Elçin Mirzəbəyli: – Xatirələr güllələnib…

Xatirələr güllələnib
Son dəfə keçdiyin yerdə.
Təzə dərdlər pöhrələnib
Kəsdiyin, biçdiyin yerdən.


Ağrı kəsir şaxta kimi
Hər zərrəmdə buzu qalıb.
Qəlbim Urmu gölüdü, ey…
Suyu uçub, duzu qalıb.
Ümidimin köşəsində
Bir cüt yetim quzu qalıb…
Günlər qəssab bıçağıdı,
Qəlbim qurbangahdı daha.
O aldığın hava ki, var –
Hava deyil, ahdı daha.
Çıxıb gedim bu dünyadan,
Çıxıb gedim…
Vaxtdı daha…

Kirpiyimdə gün qarsıyır,
Bəbəyimdən an süzülür.
Sapı qaçıb…
Ömrümüzün
İlməsindən can süzülür…
Dan yeridi dualarım
Hər sözündən qan süzülür…
Ləpir-ləpir izin qalıb
Ovcumda…
içdiyin yerdə.


Bu gərdişi fələk salıb?
Şeytan salıb?
Mələk salıb?
Arzuların lələk salıb
Başımdan uçduğun yerdə…

İçinə çək son kəlməni –
Alovu yandırsın səni…
Get, Allah qaldırsın səni
Gözümdən düşdüyün yerdən.
Bakı, 03 avqust 2020-2023-cü il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir