YAZ YAĞIŞI
(Esse)
Yağan yaz yağışı düz sinəsinin ortasındakı qara xala kədərdən qapqara nəm çəkmişdi. Qan rəngli yanaqlar bağrının qara düyününün ahından solğunlaşıb, boynunu lap bənövşə kimi bükmüşdü. Yaxınlıqdakı çobanyastığı topasına tərəf boylanıb yazıq-yazıq dərdlərini bölüşmək istədi
– Hamı məni sevir, adım dillər əzbəridir. Çiçəklərin tacı hesab olunuram. Adıma nəgmələr qoşurlar, əzizlənirəm. Elə ki, dağ döşünə, düzlərə çıxdım dəstə-dəstə insanlar mənlə şəkil çəkdirməyə növbəyə dururlar. Analar adımdan qızlarına ad verir, şairlər vəsfimdən doymaq bilmir. Nasirlər şəhid qanının müqəddəsliyindən rəng aldığımı deyir.
Təkcə özüm bildiyim kədərimi isə bir kimsə görmür, duymur. Lap səhnədə xoşbəxt qız rolunu şən qəhqəhələrlə oynayan, amma həyatda ən bədbəxt insan olan aktrisa kimiyəm. Qəfil azacıq artıq olan günəş hərarəti, yağan yağış, əsən külək qısaca ömrümüzə bağırımızdakı qara xal kimi nöqtə qoyur. Ya da acı olsaq da ac bir quzunun iştahlı mələməsinə qurban gedirik. Birdən də kimsənin əyləncə həvəsinin ehtirasında qırılır ömrümüz. Dərib bizi bir neçə anlıq sevilməyin məstindən keçirib, tezcə solan ləçəklərimizi miskincəsinə ayaqlar altına atırlar.
Çobanyastığı topasından ağ, nazlı görkəmi ilə göz oxşayan biri qanrılıb lalə tərəfə sanki ona təskinlik verirmiş kimi dilləndi:
– Qəm yemə dostum. Biz də səninin günündəyik. Düzdü bizi yağış sənin kimi incitmir. Bağrımızda qara düyünlü xalımız yoxdu deyə sanma ki, dünyanın dərdsiz bəxtəvərləriyik. Min bir dərdin dərmanı olsaq da adımıza nəğmə qoşmazlar. İnsanlara sağlamlıq bəxş etsək də ünvanımıza zəqqutun acılığındayıq deyirlər. Bizi yolub cızzağımız çıxanacan qurudurlar, sonra da basıb çaydana qaynar suda qaynadıllar. Dərdlərə dərman, xəstələrə şəfa olan canımızı qətlə yetirib heç uf demirlər. Bu azmış kimi yeniyetmələrin sevir-sevmir sınamasında tutub bizi kəsilmiş toyuq kimi yolurlar. Qızlar da, oğlanlar da vay o gündən yolulan ləçəyimizin sonuncusunu niyyəti ilə düz gəlməməyi ola, onda hirslə necə sarı bağrımıza dağ çəkdiyini görəsən. Elə bil kiminsə sevməməyində günahkar bizik. Ən axırıncı lazımsıza bənzədib, hələ bir arxamızca lənətləyirlər də. Bəzən də istədikləri arzuya düz gələn axırıncı ləcəyimiz qopardıb elə atılıb düşürlər ki, saplağımız da, bətnimizdəki sarı toxumçuqlar da ayaqlar altında taptanaraq məhv olur.
Hələ bizə tənə ilə sirkan deyənlər də tapılır.
Ruhunu incitməyə ehtiyat edirmiş kimi bir əl lalələri də çobanyastığını da oxşadı. Elə bil sehirli hənirti vardı bu barmaqların ucunda. Qəlblərini duyaraq lalələrin də, çobanyastığı çiçəklərinin də ən zərifini, ən məsumunu həm də ən acizini dərdi. Üzülən çobanyastığı da, lalə də qətillərinə verilən fərmana boyun bükəndə heç bilməzdilər ki, onlar dünyanın bütün çobanyastığı çiçəklərindən, bütün lalələrindən ən xoşbəxti, ən şanslısı olacaqlar.
Çobanyastığı və lalələrin ən bəxtəvəri onları üzüb əldə tutandan dünyanın ən gözəl, ən məsum, mələkləri belə heyrətə salan nur simalı təkinə ünvanlandı. Ecazkar təbəssümdən çiçək dəstəsinə elə bir şəfqət seli axdı ki, çiçəklər sevgi etizasından bayıldı. Onların əksi bir cüt qonur dəryaya hopub əbədi olaraq xoşbəxt dalğaların qoynuna köçdü.
Müəllif: Pərviz YƏHYALI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru