Akif ABBASOV: – DƏMİRYOLU VAĞZALINDA


DƏMİRYOLU VAĞZALINDA
(“Acı xatirələr” romanından)

Hünər sahibinin olan yoldaşı,
Çatar məqsədinə hər addım başı.
“Kəlilə və Dimnə”dən

Rasimlə Emilin Moskvada – Çerkizov bazarında alverləri yaxşı gedirdi. Gətirdikləri malları xırıd eləmişdilər, amma hələ satılmalı xeyli mal vardı. Onlar rayonun Həsənbəyli kəndində yaşayırdılar. Emilin qardaşının toyu olmalı idi. Odur ki, Emil yoldaşlarından əvvəl Saatlıya qayıtmalıydı. Emilin xeyli yükü vardı. Toy bazarlığı, gəlinə, bəyə pal-paltar, gəlinlik paltarı, ayaqqabılar, kostyum, cürbəcür konfetlər… Aldığı şeylərin bir qismini Rasimin boynuna qoymuşdu ki, onları kəndə o çatdırsın. Öz əli ağır idi. Həm dost, həm alver yoldaşı idilər. Bir-birlərinə ərkləri çatırdı.
Gəzə-gəzə Kurs vağzalına gəldilər. Bir neçə gün əvvəldən Moskva-Bakı qatarına bilet almaq istəyirdilər. Amma bura gəlməyin xeyri yox idi. Onsuz da nə zaman müraciət edirdin «Bilet yoxdur» deyirdilər. Qabaqcadan bilet satan bir neçə kassa vardı. Növbənin nisbətən az olduğu bir kassanın qarşısında durdular.
-Rasim, əzizim, məni pis vəziyyətdə qoyma. Birdən buralarda ilişib-qalarsan. Bir qardaşım var. İstəyirəm toyu urvatlı olsun. Malları vaxtında çatdırarsan. Xasiyyətini bildiyimdən belə deyirəm. Əhli-kef adamsan.
Rasim özünü incik kimi göstərərək:

– Emil, birdən-ikiyə səni yarıtmamışam? – deyə soruşdu. -Başqa cür hərəkət etsəm, kənd içinə necə çıxaram?! Öyrənmisən sözün çürüyünü çıxarmağa. Dedin, qurtardı getdi.
Emil arxayın olduğunu bildirmək və onun könlünü almaq üçün dedi:
-Bax belə. Daha narahatçılığım ötüb keçdi… Deyirəm, növbəni görürsən də. Nə zaman gəlirsən – belədir. Görək bilet olacaq? Mən şənbə gününə alacağam. Belə yaxşıdır. Bir-iki gün sonra siz də çıxarsınız.
Rasim dostluqda və yoldaşlıqda ona nə qədər bağlı olduğunu göstərmək üçün dedi:
-İstəyirsən mən də səninlə gedim.
Emil narahat oldu:
-Əsla… Yoxsa malları Fərəclə Fəxrəddinə tapşırmaq fikrindəsən? Nəbadə! Bir gör nə qədər xeyrimiz var.
Rasim onun nigarançılığını sovuşdurmaq üçün dedi:
-Yaxşı. Necə istəyirsən…
O, alışqanını əlində oynadırdı. Alışqana işarə ilə:
-Növbəmizin çatmağına hələ var, gedim bir siqaret çəkim, – dedi.
Emil üz-gözünü turşutdu:
-Get, amma bu zəhrimarı tərgitmək barədə də fikirləş.
Rasim ona acıq vermək üçün:
-Heç ağlına belə gətirmə, – dedi və vağzal binasını tərk etdi. Rasim lap ağ eləmişdi. Qaldıqları otaqda da, qatarda da, küçədə də, bir sözlə, hər yerdə siqaret çəkirdi. Emilin siqaret iyindən xoşu gəlməsə də, dözürdü. Onun xətrinə dəymək istəmirdi. Yoldaşlıqları tuturdu. Birlikdə alver edirdilər. Gətirdikləri malı əridir, buradan aldıqları pal-paltarı, məişət əşyalarını, ayaqqabıları rayonda, kənddə baha qiymətə satırdılar. Kefləri kök idi.
Rusiyət kasıb-kusubun dadına çatırdı. Bazarlar azərbaycanlılarla dolu idi. Burada qazandıqları pullarla çoxları kişi olmuşdu. Həmin pulları gətirir, Bakıda, rayonlarda, kəndlərdə şadlıq evləri, xüsusi evlər tikdirir, bahalı maşınlar alır, qohum-əqrəbaya, bacı-qardaşa əl tutur, ailələrini dolandırırdılar.
Bir çoxları burada köç salmışdılar. Arvad-uşaqları da yanlarında idi. Neçə illər idi Moskvada, Rusiyətin başqa-başqa ərazilərində bizneslə məşğul idilər. Hətta aralarında bazar, şirkət sahibi olanlar vardı. Emilin xalası oğlunun gəlirinin sayı-hesabı yox idi. Gün ərzində onun ticarət qurduğu yerə maşınlarla mal daşınırdı. Özünün danışdığına görə, Moskvada möhkəm qar düşən ili səhər ertə iş yerinə gələndə görüb ki, şaxtanın təsirindən pivə şüşələrinin əksəriyyəti partlayıb. Bu fəlakətdən ona 30 min dollar ziyan dəymişdi. Lakin bu, xalaoğlunu iflasa uğratmadı. Çünki mal dövriyyəsi, alış-verişi yüksək səviyyədə idı.
Rasim siqaretini çəkib qayıtdı. Emil:
-Gedim mən də bir az hava alım, – deyib növbəni Rasimə təhvil verdi. Rasim onun yerini tutdu və Emilə dedi:
-Ciyərim yanır, yadımdan çıxdı. Mənimçin mineral su al. Yarımlitrlik olsa, bəsdir.
Emil heyrətlə soruşdu:
-Sən nə qədər su içirsən? –Bayaq yarımlitrliyi boşaltdın. Belə getsə, Moskva çayını qurudarsan. Susuzluğa tabın yoxmuş. Bilsən ki, bizim içdiyimiz suların 3 milyard yaşı var? İndi bilmirəm, bundan sonra su içməzsən!
Rasim təəccübünü gizlətmədi:
-Doğru deyirsən?
Emil and içirmiş kimi:
-Özümdən uydurmuram. Kitabdan oxumuşam. dedi.
Rasim inamla bildirdi:
-Amma bu suların lap 3 milyard yox, 30 milyard yaşı olsa da, camaat onu içəcək, mən də içəcəyəm. Təbiət bizi belə yaradıb, sussuz yaşaya bilmərik.
Emil çox şeydən xəbərdar olduğunu bildirmək üçün dedi:
-Rasim, əzizim, dünyanın yetmiş faizi su ilə örtülüb, fəqət suyun yalnız və yalnız bir faizi icmək üçün yararlıdır. -Emil nəfəsini dərib, – Ona görə suyu tərg eləmə, qənaətlə iç, -deyə dostuna məsləhət gördü. – O biri adamlara çatmaz.
Rasim əlimi gicgahına apardı:
-Nəzərə alarıq.
Emil söhbətinə davam etdi:
-Bəs sənin xəbərin var ki, qurbağa suda-quruda yaşaya-yaşaya ömrü boyu su içmir?
Emil cavabında dedi:
-Qurbağanı bilmirəm, amma deyirlər susuzluğa dözməkdə dəvənin tayı-bərabəri yoxdur.
Rasim tez dilləndi:
-Amma, Emil, siçan dəvədən daha çox susuz qala bilir. Bunlar öz yerində, mənim nə qurbağa, nə dəvə nə də siçan olmaq fikrim var, nə də onlarla yarışa girmək istəyirəm. Su gətirmirsənsə, beş dəqiqə burada dayan, mən özüm bu məsələni yoluna qoyum.
Emil məcbur olub razılaşdı. Əlini yelləyərək:
-Yaxşı, yaxşı. Gətirərəm. Getsən, bir də Allah bilir nə zaman gələrsən, – dedi.
Az sonra Emil qayıtdı. Rasim şüşənin qapağını açıb suyu başına çəkdi. O, suyu içə-içə ətrafı gözdən keçirir, hansısa təsadüfə bel bağlayırdı. Zənni heç zaman onu aldatmamışdı. İndi də ürəyinə dammışdı. Kimsə onlara kömək əlini uzadacaqdı.
İkinci mərtəbədən pilləkənlərlə bir qız düşürdü. O, Rasimin diqqətini cəlb etdi. Uzun qıçlı, yaraşıqlı bir qız idi. Donunun ətəkləri topuğunu döyəcləyirdi. Qaraçı, yaxud da hindli idi. Geyimi qəribə və alabəzək idi. Dünya gözəli olmasa da, dünyanı gözəlləşdirə biləcək bir yaranış idi. Rasim bir də onda ayıldı ki, ağzı açıla qalıb.
Rasim onu gözdən qoymadı. Ağ bənizli bu qız növbəyə yaxınlaşdı, lakin növbəyə durmadı. Yanağında qara xalı vardı. Kassaya çatıb astaca qapısını tıqqıldatdı:
-Maşa! Maşacan!
Qapı açıldı və o, içəri keçdi. Kassanın pəncərəsi qarşısında xeyli adam vardı. Rasim növbədən aralanıb ağır addımlarla kassanın qapısına sarı gəldi. Qız Rasimdə maraq oyatmışdı. Bilmək istəyirdi ki, görsün o kimdir.
Qapı azacıq aralı idi. Rasim sakitcə və oğrun-oğrun göz gəzdirdi. Maşa deyilən qadının qarşısında üç pasport vardı. Həmin pasportları ona xallı gözəl vermişdi. Maşa onlara baxırdı. Rasim gözdən iti idi. Pasport sahiblərinin soyadlarını, atalarının adlarını oxuyub çatdıra bilməyəcəyini başa düşüb, təkcə adlarını yadda saxlamağa çalışdı. Gördü ki, birinin pasportunda Samir, digərində Baxış, üçüncüsündə Kamil yazılıb.
Rasim yerinə qayıtdı. Bu qız nə qaraçı, nə də hindistanlı idi. O, ya azərbaycanlı, ya da Qafqaz millətlərinin birinin nümayəndəsi idi.
Emil hava qəbul edib gəldi. Rasimin narahat halda gəzişdiyini görüb:
-Brat, nə olub? – deyə onun halını soruşdu. –Yenə özündə-sözündə deyilsən.
Rasim:
-Biz istəyən tarixə Bakıya bilet olmadığını bilə-bilə bayaqdan növbəyə dayanmışıq, – deyib əli ilə kassanı göstərdi. -Maşanın mərhəmətinə sığınmışıq.
Emil təəccüblə ona baxdı:
-Maşa kimdir?
Rasimin kassir qadını nəzərdə tutduğunu başa düşüb:
-Vallah, Allahın bəlasısan. İki daşın arasında adını da öyrənmisən…
Rasım alnını qırışdıraraq:
-Burada Maşalıq bir iş yoxdur, dedi. -Əslində ondan asılıyıq. Amma onun adını başqa adamdan öyrəndim, bizə də kömək etsə, o edəcək.
Emil sevindi:
-O adam kimdir? Haradadır?
Emilə baxanda Rasim diribaş idi, rusca sərbəst danışırdı, utancaq deyildi, ünsiyyət yaratmağı bacarırdı. Odur ki, hərdən Emilə və başqa alver yoldaşlarına sataşaraq:
-Mən olmasan, sizi bit-birə yeyər, – deyərdi.
Rasim kassanın qapısını Emilə göstərərək əminliklə dedi:
-Bizə çarə kassanın qapısındandır, kassanın növbəyə durduğumuz pəncərəsindən yox.
Emil key-key onun üzünə baxdı:
-Qapısından niyə? Biletlər kassanın gözlüyündən satılır.
Rasim onun sadəlövhlüyünə gülərək:
-Sənin kimi avamlar üçün, bəli, -dedi. -Mən isə bileti kassanın qapısından alacağam.
Emil inanmadı:
-Hünərin var kassanın qapısına yaxınlaş, gör bu camaat nə həngamə qoparar.
Rasim dilləndi:
-Mən niyə? Kassanın qapısına yaxınlaşan yaxınlaşacaq!
Hələ ortada heç nə yox idi, Rasim asıb-kəsirdi. Xallı gözəl bəlkə Rasimi heç yaxına qoymayacaqdı. O qız Rasimin varlığından belə xəbərsiz idi. Rasim isə ona arxayın olub söz verirdi. O, yenə kassanın qapısını göstərərək arxayıncasına dedi:
-Bax o qapıdan bir ceyran çıxacaq. Bizə təkcə o, kömək edə bilər. Əlbəttə, əgər istəsə.
Emil soruşdu:
-Tanışındır?
Rasim özünü çəkdi:
-Yox, amma tanış olacağam.
Emildə yaranmış ümid qığılcımları söndü:
-Sən həmişə nağıl danışırsan. Fərziyyələrlə iş görməyə alışmısan.
-Alınmır?
Emil etiraf etməyə məcbur oldu:
-Doğrusu, çox vaxt istədiyinə nail olursan.
Rasim sinəsini qabağa verdi:
-Daha sənə na lazımdır?! –Sonra onu inandırmaq üçün dedi. -Əslində o qızla əlli faiz tanışam. Bizim tərəflərdəndir.
Emil tez soruşdu:
-Saatlıdandır?
Rasim bir anlığa onu intizarda saxladı. Sonra ağır-ağır dilləndi:
-Saatlıdan olduğunu bilmirəm, amma, məncə, Azərbaycandandır.
Emil razılaşmadığını bildirdi:
-Burada məntiq görmürəm. Tanımadığın adam heç sənə bilet alar?
Rasim dişini ağartdı:
-Toruma düşsə, alar.
Emil zarafata saldı:
-Sənin torun yoxdur axı.
Rasim özünə inamla dedi:
-O, kassirin yanından çıxana kimi toxuyacağam o toru. Bax, çıxdı.
Emilin ağzı açıla qaldı:
-Nə gözəl xanımdır, ay Rasim?! Maraldır ki…
Rasim razılaşmadı:
-Yox, Ceyrandır.
Başladılar zarafata. Emil Rasimi acıqlandırmaq üçün:
-Bəlkə də keçidir.
Rasim tutuldu. Emilin atmacası onun xoşuna gəlməmişdi. Hətta az qala ondan inciyəcəkdi. Bir təhər sözünü ələ alıb acıqla dedi:
-Bəsdir, sarsaqlama. Nahaq söz dediyinə görə Allah ağzını əyər. Bir hələ onun boy-buxununa, sinəsinə, dodaqlarına, yerişinə bax! Adam ölər onunçun. Lap parnoaktrisa Tori Blekə oxşayır.
Emil birdən-birə dostunun nə üçün belə döndüyünün, o xallı gözələ görə hətta onunla ağızlaşmaqdan belə çəkinmədiyini görüb zarafata saldı:
-Yox bir Sanni Leoniyə. Sanni Kanadalı olsa da, Hindistan əsillidir. Ailəsi Hindistandan Kanadaya, oradan da Amerikaya köçüb. Sanni Kanadada anadan olub. Qaraşındır. Bu xanım Sanniyə daha çox oxşayır. Bura bax, mənim biletimi al, ondan sonra öl onunçun.
Rasim ah çəkdi:
-Onu görəndə bilet də yadımdan çıxır, sənin qardaşının toyu da, lap elə sən özün də. Ona görə Məcnun Leylinin dərdindən baş götürüb bizim o Kürovdağa qaçıb, orada məskən salıb.
Emil zarafata saldı:
-Yox bir Mişovdağda.
Rasim ciddi:
-Doğru sözümdür, Emil, – dedi, -hələ mənim ağlımı bu xallı gözəl qədər başımdan alan olmayıb. Satılmalı olan mallarımız da gözümə görünmür.
Emil qorxuya düşdü: “Bu zalım oğlunu burada qoyub gedirəm, birdən mayanı batırar. Malları ya oğurladar, ya da dəyərinə-dəyməzinə satar ha?!”
-Rasim, daha ağ eləmə!
-Narahat olma. İndi isə, məni bağışla, o xallı gözəli izləməliyəm. Yadında saxla, bizə bileti alsa, o qız alacaq. Sən burada dayanıb növbəni gözlə. Mən də qızla tanış olub, biletləri onun boynuna qoyum. Artıq üç azərbaycanlı üçün bilet sifariş verib. Rasim Emildən aralanıb qızın dalınca düşdü.

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir