
Fədailərimizi tanıyaq! (4)
Günlərdən Qulamhüseyn Beqdeli.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithafən!
Qulamhüseyn Beqdeli və Xəlil Rza Ulutürkün xatirələrindən)
Beqdeli Şəhriyarı şəxsən gördüyünü bildirir.Şəhriyarın sitar adlı üçtelli musiqi alətində gözəl havalar çaldığını söyləyir.Çox iri olan qara gözləri həmişə kədər dumanına bürünən Şəhriyar çalır, bəzən kirpiyindən üzülən göz yaşı yanağında parlayır.
Şəhriyarın iri, uzun əlləri, sanki fil sümüyündən yaranmış barmaqları, sitar çalmaq üçün saxladığı uzun dırnaqları vardı.Yalnız Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda böyük şairlik nüfuzuna malik olan Şəhriyarı sevirlər, hətta ona maddi kömək göstərirlər. Elə vaxt olur ki, Şəhriyarın ünvanına içində 40-50 min tümən pul olan zərflər gəlir.Belə zərfləri şairə verməyə ar edən poçtalyonlar zərfləri şairin anasına təqdim edirlər.Şəhriyar bundan xəbər tutanda pulu götürüb, öz adətincə, ehtiyacı olan adamlar arasında paylayır.Tehranda yaşadığı zaman onun tez-tez Savə qəsəbəsinə getdiyini, kəndlilərə kömək etdiyini söyləyirlər.Tehranın 6 kilometrliyindən türk kəndləri başlayır.
Girəm ki, abu dane dəriğəm nədaştənd,
Çün makonənd ba ğəme bi həmzəbaniyəm.
(Tutalım ki, dəni-suyu məndən əsirgəmədilər,
Bəs Həmzəbanım yoxdu, bu qəmimə neyləyərlər?)
Qürbətdə keçirdiyi bütün illərdə Şəhriyarın könlü vətən eşqi ilə çırpınmış, həmzəban aramışdı.Burada Şəhriyarın işlətdiyi “abu-danə” -“dən-su” ifadəsinə xüsusi diqqət yetirək:
“Dən-su” ifadəsi insandan daha çox quşa, həm də qəfəs quşuna verilən bir neməti bildirir.Bu o deməkdir ki, Şəhriyar Tehranda keçən illərini qəfəsdə çırpınan quş sanarmış.
Şəhriyarın Tehrandan Təbrizə köçməsinin psixoloji səbəblərini məhz bu misralarda aramaq lazımdır.Tehranda yaşamaq maddi cəhətdən daha əlverilşli olsa da, o daha böyük amalı, mənəvi ehtiyacını ödəmək üçün Təbrizə qayıtmaq yolunu üstün sayıb.
03.05.2024
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru