Fədailərimizi tanıyaq! (2)
Günlərdən Firudin İbrahimi.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizin, fədailərimizin ruhuna ithafən)
(Xəlil Rza Ulutürk və Əsgər Süleymaninin söhbətlərindən)
-Firudin İbrahimini 7 dəfə görmüşəm,-Süleymani bu cümləni deyəndə mən dəftər-qələm çıxartdım, bu görüşləri təfərrüatı ilə danışmasını xahiş etdim.
-Firudin İbrahimini ilk dəfə sərhəng (polkovnik) Zəngənənin mühakiməsində görmüşəm. Urmiyə faciəsini törədən, inqilabçılara qanlı divan tutan bir cəllad idi.Zəngənə çox savadlı və igid bir düşmən idi.6 dəfə mühakimə olunmuşdu.
“Bu sədr əsl İranlı deyil, məni mühakimə edə bilməz”
“Mən polkovnikəm, bu sədrin hərbi dərəcəsi məndən aşağıdır, məni mühakimə edə bilməz…”
Hər dəfə o, hakimlərə irad tutur, məhkəməni təxirə salırdı.Axırda milli dövlətin gənc prokuroru Firudin özü onu mühakimə etməli oldu.Yüksək elmi səviyyəyə, ali hüquq təhsili barədə diploma malik Firudinə heç bir irad tuta bilmədi.
Firudin mühakiməni azərbaycan türkcəsində olduqca ləyaqətlə, təmkinlə aparırdı.Üçüncü gün mütərcimlər gəldi.Sərhəng Zəngənə ilə birlikdə mühakimə olunan Rzaxan Dəhtir ağlayırdı.Zəngənə isə özünü şax aparırdı.
“Hər nə etmişəmsə, öz dövlətimin tutduğu müqəddəs yol naminə etmişəm”-deyirdi.
Etdiyi cinayətləri boynuna almayanda isə Firudin İbrahimi deyirdi: “Buyur, lentə bax” Sərhəng Zəngənənin cinayətləri lentə çəkilmişdi.Hakim, Əsgər və Qasım adlı 3 fədai qardaşı öldürəndə kiçik qardaş xahiş etmişdi ki, əvvəlcə məni öldürün, böyük qardaşımın ölümünü görməyim.Lakin faşistlər əvvəlcə böyük qardaş Hakimi, sonra ortancıl Əsgəri, axırda Qasımı öldürdülər.
Firudinin apardığı məhkəmədə Zəngənəyə ölüm kəsildi.Sonra 4 əsiri verib 24 inqilabçını xilas etmək zərurəti yarananda Milli Hökumətin pəncəsindən yaxa qurtara bildi.
-Bəs Firudini 2-ci dəfə harada görübsünüz?
-1946-cı ilin şəhrivər ayında, sentyabrın 2-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının elan olunduğu təntənəli gündə, Milli Məclisdə Pişəvərinin yanında.
Üçüncü dəfə Urmiyə məsələsini həll etməyə gedəndə.Urmiyədə çoxlu kürd yaşayır.Buranın kürd torpağı olduğunu iddia edən kürdlər Urmiyəni bizdən tələb edirdilər.
-Bəs Urmiyə məsələsini necə həll etdiniz?
-Kürdlərə çoxlu maaş təyin etdik, güzəştə getdik.Əslində, Urmiyə Azərbaycanın ən doğma, ən qədim yerlərindən biridir və kürdə aid olması bir xəyaldır.
Nərddə bir-iki dəfə udub-uduzandan sonra Məhəmməd Rza Pəhləvini adam yerinə qoymayan Stalindən danışırıq.
-Məhəmməd Rza Pəhləvi 1941-45 -ci illərdə sovet ordusunun İranda olması faktı müqabilində “torpaq basdı” haqqı tələb etdikdə Stalin deyir:
-Biz şaha deyil, İran xalqına borcluyuq.İran xalqı hakimiyyəti ələ alanda biz borcumuzu qaytararıq.
Xruşşovla ticarət əlaqəsinə girən indiki şah isə 11 ton yarım qızılla yüklənmiş vaqonları Culfada qəbul edir, kəllə qəndlə, qırmızı “Moskviç” və qeyri maşınlarla dolu vaqonları geri qaytarır.Həmin qənddən və maşından bakılılar istifadə etdi.İndiki şah ingiliscəni, fransızcanı mükəmməl bilən hiyləgər adamdır.Baş nazir Mənsur onun tapşırığı ilə öldürüldü.Şah bununla 2 hədəfi vurdu.Əvvələn, o, rövşən fikirli, 41 yaşlı baş naziri öldürməklə Naser tərəfdarı olan “Fedaiyan İslam” partiyasına və onun liderlərinə qarşı nifrət oyatmaq istədi.İkincisi, şahın hüquqlarını məhdudlaşdıran və yeri gəlsə, onu ləğv etmək qüdrətində olan “İrani nəvin” partiyasının əl-ayağını yığmaq istədi.
-Yəni İranda Naser tərəfdarı belə güclüdür?
-Əlbəttə, Naser İslam imperiyası yaratmaq istəyir.Buna qoşulanlar az deyil.Hacı Molla Kərim İraqi kəfən geyinib irəli çıxanda şah öz qərarını ləğv etməyə məcbur oldu.Dinin hökmünə bax.Şah hiyləgərdir.Nüfuzlu bir Təbrizlinin qızını alıb ki, Azərbaycanı əldə saxlaya bilsin.Fəqət, bu, mümkün deyil.
Ardı var…
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru