VƏSİYYƏT
(El-oba söhbətlərindən)
Varli bir kişi var idi. Ömrü boyu sərvət yığmağı qarşısına məqsəd qoyan bu adam ahıl yaşında zəngin dövlət sahibinə çevrilmişdi.
Bu kişinin var-dövləti aşıb-daşsa da, xeyirxah deyildi. Kasıb-kusuba əl tutmaz, xeyirdə, şərdə iştirak etməzdi. Həmişə əli gətirdiyindən çox şeyi başa düşmür, mahiyyətini anlamırdı. Amma görürdü ki, pulu-parası çox olsa da camaat onu sevmir. Fikirləşirdi ki, yəqin adamlar mənə paxıllıq edirlər.
Bir gün bu kişi xəstələndi, yatağa düşdü. Bütün adlı-sanlı həkimlər, bilikli loğmanlar gəlib onu müayinə etsələr də dərdinə əlac tapmadılar. Kişi uzun müddət yataqda uzanıb düşünür, illərlə topladığı, qazandığı pulların, qiymətli əşyaların onun sağalması üçün heç bir əhəmiyyət kəsb etmədiyinə təəssüflənirdi. Bir də ona görə təəssüflənirdi ki, ölüb gedəcək, hamı onun haqqında pis sözlər danışacaq. Çünki qohum-əqrəba, el-oba üçün heç bir faydalı iş görməmiş, yaxınlarının dərdinə şərik olmamışdır. Elə buna görə də onu heç kim yoluxmağa gəlmirdi. Bütün günahların özündə olduğunu gec də olsa, başa düşən kişi gələcəkdə yeganə oğlunun da bu vəziyyətə düşməməsi üçün onu yanına çağırıb dedi:
–Oğlum, mən bu dünyadan tezliklə köçəcəyəm. Sənə iki vəsiyyətim var. Birinci vəsiyyətim budur ki, məni ayağımda corab dəfn etdir. İkinci, sənə bir zərf verəcəyəm. Yalnız ən ağır, çıxılmaz vəziyyətə düşəndə onu açarsan.
Bir neçə gündən sonra ata vəfat etdi. Oğul atasının vəsiyyət etdiyi kimi onu ayağında corab dəfn etmək istədi. Amma molla və ağsaqqallar şəriətə zidd olduğundan buna qəti etiraz etdilər. Oğul ilk baxışda atasının sadə görünən vəsiyyətini yerinə yetirə bilmədiyinə görə çox təəssüf etdi. Birdən yadına atasının verdiyi zərf düşdü. Tez zərfi açıb oradakı kağız parçasına yazılmış bu sözləri oxudu:
–Oğlum, mən səni başa salmaq üçün birinci vəsiyyəti etmişdim. Bil ki, insan öləndə özü ilə heç nə aparmır, nəyi var bu dünyada qalır. Elə yaşa ki, səni xeyirxah əməllərinə görə xatırlasınlar. Mənim səhvlərimi təkrar etmə, insanlara gərəkli ol.
Müəllif: Coşqun XƏLİLOĞLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r