YAXŞI Kİ, SABAHLAR VAR.

YAXŞI Kİ, SABAHLAR VAR.

Universitetə ilk qədəm basdığım gün heç yadımdan çıxmaz. Rayondan gəlmişdim. Adi kənd məktəbini bitirən arıq qız idim. Həm də utancaq. Utancaqlığım əynimdən, başımdan , üzümdən , gözümdən tökülürdü. Elə bilirdim ki, yollar, binalar, adamlar, səkilər, göyərçinlər, maşınlar- hamısı mənə baxır. Saçlarımı yığıb gizlətmişdim sancağın altında. Çantam böyrümə qısılmışdı, özüm də atama. Balaca kəndimizdən sonra Bakı mənə o qədər böyük və ucsuz- bucaqsız görünürdü ki, hər an itəcəyimdən, azacağımdan ehtiyyat edirdim. Yolları , döngələri gözümə yığırdım ki, dönəndə çaşmayım. Ürəyim nigaran, baxışlarım ürkək, addımlarım qorxaq idi. Qarşıdakı beş il gözümə dağ durmuşdu. Kim yaşayacaqdı bu qoca zamanı? Hər şeyi buraxıb qaçmaq istəyirdim kəndimizəcən. Həm də bu mənim ilk böyük ayrılğım idi.Anamdan, elimdən, obamdan, sinif yoldaşlarımdan , rəfiqələrimdən , hətta ömründə bircə kərə belə kəlmə kəsmədiyim adamlardan ötrü də burnumun ucu göynəyirdi. Qoxusu burnumdaydı ağacların, yolların, çiçəklərin, kolların. Bir himə bənddim. . Tək bir söz, bir işarə lazım idi ki, ürəyimin həsrətini boşaldım bu nabələd şəhərin qucağına.
Birinci universitetin həyəti qarşıladı bizi, sonra qapısı, sonra pillələri, sonra dəhlizi, sonra auditoriyası. Tamam yad mühit, yad adamlar, yad divarlar, yad güzgülər. Sıxıldım. Yenə qaçmaq istədim. Uşaqlığım yadıma düşdü. Qucaqlamaq istədim yaddaşımı. Xəyalımdakı özümə sarılmaq istədim. Yazıqlaşdım. Burdakı tənhalığımdan tutub boş skamyaların birində oturdum. Sonra bir oğlan mənə yaxınlaşdı. Ömründə üzünü görmədiyim, səsini duymadığım bu gənc məndən yanımda oturmaqçun icazə istəyirdi.Duruxdum. Başımla razılıq verdim. Sonra auditoriyadakı uşaqlar bir- bir yanıma gəldi. Salamlaşdıq. Min ilin yaxını kimi. Qaynayıb qarışdıq. Unutdum tənhalığımı. Yiyəsiz deyildim bu şəhərdə artıq. Bu uşaqlara güvənə bilərdim. Güvəndim də. Baxdım ki, daha ağlamağım da gəlmir. Sonra bu şəhər də, universitet də elə şirinləşdi ki mənimçün.. . Daha bu şəhərdən, bu adamlardan, bu küçələrdən, döngələrdən, bu göyərçinlərdən, bu dənizdən qorxmurdum. İsinişdim yavaş-yavaş kirayə evimə də, divarlarına da , pəncərəsinə, qapısına da. . Şəhər hopdu üstümə, saçlarıma, baxışlarıma, ovuclarıma. Xəzərlə yudum həsrətimi . Metronun havasına alışdım. Stansiyaları yığdım baxışlarıma. Əzbərlədim addım-addım şəhəri. . Elə şəhər də öyrəşdi mənə deyəsən. Səsimə, saçlarıma, gözlərimə. Addımlarımı saydı yollar. Yorğunluğumu daşıdı avtobuslar, tramvaylar. Sığındım Bakıya, jurnalistikanın işıqlı auditoroyalarına. Burda qəribliyimizi , tənhalığımızı , kimsəsizliyimizi ovutduq bir -birimizin. Arxalanmağı, ayaq üstə durmağı, mübarizəni, udmağı, uduzmağı öyrətdilər bizə. Elə sevib sevilməyi də. Kənddən şəhərə yol ölçdü ayrılıqlar. Dörd təkərin üstündə daşıdım arzularımı. Gah küsdüm, gah barışdım özümlə. Sözün əlindən tutub yeridim sabaha sarı. Arzularım da, ümidlərim də mənlə yeridi. Göz açıb yumunca bitdi tələbəliyim. Kitab-kitab xatirələr qaldı yaddaşımda. Bir də rəngli-rəngli xəyallar. Təkcə universitet yox, elə bu şəhər, bu binalar, bu yollar da mənə o ki, var dərs keçdi. İtirə-itirə qazandım, qazana-qazana itirdim. Amma dayanmadım. Hərə öz bəxtindən baxdı dünyanın sevincinə, kədərinə. Ata , ana oldu dünənin uşaqları.
Sonra zamana allandıq. Unutqanlığı öyrətdi həyat bizə. Hərə bir tərəfdə vaxtı ölçdü. Bu günə, sabaha atdıq istəklərimizi. Bir də baxıb gördük ki, bahar çoxdan gedib. Əlimizdə, ovcumuzda olanlara şükr etdik yenə . Elə payıza da. Bu şəhər də bizimlə birgə xəzəlləşdi. Binalar yekəldi, sevgilər kiçildi. Arzular doğuldu, arzular tükəndi.Hər dəfə də ümidə sığındıq…
Yaxşı ki, sabahlar var…

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir