Qabillə İsa Hüseynov bir mənzildə yaşayırdılar. Dörd otaqlı mənzilin ikisində o olurdu, ailəsi ilə, ikisində də İsa. Bir yay mənzildə tək qalırlar (Arvad-uşağı rayona, istirahətə göndəriblərmiş). İsa adəti üzrə oturub işləyir, Qabil də mətbəxdə kotlet qızardır ki, nahar vaxtı birlikdə çörək yesinlər. İsa xeyli işlədikdən sonra gərnəşib ayağa durur və mətbəxə keçir. Görür ki, Qabil qolsuz köynəkdə, qan-tər içində kotlet qızardır. İsa kənarda dayanıb müşahidə edir və bilmək istəyir ki, kotletlər niyə belə partapartla bişir. Görür ki, Qabilin alnından axan tər zolaqlanıb, burnunun ucuna yığılır və orada iri damcıya çevrilib tappıltıyla sapılcaya, kotletlərin üstünə düşür və dərhal da çatıltı-partıltı başlayır. Damcılar hey bir əldən sapılcaya tökülürdü.
Qabil tüstü-duman içində, burnunun-gözünün suyu axa-axa bişirdiyi kotleti çəngələ keçirib yuxarı qaldırır, diqqətlə o üz-bu üzünə baxır və İsaya yaxınlaşır:
— Əla qızarıb. Bir dadına bax.
Onsuz da vasvası olan İsa geri çəkilir.
— Toxam.
— Elə şey yoxdu. Zəhmət çəkib kotlet qızartmışam. Oturub birlikdə ləzzətlə yeyəcəyik. Əl çəkən deyiləm. Bilirəm acsan, naz eləmə.
İsa başa düşür ki, Qabil əl çəkməyəcək. Onu da başa düşür ki, nə qədər ac olsa da, kotletə yaxın dura bilməyəcək. Birdən əlac tapmış kimi dillənir:
— Qabil, onda belə eləyək. Sən kotletləri qızart, süfrə ac, mən də gedim təzə çörək alım.
— Nə olar, lap yaxşı.
İsa gedir. Qabil şövqlə süfrə açır, pomidor-xiyar doğrayır, nimçələri düzür, sapılcanı ortaya qoyur və İsanı gözləyir.
İsa evə bir də səhər qayıdır.
Mənbə: 525.az
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru