yazmaq üçün təkcə yazıçı olmaq azdır, burada həm tarixşünaslıq, həm də şərqşünaslıq elmlərinə də baş vurmalısan. E. Zeynalov bu işlərin ohdəsindən bacarıqla gəlib.

“Nadir şah” romanı bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, həm də tarixi əsərdir. Roman əsrlərlə birlik təşkil edərək, eyni siyasi-iqtisadi yolla getmiş iki bölgənin – Azərbaycanın və İranın az qala yüz əlli illik tarixini əhatə edir. Burada Şah Süleyman və oğlu Sultan Hüseyn zamanında dövlətin düşdüyü acınacaqlı vəziyyətdən tutmuş, Nadirin hakimiyyətə gələrək, zəmanəsinin ən böyük dövlətini yaratdığı illər təsvir olunur.

Bir neçə əsr boyu tarixi səlnamələrdə xalqımızın, türk mənşəli sərkərdələrin aparıcı qüvvə olduğu dövlətlər “İran dövləti”, “Fars dövləti” kimi qələmə verilmişdir. Bu hal tarixi həqiqətdir.  Tarixin özünü yaratmış böyük sərkərdələrin keçdikləri yollara, yaratdıqları qüdrətli dövlətlərə həsr olunmuş araşdırmalarda bu sərkərdələrin türk mənşəliliyinə, azəri türklərinin bu imperiyalarda aparıcı qüvvə olduqlarına aid bir qayda olaraq, çox cüzi məlumatlar verilib, ya da ki, tam heç nə yazılmayıb. Bunun da iki əsas səbəbi olub. Birinci səbəb, ərəblərdən tutmuş farsına, avropalısına kimi hamısında türkə qarşı sönmək bilməyən rəqabət, paxıllıq, düşmənçilik mövqeyi, ikinci səbəb isə, öz tariximizə qarşı özümüzün göstərdiyimiz biganəlik olmuşdur.

Şah İsmayıl, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar kimi böyük sərkərdələrin həyatları, onların dövlətçilik siyasətləri, böyük imperiyalar yaratmaq yolunda apardığları müharibələr barədə tariхi məlumatları biz ya fars, ya rus, ya da Avropa mənbələrindən almışıq. Ən yaxşı halda mənbəmiz osmanlı türklərinin yazdıqları olmuşdur. Tarix elə gətirmişdir ki, yuxarıda sadlanan mənbələr-ölkələr özləri yüz illərlə ölkəmizə düşmən mövqedə dayanmışlar. Təbii ki, onlardan heç biri qabaqlarına əsil tarixi həqiqəti yazmaq, baş verənləri olduğu kimi qələmə almaq məqsədi qoya bilməzdilər. Bu tarixi səlnamələr, bu xalqların (dövlətlərin) ölkəmizə və tariximizə olan şəxsi münasibətləri kontekstindən yazılmışdır.

Bu nöqteyi-nəzərdən Eyvaz Zeynalovun “Nadir şah” tarixi romanı ölkəmizin tarixinin daha dərindən araşdırılmasında atılan yeni addımlardan biridir.

Nadir şahın apardığı siyasəti araşdırmaq, yetərincə qiymət vermək günü-bu gün də çətindir, ziddiyətlidir. Onun adı ilə bağlı ən çox sorğulanan suallardan biri, o dövrdə müsəlmançılıq – məzhəb, sünni-şiə qarşıdurmaları və bu qarşıdurmalarla bağlı şahın hansı addımları atdığı ilə əlaqədardır. Nadir şahın dini baxışları ilə bağlı fikir ayrılıqları çoxdur.

Romanda Nadir şahın dinə öz şəxsi münasibətinin dövlət idarəçiliyində dinə söykənmək prinsipləri arasında, əksər suallarda ziddiyyətlər təşkil etdiyi, üst-üstə düşməyən yanaşmalar olduğu çox açıq şəkildə təsvir olunur. Burada görürük ki, Nadir təklikdə, yaxınları, qohum-əqrəbası yanında dünyəvi baxışların sahibidir. Taxt-tacın, özünün yaratdığı dövlətin mənafeyini qoruyan qayda-qanunlar şah üçün həmişə birincidir. Amma rəiyyət qarşısında, idarəçilik, əmim-amanlıq xatirinə şah, şiə məzhəbinə qulluq edən əsl mömindir, şiə məzhəbinə böyük hörmət, sədaqət bəsləyir. Bununla yanaşı, Nadirin İmam Cəfər Sadiq məzhəbini qəbul etməsi, şiə-sünni ixtilaflarına son qoymaq arzusu tarixi bir faktdır. Bu addımı bir siyasi uzaqgörənlik kimi də qəbul etmək olar, siyasi qazanc kimi də. Necə qəbul edilməsindən asılı olmayaraq son həqiqət budur: şah nə edibsə, dövləti möhkəmləndirmək, ixtilaflara son qoymaq naminə edib, yaxud, etməyə çalışıb. İki məzhəbin bişləşdirilməsi dövlətdə ictimai-siyasi dəyişikliklərə başlama startına yol verməli idi. Nadir, xarici siyasət aləmində də, ilk növbədə, osmanlılarla qarşdurmanın əsas səbəbini şiə-sünni çəkişmələrinin mövcudluğunda görürdü. O, osmanlılarla sülh müqaviləsi bağlamaq məqsədi ilə Sultana yazdığı beş şərtin üçünü eyni məzhəbə gəlmək yollarına həsr etmişdi. “1. Cəfəri məzhəbi sünniliyin beşinci məzhəbi kimi tanınmalı; 2. Kəbədə dörd sünni məzhəbinin mehrabı yanında Cəfəri məzhəbi üçün beşinci ibadət yeri (rükn) olmalı; 3. Ölkə zəvvarlarının həcc əmiri ilə digərləri kimi rəftar edilməli; 4. Əsirlər qaytarılmalı; 5. İki dövlətin paytaxtında daimi səfirlik təsis olunmalıdır.”

 Əfsuslar, romandan göründüyü kimi, bu birləşmənin həyata keçməsi üçün lazım olan şərtlər yox dərəcəsində idi. İki məzhəb arasında birlik və əmin-amanlığa nail olmaq yolunda Nadir tərəfindən edilən cəhdlər sadə əhalinin, ən başlıcası isə, din-ruhani rəhbərliyinin və bəy-xan zümrəsinin  kor düşüncə tərzləri qarşısında aciz qaldı. Müasir oxucu “Nadir şahı”ı oxuduqca təəssüf hissiylə yenilikləri anlamağa əqli-fərasəti çatmayan kütləni, başda molla-qazi, varlı elita olmaqla, islhata dəstək ola bilməyən qüvvələri görür.

Nəticədə şahın istəyi, istək olaraq qaldı. Şiə-sünni ixtilafı aradan qaldırılsaydı, birlik təşkil edə bilsəydi, bu birlikdən xeyirlənən bütün islam dünyası, bizim üçünsə ən başlıcası, iki türk ölkəsi – osmanlılar və Azərbaycan olacaqdı, əsrlərlə davam edən qarşıdurmaya son qoyulmağa əsas yaranacaqdı.

Əsər ilk səhifəsindən sona qədər dayanmadan dəyişən, gah üzü zirvəyə, gah da, ildırım kimi uçurumlara tuşlanan hadisələrdən ibarətdir. Romanda ədəbi boyaqlarla təsvir olunan xoronoloji qaydada ingişaf edən bu hadisələrin əksəriyyəti tarixi faktlardır, beş ildən çox müddətdə yazıçının üstündə “tər töküb” araşdırdığı çoxsaylı arxiv sənədlərinə əsaslanmışdır. Təvazökarlıqan uzaq da olsa, qeyd edim ki, bu arxivlərin araşdırılmasında, daha dəqiq desəm, Nadirin Rusiya ilə bağlı siyasətinə dair dövrü araşdırarkən, Tambov, Peterburq, Krasnozrsk arxivlərində mən də müəyyən qədər çalışmışam.

Sadə bir ailədə anadan olmuş və ancaq öz gücü və bacarığı sahəsində özünə yol açmağa çalışan Nadirin həyatı olduqca maraqlı boyalarla təsvir olunur. Qarşısına qoyduğu məqsədə çatmaq qətiyyəti, misli görünməyən cəsarəti Nadiri şah taxtına sahib edir. Romanda Nadir səxavət və rəhmdillik nümayiş etdirməyi bacaran fatehdir.  Amma, məqsədi uğrunda qəddarlıq etməkdən də çəkinmir. Səbrlidir, amma, haradasa səbr kasasına qılınc vurur, amansızlıq edir. Tarixə qılıncı ilə adını yazmış fatehin amansızlıq “bacarığı” axırda onu fəlakətə gətirir. Oğlu Rzaqulunun gözlərini çıxartdırır, elə bununla da özünün məhvini qaçılmaz edir.

“– Sən mənim deyil, Avşar ölkəsinin gözlərini kor etdin. Ehtiyatlı ol, öz başını əldən vermə.” – Atasının əmri ilə gözləri çıxarılmış şahzadə Rzaqulunun bu sözləri, Nadir şaha onun özünü gözləyən fəlakətin lap yaxın olduğuna ilk işarə idi.

***

Nadir şahın dini islahatlarla bağlı planı tam həyata keçməsə də, öz dövrü üçün olduqca mütərəqqi sayıla biləcək cəsarətli addımları atmaqda davam edirdi. Romanın “Nadir şah Qəzvində” bölməsində, şahın iki məzhəbi uyğunlaşdırmaq məqsədi ilə verdiyi fərmanlar barədə qeydlərə diqqət verək: “…Quranın I surəsi Fatihə və Allahü-əkbər təkbirindən sonra oxunan dua vəli nemət adlandırılan imam Mehdiyə, olmayana deyil, var olana oxunmalıydı. Amma “xudavənd, şahımızı əbədi qoru” sözlərini, Quranda olmasa da, azana artırılmış “Əliyyən vəliyullah” (Əli rəhbər, himayəçi) əlavəsini ləğv etdi. “Əlinin buna ehtiyacı yoxdu, – dedi, – ancaq məzhəblər arasında ayrı-seçkilik salır. Himayədar tək Allahdı.”

Nadir şah, Məhərrəm ayında imam Hüseynə keçirilən təziyədarlığa qadağa qoydu. Mütəni (siğə, müvəqqəti nikah), üç rəşidi (əsl) xəlifənin (Əbu Bəkr, Ömər və Osmanın) lənətlə anılmasını yasaqladı. “Sasani imperiyasını dağıdan Ömərə türk niyə lənət oxumalıdı?”

Türklərdə təbiətin oyanması, canlanması kimi qəbul və bayram etdikləri Novruzu Səfəvilər xurafi bayrama çevirmişdilər. Novruzda əyanlardan saraya daş-qaş, zinət vermələrini tələb edirdilər.

 Ölkənin işindən xəbəri olmayan Sultan Hüseynin sarayında “at oynadan”, “Dünya bu gündə yaranıb, Adəm bu gündə anadan olub, İbrahim bu gündə bütləri qırıb, Musa İsrail oğullarını bu gündə əsarətdən qurtarıb, Məhəmməd peyğəmbərliyə bu gündə yüksəlib, Mehdi bu gündə zühur edib Dəccalı Kufədə döyəcək…”- deyən tanınmış şiə müctəhidi Məclisinin şaha təkidlə qəbul etdirdiyi bir çox fərmanlar ləğv edildi. Nadir şah dini dövlət idarəçiliyindən ayırdı.

Razılaşaq ki, müsəlman dünyasında şiə-sünni hərc-mərcliyinə son qoymaq üçün bu hərəkət Nadirin hansı islahatçılıq arzuları ilə yaşadığına gözəl sübutdur.

***

Romanı oxuyarkən, ilk səhifələrdən hiss olunur ki, əsər  xalqı, Vətəni, tarixi ilə fəxr edən hər bir Azərbaycan türkünün  qəlbinə fəxr, qürur hissinin yüklənməsinə yönəlib. On illər Nadiri bizə qaniçən, qəddar, Azərbaycanın düşməni, “iran şahı” kimi qələmə vermişlər. Tariximiz yad təzyiqlər təsiri altında “qaramatlanıb”, onsuz da az saylı olan dünya ölçülü şəxslərimizdə yalnız “qara ştrixlərin” olması aşılanıb. Romanda isə biz hər obanın-şəhərin özbaşınalığına, pərənliyinə sədd çəkən, dövləti dünya miqyasında qüdrətlilər sırasına çıxaran, Azərbaycan torpağının yetişdirdiyi, qanı – qanımızdan, canı – canımızdan olan böyük  sərkərdə Nadiri görürük. Belə də olmalıdır. Bu mövqe əsl vətənpərvər yazıçı mövqeyidir. Bütün Asiyanı birləşdirən, az qala sərhədləri Avropaya gedib çatan dövlət yaratmış böyük fatehlə, azəri türkü olmuş cəsur sərkərdə ilə niyə fəxr etməyək?! Şimaldan Rusiyanın, cənubdan osmanlıların, şərqdən əfqanların fasiləsiz hücumlarının qarşına dəmir sədd çəkməyi bacaran sərkərdə zəif ola bilərdimi? Tariximizdə az olmayıb, mərkəzi hakimiyyətin zəifliyi. Bu zəifliyin nələrə, neçə “cırtan dövlətlərin” yaranmasına gətirib çıxarmağı yaddaşımızdan silinməməlidir. 

Hansı xalqda var belə bir hal ki, tarixə belə səviyyədə iz qoymuş məşhur sərkərdə oğluna “qəddar”, “despot” nişanı vuraraq, yalnız xoşagəlməz hisslərlə xatırlansın? 

Hakimiyyət uğrunda mübarizə bütün dövrlərdə aktual olub. Taxt-tacı əldə saxlamaq, yaxud ələ keçirmək üçün güc sahibləri hər cür cinayətə əl atıblar. Tarix belə nümunələrlə doludur. Eramızdan əvvəl 44-cü ildə Romada Qay Yuli Sezarın öldürülməsi, 1286-cı ildə Danimarka kralı Erik V, 1801 çevrilişi kimi də tanınan I Pavelin qətli…

Qədim və orta əsr dövlətlərində şahların, sultanların, kralların öz əcəli ilə ölməsi nadir hadisələr idi. Ona görə də, Nadir şahın hakimiyyəti qoruyub saxlamaq yolunda etdiyi qəddarlıqlar, sonda onun öldürülməsi o dövrün saraylarında mövcud olan ənənələrə tam uyğun şəkildə baş verdi.

Tarixdə belə hallar az deyil. Dövlət bütövlüyünü qoruyub saxlamaq xatirinə şahların, çarların etdikləri cinayətlər, Nadir şahın etdiklərindən heç də az olmayıb. Ən maraqlısı da budur ki, həmin tarixi şəxsiyyətlər günü bu gün də öz xalqının qəhrəmanı kimi yad edilir, dövlətçilik naminə atdıqları addımlar söylənilir.

Götürək, misal üçün zəmanəsinin böyük tarixi şəxslərindən sayılan rus imperatoru, l Pyotru.

Sankt-Peterburq – “sümüklər üzərində şəhər” kimi tarixi qeydlərə çox rast gəlmək olar. Çünki rus xalqının hörmətlə yad etdikləri həmin Pyotr l indiki Peterburq şəhərini inşa etdirərkən, ətraf ərazilərin kəndlilərini səfərbərliyə almış, bataqlıqlar üzərində, çox çətin şərautdə tikintidə işlətmişdir. O vaxtlar Danimarkanın rus çar sarayındakı nümayəndəsi Just Yul 1710-cu il üçün “Qeydlər”ində qeyd edir: ” Sankt-Peterburq qalasının tikintisi zamanı təkcə 1703-cü ilin yayı-payızında 60 min və 1703/04-ün qışında Kronshlotun tikintisi zamanı isə – 40 mindən çox adam öldü”, yəni bir ildə 100 mindən çox adam ölmüşdür. [Беспятых 1991, 49, 26-27, 104; Описание 1975, 205; Хавен 1997, 351].

5 iyul 1718-ci ildə Pyotr l oğlu Alekseyi xəyanətdə günahlandıraraq həbsxanada boğdurub, qətlə yetirmişdir. Bu gün Pyotru heç kim lənətləmir, rus dövlət quruculuğunda atdığı addımlara görə, əksinə, hörmət və fəxrlə yad edirlər.

Böyük fatehin adı ilə bağlı ən ağır qəddarlıqla hallanan əməllərindən biri, öz oğlu Rzaqulu xanın atasına qəsd etməkdə günahlandırılıb, gözlərinin çıxarılmasıdır. Bununla yanaşı, müəllifin tarixi roman olan “Nadir şah”ı yazarkən istifadə etdiyi çoxsaylı arxiv sənədlərinə nəzər salsaq, görərik ki, asudə həyat sevən Rzaqulunun şah taxtına sahib olmaq, dövrünün ən nəhəg dövlətinə şahlıq etmək istəyinin yalan olduğunu sübut edən heç bir əsas yoxdur. Demək olar ki, əksinə, məlum olan sənədlərdə, şahzadənin atasına düşmən olan qüvvələrin şaha qarşı qurduqları tordan xəbərdar olduğunun gerçəkliyinə dəlillər daha çoxdur.

Əldə qılınc, üzbəüz döyüş meydanında məğlub etməyə gücü çatmayan mənfur qüvvələr, cəsur sərkədəni yatağında qətlə yetirdilər. Bu qətlin nəticəsi isə böyük bir dövlətin çoxsaylı xanlığa-bəyliyə parçalanması oldu. Belə sonluğun kimlərə, hansı dövlətlərə xeyirli olduğunu isə sadalamağa ehtiyac yoxdur.

***

Romanı oxuduqca, bir halın şahidi oluruq: burada bədiiliklə yanaşı, hadisələrin xoroniki gedişi elə gözəl qələmə alınmışdır ki, istənilən oxucu əsəri akademik araşdırma kimi də qəbul edə bilər. Əhatəlik etibarı ilə belə genişlik əsəri Nadir şah barədə ortada olan əksər yazılardan fərqləndirir.

Roman hər bir oxucu üçün gözəl ədəbiyyat nümunəsidir.Tariximizlə maraqlanan şəxslər üçünsə həm bədii ədəbiyyat, həm tarixi hadisələr arxividir.

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ MƏMMƏDOVUN YAZILARI

EYVAZ ZEYNALOVUN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Бийбимәрьям – АНАЖАНЫМ САЎАЛЫП КЕТ

АНАЖАНЫМ САЎАЛЫП КЕТ

Қубла тәреп тиленип мен дуўа қылдым,
Жаратқаным мениң ушын саўап ис ет !.
Көз жасымды төгилдирип наўа қылдым,
Анажаным..наўқасыңнан саўалып кет…

Жүзлериңнен жыйрық – жыйрық әжим шалды,
Орныңнан тур баяғыдай жан алып кет.
Қызым деген баяғы сөз қайда қалды,
Анажаным тиренишим саўалып кет…

Аймалаған алақаның сағыныппан,
Бурынғыдай баўырыңа сән алып кет.
Ойлап көрсем сениң ушын не қылыппан,
Анажаным көзиңди аш, саўалып кет…

Отырыппан көздиң жасын булай – булай,
Тилегимнен қызыңманғой нәр алып кет .
Тәңиримнен жалбараман сорай сорай,
Анажаным мениң ушын саўалып кет…

Тиренишим арқа сүйер дийўалымсаң,
Сол нәлшеңнен мийўасынан дәм алып кет.
Жол көрсеткен ҳәм ақыллы зыялымсаң,
Анажаным мениң ушын саўалып кет…

Көзиң ашсаң жадыраған күн шығады,
Сен аўырсаң мениң кеўлим туншығады.
Жүзлериңе қызың қарап ҳәм бағады,
Анажаным мениң ушын саўалып кет…
30 – апрель 2024 жыл…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı – Qeydiyyat

Dəyərli qələm adamları!
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında (24-31 may/AMEA park) İmza Günləri Bizim Media stendində keçiriləcək. Xəbərlər və fotolar anında Bizim.Media saytında yerləşdiriləcək. İmza Gününüzü və saatınızı müəyyənləşdirib, qeydiyyatdan keçə bilərsiniz. Ödəniş tələb olunmur. Bir müəllif ən azı 3 müxtəlif gündə İmza Günü edə bilər.

Qeydiyyat üçün Bizim Media koordinatorunun nömrəsi
+994 55 752 40 40 ( Zəng saatları 10.00-18.00/həftə içi)

Layihə rəhbəri: Xəyal Rza

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı
24-31 may
Elmlər Parkı

#beytüm #litbookfest

International Turkic Culture and Heritage Foundation

“YAZARLAR” olaraq, bütün təşkilatçılara və iştiralçılarıla uğurlar arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aprelin 29-da “Ədibin Evi”ndə Mir Cəlal adına 4-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Aprelin 29-da “Ədibin Evi”ndə Mir Cəlal adına 4-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Münsiflər heyəti müsabiqə dövründə 230 müəllifin 261 hekayəsini nəzərdən keçirib. Yekdilliklə aşağıdakı qaliblər elan edilib:

III yer

Asim Arazlı, “Kələntər Dayı” hekayəsi
Aliq Məmmədov, “Naqafil Alver” hekayəsi
Aysel Şıxlı, “Sonsuzadək Gülümsəyən Uşaq” hekayəsi

II yer
Nuranə Abbasova, “Yanğınların Dili Olsa” hekayəsi
Yaşar Əhmədov, “Heyvagülü” hekayəsi

I yer
Leyla Əliyeva, “İşıq” hekayəsi.

Qalib hekayələr müsabiqənin qaydalarına uyğun olaraq “Azərbaycan” jurnalının iyun buraxılışında çap edilərək oxucuların diqqətinə təqdim ediləcək.

“Ədibin Evi” qalibləri təbrik edir, bütün iştirakçılara müsabiqəyə qoşulduqlarına görə təşəkkürünü bildirir!

Mənbə: Ədibin Evi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzərdən bir şeir

HƏYAT NİYƏ BELƏDİR!?

Həyat niyə belədir?
Bir günü sevincdirsə,
beş günü kədər, qəmdir.
Dərdlər vardır çarəsiz,
ahlar vardır naləsiz,
Sirlər vardır açılmaz,
yollar vardır aşılmaz…
Baxırsan… kim kimədir?
Həyat niyə belədir?

Ağılla duyğu düşmən,
Ruh duymur yansa bağrın,
Yazıq qəlbə qalansa
ağrı üstünə ağrı…
Vaxt keçir, vaxt tələsir,
Ömür dediyin yuxu
ağacda son yarpaq tək
qopdu-qopacaq… əsir,
gözündən düşüb sınır…
sınıqlar əli kəsir…
Nə şənlik var, nə büsat,
yana düşür qol-qanad…
ağlasan, gülür həyat…

Deyirsən, yaşamağa
dəyməzdi yaşananlar,
sonrası beləydisə
olmayaydı olanlar…
qədəhdəki şərab tək
ya ağ, ya qıpqırmızı
üzünə durur yalanlar…
durub baxırsan mat-mat…
Niyə belədir həyat?

29.04.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF: yazarlar-41

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Jan-Jak Russonun “ictimai müqavilə” nəzəriyyəsi

Jan-Jak Russonun “ictimai müqavilə” nəzəriyyəsi fərdlərin cəmiyyət yaratmaq üçün dövlət və bir-biri ilə sosial müqavilələr bağladığını müdafiə edir. Bu müqavilədə fərdlər qalan hüquqlarının müdafiəsi, hüquq və dövlət sisteminin qurulması müqabilində təbii azadlıqlarının bir qismini tərk edirlər. Russo hesab edirdi ki, xalqın ümumi iradəsi dövlətə rəhbərlik etməlidir. Bu nəzəriyyə kollektiv yaxşılığın vacibliyini və qanun qarşısında bütün fərdlərin bərabərliyini vurğulayır.Azadlıq və sosial həyat qarşıdurma içərisindədir. Amma biz ümumi həyatdan qaça bilmərik.Yalnız ümumi iradəyə uyğun yaşamaqla bu ziddiyyətli dəyərləri uzlaşdıra bilərik.
Russo bizə biz tamamilə azad fərdlər kimi doğulduğumuzu izah edir. Fərdilik cəmiyyətdən əvvəl gəlir. Ailədən tayfaya, şəhərdən millətə bütün ictimai formalar fərdlərdən ibarətdir. Biz təqiblərə, məhdudiyyətlərə, təzyiqlərə və istismara məruz qalmadan, istədiyimiz kimi yaşamaq hüququ ilə doğulmuşuq. Bu təbii hüququ məhdudlaşdıran yeganə şey hər bir insanın malik olduğu eyni fitri hüquqdur. Biz başqalarının azad fərdiliyinə hörmət etmək anlayışını onların da eyni şəkildə etməsini istədiyimiz qədər inkişaf etdiririk. Bunu şəxsi həyatın toxunulmazlığı hüququ adlandıra bilərik, çünki Russo əslində maarifçi filosofların irəli sürdüyü “İnsan Haqları”ndan daha çox tək qalmaq hüququ ilə maraqlanırdı. Russoya görə, bu qarşılıqlı anlaşma müqaviləni təşkil edir.
Müqaviləni sadə razılaşma və ya vəddən fərqləndirən cəhət odur ki, tərəflər müəyyən fayda əldə etmək müqabilində dəyərli bir şeyi əvəzləyir və ya itirirlər.Qarşılıqlılıq burada hər birinin digərinə and içdiyi qarışmamaq vəzifəsidir. Bu məqamda qarşılıqlı anlaşma hüquqi ölçü əldə edir və prinsipcə tətbiq oluna bilir. Russoya görə, bu müqavilə bütün cəmiyyətlərin, onların hüquqi institutlarının və hökumətlərinin əsasını təşkil edir. “İctimai Müqavilə” insanların fərdi fərqlərinə baxmayaraq qruplar halında getmələrinə imkan verən şeydir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – QOŞMA

QOŞMA

Vaqifdən, Vurğundan yadigar qalıb,
Hər zaman təzəmdi, tərimdi qoşma.
Qəlbimi oxşayıb, könlümü alıb,
Gözəlim, göyçəyim, pərimdi qoşma.

Elə möhtəşəmdi, elə ucadı,
Dillərdən düşərmi görün heç adı.
Ruhu qafiyədi, canı hecadı,
Noğuldan, şəkərdən şirindi qoşma.

Sevən ürəklərə sevinc payladı,
Barışa çağırdı, sülhə hayladı,
Əsli bayatıdı, kökü layladı,
Dəryadan, ümmandan dərindi qoşma.

Uludu, yüyrəkdi, ozan dilidi,
Bir sözü yüz yerə yozan dilidi,
Din-iman dilidi, azan dilidi,
Müqəddəs ocağım, pirimdi qoşma.

Hökmüylə adillik gətirər şaha,
Saraya çevrilər ən uçuq kaha.
Qəzənfər, dünyada qiymətli, baha,
Yaqutum, gövhərim, zərimdi qoşma.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru