“Vətən torpağını sıxdın köksünə”… – Zemfira MƏHƏRRƏMLİ

“Vətən torpağını sıxdın köksünə”

(Arzu Nehrəmlinin Qarabağ şeirləri üzərinə)

Qanlı vuruşlar, sinələrə dağ çəkən savaşlar dünyanın harasında baş verməsindən asılı olmayaraq, insanların həyatını, xoş güzəranını əlindən alır, arzu və istəklərinin üstündən qara xətt çəkir. Hərb qovğaları şəhər və kəndləri viran qoyur, yurd yerləri doğmaların hənirtisinə həsrət qalır. Nahaq demirlər ki, müharibə qandır, qadadır. Müharibə – oğlu şəhid olmuş anadır, dul gəlindir, kimsəsiz, yetim qalmış uşaqlardır… Deməli, dəhşətli savaşlar düçar etdiyi iztirabları, fəlakətləriylə bütün xalqlar üçün eynidir.

Birinci Qarabağ müharibəsi illərində, həm də ucu-bucağı görünməyən sonrakı ağır, üzüntülü dövrdə savaş mövzusuna müraciət edən qələm sahiblərinin mənfur düşmənə nifrətlə yazdığı ədəbi-bədii nümunələrdə vətənpərvərlik ideyası, yurd sevgisi, xalqımızın erməni işğalçılara qarşı bitib-tükənməyən mübarizə əzmi önə çəkilib. Tanınmış şair, nasir, publisist Arzu Nehrəmlinin poeziya və nəsr nümunələrində olduğu kimi.

Arzu Kazım qızı Nehrəmli Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub, bu kənddəki orta məktəbi əla qiymətlərlə bitirib. Üzləşdiyimiz qanlı müharibə gənc Arzunun da ömürnaməsində ağır izlər qoyub. Yenicə qurulan ailənin taleyinə  qəm buludu çöküb. 1992-ci ildə həyat yoldaşı, hərbi təyyarəçi, baş leytenant Yusif Vəliyevin idarə etdiyi döyüş maşını səmada düşmən mərmilərinə tuş gəlib. O,Vətənimizin azadlığı və bütövlüyü uğrunda qəhrəmancasına həlak olub, şəhadətə yüksəlib. 22 yaşlı Arzu xanım doqquzaylıq körpə qızı Zübeydəyə həm ana, həm də ata olub. Arzu Nehrəmlinin şəxsi taleyi milli dövlətçilik tariximizin bir parçası kimi diqqətçəkəndir. Şəhid xanımı həyatında üzləşdiyi bütün ağrı-acılara sinə gərib. Erkən gəncliyindən daim özünütəsdiqə can atıb, Bakı Dövlət Universitetində bakalavr, magistr və doktorantura təhsili alıb. Tarix üzrə fəlsəfə doktorudur. Kitab mədəniyyəti tariximizdən bəhs edən tədqiqatı ilə bağlı monoqrafiyanın, çoxsaylı elmi və publisistik məqalənin müəllifidir, 50-dən çox şeirinə musiqi bəstələnib.

O, həm də tanınmış idmançıdır, hələ uşaq yaşlarından idmanın basketbol və yüngül atletika növləri ilə məşğul olub. Naxçıvan diyarının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb. Hazırda marafon qaçışı ilə məşğuldur.

Hələ orta məktəbdə oxuduğu illərdə ədəbiyyata həvəs göstərir, ilk şeirləri qəzetlərdə dərc edilirdi. Ömrünə-gününə yazılan kədərli hadisədən, sevdiyi insanı itirəndən sonra yaradıcılığında hüznlü əhval-ruhiyyə daha qabarıq görünürdü. 1997-ci ildə Arzunun “Əbədi sevgi” adlı ilk kitabı işıq üzü gördü və ədəbi cameənin marağına səbəb oldu. Gənc şairin poetik nümunələri barədə müsbət rəylər, resenziyalar yazılmışdı. “Tənha qu nəğməsi” və “Unutmağı öyrənirəm” adlı kitablarında da, elə adından göründüyü kimi, həsrət, hicran dolu şeirlər yer almışdı. Arzunun kədər, qüssə yükü çox ağırdı, lap ölümdən də betərdi. Amma nə qəm! Ürəyində uzun illərin nisgilini, iztirabını yaşadan bu qadının dağlar boyda qürur duyğusu, fəxr-fəxarət hissi də heç vaxt öləzimədi. “Vətən yolunda canını verənlər ölməzliyin zirvəsində dayanırlar” fikrindən bir an daşınmadı. Vətənin dərdini öz dərdi bildi. Vaxtilə yaralı qartaltək çırpınan Qarabağımız, param-parça olub düşmən tapdağında qalan Vətən torpağında qanı selə dönən əliyalın soydaşlarımızın ah-naləsi, igidliyi ilə öyündüyümüz oğul və qızlarımızın rəşadəti var.” Arzunun bir şeirində deyildiyi kimi:

Sənə dəyən, mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir?

Yüz ildir, min ildir xəstənəm, Vətən.

Bağın, bağçaların dad gəzən yerdə

Necə çiçək açsın yad gəzən yerdə?

Kül altda ocağın od gəzən yerdə

Boğulum, kor olum tüstünə, Vətən.

Bu torpaqda həm də gənc yazar xanımın sevdiyi igidin, körpə qızının atası Yusifin, eləcə də yüzlərcə şəhidimizin ruhuna sayğı, bitib-tükənməyən hörmət var. Ən əsası, yurd yerlərimizi işğal zülmündən qurtarmağa çağırış var. Üzləşdiyimiz bəlaya laqeyd qalmayan Vətən qızının hay-harayı var:

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən!

“Səni belə görən Arzu neyləsin, dərd gəlib dərdinin üstünə, Vətən,” – deyən şair öz iztirabını doğma məmləkətinin qüssə-kədərindən aralı tutmur. Arzunun bu qəbildən olan şeirlərində yurdu sevmək və göz bəbəyi kimi qorumaq borcunun müqəddəsliyini, əzəliliyini, sanki and içdirmək missiyası var. Budur, müəllifin ən böyük uğuru! Uğurlarında dözümünün, iradəsinin və daha çox da ürəyinin payı var. “Yoluna davam et, uğur, ürəyim” şeirində olduğu kimi:

Elədən-beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

Xanım yazar şəhadətə yüksəlmiş igid sevgilisini heç vəchlə unuda bilmir, torpaqlarımızın azadlığı, bütövlüyü naminə oddan-alovdan keçən, son nəfəsinədək döyüşüb canını doğma yurduna fəda edən Yusifi fəxrlə qəhrəmanlıq eposlarımızın məşhur isimlərinə bənzədir:

Çox erkən tələsdin nağıl olmağa,

Ay mənim qanadlı, ağ atlı gülüm.

Hələ gün doğmamış məsum üzümü,

Günaha batmamış ağartdın, gülüm.

Səni yola saldım yaz səhərində,

Müqəddəs naməyə döndün sonunda.

Dədəm qopuzunda, şah əsərində,

Xan Qazan, Dəli Domrul, Basatdın, gülüm.

Arzu Nehrəmli, sözün əsl mənasında, əndişəli, narahat dünyanın narahat adamıdır. Sən demə, həm də tale adlı yazı varmış. O, bəxtinə düşən alın yazısı ilə barışmasa da, taleyindən qaça bilmir. Şairin yaşadığı narahat ömür onun misralarından bəllidir. “Bəxtim, uduzmuşam səni” şeirində oxuyuruq:

Bəxtim, hələ çocuk ikən,

Oynayıb cızmışam səni.

Alnımdaca açıq ikən,

Karıxıb pozmuşam səni.

Ömrünün hər anı nahamar, enişli-yoxuşlu olan şairin əzablı tale ilə dialoqu, həm də savaşı bu gün də davam edir:

Qınamışam çoxu kimi,

Varmı kimi, yoxmu kimi,

Bir gecəlik yuxu kimi

Görməmiş, yozmuşam səni.

Haqqı-sayın da boynumda,

Böyümədi heç boyun da,

Bəxtim, tale oyununda

Artıq uduzmuşam səni.

Şəhid olmuş həyat yoldaşının ölüm xəbərini göylərdən aldığı üçün daim göylərlə əlləşən, mavi səmanı müqəddəs məkan bilən Arzu ölümü qınamır, qovuşmaq üçün ölməyə də razıdır:

Hər kəs üz tutduğu yerdəsən, gəlmə!

İnam yeri də sən, Pir də sən, gəlmə!

Harayla, mən gəlim, bir də sən gəlmə,

Burası beşgünlük həyatdır, gülüm.

Arzu deyir ki, “Zübeydə dünyaya gələndə zaman yaman qarışmışdı. Müharibə bütün həyatımızı çulğalamışdı. Qarabağ savaşının qaldırdığı tozanaq qarşıdakı üfüqləri də görünməz etmişdi. Gələcək aydın görünmürdü, sabahımızın necə olacağı bəlli deyildi. O qarışıq günlərin, qanlı müharibənin amansız güllələrindən biri də mənim ömrümə, qismətimə, taleyimə dəydi. Taleyimi parça-parça edən mərmilər balamın da uşaqlıq xəyallarını yaraladı”.

Xanım yazar dünyanın başına uçduğu, könlünü ovutmağa bütün təsəllilərin aciz olduğu o müdhiş günlərdə bu kövrək misraları qələmə almışdı:

Ehtiyatla tumar çəkin,

ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz…

Ətrafdakı tumarsızlar,

bu tumara gümansızlar

görə bilər bu səhnəni.

Sınıq-sınıq, düyün-düyün,

param-parça o telləri sızlatmayın,

O tellərin yiyəsini için-için ağlatmayın!

Tarixin ən burulğanlı çağında gözünü dünyaya açan qızcığaz isə atasının – şəhid olmuş hərbi təyyarəçi Yusif Vəliyevin uğrunda canından keçdiyi doğma  Vətən sevgisi ilə böyüdü, yaşa doldu. “Arzu gəzər məzar-məzar, ümid tapar, gün qazanar” söyləyən nisgilli ananın nəsihətləri ilə pərvaz elədi:

Bəri gəl, can bala, öp bu heykəli,

O sənin atandır, daşlaşıb burda.

Daş olub gözlərdə, qəlblərdə isə

Yüksəlib yenilməz ulu dağ boyda.

“Daşlaşmış heykəldir mərdliyin sonu” adlı şeirin bu misraları ana ürəyinin həm qüruru, həm də təsəllisidir. Şair məmləkətinə yiyə duran, yurd naminə canından keçən hər bir igidə üzünü tutub, ərənlərə “Vətən torpağını sıxdın köksünə, ürəyi yurd üçün dağılan insan” söyləyir.

Arzu Nehrəmli kədərlənəndə qüssənin içində özünü bəs deyincə boğan qadındır, anadır. Onun kövrək, həzin şeirləri, bəzən sərt, həqiqətin gözünə dik baxan söz yarağı bizi milli kimliyimizin, hafizəmizin unudulan məqamlarından agah edir, qəlbimizi sızladan ağrıları bir daha yada salır. Nə yaxşı ki, bu gün Vətənimizin bütövlüyünü bərpa etməyə qadir xalq kimi başımızı uca tutmaq bizə nəsib oldu. 44 günlük Zəfər savaşımızla haqq işimizi dünyaya bir daha çatdırdıq. Şükürlər olsun ki, biz bu möhtəşəm Qələbəyə “dəmir yumruğ”un gücü, xalq və ordu vəhdətinin qüdrəti, şəhidlərimizin və qazilərimizin əzəli torpaqlarımıza səpələnmiş al qanı bahasına nail olduq.

İlkin mənbə: /edebiyyatqazeti.az/

MÜƏLLİF: ZEMFİRA MƏHƏRRƏMLİ

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

ARZU NEHRƏMLİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAXŞI Kİ, SABAHLAR VAR.

YAXŞI Kİ, SABAHLAR VAR.

Universitetə ilk qədəm basdığım gün heç yadımdan çıxmaz. Rayondan gəlmişdim. Adi kənd məktəbini bitirən arıq qız idim. Həm də utancaq. Utancaqlığım əynimdən, başımdan , üzümdən , gözümdən tökülürdü. Elə bilirdim ki, yollar, binalar, adamlar, səkilər, göyərçinlər, maşınlar- hamısı mənə baxır. Saçlarımı yığıb gizlətmişdim sancağın altında. Çantam böyrümə qısılmışdı, özüm də atama. Balaca kəndimizdən sonra Bakı mənə o qədər böyük və ucsuz- bucaqsız görünürdü ki, hər an itəcəyimdən, azacağımdan ehtiyyat edirdim. Yolları , döngələri gözümə yığırdım ki, dönəndə çaşmayım. Ürəyim nigaran, baxışlarım ürkək, addımlarım qorxaq idi. Qarşıdakı beş il gözümə dağ durmuşdu. Kim yaşayacaqdı bu qoca zamanı? Hər şeyi buraxıb qaçmaq istəyirdim kəndimizəcən. Həm də bu mənim ilk böyük ayrılğım idi.Anamdan, elimdən, obamdan, sinif yoldaşlarımdan , rəfiqələrimdən , hətta ömründə bircə kərə belə kəlmə kəsmədiyim adamlardan ötrü də burnumun ucu göynəyirdi. Qoxusu burnumdaydı ağacların, yolların, çiçəklərin, kolların. Bir himə bənddim. . Tək bir söz, bir işarə lazım idi ki, ürəyimin həsrətini boşaldım bu nabələd şəhərin qucağına.
Birinci universitetin həyəti qarşıladı bizi, sonra qapısı, sonra pillələri, sonra dəhlizi, sonra auditoriyası. Tamam yad mühit, yad adamlar, yad divarlar, yad güzgülər. Sıxıldım. Yenə qaçmaq istədim. Uşaqlığım yadıma düşdü. Qucaqlamaq istədim yaddaşımı. Xəyalımdakı özümə sarılmaq istədim. Yazıqlaşdım. Burdakı tənhalığımdan tutub boş skamyaların birində oturdum. Sonra bir oğlan mənə yaxınlaşdı. Ömründə üzünü görmədiyim, səsini duymadığım bu gənc məndən yanımda oturmaqçun icazə istəyirdi.Duruxdum. Başımla razılıq verdim. Sonra auditoriyadakı uşaqlar bir- bir yanıma gəldi. Salamlaşdıq. Min ilin yaxını kimi. Qaynayıb qarışdıq. Unutdum tənhalığımı. Yiyəsiz deyildim bu şəhərdə artıq. Bu uşaqlara güvənə bilərdim. Güvəndim də. Baxdım ki, daha ağlamağım da gəlmir. Sonra bu şəhər də, universitet də elə şirinləşdi ki mənimçün.. . Daha bu şəhərdən, bu adamlardan, bu küçələrdən, döngələrdən, bu göyərçinlərdən, bu dənizdən qorxmurdum. İsinişdim yavaş-yavaş kirayə evimə də, divarlarına da , pəncərəsinə, qapısına da. . Şəhər hopdu üstümə, saçlarıma, baxışlarıma, ovuclarıma. Xəzərlə yudum həsrətimi . Metronun havasına alışdım. Stansiyaları yığdım baxışlarıma. Əzbərlədim addım-addım şəhəri. . Elə şəhər də öyrəşdi mənə deyəsən. Səsimə, saçlarıma, gözlərimə. Addımlarımı saydı yollar. Yorğunluğumu daşıdı avtobuslar, tramvaylar. Sığındım Bakıya, jurnalistikanın işıqlı auditoroyalarına. Burda qəribliyimizi , tənhalığımızı , kimsəsizliyimizi ovutduq bir -birimizin. Arxalanmağı, ayaq üstə durmağı, mübarizəni, udmağı, uduzmağı öyrətdilər bizə. Elə sevib sevilməyi də. Kənddən şəhərə yol ölçdü ayrılıqlar. Dörd təkərin üstündə daşıdım arzularımı. Gah küsdüm, gah barışdım özümlə. Sözün əlindən tutub yeridim sabaha sarı. Arzularım da, ümidlərim də mənlə yeridi. Göz açıb yumunca bitdi tələbəliyim. Kitab-kitab xatirələr qaldı yaddaşımda. Bir də rəngli-rəngli xəyallar. Təkcə universitet yox, elə bu şəhər, bu binalar, bu yollar da mənə o ki, var dərs keçdi. İtirə-itirə qazandım, qazana-qazana itirdim. Amma dayanmadım. Hərə öz bəxtindən baxdı dünyanın sevincinə, kədərinə. Ata , ana oldu dünənin uşaqları.
Sonra zamana allandıq. Unutqanlığı öyrətdi həyat bizə. Hərə bir tərəfdə vaxtı ölçdü. Bu günə, sabaha atdıq istəklərimizi. Bir də baxıb gördük ki, bahar çoxdan gedib. Əlimizdə, ovcumuzda olanlara şükr etdik yenə . Elə payıza da. Bu şəhər də bizimlə birgə xəzəlləşdi. Binalar yekəldi, sevgilər kiçildi. Arzular doğuldu, arzular tükəndi.Hər dəfə də ümidə sığındıq…
Yaxşı ki, sabahlar var…

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Zaur Ustac: – Aqillər yurdunun pir övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Rafael Hüseynov: – ÇİNGİZİN İŞIĞI

ÇİNGİZİN İŞIĞI

Narahat xəbər məni darıxdırdı, səhərədək bu nigaranlıqda qala bilməyəcəyimi hiss edərək elə gecə saatlarında Gömrük xəstəxanasındakı dostlarla əlaqə saxladım, Çingizin vəziyyətindən xəbər tutdum. Artıq təhlükənin sovuşduğunu, hər şeyin qaydaya düşdüyünü öyrənincə toxdadım və çox sevindim.
Sevinməyim yalnız ona görə deyil ki, mənə əziz olan bir insanı, dəyərli dostumu, qısa vaxt kəsiyində də olsa, incitmiş nigaranlıq artıq arxada qalmışdı.
Hər insan kimi Çingizin də ailəsi, qohum-əqrəbası, yaxınları, dostları, sevənləri var, həm də az deyil, təbii ki, onlar istəklilərinin həmişə sağlam, gümrah, hər zamankı kimi şux, güclü olmasını qəlbən istəyirlər. Ancaq Çingiz Abdullayev yalnız bir ailənin başçısı, bir nəslin seçilmişi, nə qədər geniş olsa belə, yalnız müəyyən dostlar, yaxınlar, rəğbət bəsləyənlər dairəsinin Çingizi deyil axı!
Çingiz Azərbaycanın milli sərvəti olan bir şəxsiyyətdir.
Çingiz Pərvərdigarın bu yurda və xalqa nəsib elədiyi İşıqlardandır.
Azərbaycanı və xalqımızı qələmiylə, istedadı ilə dünyada daha artıq tanıdıb şöhrətləndirən, bu xalqın istedadının dünyaya görünən rəmzi olan Vətən Övladıdır.
Ədəbiyyatımızın azı son min-min beş yüz illik yolunu mən yaxşı bilirəm, peşəkarcasına bilirəm.
Bu iri zaman kəsiyində bizim dünyanı fəth edən, dünya boyunca Çingiz qədər tərcümə edilən, Çingiz qədər nəşr edilən ikinci ədibimiz yoxdur.
Bu göstəricilərlə Çingiz Abdullayev hətta ən qüdrətli klassiklərimizi də xeyli geridə qoyub.
Çingiz nə Nizami Gəncəvidir, nə Məhəmməd Füzulidir, nə Mirzə Fətəli, nə Mirzə Cəlil, nə Caviddir… Amma Çingiz də Çingizdir!
O, ədəbiyyat tariximizə öz pozulmaz imzasını atıb və zaman keçdikcə bu yaradıcılığa da, bu şəxsiyyətə də indikindən daha dəqiq, daha ədalətli, daha qərəzsiz və yüksək qiymət veriləcəkdir.
Çingiz sadəcə yazmayıb, fədakarlıqla işləyib, qələmin aşiqi və fəhləsi kimi çalışıb, dünyaya da car çəkməyib ki, məni oxuyun, məni bəyənin, mənim hər təzə əsərimi gözləyin, arayın.
Çingiz yazıb, istedadla yazıb, ustaca yazıb və sanki bütün deyilmişlərin deyilib qurtardığı, sanki bütün heyrətləndirəbilmələrin tükəndiyi bir meydanda – dünya detektivində bu bənzətmə nə qədər yıpranmış səslənsə də, bu yerə məhz həmin metafora yaraşır – şimşək kimi parlayıb.
Dünya, ən müxtəlif xalqlar, ən fərqli dillərdə danışan milyonlarla insan o işığı görüb, duyub, qiymətləndirib və nəticədə bu Azərbaycan yazışısı bir xalqın, bir reüspublikanın yazıçısı olmaq çıərçivəsindən çıxaraq dünya orbitinə dikəlib.
Təsəvvür edin bu şöhrəti qazanan bir azərbaycanlı deyil, bir ermənidir, gürcüdür, tacikdir, estondur, latışdır, belorusdur… yenəmi dodaqbüzənlərimiz sifət turşudacaqdılar.
Sevinin, qürurlanınkı bu birincilik, bu müstəsnalıq öz balamıza qismət olub!
Ha deyin Çingiz yazıçı deyil, ha bir az da qızışaraq baltanı kökündən vurun – iddia edin ki, detektiv heç ədəbiyyat deyil, ha deyin ki, guya onun heç bir əsərini oxumursunuz, bəyənmirsiniz.
Bütün dünya bəyənir! Bu Çingizin də, Azərbaycanın da bəsidir.
Öyünün, iftixar edin, qürrələnin ki, belə böyük Azərbaycanlımız var.
Əlbəttə, bu, dünyanın köhnə dərdlərindəndir.
Harada istedad varsa, hökmən küncdə-bucaqda onun paxıllığını çəkənlər, içərisini qurdlar gəmirənlər, badalaq vurmaq istəyənlər də var.
Harada istedad işığı parlayırsa, orda həndəvərdə hökmən yarasa xislətlilər də var.
Çingizə həsəd aparanlar nə Afrikadadır, nə Avstraliyada, nə Amerikada, nə də Asiya və Avropanın uzaq ölkələrində, şəhərlərində.
Nə qədər Çingiz işığı gözünü deşənlər varsa, hamısı buralardadır.
Yaraşarmı?!
Çingiz Abdullayev parlaq nasir, universal bilikli əsl intellektual, sadiq vətənpərvərdir.
Çingiz yalnız qələmi ilə deyil ağlı, cazibəsi, düşüncələrinin dərinliyi, dürüstlüyü, hədəfədəyənliyi və həmin fikirlərin hər kəsə çatan sərrast ifadəsi ilə ən nəhəng auditoriyaları ram etməyi bacarandır.
Bu millətin və yurdun maraqlarını köksünü irəli verərək tarixin sınaqlı anlarında necə ləyaqətlə müdafiə etdiyini, həmin sözlərin məhz nüfuz sahibi Çingiz Abdullayev dilindən qopduğu üçün səsləndiyi studiyada dinləyənlərin və yayıldığı yüz milyonları bürüyən tamaşaçı kütləsi tərəfindən necə yeyildiyini görmüşük, tarix bunu yadında saxlayıb.
Çılızlar, piyadalar, hikkəli dayazlar, ağcaqanad mahiyyətlilər, əqrəb xislətlilər açıqca və əl altdan Çingizin kölgəsini nə qədər qılınclayırlar!
Axı Allahın istedad nuru bağışladığı bir insana qarşı içərisində irin gəzdirmək elə İlahinin iradəsinə qarşı getməkdir.
Nə qədər zəhərləmək istəsəniz də Çingiz elə bu günlər içində olduğu kimi yenə şax dayanacaq, yenə sağlam olacaq və Tanrının qismət etdiyi padzəhr onu qoruyacaq, rəzillərsə, elə öz zəhərlərinə gömüləcəklər, öz irinlərində boğulacaqlar!
Çingiz və Çingizlərin işığına bu gün Azərbaycanın hər zaman olduğundan daha artıq ehtiyacı var.
Çingiz bu millətin o dəyərlərindəndir ki, onu gərək bütün millət qoruya.
Bəd nəfslərdən, ədalətsiz yanaşmalardan, bədxah həmlələrdən.
Çünki Çingiz özü dünya boyunca Azərbaycanımızı qoruyan, yüksəldən, öz işığı ilə işığımızı daha da artırandır.
Çingiz işığı həmişə gur olsun!
Yaşa, yarat, ucal, qardaş!

Müəllif: Rafael HÜSEYNOV,

Akademik.

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

 Рафаэль ГУСЕЙНОВ

ЧИНГИЗ АБДУЛЛАЕВ

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru