Vaqif Yusifli təqdim edir:

TANIŞ OLUN: – AYTƏKİN ƏZİZ

Bir tələbə qız- Lənkəran Dövlət Universitetinin tələbəsi-Aytəkin Əziz şeirlərini mənim ünvanıma göndərib . Mən də bu şeirləri oxudum. Heç üzünü görmədiyim bu tələbə qızın istəyi odur ki, şeirləri barədə fikir bildirim.
Ədəbiyyata gəlmək bəlkə də asandır, amma ədəbiyyatda qalmaq bu qədər kütləvi şeir izdihamında qalmaq çox çətindir. Gərək istedadın ola ki, şeir aləmində hər çətinliyə dözəsən. Mən bu istedad işartılarını Aytəkində görürəm. Böyük rus şairi Sergey Yesenin yazırdı ki: «Bəli, şair olmaq odur ki, gərək, Pozmayıb həyatın ilk qanununu, Öz damarlarından qanı çəkərək Vurub isidəsən özgə qanını. Qoy lap qurbağanın nəğməsi olsun, Dünyaya təzə bir nəğmə ver ancaq». Aytəkin, qızım, sənin şeir yazmaq istedadın var, amma bu istedadı gərək cilalayasan, hər şeirini qələmə alanda fikirləşəsən ki, mən bu şeirdə təzə bir söz deyə biləcəyəmmi?Axə, şeir obrazlarla, orijmnavl bədii təsvir vasitələori ilə düşünmək deməkdir.
Gənclik sevgi ilə doludur, hamı qəlbindəki o sevgi hisslərini qələmə alır. Amma sevgi təkcə kiməsə öz dolu ürəyini boşaltmaq demək deyil. Vətən sevgisi var, ana sevgisi var, təbiətə sevgi var, gözəlliyə sevgi var. Bir sözlə, yazılmalı çox şey var. Bir solmuş yarpaqdan da şeir yazmaq olar, bir ananın oğul intizarrından da, bir şəhid qanından da… Şeir ağlamaq-sızlamaq, göz yaşı tökmək deyil.

Sənin şeirlərindən bir neçəsini seçdim, istəyirəm ki, onları hamı oxusun, ondar bu şeirlər barədə fikir bildirsinlər. Hələlik sənə uğurlar arzulayıram. Və inanıram ki, gələcəyin gözəl bir şairi yaşayır Lənkəranda.

Aytəkin Əzizin şeirləri:

Gözlədim günəşi, qarı,
Keçdi xoşbəxtlik qatarı.
Zaman deyil günahkarı,
Elə özüm gecikmişəm…
Yollar qaldı hey yarıda
Gah dənizdə, gah quruda.
Ayrılanda hasarı da
Güldən, çiçəkdən çəkmişəm…
Pəncərəyə, qapıya həm,
Göz yaşları salıbdı nəm.
Kərpici dərd, suvağı qəm
Bu evi özüm tikmişəm…

Bilmirəm amma…
Sən mənim eşqimi dana bilərsən,
Bir nağıl, bir yuxu sana bilərsən.
Səni sevdiyimi qana bilərsən,
Niyə sevdiyimi bilmirəm amma…
Yenə həsrətinin yağışı yağır,
Qəlbimə “sən” damır bax ağır-ağır.
Ürəyim nə yerə, nə göyə sığır,
Niyə sevdiyimi bilmirəm amma…
İçində qəm yatan gözünü sevdim,
Qəlbini, ruhunu, özünü sevdim.
Mən sənin səhvini, düzünü sevdim,
Niyə sevdiyimi bilmirəm amma…
Əlim saçlarında oynamasa da,
Səsini eşidim olsa qısa da.
Əvvəl-əvvəl qanım qaynamasa da,
Niyə sevdiyimi bilmirəm amma…
Allah çıxararaq önümə səni,
Hədiyyəmi verib, dərd mənə səni?
Bu qədər uzaqkən mən yenə səni
Niyə sevdiyimi bilmirəm amma…
Həsrəti, hicranı, qəhəri bildim,
Gecə nə çəkmişəm səhəri bildim.
Bizi ayrı salan şəhəri bildim,
Niyə sevdiyimi bilmirəm amma…
Özümü boş, quru saxsı bilirəm,
Ömrünü ömrümün naxşı bilirəm.
Səni sevdiyimi yaxşı bilirəm,
Niyə sevdiyimi bilmirəm, amma…

Rol…
Bəzən mənasız olur “hər nə”yin də, “heç”in də,
Yerin olmayanlara yer olmasın içində.
Sanma sənə deyirəm, elə mənim üçün də
“Yersizlər” bir kol imiş…
Yalanda da doğru var, olmadın yalan qədər,
Hər insan insan olur vicdanı olan qədər.
Qəlbimi almadılar ahımı alan qədər
Ahım necə bol imiş…
Gözdən düşüb ölənin tutulmaz daha yası,
Qalmağından yaxşıdır inan ki qalmaması.
Öz-özündən qaçmağa yolunun olmaması
Özü də bir yol imiş…
Elə ki gecə düşür, məni götürür fikir,
Bu dünyanı başıma gah yıxırdır, gah tikir.
Hərənin bir tərəfi ağrıdan əziyyət çəkir,
Məndəki də sol imiş…
Ürək nə qəribədir, bilinmir solu, sağı,
Adama yaxın olur yaxına qoymadığı.
Bu həyat səhnəsində hamının oynadığı
Sən demə bir rol imiş…
30 mart 2024

İnana bilmərəm…
Öldürmə özünü indi bu qədər,
Mən sənə inana bilmərəm daha…
Edən etdiyini yenə də edər,
Mən sənə inana bilmərəm daha…
Mənə “sən” deyilsən, nə “siz” deyilsən,
Rahat ol, sağalmaz bir iz deyilsən.
Sən ki, pak deyilsən, təmiz deyilsən,
Mən sənə inana bilmərəm daha…
Arabir gizlicə gözün dolsa da,
Qəlbin dərgahıma namaz qılsa da,
Eşqin qürurundan böyük olsa da,
Mən sənə inana bilmərəm daha…
Səni ürəyimdə gizli gömmüşəm,
Nə söz danışmışam, nə də dinmişəm.
Bax, mən də çevrilib “sən”ə dönmüşəm,
Mən “sən”ə inana bilmərəm daha…
Əzabın içinə çox atma məni,
Başqa gözəllərlə bir tutma məni.
Mən axı demişdim aldatma məni,
Mən sənə inana bilmərəm daha…
Yalanmı? Doğrumu? Bilmədim nəsən,
Keçdim günahından mənə neyləsən…
Doğru da söyləsən, düz də söyləsən,
Mən sənə inana bilmərəm daha…
29 mart 2024

Uzaq yaxınlıq…
Sənin də yanında uşaqlaşmasam,
Bəs kimin yanında uşaqlaşım mən?!
Sən də mi arada qoyursan məni?
İndi səndən də mi uzaqlaşım mən?
Nə uzaq qalırsan uzağım kimi,
Nə də yaxın kimi yaxın olursan.
Nə zaman darıxsam həsrətdə qaldım,
Bəs sən darıxanda harda qalırsan?
Bilirəm həmişə yol çəkir gözüm,
Bilmirəm bu yolun harasındayam.
Bizim aramıza şəhərlər girir,
Yaxınla uzağın arasındayam…
Məni öldürür bu uzaq yaxınlıq,
Gözümdən yorğunluq elə tökülür…
Daha gecələri yata bilmirəm,
Yuxum da taqətim kimi çəkilir…
Ayrıla bilmərəm səndən əzizim,
Sən ki məsum-məsum tək baxanımsan.
Yaxınımda olan uzaqdır mənə,
Sənsə uzağımda ən yaxınımsan.

Dağınıq…
Dağınıqdı otağım,
Qarışıqlıq da çoxdu.
Mənim səbrimdən başqa,
Yığdığım nəsə yoxdu.
Yox, yox, pinti deyiləm,
Dağınığam sadəcə.
Tökdüyümü bir yerə
Yığmayıram adicə…
Ruhumu dağıtmasam
Tapmağım çətin olur.
Bağlanmıram, bağlansam
Qopmağım çətin olur…
Haqqı var göz yaşımın
Məndən küsüb incinə.
Dağıdıram qəlbimin
Hər dəfə bir küncünə.
Xatirəm şüşə deyil,
Nə qırıla, nə sına?
Dağınıq belə olsa,
Vermərəm başqasına…
Həmişə fikirlərim
Dağılmağa can atdı.
Dəymə mənə, mənimçün
Dağınıqlıq rahatdı.
Qoymaram ürəyimi
Əlindən bir də düşsün.
Kim ki məni qınayır
Düşdüyüm dərdə düşsün…
Yığma mənim qəlbimi,
Qırılan yerdə qalsın.
Onsuz bir dəfə qalıb,
Qoy elə bir də qalsın.
Qəlbimi qırdığını
Görmərəm dağılmasam.
Mən özümü yığmıram
Boğaza yığılmasam.
Düzəlmirsən düzəlmə,
Lap belə qal, dinmərəm.
Mən dağınıq adamam,
Səni yığa bilmərəm…
20 mart 2024

Özün bil…
Bilmirsən dinməməyin məni nə dərdə salar,
Gözlə, gözlə deyirsən, amma durulmur sular.
Elə ki dara düşdün, məni səslə, nə olar,
Səsləmirsən özün bil…
Nə başıma vururam, nə dizimə döyürəm,
Bilirəm, öz xətrimə elə özüm dəyirəm.
Mən hələ də saf kimi bir ümid bəsləyirəm,
Bəsləmirsən özün bil…
Sevmirəm hər adama əl verib, əl sıxmağı,
Tutdumsa, düşünmürəm bir əli buraxmağı.
“Səni sevirəm” deyib, hər gözələ baxmağı
Pisləmirsən özün bil…
İstəyirdim biləsən sən özünə ev məni,
Ya qonaq et ömürlük, ya biryolluq qov məni.
Səni məcbur etmirəm, istəyirsən sev məni,
İstəmirsən özün bil…
18 mart 2024

Şükür yeri…
Mən şikayət etmirəm, Allah verdiyi yükdü,
Allaha çox şükür ki, səbrim məndən böyükdü.
Bundan əvvəl də gözüm öz yaşını çox tökdü,
İndi də tökür biri…
Quruyan hisslərimin üzərinə su atdım,
Güclə yatan qəlbimi yuxusundan oyatdım.
Səni sevirəm deyə sənin atdığın addım
Bir məni çəkir geri…
Yuxu tutmur gözlərim, gecə saat bir olur,
Səni bağışlamaqçün ürəyimdə yer olur.
Danışdığın hər yalan gözlərimdə tir olur,
Şübhələr sökür tiri…
Bilməyirəm adını mən səndəki yerimin,
Ürəyində örtmüsən üstünü izlərimin.
Nolar, ağlatma məni, axı bu gözlərimin
Qəlbimə çökür təri…
Kiməsə baxıb heç vaxt “mənə şükür” demirəm,
Sənə acıq gəlməsin, bəxtimi pisləmirəm.
Məni qınama Allah, mən olmaq istəmirəm,
Heç kəsin şükür yeri…
16 mart 2024

Qaranlıq…
Yenə tənha otaqda bu qaranlıq içində
Min parçaya bölünmüş kimi tapdım özümü.
Nə qıranda günah var, nə qaranlıq gecədə,
Qaranlıqda qalmağa öyrətmişəm gözümü…
Çoxluğa yadlaşandan təkliyə doğmalaşdım,
Allaha şərik çıxmaq istəmirəm yenə də.
Hamı bildiyin edir, qınamıram heç kəsi,
Mən daha söz demirəm bəxtimə də, sənə də.
Yığıram dağıldığım yerdən bir-bir özümü,
Qəlbimin qırıqların qoymağa yer tapmıram.
Mən səndən incimirəm, amma and içmə bir də,
Dilinlə əməlini nədənsə bir tapmıram…
Gözümdən səpələnən hər zərrəni süpürdüm,
Ürəyim toz deyil ki xalı altda gizlədim…
Aydınlığı sevmirəm, işıq düşür üzümə,
Özümü gizləməkçün qaranlığı gözlədim…
Məni daha çox incit, inciməyi sevirəm,
İncit ki, şeir yazım hər gecə şərəfinə…
Hər qəlbin bir görünən görünməyən üzü var,
Sən də düşdün qəlbimin qaranlıq tərəfinə…
13 mart 2024

Zalım…
Mən də elə bilirdim yaxşısı yoxdu məndən,
Sən ömrümə girəndən çıxardın məni dindən.
Sən demə elə sənə “hər şeyim” deyən gündən
Mən özüm bir heçmişəm…
Mən səni ürəyimin qoydum elə yerinə
Sınma mənim içimdə, batarsan ən dərinə…
Hər gecə rahat-rahat oturub çay yerinə
Həsrətini içmişəm…
İçimə atdıqların olsa da yığın-yığın,
Yenə nə dərdin olsa, çəkinmə, mənə sığın.
Heç mən də bilməyirdim, gecənin uzunluğun
Göz yaşımla ölçmüşəm…
Demə mənsiz yıxılar, demə göz yaşı tökər,
Nə sən Allah deyilsən, nə mən eşqinə nökər.
Bu da keçər, bilirsən kim nə çəkdirib çəkər,
Mən nələrdən keçmişəm…
Heç soruşma necəyəm, neyləyirsən halımı?!
Bilsəm belə olacaq, dəyişərdim yolumu…
Mənə “sev” deməmisən, sənin kimi zalımı
Sevməyi mən seçmişəm…
9 mart 2024

Olmasa…
Boynuma bu qədər yük bəlkə də qoymazdılar,
Mənə verilən işi yarıtmağım olmasa…
Bilirəm hamı kimi məni də saymazdılar,
Od tutan misraları yaratmağım olmasa…
Bir toplasam yerinə yüz qatı çıxılardı,
Nədənsə az olanlar gözümdə çoxalardı…
Mənim də qabağımda imkanım çox olardı,
Həmişə imkansıza can atmağım olmasa…
Bu həyat nağılında biri yox, biri vardı,
Kim deyir ki ardı var, inanma, yoxdu ardı.
Mənim də xəyallarım başıma yıxılardı,
Özümü bu yuxudan ayıltmağım olmasa…
Gəlib sənə çıxırdı yolarımın hər biri,
İndi qabaqda idim çəkilsə idim geri…
Mən sənə inanardım, qalmazdı şübhə yeri,
Sən getdiyin yolları qayıtmağım olmasa…
De ki məni sevmədi, yalan danış adımdan,
Guya sənə nə qalıb ürəyimin odundan.
Bax, görürsən əzizim, sən də çıxdın yadımdan,
Mən çox yaxşı adamam unutmağım olmasa…
29 fevral 2024

Sınaq…
Sınayacam deməyir Yaradan sınayanda,
Gördüm ki, kimsə görmür ürəyim qanayanda…
Səhvim bunda oldu ki, el məni qınayanda
Qınamadım qınağı…
Doğmalar yara olur ad salır ürəyimə,
Quru bir təsəllini yad salır ürəyimə.
Həsrət qapımı döyür, od salır ürəyimə,
Sevmirəm bu qonağı…
“Hər kəs”ə çevirəndə sevdiyin hər bir kəsi,
Daha gözündə olmur nə yaxşısı, nə pisi.
Canım elə yandı ki, göz yaşımın istisi
Yara etdi yanağı…
Təbəssümüm üzümdə gah gül açıb, gah solub,
Otağıma soyuq yox, ürəyimə “sən” dolub.
Mən necə inandırım, səni sevəndən olub
Gözlərim qan çanağı…
Yalan deyə bilmərəm, sən yoxsan yenə varam,
Demirəm sızıldamır, bəzən göynəyir yaram…
Mən kimsəsiz deyiləm, Allaha sığınaram
Keçərəm bu sınağı…

Çər…
Niyyətim yox özümü yalan-yalnış tanıdam,
Ağlımı itirmədim keçmişimi unudam.
Sevməkdən elə qorxdum, indi ən qorxaq adam
Qabağımda nər olur…
Özüm yıxılmışamsa necə ağlayım bərkdən?
Daha səbrim qalmayıb, sən gəl ki, düşüm şəkdən.
Nə qədər dözür-dözsün, hər ürək gözləməkdən
Əvvəl-axır çər olur…
Qırılan ürək olar, göz yaşları səs edər,
Sevmədiyin nə varsa ən sevdiyin kəs edər…
Xeyrini istəmirəm, ziyan vermə bəs edər,
Sənin xeyrin şər olur…
Qəlbimi ələ aldın üzümə gülə-gülə,
Haçan ağladacaqsan öncədən xəbər elə.
Mən sən kimi deyiləm, ürəyimdəki ilə
Dilimdəki bir olur…
Ürəyə sevdiyi yox, şübhələr sarılanda,
Daha dönüşü olmur sarı sim qırılanda.
Özümlə bacarmıram, ürəyim yorulanda
Kirpiklərim tər olur…
Elə şirin yatır ki, səbrimi yığa-yığa
Ürəyim gəlmir daha bəxtimi oyatmağa.
Niyə axı həmişə qaçdığım yer çatmağa
Çalışdığım yer olur?..
6 mart 2024

Dəvətsiz qonaq…
Mənim bəxtimdə iş var, bilirəm sənlik deyil,
Bir dəfə gülə-gülə olmamısan qonağım.
Gecələr işıq yanan evimdə şənlik deyil,
Göz yaşı döyə-döyə yara olub yanağım…
Döndərərək bir daşa içimdəki bu dağı
Gecənin bir yarısı kimin qapısın döyüm?
Ola da bilmirəm ki öz-özümün qonağı,
Ruhum paramparçadı, sözlərim düyüm-düyüm…
Ətrafımda qalmayıb canlı olan nə isə,
Bu otaqda bir mənəm, bir stuldu, bir masa.
Mən öz qəlbimdən başqa qırmamışam nəyisə,
Mənim qırdıqlarımı sən qırma heç olmasa…
Hələ də anlamıram, ürəyimə, ruhuma
Niyə uzaq olanlar ən yaxın kəsdi mənə.
Mənim özümdən də çox sən yaxınsan ahıma,
Alma daha əzizim aldığın bəsdi mənə…
Qapıdan qaytarıram qəlbimə girənləri,
Qorxmuram haqlı-haqsız edilən qınaqlardan.
Mən heç vaxt sevməmişəm xəbərsiz gələnləri,
Bircə səni sevirəm dəvətsiz qonaqlardan…
9 fevral 2024

Girmə mənim qəlbimə…
Əvvəl ümid verərsən,
Sonra xəyal qurarsan…
Girmə mənim qəlbimə,
Sən də onu qırarsan…
Girmə mənim qəlbimə
Ay imansız, ay dinsiz.
Alışdırma özünə,
Qala bilmərəm sənsiz.
Mən eşqə tövbə etdim,
Eşqin mənə etmədi.
Qovdum, yenə xəyalın
Gözlərimdən getmədi.
Girmə mənim qəlbimə
Sonra çətin çıxasan.
Qoyma sənə şans verim
Ürəyimi yıxasan…
Bax, ayaq üstündəyəm,
Gülürəm az da olsa.
Onu da itirərəm,
Qəlbim əlinə qalsa…
Sən uzaqsan, mən uzaq,
Allah qarışmaz bizə…
Küsmə məndən əzizim,
Küslük yaraşmaz bizə.
Yol yaxınkən ayrılaq,
Qoy unudum üzünü.
Bilirəm ki gülərsən
Desəm əgər düzünü…
Mən onsuz da səninçün
Bilmədiyin qəzəldim.
Girmə mənim qəlbimə,
Bəlkə bir gün düzəldim…
9 fevral 2024

Fəqan…
Bil ki, bu fəqanın dinən günü var
Yanğının ürəkdə sönən günü var.
Səbr elə, fələyin dönən günü var,
Yaxşı da, yaman da fələkdə batmaz…
Yenə sən, yenə mən, yenə bir seçim,
Səndən keçmirəmsə özümdən keçim.
Əliylə çox tikan çıxardı içim,
Nə üçün bir səni qoparıb atmaz?
Gedən də mən oldum, bağı kəsən də,
Mənim haqqımmı var səndən küsəm də.
Nə qədər “səninlə olmaz” desəm də
Səndən başqası da könlümə yatmaz…
Neyləyim, mən sənə necə tutum kin?
Yuxumda qonaqsan, qəlbimdə sakin.
Səni unudardım içimdə, lakin
Ağıl unudanı ürək unutmaz…
Boş qalıb qəlbimdə hələ də yerin,
Nə edim, xətri var məndə illərin.
Bəlkə əllərimə çatar əllərin,
Mənimsə əllərim əlini tutmaz…
Gördün mənim kimi hər gecə təksən,
Ağla, hiss edərəm göz yaşı töksən.
Min nalə eləsən, min ah da çəksən
Mənim elədiyim fəqana çatmaz…
8 fevral 2024

Amerikanın qardaşı…
Ey bu böyük ölkənin sənəddə “vətəndaşı”,
Sən ki, ola bilmədin bu Vətənin bir daşı…
Bu qürbət düşkünlüyü hardan hopub canına?
Avropanın dostusan, Amerikanın qardaşı…
Bu tənha küçələri bir də izdihamda gör,
Bir bədənlik tabutda, bir qəbirlik qumda gör.
Hər şəhidin bir ovuc torpağı da Vətəndi,
Belə görə bilmirsən, gözlərini yum da gör…
Bu dil uzatmağından bir dəfə keç olmasa,
Əlini vicdanına bir uzat heç olmasa.
Yeri səngər deyilsə köksündəki ürəyin,
Cəbhənin arxasında susmağı seç olmasa…
Güllə səsi yağışın səsi deyil xoş gələ,
Xoş gün üçün meydana gərək neçə baş gələ…
Kaş igidlər, ərənlər, nər oğullar yerinə
Düşmənin gülləsinə xəyanətkar tuş gələ…
Məndə silah tutmağa olsa idi ixtiyar,
Heç olmadığım qədər olacaqdım bəxtiyar.
Əsgərlikdən qaçanı hər çağırış “tutanda”
Ona cəhənnəm gəlir cənnət olan bu diyar…
Mən Vətənin həm qızı, həm də ki bir oğluyam,
Kim də bağlı olmasa, mən vətənə bağlıyam!
Parçalanmış içimdə bir Vətənim bütövdür,
Şuşalıyam, talışam, aranlıyam, dağlıyam!
20 sentyabr 2023

Şəhid ayı…
Mən on iki ay deyil, qoy on bir ay yaşayım,
İstəmirəm bir ayı, istəmirəm gəlməsin!
Sentiyabr silinsin təqvimdən, eşitməyək
Sentyabr ayında “şəhidin var” kəlməsin!
Neyləmişik biz sənə, denən də neyləmişik?
Niyə cəllad olmusan, qəsdimizə durmusan?
Biz almaqdan yorulduq şəhid xəbərlərini…
Sən xəbər gətirməkdən de heçmi yorulmusan?
Biz səni necə sevək? Sevə bilmirik axı,
Millətimin gözündə saralmısan, solmusan.
“Sentyabr” deməzlər daha sənin adına,
Sən mənim millətimçün “Şəhid ayı” olmusan…
Qurban olum, gəlmə də, gəlmə, nə mənası var?!
Göylərin əvəzinə gözlərimiz ağlayır…
Axı hardan biləsən, analar toy lentini
Qapıların yerinə baş daşına bağlayır…
Axı hardan biləsən dağ boyda dərdimizi?!
Sən yetim qalmamısan, oğul itirməmisən…
Kim ki ata gözləyir, onları atasının
Məzarının üstünə hələ gətirməmisən…
Şəhid yarı deyilsən, sənə “dul” da deməzlər,
Nə kiməsə atasan, nə kiminsə anası.
Bu qədər ağlatmısan, yetmədimi sənə? Get!
Get ki, hələ çoxunun var səngərdə balası…

ŞEİRLƏRİN MÜƏLLİFİ: AYTƏKİN ƏZİZ

Tədim etdi: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

AYTƏKİN ƏZİZİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir