Fədailərimizi tanıyaq! (1)
İlk olaraq inqilabçı-şair, böyük fədai
Mir Mehdi Çavuşidən başladım.
(Dostlar, bugündən etibarən güneylilərimiz haqqında çeşidli bilgilərlə sizin üçün
“Fədailərimizi tanıyaq!” rubrikasını təqdim edəcəm.Müxtəlif fədailərimiz, cəsur, rəşadətli Təbrizli-ümumən güneyli inqilabçılarımız barəsində bilgilərimi sizinlə bölüşəcəm.Bütün bu silsilə yazılarımı Təbrizin Dəryan kəndində doğulan 64 illik ömrünün böyük hissəsini Təbrizdə keçirən babam İsmayıl Paydarın və fədailərin ruhuna ithaf edirəm)
21-22 sentyabr-1965-ci il
Xəlil Rzanın gündəliyindən:
“Mir Mehdi Çavuşinin sinəsi Cənubi Azərbaycanın ensiklopediyasıdır” – Söhrab Tahirin dilindən eşitdiyim bu cür ifadələr hafizəmdə əbədi nəqş bağlayıb.
“Mir Mehdi Çavuşi firqə tərəfindən ona kəsilən və Moskva tərəfindən təsdiq edilən personal pensiyanı almaqdan boyun qaçırıb.” Bu kimi cümlələr bu fövqəladə insana bəslədiyim məhəbbəti və marağı gündən-günə artırdı.
Nə qədər ki mənim iki əlim sağdır, pensiyaya əl açmaram.Firudin İbrahiminin, Azad Vətəninin qanpulunu yeyə bilmərəm.
Quba Rayon Partiya Komitəsinə qədəm qoyduğum zaman birinci Çavuşini soruşdum.Təbliğat şöbəsində işləyən Mövlud Qonaqov zəng çaldı, traktor təmiri stansiyasında indi çilingərlik edən bu qocaman inqilabçının səsini telefonda eşitdik.Ardınca göndərilən maşın az sonra Çavuşini gətirdi.
Mir Mehdi Çavuşi 1909-cu ildə çilingər Mir Həbibin ailəsində dünyaya gəlib.Ata yurdu Təbrizdir.
-Təbriz sözünün mənası “qızdırma tökən” dir.
Mən 11 yaşda ikən Şeyx Məhəmməd Xiyabanini görmüşəm.Ucaboy, şəstli, alnı guşad, gözlərinin kənarında qırış yoxdur.Bunun səbəbi o idi ki, Xiyabani Təbrizin şərqində yerləşən Xiyaban məhəlləsindən idi.Xiyabanlılar hər səhər evdən çıxıb şəhərə gedəndə günəş arxadan düşür, boyunlarının ardını qızardır, işıqdan qamaşmadığı üçün gözün kənarında uzun müddət qırış olmur.Biz isə Təbrizin qərbindənik.Himavar məhəlləsindən.
…Xiyabanidən danışdıqca hiss edirəm ki, Mir Mehdi Çavuşi özü də məhz Xiyabani məktəbində yetişniş bir inqilabçıdır.Londonda 15 il hüquq təhsili alan ingilis casusu Mirzə Rza xan Səidi günlərin birində Çavuşinin dükanına girir.Dükanda Çavuşidən başqa heç kəs olmadığı halda, yenə ehtiyat edərək zərli əsasını arxadan qapıya dirəyib müxatibinə üz tutur.
-Ağayi Çavuşi, səninlə məxfi bir söhbətim var.Sən mənə de görüm, həyatda yaşamaqda məqsəd nə?
-Yaşatmaq
-Yox, o şurəvilərin sözüdür.Öz sözünü de.Yaşamaqda məqsəd ağ gün görməkdir.Ağ gün üçün nə lazımdır? 200 tümən pul, bağlı-bağatlı bir ev.İstəsən bunlar sənin üçün mümkündür.
Bu şirin kəlamların arxasında gizlənmiş alçaq niyyəti dərhal başa düşən Çavuşinin dodaqlarında kinayəli bir təbəssüm oyanır.Cavuşinin cavabı səkkiz misralı bu şeir olur:
Aldat özünü, şöhrətə talib deyiləm mən,
Heyhat! Yaşamaqçün ona bir an əyiləm mən.
Minnətlə əgər başimə şah tək qoyalar tac,
Haşa, o taca tuf deməsəm, ən rəziləm mən.
Yalvarmaram, hətta belə məhv olsam həyatda,
Gör dar ağacından asılıb, ya kəsiləm mən.
Azad yaşamaqdır mənim aləmdə məramım,
Çün böyük amallara mənsub nəsiləm mən.
Ardı var…
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru