
QOŞMA
Vaqifdən, Vurğundan yadigar qalıb,
Hər zaman təzəmdi, tərimdi qoşma.
Qəlbimi oxşayıb, könlümü alıb,
Gözəlim, göyçəyim, pərimdi qoşma.
Elə möhtəşəmdi, elə ucadı,
Dillərdən düşərmi görün heç adı.
Ruhu qafiyədi, canı hecadı,
Noğuldan, şəkərdən şirindi qoşma.
Sevən ürəklərə sevinc payladı,
Barışa çağırdı, sülhə hayladı,
Əsli bayatıdı, kökü layladı,
Dəryadan, ümmandan dərindi qoşma.
Uludu, yüyrəkdi, ozan dilidi,
Bir sözü yüz yerə yozan dilidi,
Din-iman dilidi, azan dilidi,
Müqəddəs ocağım, pirimdi qoşma.
Hökmüylə adillik gətirər şaha,
Saraya çevrilər ən uçuq kaha.
Qəzənfər, dünyada qiymətli, baha,
Yaqutum, gövhərim, zərimdi qoşma.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru