ARAZ YAQUBOĞLU – GÜNÜN ŞEİRİ

“Bəziləri qocalanda şeir yazmağa başlayır. Ayıbdı vallah. Atalar da gözəl deyib: “Qırxında öyrənən gorunda çalar.” Belələrinə isti-isti bir şeir.” GÜNÜN ŞEİRİ ARAZ YAQUBOĞLUNDAN GƏLDİ:

OLMAZ

Min yabını daşlığa çap,

Səndən şeir yazan olmaz.

Get özünə ayrı iş tap,

Səndən şeir yazan olmaz.

***

Hirsini boğ, hikkəni boğ,

Gücənsən də, ilhamın yox!

Zora salma özünü çox,

Səndən şeir yazan olmaz.

***

Qırt toyuqsan, misrandı lax,

Qafiyən də alax-ulax.

Yaşına bax, başına bax,

Səndən şeir yazan olmaz.

***

İçin zülmət, qəlbin qara,

Sən hara, şairlik hara?

Başını qoşma başlara,

Səndən şeir yazan olmaz.

***

Şeir sevmir kin-küdurət,

Allaha bax, tanı bir hədd.

Sənin işin – giley, qiybət,

Səndən şeir yazan olmaz.

***

Şeir gözdən düşür belə,

Söz düşəndə naşı ələ.

Şairlərdən ayıb elə,

Səndən şeir yazan olmaz.

***

Kimsə almır işindən həzz,

Başqa yerdə özünü gəz.

Mən deyirəm, kimsə deməz,

Səndən şeir yazan olmaz.

***

Hapın-gopun çeşit-ceşit,

Özün kimi sözün də şit.

Arazam, deyirəm – eşit:

Səndən şeir yazan olmaz.

03.05.2024.

ARAZ YAQUBOĞLUNUN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

3 may Türklərin və Türklüyün günüdür.

Bu gün Dünyanın Şərqi və Qərbində səpələnmiş, böyük tarixin varisi, zəngin mədəniyyətin sahibi , milli kimliyimizin üzü Türklərin və Türklüyün günüdür. İllər öncə yazdığım “Türk kimdir” məqaləmi bir daha paylaşaraq irqi deyil, sosial varlıq olaraq özünü Türk sayanlara ərməğan edirəm.

MÜMKÜNMÜ AYIRSIN BİZİ “İNCİL” İLƏ “QURAN”?

Sosiologiya elminə görə, fərdlər dünyaya gələndə heç bir sosial status daşımazlar. Yəni sosial duyğu və düşüncələrindən heç birini özləri ilə gətirməzlər dünyaya. Məsələn, dil, din, əxlaq, estetika, siyasət, hüquq, iqtisadiyyat sahəsinə aid heç bir duyğu və düşüncə fərdlərlə birlikdə doğulmaz. Hamısı sonradan, tərbiyə yolu ilə cəmiyyətdən alınır. Bunları uşaqkən hansı cəmiyyətdən götürmüşüksə, daima həmin cəmiyyətdə yaşamaq istəyirik.
(Ziya Gokalp)

Bu gün yaşadığımız cəmiyyətdə həm maddi, həm də mənəvi çətinliklərlə kifayət qədər qarşılaşırıq. Hər gün eşitdiyimiz xəbərlər, sanki qəddarlıq yarışmasında birincilik uğrunda mübarizə getdiyi təəssüratı yaradır. Bir-birindən qorxunc, əsassız cinayətlər gündəlik həyatımızın bir hissəsinə çevrilib. Buna yol açan səbəblər hansılardır? Getdikcə dərinləşən mənəviyyatsızlıq, cəmiyyəti bürüyən etinasızlıq robotlaşan və manqurtlaşan insan tərəfindən artıq normal qarşılanır. Çünki bir manqurtun mənəvi dünyası yoxdur. Manqurt üçün kök də yoxdur, özgə və özününkü də yoxdur, sadəcə özü var. Mənəvi dəyərlərə önəm verməyən, öz kiçik məqsədləri üçün yaşayan bir tip. Üstəlik bu tiplər yaşadıqları həyat tərzini daha doğru sayıb başqa türlü düşünənləri bəyənmirlər.

Halbuki gedən proseslər böyük zaman kəsiyində baş verənlərin məntiqi nəticəsidir. Fikrimcə, tariximizi doğru bilsək, problemlərimizin çoxu öz-özünə çözülər. Bəzən düşünürəm ki, niyə indiki gənclik tariximizə, milli kimliyimizə ironiya ilə baxır? Gəldiyim nəticə budur ki, onlar belə yetişdirilirlər. Tariximizi bilsələr, düşünsələr, beyinlərində olan yanlış bilgiləri silsələr, doğru yol tapacaqlar.

Türkün tarixini bilmək hələ pafosla “dünyanı fəth etmişik, 16 imperatorluq yaratmışıq” və sair bu kimi fikirlər deməklə bitmir. Türkün kimliyi bildiyimiz savaşçı obrazı ilə də tamamlanmır.

Türk kimdir?

Türk, həqiqətən, savaşçı olub, nəhəng əraziləri istila edib, xalqları öz hökmranlığı altına alıb. Lakin heç vaxt maddi və mənəvi dəyəri olan heç nəyə toxunmayıb, dağıtmayıb. Bütün xalqlara, onların dini etiqadlarına hörmətlə yanaşıb. V əsrdə Xəzər xaqanlığını yaratmış türklər orta əsrlərdə tolerant bir dövlət qurublar. Rus tarixçisi M. Artamonov qeyd edir ki, Xəzər imperatorluğunda hətta qulların belə hüququ tapdanmırdı. L.Qumilyov da eyni sözləri göytürklər haqqında yazırdı, İstemi xanı məharətli və bacarıqlı bir siyasi xadim kimi təqdim edirdi, onun istila etdiyi xalqlarla gözəl davrandığını deyirdi. Matriarxatın uzun sürdüyü türk cəmiyyətində qadına münasibət bütün xalqlara örnək olacaq səviyyədə idi. Lakin türklər islamı qəbul edəndən sonra qadının cəmiyyətdəki yeri dəyişdi. Böyük ideoloq, türkçülüyün atası Əhməd bəy Ağaoğlunun da fikrincə, islamın ən qüsurlu tərəflərindən biri qadına münasibətdir. Türkün qadına münasibəti və islamın qadına münasibətindəki fərqi Ağaoğlu bu cür açıqlayırdı: “Boğucu hərəm havası içində keçən tənbəl və sırf heyvani bir həyat qadının fiziki inkişafına imkan vermədiyindən irqin fiziki çöküşünə də yol açmaqdadır”. Fiziki çöküş mütləq mənəvi çöküşə də yol açır. Bu proses dünyaya baxışımızda və əxlaqımızda ciddi çatlar əmələ gətirdi. Uzun əsrlər təhsildən, sevməkdən, hətta rahat nəfəs almaqdan (örtüksüz) mərhum edilən türk qadınının verdiyi tərbiyədə də qüsurlar olmalı idi. Acınacaqlıdır ki, XX əsrdə öz hüququnu bərpa edən türk qadınlarının əksəriyyəti (Türkiyə Cumhuriyyətinin vətəndaşları istisnadır) sovet ideologiyasına tuş gəldilər.

Qeyd etdiyimiz kimi, qədim türk cəmiyyətində qadına münasibət ən üst səviyyədə olub. Belə ki, başqa xalqlar təzə doğulan qızları diri-diri basdıranda türklər qızın doğulmağını bayram eləyirdilər.

Türk tarixi haqqında yazan bütün müəlliflər qeyd edir ki, türk cəmiyyətində qızlar sevib- seçib sonra evlənirdilər. Bu faktların hamısı Kitabi -Dədə Qorqudda da müəyyən qədər öz əksini tapıb. Hətta islama qədərki və islamın ilk gəldiyi illərdə öz yaxın qohumu, xüsusən də, ata qohumu ilə evlənmək yasaq idi və ölümlə cəzalandırılırdı.

Bunu ərəb səyahətçisi İbn Fadlan da oğuzlar haqqındakı qeydlərində yazıb. Müasir tibb də sübut edir ki, yaxın qohumların evlənməyi, xüsusən də ata xətti ilə yaxın qohumların evliliyi sağlam nəslin yetişməsi üçün təhlükədir. Bu gün “qırağa çıxmayım, özümünkünü alım” prinsipi ilə yaşayan azərbaycanlılar fiziki məhdudiyyətli uşaqların bu qədər çox doğulmağına təəccüblənirlər. Halbuki öz qədim adətlərini bilsəydilər, qədim türklər kimi sağlam olardılar.

Amma qüsur təkcə fiziki tərəfimizdə deyil. Dünyagörüşümüzdə də ciddi nöqsanlar var. Dünyaya tanrının yaratdığı yer kimi baxan türklər burda yaşayan xalqları dininə və cinsinə görə bölməyi ağıllarına belə gətirmirdilər.

Bəli, türkün üstün tərəfi savaşçı olması deyildi. Onun üstün tərəfi dövlət idarəçiliyində, cəmiyyətdə dinindən, cinsindən, hətta sosial statusundan asılı olmayaraq hər kəsin haqqını tanıması idi.

Lakin bütün bunlar çox az öyrənilir və az təbliğ edilir. Baxmayaraq ki, türklərin bir etnos kimi yaşı min illiklərə söykənir, türkçülük bir elm kimi XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başlayıb. Əsası Ziya Gökalp, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçura və başqaları tərəfindən qoyulub. Sonralar bu xətt yalnız Türkiyə dövlətində davam etdirilib. Digər Türk dövlətləri isə sovet işğalı altında olduğuna görə proses yarımçıq qalıb.

Ancaq bizim ən ciddi problemlərimizdən biri o oldu ki, iki böyük türk dövlətində millət termininə düzgün tərif verilmədi. Türkiyədə yaşayan bütün xalqlar ümumi olaraq türk, Azərbaycanda isə azərbaycanlı adlandırıldı. Faciə ondaydı ki, əsli türk olmayan xalqlar özlərinin milli kimlik məsələsində türklərdən bir addım öndə idilər. Onlar həmişə özlərini türklərdən fərqləndirir və əsl adlarını qoruyub saxlayırdılar.

Bəs əsrin əvvəlində qurulmuş iki böyük türk dövlətində yaranan milli ideoloji problemlərin kökündə nə dururdu? İlk öncə Türkiyə Cumhuriyyətindən başlayaq.
Osmanlı imperiyasının yerində çiçəklənən Türkiyə Cumhuriyyətində türkçülük siyasi məfkurə kimi sərbəst idi və onun ideoloqları da geniş imkana malik idilər. Buna baxmayaraq, Türkiyədəki türkçülüyü sağlam adlandırmaq çətindi. O, tam mənası ilə Ziya Gökalp və Əli bəy Hüseynzadənin tezislərinə söykənməyən məfkurədir. Bunun da öz kökləri var. İş ondadır ki, Osmanlı imperiyasında ümmət millətdən üstün tutulurdu. Müsəlman olan hər kəs ümmət idi və bu ümmətin içində türk kimliyi əriyib gedirdi, hər kəs özünü osmanlı sayırdı. Yusuf Akçura yazırdı ki, “Osmanlının sosial həyatında millət məsələsi lazımi səviyyədə təhlil edilib aydınlaşdırılmamış, millət kəlməsinə açıq bir məna verilməmişdi.” Ona görə də cumhuriyyət qurulandan sonra əvvəllər özünə osmanlı deyən hər kəs indi də avtomatik türkəm dedi. Beləliklə də bu qarışıq toplum Türk adlandırıldı. Fərqlənənlər yalnız Türkiyə Cumhuriyyətinin xristian vətəndaşları idi. Məhz, bu səbəbdən də Türkiyədə türkçülük islam dəyərləri üzərində inkişaf etdi. Ona görə də bu günkü türk miliyyətçilərini təmsil edən MHP-nin mənzərəsi islamçı AKP-dən ciddi fərqlənmir.

Azərbaycanda isə türkçülük ideologiyasına tapınanlar bunu çox dar və məhdud çərçivədə bəyan edə bilirdilər. Amma bütün hallarda onların yolu daha sağlam və daha düzgün idi. Sovet işğalı Azərbaycanda türkçülük ideologiyasını və məfkurəsini daha amansız şəkildə məhv etdi. Bir xalqa qarşı soyqırım etmək üçün milyonları öldürməyə gərək yoxdur, onun düşünən beynini məhv etmək yetərlidir. Əhməd Cavad və Hüseyn Cavid kimi ideoloqlar repressiya qurbanı oldular. Türkçülük siyasi məfkurə kimi rəsmən kommunizm rejiminin düşməni elan edildi. Üstəgəl, 37-nin repressiyaları ölkədə olan bütün türkçü ideoloqları bir-bir dənlədi.

Böyük, savadsız kütlə iyrənc bir ideologiyanın altında “savadlandırılmağa” başlandı. Milli məfkurənin ideoloqları – Ziya Gökalp, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçuranın əsərlərindən xəbərsiz olan bu insanlar milli kimliklərini itirdilər. Müsəlman qövmü, ümmət kimi anlayışların yerinə bu dəfə də kommunist və sovet insanı anlayışı gəldi. Əsarəti və cəhaləti rədd edən sovet ideologiyası manqurtlaşmış ziyalı obrazı yaratmağa başladı. Təkcə dini yox, milli adətlərə də qadağalar qoyulurdu. Bizə göstərilən örnək artıq ərəblər və farslar yox, “böyük rus xalqı” idi.

«Biz niyə indi beləyik?» sualı bu günün yox, uzun illər məruz qaldığımız amneziyanın nəticəsidir. Milli kimlik məsələsindəki boşluq sovetlər dağılandan sonra özünü daha çox büruzə verdi. Xalq hərəkatının cəmiyyətdəki rolu azaldıqca yeni islamçılar boş qalan meydanda at oynatmağa başladılar. Və biz yenidən qayıtdıq cəhalət iyi gələn ümmət məsələsinə. Lakin cəmiyyətin problemi tək islamda və ya qeyri dinlərdə deyil. Nə zamana kimi milli məfkurə xalqın ziyalıları tərəfindən cəmiyyətə lazım olan səviyyədə çatdırılmayacaq, təbliğ edilməyəcək, bu kimi neqativ hallar davam edəcək. Gah xristian missionerləri meydanda at oynadacaq, gah sünni-şiə qarşıdurması baş alıb gedəcək, gah da havadan kommunizm qoxusu gələcək. Və bütün bu mənfi halların nəticəsi kimi biz qarşımızda öz milli kimliyinə ironiya ilə baxan, irreal “dünyəvi, bəşəri” ideyaların daşıyıcıları olan indiki gəncliyi görəcəyik. Bu prosesdən də elə ən çox itirən, məhz, həmin gənclik olacaq. Zənnimizcə, türkçülük məfkurəsi kifayət qədər güclü bir ideologiyadır və gəncliyi arxasınca apara bilər. Bir zamanlar bizə ümidlə baxan Əli bəy Hüseynzadə kimi biz də eyni ümidlə gələcəyə baxırıq.

Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan!..
Bir dindəyiz biz, həpimiz hak-pərəstan;
Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?
Çingizləri titrətdi bu afaqı sərasər,
Teymurları hökm etdi şahənşahlara yeksər.
Fatehlərinə keçdi bütün kişvəri-qeysər!
(Əli bəy Hüseynzadə)

Müəllif: Anar ƏSƏDLİ

ANAR ƏSƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq

Fədailərimizi tanıyaq! (4)

Günlərdən Qulamhüseyn Beqdeli.

(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithafən!
Qulamhüseyn Beqdeli və Xəlil Rza Ulutürkün xatirələrindən
)
Beqdeli Şəhriyarı şəxsən gördüyünü bildirir.Şəhriyarın sitar adlı üçtelli musiqi alətində gözəl havalar çaldığını söyləyir.Çox iri olan qara gözləri həmişə kədər dumanına bürünən Şəhriyar çalır, bəzən kirpiyindən üzülən göz yaşı yanağında parlayır.
Şəhriyarın iri, uzun əlləri, sanki fil sümüyündən yaranmış barmaqları, sitar çalmaq üçün saxladığı uzun dırnaqları vardı.Yalnız Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda böyük şairlik nüfuzuna malik olan Şəhriyarı sevirlər, hətta ona maddi kömək göstərirlər. Elə vaxt olur ki, Şəhriyarın ünvanına içində 40-50 min tümən pul olan zərflər gəlir.Belə zərfləri şairə verməyə ar edən poçtalyonlar zərfləri şairin anasına təqdim edirlər.Şəhriyar bundan xəbər tutanda pulu götürüb, öz adətincə, ehtiyacı olan adamlar arasında paylayır.Tehranda yaşadığı zaman onun tez-tez Savə qəsəbəsinə getdiyini, kəndlilərə kömək etdiyini söyləyirlər.Tehranın 6 kilometrliyindən türk kəndləri başlayır.
Girəm ki, abu dane dəriğəm nədaştənd,
Çün makonənd ba ğəme bi həmzəbaniyəm.
(Tutalım ki, dəni-suyu məndən əsirgəmədilər,
Bəs Həmzəbanım yoxdu, bu qəmimə neyləyərlər?)
Qürbətdə keçirdiyi bütün illərdə Şəhriyarın könlü vətən eşqi ilə çırpınmış, həmzəban aramışdı.Burada Şəhriyarın işlətdiyi “abu-danə” -“dən-su” ifadəsinə xüsusi diqqət yetirək:
“Dən-su” ifadəsi insandan daha çox quşa, həm də qəfəs quşuna verilən bir neməti bildirir.Bu o deməkdir ki, Şəhriyar Tehranda keçən illərini qəfəsdə çırpınan quş sanarmış.
Şəhriyarın Tehrandan Təbrizə köçməsinin psixoloji səbəblərini məhz bu misralarda aramaq lazımdır.Tehranda yaşamaq maddi cəhətdən daha əlverilşli olsa da, o daha böyük amalı, mənəvi ehtiyacını ödəmək üçün Təbrizə qayıtmaq yolunu üstün sayıb.
03.05.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kənan Hacı: – Həmid Herisçini özünə ustad bilənlər…

YAZARLARIN TRİBUNASI

Dünənə qədər Həmid Herisçini özünə ustad bilənlər bu gün onu linç etməklə məşğuldurlar. Siz yazıçı nüfuzunun aşağı düşməsindən danışırsınız, oxucunun kitabdan üz döndərməsindən dəm vurursunuz. Amma öz qələm dostunuzun statuslarınızın altında təhqir olunduğuna göz yumursunuz! Onun “ölüm xəbəri”ni tirajlayıb bundan ləzzət alırsınız. Özünə “ədəbiyyat adamı” deyən kəs öz həmkarına qarşı axıdılan çirkab selinə kənardan durub baxa bilməz!
HƏMİD HERİSÇİnin Azərbaycan Yazıçılar Birliyinin üzvü olmasında hansı qəbahət var? Bəlkə Aqronomlar Birliyinə ya Memarlar İttifaqına üzv olmalıydı?!
Bu nə hay-həşirdir? Bir yazıçının Yazıçılar Birliyinə üzv olması niyə bu qədər ajiotaj doğurmalıdır? Bu, hər bir yaradıcı şəxsin öz seçimi, öz qərarıdır. Düşünürəm ki, Yazıçılar Birliyinə qarşı şəxsi ambisiyalar üzərində qurulan təmənnalı münasibət də dəyişməlidir. Narazılıqların kökündə də bu dayanır. Yazıçının işi mətn yazmaqdır. Həmid bəyin də Yazıçılar Birliyində təmsil olunması təbiidir. O, böyük yazıçıdır. Gəlin, dəyərlərimizin qədrini bilək.


TRİBUNADA: KƏNAN HACI

KƏNAN HACININ YAZILARI

HƏMİD HERİSÇİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAHLAR GÖYTÜRK: – Günümüz qutlu olsun!

TÜRKLÜK GÜNÜNƏ SÖZARDI

20 ildən çoxdur ki, Göytürk imzası ilə tanınıram. Bu adı sevərək şərəflə daşımağımla, uca və əziz tutmağımla fəxr edirəm.
Göytürk adı etnik kimliyimizin göstəricisi, üçrəngli bayrağımızdakı göy rəngə əbədi sayğı nümunəsidir.

Bu ada sayğı duymayanlar türklük düşmənləri, öz kökündən xəbərsiz nadanlardır.

Göytürk adını təxəllüs götürməyim mənə bu illər ərzində baha başa gəlib.Bu ad zombiləşmiş “ziyalılar”ı elə ilk gündən rahatsız edib.

Mən bu adla, təəssüf ki, ən çox sapı özümüzdən olan baltalarla savaşmışam. O savaş bu gün də gizli şəkildə davam edir!

Onları güclü göstərən vəzifə, məni qüdrətli edən isə Vicdan, Vətən, Dövlət, Millət və Ana dili sevgisidir.

Mənə bu mübarizədə ilk gündən ən böyük mənəvi dəstəyi və xeyir-duanı Xalq şairi dəyərli millət vəkilimiz Sabir Rüstəmxanlı verib.

Bu adı özümə təxəllüs seçərkən qarşıda məni hansı çətinliklərin gözlədiyini çox yaxşı bilirdim.

Torpaqlarımız işğal alltında olduğu vaxtlarda ölkəmizdə türk düşmənçiliyi tüğyan edirdi. Bəziləri adımın qarşısında Göytürk sözünü görəndə sanki qutuda ilanı görürdülər. Elə bu gün də yazılarımın ayrı-ayrı səhifələrdə paylaşılmamasının əsas səbəbi Göytürk imzası ilə çıxış etməyimdir.

Şükürlər olsun, çölümüzdəki və içimizdəki türk düşmənləri uca xalqımızın gücünü, qüdrətini gördülər. Qazandığımız möhtəşəm tarixi Zəfərdən sonra sanki qurbağa gölünə bir daş atıldı.Qurbağaların səsi xırp kəsildi.
Türk adını türkiyəçiliklə eyniləşdirən diplomlu cahillər üz-üzə cəsarətləri çatmadığından indi də arxamca quruldaşırlar.
Amma haqq səsim o qədər güclüdür ki, qurbağaların qur-qur səsini batırır.

Mən bu mənəvi gücü qalib dövlətimizin yürütdüyü düzgün siyasətdən– müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” məfkurəsindən alıram.

Etnik kimliyindən asılı olmayaraq dilimizi, millətimizi, bayrağımızı sevən, dövlətimizə sadiq olan, üçrəngli bayrağımız altında öz soyu, dili, inancı ilə qürur duyan hər bir ləyaqətli Azərbaycan vətəndaşını özümə doğma, əziz bilir və hər birini Bütöv Azərbaycanımızın milli sərvəti hesab edirəm.
Türkçülük Günü 80 ilə yaxındır ki, türk dünyasının birlik və qardaşlıq sumgəsinə çevrilib.
Günümüz qutlu olsun!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏFƏQ SAHİBLİ – QOŞA QANADIM


QOŞA QANADIM

Altaylardan başlanan yollarına qurbanam ,
Bir-birinə sarılan qollarına qurbanam .
Göy Tanrının haqqıdır ruhumdakı bu inam ,
Bir sinədə döyünən iki müqəddəs canam,
Mənim ulu Türkiyəm şanlı Azərbaycanım !

Ulu Qorqud qopuzu müdriklik nəğməsidir ,
Səslənir pərdə- pərdə qoca türkü isidir .
Böyük Turan elləri Tanrının töhvəsidir,
Qürurla dalğalanır məmləkət üstə qanım ,
Mənim ulu Türkiyəm, şanlı Azərbaycanım !

Tarixlərə aynadır Çanaqqala döyüşü,
Türk oğlunun alnından tarixlərə gün düşüb.
Böyük istiqbalımın yox geriyə dönüşü ,
Milyonlarn qəlbidir bölünməyən ünvanım,
Mənim ulu Türkiyəm ,şanlı Azərbaycanım !

Umidsiz qaytarmadın heç kimsəni qapından,
Bəzən canın ağrıdı vecsiz “balta sapın “dan .
Fələk döndərə bilməz səni öz kitabından
Ulu turan imzalı uca dinim ,imanım,
Mənim ulu Türkiyəm ,şanlı Azərbaycanım !

Dünya batıra bilməz haqq yolunda haqq qanı,
Zaman-zaman yedilər qoca Türkün haqqını ,
Tarix bu gün qaytarır uca Türkün haqqını,
Şükür ,yetişdi dövran ,zaman mənim zamanım ,
Mənim ulu Türkiyəm ,şanlı Azərbaycanım !…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Yaz yağışı

YAZ YAĞIŞI

(Esse)
Yağan yaz yağışı düz sinəsinin ortasındakı qara xala kədərdən qapqara nəm çəkmişdi. Qan rəngli yanaqlar bağrının qara düyününün ahından solğunlaşıb, boynunu lap bənövşə kimi bükmüşdü. Yaxınlıqdakı çobanyastığı topasına tərəf boylanıb yazıq-yazıq dərdlərini bölüşmək istədi

– Hamı məni sevir, adım dillər əzbəridir. Çiçəklərin tacı hesab olunuram. Adıma nəgmələr qoşurlar, əzizlənirəm. Elə ki, dağ döşünə, düzlərə çıxdım dəstə-dəstə insanlar mənlə şəkil çəkdirməyə növbəyə dururlar. Analar adımdan qızlarına ad verir, şairlər vəsfimdən doymaq bilmir. Nasirlər şəhid qanının müqəddəsliyindən rəng aldığımı deyir.
Təkcə özüm bildiyim kədərimi isə bir kimsə görmür, duymur. Lap səhnədə xoşbəxt qız rolunu şən qəhqəhələrlə oynayan, amma həyatda ən bədbəxt insan olan aktrisa kimiyəm. Qəfil azacıq artıq olan günəş hərarəti, yağan yağış, əsən külək qısaca ömrümüzə bağırımızdakı qara xal kimi nöqtə qoyur. Ya da acı olsaq da ac bir quzunun iştahlı mələməsinə qurban gedirik. Birdən də kimsənin əyləncə həvəsinin ehtirasında qırılır ömrümüz. Dərib bizi bir neçə anlıq sevilməyin məstindən keçirib, tezcə solan ləçəklərimizi miskincəsinə ayaqlar altına atırlar.
Çobanyastığı topasından ağ, nazlı görkəmi ilə göz oxşayan biri qanrılıb lalə tərəfə sanki ona təskinlik verirmiş kimi dilləndi:

– Qəm yemə dostum. Biz də səninin günündəyik. Düzdü bizi yağış sənin kimi incitmir. Bağrımızda qara düyünlü xalımız yoxdu deyə sanma ki, dünyanın dərdsiz bəxtəvərləriyik. Min bir dərdin dərmanı olsaq da adımıza nəğmə qoşmazlar. İnsanlara sağlamlıq bəxş etsək də ünvanımıza zəqqutun acılığındayıq deyirlər. Bizi yolub cızzağımız çıxanacan qurudurlar, sonra da basıb çaydana qaynar suda qaynadıllar. Dərdlərə dərman, xəstələrə şəfa olan canımızı qətlə yetirib heç uf demirlər. Bu azmış kimi yeniyetmələrin sevir-sevmir sınamasında tutub bizi kəsilmiş toyuq kimi yolurlar. Qızlar da, oğlanlar da vay o gündən yolulan ləçəyimizin sonuncusunu niyyəti ilə düz gəlməməyi ola, onda hirslə necə sarı bağrımıza dağ çəkdiyini görəsən. Elə bil kiminsə sevməməyində günahkar bizik. Ən axırıncı lazımsıza bənzədib, hələ bir arxamızca lənətləyirlər də. Bəzən də istədikləri arzuya düz gələn axırıncı ləcəyimiz qopardıb elə atılıb düşürlər ki, saplağımız da, bətnimizdəki sarı toxumçuqlar da ayaqlar altında taptanaraq məhv olur.
Hələ bizə tənə ilə sirkan deyənlər də tapılır.

Ruhunu incitməyə ehtiyat edirmiş kimi bir əl lalələri də çobanyastığını da oxşadı. Elə bil sehirli hənirti vardı bu barmaqların ucunda. Qəlblərini duyaraq lalələrin də, çobanyastığı çiçəklərinin də ən zərifini, ən məsumunu həm də ən acizini dərdi. Üzülən çobanyastığı da, lalə də qətillərinə verilən fərmana boyun bükəndə heç bilməzdilər ki, onlar dünyanın bütün çobanyastığı çiçəklərindən, bütün lalələrindən ən xoşbəxti, ən şanslısı olacaqlar.
Çobanyastığı və lalələrin ən bəxtəvəri onları üzüb əldə tutandan dünyanın ən gözəl, ən məsum, mələkləri belə heyrətə salan nur simalı təkinə ünvanlandı. Ecazkar təbəssümdən çiçək dəstəsinə elə bir şəfqət seli axdı ki, çiçəklər sevgi etizasından bayıldı. Onların əksi bir cüt qonur dəryaya hopub əbədi olaraq xoşbəxt dalğaların qoynuna köçdü.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu


Dünyanı dərk eləyəndən
İlk sözümüz minacatdı.
Qəlbim nələr istəmədi? –
Arzularım minə çatdı…

Düşdüm yolların ağına,
Dırmandım hikmət dağına,
Baş qoyub yar ayağına
Axır ki, murada çatdım.

Məcnun tək səhraya düşdüm,
Sevgi ocağında bişdim,
Qismətimə hicran düşdü,
Sevən ürəyim çat-çatdı…

Qəlbi daşmış o yarın da,
Mən keçmişdə, o yarında,
Şeir-sənət diyarında
Bəlkə yolum sona çatdı?

Yazdım, pozdum, fikrə getdim,
Yaralı bülbül tək ötdüm,
Əlimdən gələni etdim, –
Neynim, gücüm buna çatdı…

03.05.2024

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ana dilim – Ata yurdum!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Platonun fikrincə, filosof substantiv və instrumental olmaqla iki növ ağıla sahibdir.

Platonun fikrincə, filosof substantiv və instrumental olmaqla iki növ ağıla sahibdir. Lakin “xalq”ın ağlı instrumental olduğu üçün məhduddur, Instrumental ağıl başqa insanlar üçün ümumidir, ona görə də dövlət idarəçiliyi üçün kifayət deyil. Platonun dövləti ancaq filosofların idarə edə biləcəyini düşünməsi qismən buna görə idi. O deyirdi ki, filosoflar hakimiyyətə gəlməsə və ya hakimiyyətdəkilər fəlsəfə etməsə, insanların iztirabları bitməyəcək.
Platon Daidalosun heykəlləri vasitəsilə fikir və həqiqi bilik arasında fərq də izah etmişdir. Rəvayətə görə, bu heykəllər canlıdır və daim yerlərini dəyişir. Necə ki bizim də bir müddət sonra fikirlərimiz dəyişəcək. İnformasiya hərəkətdə deyil, sabitdir, elə buna görə də fikir və inanclardan daha qiymətlidir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru