** ** **
Gecə yenə qaşqabağını töküb durub,
Kim bilir nə acığı var dünyaya.
Buludlar bir tərəfdə bardaş qurub oturub .
Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .
Külək qudurub,
Gör necə ulayır gecənin başı üstündə ac yalquzaq tək.
Torpaq bir qat qabıqdan,
Ağaclar yarpaqdan çıxır.
Dəniz yaxasını açıb qaçır sahilə ,
Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.
Bir şair tənhalığın acığını varaqdan çıxır .
Təzə abzasdan köhnə yaralar boylanır,
Hamısının da üstü açıq.
“Bircə səhər açılsaydı”-deməyə də adamın dili gəlmir.
Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq…
Nağıl kimi….
** ** **
Əynimdə dekabrdan qalma ömür,
Ürəyimdə iyun həsrəti.
Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.
Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.
Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.
Dünən, bu gün mənimdi…hələ ki…
Bəs sabah?
…Gözümdə bütün rənglər bir-birinə qarışır
Budaq-budaq, yarpaq-yarpaq…
** ** **
Bir şeir asıb özünü hecadan,
Qafiyələr ağlaşır başı üstündə.
Ayağının altında varaq,
Boğazında qələm,
Nəfəsi kəsilir söz-söz, cümlə-cümlə.
Azadlığa açılır qapısı qorxuların.
Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,
Evsiz-eşiksiz sevgi yapışır gecənin yaş köynəyindən..
Müəllif: Təranə DƏMİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r