Qan rənginə boyanmış buludlar…

Etüd
Qürüb hər axşamçağı olduğundan daha kədərli görünürdü indi. Fikrindən keçdi ki, zəhləsi getsin günəşin batması səhnəsindən. Qan rənginə boyanmış buludların ağlamamış gözləri qıpqırmızı olduğunu ürək ağrısı ilə içindən keçirdi. Əgər ona əziz olan dodaqlar nə vaxtsa pıçıldamasaydı ki, qürubu sevirəm, indi seyrinə daldığı mənzərəyə nifrət edərdi.
Kiçik meşənin tala hissəsinə təzəcə yaşıl don geyinmiş palıd ağacları əcayib və uzun kölgələrini salırdı. Günəş batmağa can atdıqca kölgələr zəif mehdən səndələyə-səndələyə elə hey boy atıb uzanırdı. Dodağının altından mızılıtıya bənzər istehza bu eybəcər kölgələrdən də acığı gəlməyə haqqım yox dedizdirdi ona. Bilmirdi hardan gəlib ağlına bir dəfə demişdi ki, kölgə sözündən xoşu gəlir. Düşüncəsinin lap dərinliyindən bir fikir cücərdi. Bu ağacların kölgəsini beləcə yırğalayıb bir-birinin üstə çıxaran meh deyil. Kölgələrin bir az kefi kökdü. Yüngül sərxoşluqları var deyə bir-birlərini itələyirlər. Bağışladım onların şıltaqlığını deyib, acıqlanmaqdan vaz keçdi.
Quşların səsisi də küsküncə notlara köklənmişdi. Ona elə gəldi ki, hər gün minlərlə dəfə nəqarət üstə dünyanın ən şirin adını daha şux səslə oxumurlar. Köklənib sehgaha elə qəmli ahda əziz adı təkrar-təkrar zümzümə edirlər. Hirslənə bilmirdi ki, cəhcəhlərə necə vurğun olduğu əzizinin xoşladığı səslərə xəyanət etmiş olar.
Gücü özünə çatırdı. Bircə özümdən küsməyimə haqqım var. Dünyada nə varsa, günəş, ay, ulduzlar, kölgələr, quşların cəhcəhi, yağışın səsi, şimşəklər, guruldayıb toqquşan buludlar, yarpaqların pıçıltısı, ağacdələnlər, şər qarışdıqca domuşub üşüyən çiçəklər, həşəratların səsi, uzun və yöntəmsiz gövdələrini zərifcə çəmənliyin üstə sərələmiş kölgələr, yaşıllıqların içindən boylanan üstü kirəmitli evin hüzur dolu məğrurluğu, hətta bir az aralıda göldə ağız-ağıza verib yeknəsəq orkestr ifasını xatırladan qurbağaların xoru onu ovundurmur, ancaq küsüb də uzaqlaşmaq istəmirdi. Bütün gördükləri, fikrindən keçənlər ona dünyasının səcdəgahı olan ilahi varlığın sevdiyi, xoşladığı idi. Necə küsüb üz çevrə bilərdi onlardan. Hər kəsə, təbətin hər canlısına, hər koluna, çiçəyinə sevgisi olan sevgisinin sevgisi vardı. Bəlkə də elə dünyada onun xoşlamadığı canlı ya cansız ancaq mənəm fikiri keçdi ağlından. Qoy onda elə ancaq özümdən küsüm, özümə lap nifrət edim. Onda inciməz.
Axırıncı sözünün qulaqlarında əks-səda verən məyusuluğu elə qulaqlarını batırırdı.
Azacıq anlaşılmazlıqdan küsüb, incik düşən qəlbinin günəşi bir göz qırpımında nur şəfəqlərini zülmət qaranlıq niqabına bürümüş, bütün vicudu yoxa çıxmış nur hərarətinə həsrətlə buz bağlamışdı.
Məni daha çox istəmirsən? Sözünü bitirməmiş, aldığı yox cavabının amansızlığında bütün dünyanın kədərini büsbütün özünə çəkib, məyus-məyus dunyanın içində dünyasızlığa, heçliyə, qəmin dalğa-dalğa üstündən keçdiyi bir dərinliyə yuvarlanmışdı. Əlindəki telefona da hirslənə bilmirdi. Axı burdan o hər gün bütün yaranışın ən mübarək, ən məlahətli səsi olan onun səsini eşitmişdi.
Hələ qarşıda bir ömrə bərabər upuzun, qapqara gecə dururdu. Gecənin zülmətinə, sakitliyinə və uzandıqca uzanan tərsliyinə də ağız büzə bilməzdi. Axı o gecənin qulaq batıran sakitliyinə vurğundu deyə gecəyə də asi düşə bilməyəcəyini yəqin bilirdi.
Günahkar da özüməm, elə hirsinini tökəcək ünvan da özüməm, küsəcək tək bir can varsa o da yenə özüməm fikirininin üstə qalıb evə döndü. Bağçaya çatanda yasəmənlərin ətrinə biganə qala bilmədi. Heç dünən belə deyildilər. İstədi əli ilə sığal çəksin salxımlara. Nə fikirləşdisə əlini tez də geri çəkdi. Əl vurmayım, yasəmənlərin ruhu inciyər deyib öz-özünə pıçıldadı. Necə göndərim, nencə….
Yox ee acıqlı olub deyib də, ya da zarafat edib. Ürəkdən ha deməyib ki. Yox bir, səni daha çox istəmirəm.
Yasəmənlərdən qucağı tutan qədər üzdü. Heç ikicə addım atmamış qəfil uğultu ilə elə bir külək qopdu ki, bütün vicudu titrədi. Burulğan kimi başının üstə oynayan külək qucağındakı yasəmənləri göyə sovurdu. Bir göz qırpımında gözdən itən məhculuqda yasəmənlər yoxa çıxdı. Elə bil qara yel onları ətirləri ilə bərəbər harasa aparmaq üçün peyda olmuşdu.
Külək qəfil əsdiyi kimi, qəfil də kəsdi.

Dünyanın kədəri çökmüş üzünü anidən təbəssüm bürüdü. Onun ki, küləkdən zəhləsi gedir. Ən xoşlamadığı külək belə ona çatmayacaq yasəmənləri vurub əlimdən aldı deyə öz-özünə pıçıldadı. Hətta zəhləsi gedən rüzgarlar belə ona səmt ətir aparır.
Heç vaxt qarşılıq görməyəcək külək belə inad edirsə mən niyə….

Qucağında tutduğu yasəmən dəstəsini sinəsinə elə sıxmışdı sanki qorxurdu kimsə onu əlindən alacaq. Üz tutduğu ünvana necə çatacağının fərqinə varmadan gecənin qaranlığına qarışıb gedirdi. Bilirdi ki, çatacağı yerdə onu dan şəfəqləri qarşılayacaq.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir