Aşıq Pəri məclisinin rəhbəri , istedadlı şair Pərvanə Zəngəzurlunu elə əvvəldən çox istəyirdim, indi daha çox istəyirəm. Çünki müharibədən sonra doğulduğum Cəbrayıl bölgəsini coğrafi ərazi kimi Qarabağdan qoparıb Zəngəzura qatdılar və mən də oldum zəngəzurlu, indi həm də Pərvanə xanımla yerli hesab olunuruq. Əlbəttə bu bu bir zarafatdır, amma onu çox istəməyimin əsas səbəbi doğulduğu Qafan rayonunun Acıbacı kəndinə olan sevgimdir, o kənddən üzüyuxarı dırmandıqca dağların zirvəsi bizim yaylaq yerlərimiz idi , alış – verişə də dağlardan atla enib qıjov axan dağ çayının sahili boyu binələnmiş , yaşıllıqlar içində üzən Acıbacıya gələrdik. Kəndin dükançısı da atamın qardaşlığı,dostu idi. Məktəb paltarlarını da bizə atam hər yay bu dükandan alardı. Kostyum, köynək, ayaqqabı , məktəb üçün lazım olan hər şeyi. Əsasən İrəvan istehsalı, bəzən də xarici ölkələrin geyimləri olurdu, deməyim odur ki keyyfiyətinə söz olmazdı.
Hər dəfə Pərvanə xanımın şeirlərini, onun Vətən duyğularını oxuduqca o möcüzə dağlar, yayda qar suyundan içib minbir rəngə çalan alyaşıl çəmənlər, əlvan yamaclar yadıma düşür. Pərvanə xanım da o əfsanə dağların, misilsiz gözəlliklərin, dişgöynədən buz bulaqların, zirvələrin heyrət rəmzi şəlalələrin ruhudur- şeiri, sözü ,nəfəsi, saza ürəkdən verdiyi könül çırpıntıları, yurda, torpağa, insana ,varlığa sədaqətilə …
Pərvanə xanımın doğum günüdür, istədim bir- iki kəlmə sözlə təbrik edib, ona cansağlığı arzulayım və deyim ki, biz o dağlara yenə qayıdacayıq.
Təbrikin ovqatına uyğun olmasa da Söz baxcasından bir şeirini seçdim, narahat dünyamızın ağrılı misraları ürəyimin döyüntülərinə oxşadı, keçə bilmədim..
Dünya
Doğma ana kimi öz qucağını,
Açdın neçə qıza,oğula,dünya.
Baş açan olmadı nə sirlərin var ,
Döndün əfsanəyə,nağıla dünya .
Çoxu unudaraq öz vicdanını,
Söküb uçurdular kəhkəşanını,
Oğul tökəcəkdi ata qanını
Söylə, gələrdimi ağıla ,dünya .
Çox cənnət guşəndə bayquş uladı,
Namərdlər köksündə ocaq qaladı.
Hərə bir tərəfdən soydu,taladı,
Sovruldun sağıla-sağıla dünya .
Səndə günah bildi kim çəkdi cəfa ,
Gah zalım dedilər ,gah da bivəfa .
Kimi ac,kimi də sürərək səfa ,
Aldandı şəkərə ,noğula dünya .
Açıldı güllələr,susdu vicdanlar,
Sinəni boyadı çox nahaq qanlar.
Pərvanə yalvarır,siz ey insanlar,
Amandır ,qoymayın dağıla dünya .
Hörmətlə: Fariz Çobanoğlu
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r