Təranə Dəmir: – GÖY ADAMI

GÖY ADAMI

Siz Göy adamı ifadəsin eşitmisiz? Eşitməmisizsə, bu yazını oxuyun və görün ki, göy adamı necə olur? Özü də təpə-dırnaq . Yer günah yuvasıdı onunçun. Suyu günah, havası, dəni, işığı–hamısı kirlidi. Balaca da olsa hər şeydə günah var Yer üzündə. Günahkar da özümüzük. Onunçun göy üzü ən mübhəm, bakirə duyğuların məkanıdı. Sözün qanadında ruhu tez-tez göylərə uçur və paklanıb, durulub geri dönür. Ayı, ulduzu , buludları, səmanı özünə dost seçib deyə ürəyi rahatdı bir az. Qaldan, qeybətdən, paxıllıqdan uzaq bir dünyası var. Yurdu , yuvasıdı Göy . Yeri rahatdı yəni. Ürəyinin, ruhunun qapılarını hər adama açmaz. Heç özü də hər qapını döyməz. Şeirlərini pıçıldayar, səsə salmaz. Özünü öyməz, yazar sadəcə. Ürəyindən nə gəlirsə, Tanrı nə göndərirsə onu. Bir sözlə razıdı göyündən. Alqışı da şeirdi, qarğışı da. Qarğışı da alqışa bənzəyir. Uzaqbaşı “Mənim yaşıma çatasan” -deyər bir kəlmə. Vəssalam. Ürəyi gəlməz uzağa getməyə.
Heç kimdən gözükölgəli deyil. Ona görə yerişi də amiranədi. Polis polkovnikidi axı. Qanunlardan kənara çıxmağı sevməz. Elə sözü də qanundu onun. Ona görə sözü də qəlibdə saxlayar. Burda da qanunları, sədləri keçməz. Qafiyəbaz deyil. Qafiyə onu axtarıb tapır. Bu sarıdan kökünə bağlıdı. Ona görə də qol-budaq atıb. Sözü ilə işi birdi. Fəxrəddin Teyyubu deyirəm. Sözünün ağası şair Fəxrəddin Teyyubdu bu günkü qəhrəmanım. Onun sözünə ikinci sığalımdı mənim bu yazı. Tərifi çox sevmir deyə elə duyduqlarımı qələmə alıram . Bir də şairi şairdən gözəl kim duyar, tanıyar axı? Şairlər özlərini sözlərilə ələ verirlər. Onları tanımaqçun bircə misrasından tutmaq kifayətdi. Ağrıları , acıları, həsrəti , sevgisi, nifrəti, arzusu, ümidi -hamısı gizlənib o bircə misranın arxasında. Görmək, duymaq lazımdı sadəcə. Bir sözlə sözün ucundan tut, qaldırsın səni göyün yeddinci qatına. Çox hikmət var sözdə. Fəxrəddin Teyyub da sözüylə adamı göylərə qaldıran şairdi. Onun bioloji yaşında payız qışla savaşdadı. Ruhunun yaşı isə hələ bahardadı. Cismi ilə ruhu bir -biriylə yollaşa bilmir. Ruhunu cisminə geyindirə bilmir Fəxrəddin Teyyub. Dar gəlir. Neynəsə də əynindən çıxıb qaçır o çox sevdiyi göylərə. Qoşulur aya, ulduza, günəşə, səmaya. Dayanır Tanrısıyla üz -üzə. Cismi də yerdə tozla, torpaqla, otla, çayırla, yağışla, qarla əlləşir. Yazıq qalır ruhun dalınca baxa-baxa. Bu tərsmütənasiblikdə şair yorulur, inciyir ancaq dayanmır. Gözü dünya malında yoxdu. Bircə hörmətin, sevginin, qayğının, diqqətin acıdı. Hamını dinləyər, özü susar. Dərdini anlatmaz. Yükünü özü çəkməyə alışıb. Kimsə içindəki təlatümü görməz .Ruhunu kimsəyə əmanət etməz axı, bircə Tanrıdan başqa. Dost sözünə axıracan sadiq qalanlardandı . Küsməyi də şeir yazanacandı. Söz doğulan kimi ürəyindən tikan çıxar. Sözlə yaralanar, sözlə sarınar.
Mənim Fəxrəddin Teyyubla dostluğumun yaşı elə də çox deyil. İki il ola, ya olmaya. Ümumiyyətlə elə də çox dostum yoxdu axı. Bircə ovucun içinə sığacaq qədər. Kiminsə dostu olmaqdan da qorxmuşam ömür boyu. Bu boyda ağır yükün altına girmək hünər tələb edir axı adamdan. Deyilənə görə hünərliyəm. Bəlkə də…Bilmirəm.. Ömür boyu dostum daş, divar, qapı, pəncərə olub. Məhkumiyyətim azadlığımdı. Azadlığımın içinə sığacaq qədər dostum, yaxınım var.
Fəxrəddin Teyyubla aramızda bir fəsillik yol olsa da ruh yaşımız eynidi. Bahardayıq ikimiz də. Ruhumuzun götürdüyü yerə ayaqlarımız getməsə də ürəyimiz gedir. Ürəklə ” dostumdu” -deyə bildiklərimdəndi. Ərkim çatan qədər doğmayıq yəni. Saatlarla söhbət edirik. Sözdən, ədəbiyyatdan, yaradıcı adamlardan, dünyasını dəyişən ustadlarımızdan, klassiklərimizdən. Dünya ədəbiyyatına da baş vurduğumuz zamanlar az olmur. Heç kimin haqqına girmədən, heç kimin sözünə toxunmadan . Rəngsiz, boyasız fikirlərimizin işığında fikirləşirik ki, görən bütün yazarlar da bizim kimi görə bilirmi dünyanı? Aydın, ləkəsiz, rəngli…Kaş.. Bəlkə də.. Ola bilər…
Saatlarla danışığımızın sonunda yenə yarımçıq qalırıq. Sözdən doymaq olarmı?
Bəlkə də heç kim bilmir ki, Fəxrəddin Teyyub daim düşünür, axtarışdadı. Özü deməsə də bilirəm. Günün bütün saatlarında şeir havasındadı. Yazır, pozur, bir də yazır. Ta ki ürəyi soyuyanacan. Axırda da nə özündən razı qalır, nə sözündən. Hər gün nəsə tapır. Sevinir uşaq kimi. Sonra yazır. Bir də, bir də…Onunçun ağac, yarpaq, xəzəl, külək, yağış, torpaq-hamısı şeirdi. Bəlkə də ən yaxın dostları da onlardı. Şair gözlə görünən, toxunduğu hər şeyi dilləndirə bilir. Daşı da, qayanı da, dənizi də, buludu da…..Etdiyi yaxşılığı unudur. Ona edilən yaxşılığısa heç vaxt unutmaz.
Rahatlığı yoxdu. Həmişə narahatdı. Ata narahatlığı, övlad, yar, dost, qardaş, yoldaş narahatlığı var həmişə. Nəsə gəzir. Bəzən heç özü də nə istədiyini bilmir. Bu yaşında da anasını axtarır Fəxrəddin Teyyub. Uşaqlaşmaq, saflaşmaq, ovunmaq, yaşamaq üçün. Bir də görürsən bu həsrətin içində gözəl bir şeir dünyaya gəldi. Özü də şairin ürəyinə , sevgisinə , göz yaşına bələnmiş şeir..Gəl bu şeiri sevmə indi…
Darıxanda, özünə çəkiləndə təptəzə , işıqlı, tərtəmiz bir şeirlə dönür geri şair. Çox az hallarda ürəkdən gülür. Boğazdan yuxarı gülüşünü tanıyıram axı. Üzünə vurmuram… Utancaqdı…
Bağlı boxçadı ürəyi. Qıfılı özündədi. Özü küsər, özü də barışar…Kini yoxdu. Heç düşməninə də. Görəsən Fəxdəddin Teyyubun düşməni var? Maraqlıdı. İnanmıram. Amma onu sözünə, özünə rəqib bilənlər həddindən artıq çoxdu. Qoy olsun. Bu da bir uğurdu.
Dünyaya gəlişi ərəfəsində nəsə hədiyyə etmək istədim şairə. Bildim ki, o məndən ancaq söz istəyir bu günündə . Onunçun sözdən dəyərli heç nə yoxdu. Axı sözə əbədi vurğundu. Ürəyimdən keçənləri yazdım. Yazmadım əslində. Bu yazı da belə doğuldu. Bəs görəsən onun ürəyindən keçənlərdən xəbər verə bildimmi? Bilmirəm…Kaş..Bəlkə də….

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r