Bu gün görkəmli yazıçı,ədəbiyyatşünas MİR CƏLAL PAŞAYEVİN ANADAN OLMASINDAN 116 İL ÖTÜR.
Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində anadan olmuşdur.Mən uşaqlıqdan Mir Cəlal yaradıcılığını öyrənməyə çalışıram. “Bir gəncin manifesti”, “Gülbəsləyən qız”,”İki rəssam “,”Ləyaqət” və s. hekayələrini hamımız yaxşı tanıyırıq.
Mir Cəlal Paşayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Görkəmli ədibimizə yazdığım “MİR CƏLAL-FƏXR, QÜRUR ZİRVƏSİ” adlı məqaləm 2020-ci ildə “Kredo” qəzetində dərc olunmuşdur.Həmçinin “Mir Cəlal xatirələrdə”kitabı haqqında 12 dəqiqəlik video şərhim sosial şəbəkələrdə izləyicilərə təqdim olunmuşdur.Mir Cəlal Paşayev ev Muzeyinin rəhbəri hörmətli İradə xanım İbayevaya biz gənclərə daima mənəvi dəstək olduğuna görə dərin minnətdarlığımı bildirirəm.
Görkəmli ədibimizin xatirəsin hörmətlə yad edirəm.Allah rəhmət eləsin.Amin.
Məqaləmi bir daha nəzərinizə çatdırıram.
MİR CƏLAL-FƏXR ZİRVƏSİ
(Görkəmli yazıçımız Mir Cəlal Paşayevin işıqlı xatirəsinə həsr edirəm)
Mən Mir Cəlalı 5 yaşımdan tanıyırdım. Onun üzü mənə çox ciddi və zəhmli gəlirdi.Gözlərindəki hikməti elə o yaşlarımdan sezmişdim.Elə həmin anlardan onu çox araşdırmağa başlamışdım.Hətta 8 yaşımda ona “Mir Cəlala” adlı şeir də həsr etmişdim.Həmin şeirim “Hırdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuşdur.
Mir Cəlala
Müdrik oldu,oldu onda cah-cəlal
Ona ad verdilər gözəl Mir Cəlal.
Xeyriyyə yardımı edildi ona,
Verdilər dərin bilik Mir Cəlala.
Car çəkdi,car çəkdi əsərləriylə,
“Şeytana,böhtana inanma!”-dedi.
Özünü sevdirdi,vətənini də,
“Kasıbı-kusubu qoruyun!”-dedi.
Birdən o,cibindın qələm çıxardı,
Kağızın üstündə nə isə yazdı.
Ona çox söz dedi,”Anket Anketov”
Mir Cəlal “anket”ə milyon söz yazdı.
Dedi:”Yalana və böhtana” nifrət,
Yaxşı adamlara min dəfə hörmət,
Zavallı,yazığa olsun mərhəmət,
Özü öz sözünə o, əməl etdi.
Qəlbimdə neçə nəğmə var deyirəm,
Mir Cəlal haqqında mən söyləyirəm,
Ədibin haqqında bunu bilirəm,
O, çox nadir şəxsiyyətdir deyirəm.
01.01.2017.
İndi isə bu məqalə ilə qarşınızdayam. Bunu uğurum hesab edirəm. Çünki, arzuma çatmışam. Mənim artıq Mir Cəlal Paşayev ev muzeyi ilə əlaqəm var. Adına layiq işlər görən muzeylə əlaqəmdən çox şadam. Muzeyin gənclərin maariflənməsində və Mir Cəlalın tanınması yolunda gördüyü işlər danılmazdır.
2020-ci ildə Mir Cəlal ev muzeyi “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” hekayəsi ilə bağlı müsabiqə keçirirdi.Mən də bu müsabiqədə gənc natiqlərlə tanış oldum. Bir neçəsini isə özüm təqdim etdim.Muzey çox uğurlu bir müsabiqə həyata keçirdi və xeyli sayda uşaqlar bu müsabiqədə iştirak etdilər.Çox sevindim ki,mənim tövsiyəmlə müsabiqəyə qatılan uşaqlar müsabiqənin qalibləri oldular.
Mən isə həm muzeyə həm də müsabiqənin qaliblərinə müəllifi olduğum kitablarımı poçt vasitəsi ilə hədiyyə göndərdim.İnanın ki, çox xoşbəxtəm. 6 il əvvəl sadəcə üzündə zəhm aradığım bir şəxsiyyət barədə bu il həm məqalə yazdım, həm də kitablarımı ev-muzeyinə hədiyyə etdim.
Belə bir şəxsiyyət barədə yazmaq mənim borcumdur.
Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə İranın Ərdəbil şəhərinin Əndəbil ostanında anadan olmuşdur. Onların nəsli ağır seyid nəsli olmuşdur.
Əndəbil kəndində bu gün hava çox gözəl idi. Əndəbil hər fəsildə gözəl idi, lakin, bu fəsillərdə və bu günlərdə çox gözəl idi. Paşayevlər bu günü çox gözləmişdilər. Əndəbilin gözəldən gözəl olduğu bir günü çox gözləmişdilər. Lakin, həmin gün onlar Əndəbildən köçməli idilər. Əli kişi, xanımı, oğulları heç ayrılmaq istəmirdilər buradan. Onlar çox fikirləşirdilər,hələlik getməyi dayandırmaq istəyirdilər.Lakin, artıq gün gəlmişdi. Onlar köçməli idilər. İstəməsələr də, köçməli idilər. Çox lüzumlu idi köçmək. Onlar bu şəraitdə yaşaya bilməzdilər. Qacarlar heç də türkləri sevmirdilər. Halbuki, özləri türk idilər, Yozqatdan gəlmişdilər. Ağaməhəmmədin kini nəsildən-nəsilə keçmişdi. Qacarlar yerli türklərin hamısını Vaqif gözündə görürdülər. Halbuki, onların özləri də Vaqif sayılırdı. Yəni, Vaqifin milliyətindən olanlar. Hökumətdə xidmət edən minlərlə türklər andaman etsələr də, Qacarlar çox qəddar idilər. Firon qədər qəddar.
Ona görə də, artıq buralarda yaşamağın bir anlamı qalmamışdı. Onlar şimal barədə çox eşitmişdilər. Şimaldan qayıdan və şimala gedən tacirlər Əli kişi ilə də əlaqə saxlayırdılar.
-A kişi, ora bir aləmdir ey, aləm.
-Düz deyir a kişi, düz deyir.
-Orada hamı üçün şərait yaradırlar.
-Ruslar farslar qədər qəddar deyillər.-Yəqin ki, üçüncü tacirin diplomatik əqli yox idi.- Onlar türklərin pul qazanmasına səy göstərirlər.
-Nefti bir aləmdir ey, Əli, Hacı Zeynalabdin olarsan.
Əli isə Hacı Zeynalabdin olmaq fikrində deyildi:
-A kişilər, mən ki, Bakıda doğulmamışam. Mən doğmaca Əndəbilimdə doğulmuşam. Bura mənim üçün doğmadır. Mən buradan ayrılsam, anamdan ayrılaram. Həm də, burada da Hacı Zeynalabdin olanlar var. Özü də şimaldakından çox.
-A kişi, buradakı milyonçular farslardır, farslar!
-Şimalda da milyonçular yox e, milyarderlər ruslardır, ruslar!
-Özün bilərsən, mən dedim, mən eşitdim. Görəsən sənin qulağına nə vaxt çatacaq.
Əli kişi artıq bütün tacirlərlə razılaşırdı. Təbii ki, üçüncü tacirdən başqa. Ona görə də, bu gün şimala getməyə qərar vermişdi. Əndəbilin ən gözəl günündə kim Əndəbili tərk edər? Heç kim. Ancaq, o, tərk edirdi. Bəlkə də, şimalda cənubdan daha da gözəl günlər görəcəkdi. Nə olsun, Əndəbili o, heç hara dəyişməzdi. Dəyişə bilməzdi.
Həm də o, buradan getsə, Əndəbilin bərəkəti azalardı. Çünki, o, Seyid idi. Seyid Əli hamıya kömək edirdi. O, əlini kimin başına qoysa, həmin insan yenidən doğulardı.
Seyid Əlinin buradan getməsini heç kəs istəmirdi. Lakin, o, buradan getməliydi. Buranı tərk etməliydi.
Seyid Əli içəriyə keçdi və ölgün ruhda dedi:
-Gedirik, Xanım?
Xanım gülümsünərək dedi:
-Kişi, Mir Xəlili, Mir Vəlini bilmirəm, amma, Mir Cəlalla Mir Cəlilin çox həvəsi var. Uçmağa qanadları yoxdur bircə.
Seyid Əli Mir Cəlilə baxan kimi Mir Cəlil özünü yığışdırdı:
-Oğlanlarım ata yurdlarını istəmirmişlər, hə?
Mir Cəlal dedi:
-Xeyr, niyə ki? Atacan, sən niyə elə bilirsən ki, bizim yurdumuz Əndəbildir?
Mir Cəlil davam etdirdi:
-Qardaşım düz deyir.Bizim yurdumuz var!
İki qardaş birdən dedi:
-AZƏRBAYCAN!
Seyid Əli gülümsündü:
-Hey Maşallah! Mir Cəlil Osmanlımız olub, Mir Cəlal isə Azərbaycanımız. İkisi də əsl qardaşdılar. Atalarına iki kəlməylə böyük dərs keçdilər. Yaxşı, yaxşı, yubanmayın, hazırlaşın, təcili!
Seyid Əli Mir Cəlalla Mir Cəlilin sözünə görə çox təsirləndi və içindəki ölgünlüyü öldürdü. Təcili şəkildə Əndəbildən Gəncəyə köçdülər. Paşayevlər ailəsinin həyatında yeni fəsili yazılırdı!
Gəncəyə köçdükdən sonra 1918-ci ildə Mir Cəlalın atası vəfat edir. Çox kasıb olduqlarına görə xeyriyyə cəmiyyətinin məktəbində təhsil alır. Həmin məktəbdə Əhməd Cavad da təhsil alırdı.
1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir.O, Gədəbəydə bir çox ziyalıların üzə çıxmasına köməklik edir. Sonradan həmin ziyalılar Azərbaycan ədəbiyyatının tanınmış simalarından olurlar. Oradakı müəllimlərin arasında hamımızın yaxşı tanıdığımız Mirzə İbrahimov da olur. Mirzə İbrahimov Mir Cəlal kimi Cənubi Azərbaycandan idi. O, Sərab rayonun Evə kəndində anadan olmuşdur.
Mir Cəlal 1929-1930 -cu illərdə Gəncə şəhər 1 saylı orta məktəbində direktor vəzifəsində işləmişdir.
1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, – “Kommunist”, “Gənc işçi” qəzetlərində işləmişdir. İlk kitabı “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır. Mir Cəlal sonra Bakıya gəlir. Burada “Bakı görüşləri” adlı xatirə kitabı yazır. Bu kitabda Gəncədəki vəziyyətlərindən də bəhs edir. Gəncədə onun bir dostu vardı. Adı Səməd Məsrur idi. Səməd Məsrur yeni-yeni və gözəl şeirlər yazaraq haqqın tərəfində olub. Onlar get-gedə dostlaşırlar və bu dostluğun adı Mir Cəlal-Səməd Vurğun dostluğu olur. Mir Cəlal “Kommunist” qəzetinə işə düzəlir. O həm oxuyur, həm də qəzetdə məqalələr yazırdı. “Kommunist” qəzetinin rəhbərliyi onun əmək haqqını ödəmədiyindən, İbrahim Eminbəyli işləri sərtləşdirdiyindən o, bir sıra çətinliklərlə üzləşir. Bu səbəbdən Mir Cəlal “Kommunist” qəzetini məhkəməyə verir. Məhkəmənin həmin işə baxan hakimi Rəsizadə soyadlı bir xanım idi. Mir Cəlal həmin məhkəməni Rəsizadənin işə ədalətli, qərəzsiz yanaşması sayəsində qazanır. O, yenidən “Kommunist” qəzetində işləmək istəmir və “Gənc İşçi” qəzetinə işə düzəlir.
İşlədiyi vaxtlarda Mir Cəlal Hüseyn Cavidlə görüşür və bu görüşdən sonra onlar arasında dostluq yaranır. Cavid əfəndi Mir Cəlala həmişə “Ağa Mir Cəlal” deyə müraciət edərmiş.Hüseyn Cavid bir dəfə Mir Cəlalı Şərq qadınları ədəbiyyatını araşdırarkən görür. Cavid ona bu işi məsləhət görmür.Hüseyn Cavid belə məsləhət görür ki, daha yaxşı mövzular seçməyə çalış.Daha çox Füzuli, Mirzə Cəlilin yaradıcılığını araşdır. Hüseyn Cavidin yönləndirməsi nəticəsində həm Füzulinin, həm də Mirzə Cəlilin poeziyasının vurğunu olur.İllər sonra yəni 1940-cınildı “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası yazır.
1937-ci il represiya tufanı dönəmində Mir Cəlal Hüseyn Cavidin evində qonaq olur və Mir Cəlal öz evinə qayıtdıqdan yarım saat sonra Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin həbs olunma xəbərini eşidir çox pis olur.Bu xəbərdən sonra o, özünə görə yox, ailəsinə görə qorxur ki, birdən o da həbs olunar və ailəsi xalq düşmənin ailəsi adı ilə sürgün olunar.
Mir Cəlal “Sağlam yollarda” adlı ilk oçerk kitabını 1932-ci ildə yazmışdır. Əslində, tam Mir Cəlalın olmayan və “Sağlam yollarda”dan əvvəl çap olunan bir kitab da var. “İlk addımlar” almanaxı. Bu almanax Gəncədə yazıb-yaratmış azərbaycanlı və digər millətlərin yazıçılarının almanaxıdır. Seyfulla Şamilov tərəfindən tərtib olunmuş bu kitabda Mir Cəlalın “Müxbir”, “Anamın vəsiyyəti” şeirlərindən başqa, Cəfər Xəndanın, Səməd Məsrurun (Səməd Vurğun) , Cəfər Xəndanın və digər şair və yazıçıların yazıları çap edilmişdir.
Mir Cəlalın həmin şeirləri bunlardır: (çox maraqlıdır ki, hekayə yox, şeirlərdir, bəlkə də, çoxu oxumayıb)
Anamın vəsiyyəti
Saralırkən 60 illik, nigaran gözləri,
Həyatdan tök gözlərini yuxarı
Qaldıraraq susmuşdu:
Son nəfəsi ilə ölərkən, bğuq səsilə,
Demişdi: Tələbə ol, tələbə…
Gir məktəbə, fəqət… unutma sən,
Qızıl saqqalında mələklər dərgah yapan,
Yaşıl şallı, allı, cəlallı Şəhid babanın
Bir çocuğusan…
Baban gedən yolu, daha qayım addımla getməlisən.
Səslər azaldı, çınqırak çaldı,
Maddiyyət gündən-günə silkələdi qafamı,
Duyaraq düşünməyə çoxaldı iştaham.
Açıldı önümdə inqilabi təsəvvürlərin lentası.
Maddiyyətlə dolu qafamın kasası,
Mənimsədim mücadiləni,
Oxudum bu müadiləni:
“Həyat daimi mübarizədir!”
İçimdə bir yürüş, yaşayışı bilməyə
Oyandı, çalxalandı, “Ayıq ol!” deyə – deyə.
Məsləyimdən eşitdim gurultulu bir xitab:
-Məfkurəvi inqilab, Məfkurəvi inqilab!
Müxbir
Əlində qızıldan bir qələmi var,
Masaya söykənib hey… yazar-pozar,
Hərdən səssiz olur, dalır, düşünür,
Hərdən çöhrəsində bir sevinc doğar.
Boş vaxtında gedər idarələrə,
Gördüyü nöqsanı yazar dəftərə,
Qızıl neştər ilə getdiyi yerə,
Tənqid odu vurub, yandırar, yaxar.
Bu ellərin var bir qəzetəçisi,
Aləmə göstərir yaxşını, pisi.
İnqilab yavrusu, sülhün pərisi,
Alnında silinməz, şanlı bir vəqar.
Ey gözəl ellərin gənc kontrolu,
Sən ki, xoşbəxt oldun, tutdun bu yolu,
Alqışlar, uğurlar sənə, nə mutlu,
Tarixə yaraşan adın var ki, var!
Mir Cəlal ikinci müstəqil kitabı olan “Boy” oçerkini isə 1935-ci ildə qələmə almışdır. O, ədəbiyyata oçerk əsərləri ilə başlayıb. Mir Cəlal “Dirilən adam” romanını 1936-cı ildə yazmışdır, lakin bu roman heç bəyənilmir və “Kommunist”qəzetində roman barədə sərt tənqidi məqalə yazırlar. O vaxt , bir qayda olaraq, “Kommunist” qəzetində tənqid olunan əsərlərin və onun müəlliflərinin “kitabı bağlanırdı”, hətta represiyaya bdlə səbəb ola bilərdi. Lakin bu ərəfədə Mir Cəlal yazıçı Mehdi Hüseynlə görüşür, Mehdi Hüseyn bu tənqidi məqalə barədə tənqidi məqalə yazır və Mir Cəlalı represiya tufanından xilas edə bilir.
1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsi bitəndən sonra Mir Cəlal bir qrup yazıçılarla birlikdə Parisə getməyə qərar verir. Fransada onları yaxşı qarşılayırlar, deyirlər ki, siz bizi ölümün cəngindən qurtaran, xilas edən Sovetlər birliyinin yazıçılarısınız, biz sizə qayğı göstərməyə borcluyuq.
Vətənə qayıtdıqdan sonra filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev Mir Cəlal haqqında “Müəllimlər müəllimi” adlı xatirə kitabı yazır.Mən bu kitabı oxudum və çox təsirləndim.Xalid müəllim həmin yazısında qeyd edir ki, 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik edən vaxt Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gəlir və burada görüş keçirilir. Zalda olanların arasında Mir Cəlal Paşayev də olur. Görüşdə çıxış edənlərdən biri Mir Cəlalı sərt tənqid atəşinə tutur, ona böhtanlar atır və bildirir ki, o, sadəcə Cəlil Məmmədquluzadə ilə bağlı dissertasiya yazmağı təklif edir, sanki Azərbaycan ədəbiyyatında sadəcə bir yazıçı var ki, o da Cəlil Məmmədquluzadədir. Həmçinin xüsusilə vurğulayır ki, Mir Cəlal rəhbərlik etdiyi kafedrada qohumbazlıq edir, yaxınlarını orada işə düzəldir.Tamamilə onun haqqında haqsız fikirlər irəli sürülür.Mir Cəlal çox pis olur.Buna dözməyən Xalid Əlimirzəyev söz alaraq tribunaya qalxır və Mir Cəlalı haqlı olaraq müdafiə edir.Sonra isə digər alimlər haqqın tərəfin tutaraq Mir Cəlala iftira atılmasının qarşısını alırlar.
Yəni, onu demək istəyirəm ki, tale həmişə yaxşı insanların üzünə gülür. Eynən Mir Cəlal kimi. O, ömrünün sonuna qədər xeyirxahlıq etdi və qarşılığı da oldu.
Sözümü Mir Cəlalın idealı olan Cəlil Məmmədquluzadənin məşhur sözü ilə bitirmək istəyirəm: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın mənası yalnız budur.”
Mir Cəlal da əməllərinə görə bizim qəlbimizdə yaşayır, o, ölməyib!
Cəddin köməyimiz olsun, Ağa Mir Cəlal!
Ehtiramla: Sevindik NƏSİBOĞLU
SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI
SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru