Araz Yaquboğlu Şuşada.

Tanınmış araşdırmaçı, yazıçı, şair ARAZ YAQUBOĞLU Şuşada.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

5 may – şair Mirzə Bayramovun doğum günüdür.

5 may – şair, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Bayramovun doğum günüdür.

Mirzə Bayramov 1888-ci il mayın 5-də Azərbaycanın Tovuz rayonunun Cilovdarlı kəndində yoxsul kəndli ailəsində doğulub. 1896-1899-cu illərdə mollaxanada oxuyur. Lakin kiçik yaşlarından şifahi xalq ədəbiyyatına, musiqiyə, el havalarına ciddi maraq göstərir.
12 yaşından Aşıq Hüseyn Bozalqanlının şagirdi olur, 1905-ci ildən sərbəst aşıqlıq edir. İlk mətbu əsəri 1932-ci ildə “Allahsız” jurnalında (№10) çıxan “Bitdili busatı” şeridir. Bundan sonra dövri mətbuatda, dərsliklərdə müntəzəm çap olunur. 1927-ci ildə Qazaxda aşıqlar yığıncağında birinci yer tutduğuna görə ona bir dəst kostyum və pul mükafatı verilir. 1928-ci ildə Bakıda I Aşıqlar qurultayında çıxışı yüksək qiymətləndirilir. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olur. Böyük Vətən müharibəsində sazı və sözü ilə ön və arxa cəbhədə bütün qüvvələri səfərbərliyə almaqda xalqa kömək edir.
“1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilib..

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İşığam, çəkirəm qaranlığa dağ” – Fikrət Qoca

Ailəmizdən bu dünyada durub qalanlarımızın bir qismiylə, bacımla mən də görüşünə getmişdik bu gün.
Hava buludluydu. Sakitdi… Ətrafında hər şey sənə bənzəyirdi; təvazökarlıqla açılmağa başlayan qızılgüllər də, səliqəli, zərif, amma kölgəsini əsirgəməyən ağac da, yamyaşıl etibarına, torpaq qüvvəsinə ərk edə biləcəyin otlar da… Huzurun, səssizliyin içində elə bildim, həmişəki zümzümən gəldi qulağıma. Deyirdin axı:
Mən bir nəğməyəm-gözünüzə görünmüşəm.
Şehlərə dönmüşəm,
yarpaqlara dönmüşəm.
Mən güləm,
Gülün ətri də mənəm.
Qəzəb söndürənəm,
Kin əridənəm.
İşığam, çəkirəm qaranlığa dağ
küçələrə keşik.
Evlərin bir beşik
sevinciyəm.
Yorğun ayaqlara dincliyəm.
Mehribanlığam-
yaraşıram baxışlara.
Təbəssüməm-yaraşıram üzlərə.
Günəşəm-yaraşıram gündüzlərə.
Mən bir nəğməyəm, oxuyun məni.
Səpələnmişəm-
Gözəllərin yanağında xallaram.
Çiçəklərəm çöllərdə,
Dağlarda dumanam.
Bir nəğməyəm,
Sözlərim bütün gözəlliklərdir-
onların adını düzün yan-yana.
Mən bir nəğməyəm,
Bütün gözəlliklərə parçalanıb
Səpilmişəm
Cahana!…
Çox inanıram lap gənc yaşında yazdığın bu şeirin həqiqətinə, sən gedəndən hər oyandığım gün inanıram… Yeni dünyanda yeni yaşın mübarək, Fikrət Qoca.

05.05.2024 – Bakı.

Güldəniz Qocayeva

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Azadlıq aşiqləri”

May ayı, doğrudan da, Azərbaycan türklərinin həyatında misilsiz bir aydır. Bəlkə də, bu aya gələcəkdə “Azadlıq aşiqləri” adı vermək olar.

Dünəndən baxıram bu ayda kimlər doğulmayıb, Əlimərdan bəy Topçubaşov, Əhməd Cavad, Fuad Poladov… Musa Yaqub demişkən, “Və başqaları” …

Ən əsası isə bu ayda CÜMHURİYYƏT doğulub..

Nə gözəl aymışsan sən, May ayı… Millətlərin taleyində elə şəxsiyyətlər var ki, onlar sadəcə fikir deyil, həm də əməl böyükləridir. Onların fəaliyyəti daim öz millətlərinin taleyində canlılıq yaradıb. Bizim millətimiz fikir və əməli bütöv şəxsiyyətlərimizlə çox zəngindir. Sadəcə insanımıza tariximizi və böyüklərimizi tanıtmalıyıq ki, doğru cəmiyyət qura bilsinlər.

Bu aspektdən yanaşaraq zaman-zaman böyük şəxsiyyətlər haqqında paylaşımlar edirəm.

Türk millətçiliyinin fikir babası, bir ölkənin HAQQ bağıran səsi, millət aşiqi Əhməd Cavadı doğum günündə anmaq isə nəfəs qədər vacibdir.

Millətə fəda olunan bir ömrün və ailənin sahibi Əhməd Cavad…

Sınmayan insanların örnək cəsarət və millət sevgisinin tablosu idi bu ömür yolu…

Həbsxanada keçirdiyi son günlərdə yanına ziyarətə gələn bir dostuna sonuncu şeirini əzbərlədir: “Ağaclara baxaraq deyəcəm, sən də əzbərlə. Bu günlər gəlib keçəcək, gözəl, hürriyyət dolu günlər gələndə sən də bu şeiri yazıb oğluma çatdırarsan. O da şeiri dərc elətdirib, millətimə hədiyyə edər” demişdi. Şeir “Susmaram” adlanırdı.

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım,
Damğa vurub, zəncirləyib, tullayıblar zindana,
Qarlı-qışlı cəhənnəmlər məskən olmuşdur mənə.
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar.
Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq,
Oğuzların, elhanların, vətənində kimdir bax!
Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
Mən bir qulam, yerim qızıl, suyum gümüş, özüm ac,
Atam məhkum, anam məzlum, elim hər şeyə möhtac.
Mən bir türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!

Böyük bir sevgi ilə anıram!

Müəllif: Anar ƏSƏDLİ

ANAR ƏSƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

POEZİYAMIZA LAÇIN HAVASI GƏTİRƏN ŞAİR

POEZİYAMIZA LAÇIN HAVASI GƏTİRƏN ŞAİR

Ağa Laçınlının şeirlərini oxuyanda özümü əfsanəvi bir diyarda, Laçında, Həkəri şayının sahillərində, Minkənddə, Oğuldərədə hiss eləyirəm sanki. Elə bil ki, ciyərlərimə o dağların təmiz havası, gül-çiçəkli çəmənlərinin ətri dolur. Sarı Aşıq poeziyasından, Laçın folklorundan süzülüb gələn bir mənəvi saflıq, duruluq görürəm Ağa Laçınlının poezi-yasında… Özümü “Qışda baldırıma qar çıxan yerdə, yazda gül çıxacaq dizimə mənim”, “Burda səhər şehi axşama qalır ulas yarpağının ovuclarında”, “Şehli novruzgülü yazın eşqinə elə bil qaldırıb qızıl piyalə”, “Bəzən meşələrdə gecə¬ləmişəm, yuxum da çevrilib şeirə, nəğməyə” deyən istedadlı şairin lirik qəhrəmanın yerində hiss eləyirəm. Qırxqız yaylağının bahar mənzərələri canlanır gözüm önündə:

Zirvədən yuxarı boylanan qaya
Qüllədə dayanmış əsgərə bənzər.
Zirvədən aşağı dolanan qaya
Dağların belində kəmərə bənzər.

Naxışlı təpələr, məxmər yamaclar
Bir bölük dumanın balıncıdırmı?
Öz torpaq qınından sıyrılan daşlar
İgid babaların qılıncıdırmı?

Ağa qardaşımız təəssüf ki, qibləgahı Laçının düşmən tapdağından azad olunduğu günü, üçrəngli zəfər bayrağı-mızın zirvələrdə dalğalandığı, gül-çiçəyin gözəlliyinə yeni zəfər rəngi qatdığı günü görə bilmədi. Ancaq inanırıq ki, onun ruhu şaddır. Ona görə ki, indi Laçının laçın günləri təzəcə başlayıb. Murdar nəfəslərdən təmizlənən Laçının başı qarlı dağlarını indi qalib Azərbaycan əsgərinin nəfəsi isidir…
1966-cı ildə filologiya fakültəsinə təzəcə qəbul olunan, ilk şeirlərini mətbuatda görmək arzusuyla alışıb yanan gənclərdən biri kimi əsərləri ara-sıra dərc edilən, hətta ilk kitabı çap olunan qələm adamlarına qibtə edirdim. O nəslin nümayəndələrindən biri də o vaxt hələ şəxsən tanımadığım Ağa Laçınlı idi. Onun 1966-cı ildə “Gənc şairin ilk kitabı” seriyasından çap edilən “Ümid” kitabında gedən 8 şeirini dönə-dönə oxumuşdum… Ağanın texniki katib, ədəbi işçi işlədiyi illərdə “Ədəbiyyat və incəsənət” qəzetində “Palıd ağacı” adlı şeirimin çap olunmasını görmək mənim üçün böyük xoşbəxtlik idi…
Ağa müəllimi o vaxtdan tanısam da, ara-sıra görüşüb salamlaşsaq da elə yaxınlığımız yox idi…Sumqayıtdakı 23 nömrəli məktəbdə müəllim işlədiyim vaxtlar idi… Təzə məktəbə təzə poeziya ab-havası gətirmək eşqi ilə yanırdım. “Ümid”dən sonra Ağa Laçınlının “Sakitlik”, “Sirli-soraqlı dağlar” adlı balaca kitablarını da alıb oxumuşdum. Məktə-bimizin fəaliyyətə başladığı il – 1973-cü ildə Ağa Laçınlının “Torpağın gücü” adlı kitabı təzəcə çapdan çıxmışdı. O kitabı alıb oxuyanda ağlıma həmin kitabın müəllifi ilə görüş keçirmək fikri gəldi. Bu haqda məktəbin direktoru Minarə Tahirovaya söyləyəndə əvvəlcə tərəddüd elədi, çünki Ağa Laçınlını tanımırdı.
Mən Minarə xanıma Ağa Laçınlının təsadüfi adam olmadığını, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirdiyini, bir neçə kitabın müəllifi olduğunu söylədim. Bundan sonra o, tədbirin keçirilməsinə razılıq verdi. Gözəl bir görüş alındı. Mən şairin yaradıclığı haqqında qısa məlumat verdim. Şagirdlərin ifasında onun şeirləri səsləndi. Sonra Ağa Laçınlı özü çıxış elədi, şeirlərini oxudu…

Tədbirdən sonra Minarə xanım mənə dedi ki, ay Rafiq, doğrudan da, Ağa Laçınlı yaxşı şair imiş, sağ ol ki, onu şagirdlərimizlə tanış elədin…
Bax o vaxtdan, Ağa Laçınlı ilə mənim tanışlığım yeni müstəviyə keçdi, dostluğa çevrildi… Şeirlərim haqda, daha doğrusu, “Ətirli düymələr” kitabım haqqında “Ətirli sözlər” adlı gözəl bir məqalə yazıb “Azərbaycan müəllimi” qəzetində çap etdirdi.
Tədbirlərdə həmişə görüşüb söhbətləşirdik. Oğlu Fəxrini də çox vaxt özü ilə gətirirdi, istəyirdi ki, ədəbi mühitdə böyüsün, istedadlı bir ədəbiyyat adamına çevrilsin. Çox şükür ki, onun arzuları çin oldu. Onun övladları Fəxri Uğurlu və Azər Qaraçənli ədəbi ictimaiyyətin qəbul etdiyi və hörmət bəslədiyi qələm sahiblərinə çevriliblər.
Arabir Ağa Laçınlı ilə birlikdə görüşlərə də gedərdik. Bakıdakı kimya təmayüllü məktəbdəki görüşümüzü yaxşı xatırlayıram. Biz şeir oxuyur, arabir də müəllimlərin, şagirdlərin suallarına cavablar verirdik. Çox vaxt sualları kiçik kağız parçalarına yazıb göndərirdilər. Ağa müəllim o sual-lardan birini oxuyanda o dəqiqə hiss elədim ki, bu sualı mənə ünvanlayıblar, Ağa Laçınlıya yox.
Ağa müəllim suala cavab verib əyləşəndə mən ayağa qalxıb dedim ki, Ağa müəllim, sualın ünvanı səhv düşüb, o sualı mənə göndəribmişlər. Sonra həmin kağızı alıb özüm oxuyanda zalda gülüş qopdu. Süal təxminən belə idi. “Heç cavan vaxtı dəlicəsinə sevmisinizmi? Kişi kimi deyin, gözünüzün altını kim qaraldıb?”
O vaxt doğrudan da mənim gözümün altı qaralmışdı. Ancaq vuran olmamışdı, qarlı havada yıxılmışdım. Camaat sakitləşəndən sonra dedim ki, mən ünvanı səhv düşən bu suala, həm də mənə ünvanlanan “Ən çox sevdiyiniz şair kimdir?” sualına birlikdə cavab vermək istəyirəm. Mənim ən çox sevdiyim şairlər Nizami və Sarı Aşıqdır. Nizamini ona görə sevirəm ki, onun “İsgəndərnamə” əsərində insanların fiziki qüsurlarını üzə vurmaq ədəbsizlik sayılır. Sarı Aşığı da bu bayatısına görə sevirəm:

Mən Aşıq baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım.

Dərin məhəbbətlə sevən Sarı Aşıq o qədər həssas, qıs-qanc və kövrəkdi ki, sevgilisinin üzündə göz izi axtarır. Mənə sual verən bədbəxt isə hər şeyi öz arşını ilə ölçdü-yündən gözümün altındakı qaranı yumruq yeri hesab edir…
Zala elə bil su ələndi. Sonra şeirlər oxudum, alqışlarla qarşılandı. Tədbir qurtaranda Ağa müəllim dedi ki, Rafiq, öpürəm, o sual verənin lap anasın ağlatdın…
Sonradan məlum oldu ki, o sualı verən rayaonların birin-dən uşaqları kimya olimpiyadasına gətirən bir müəllim imiş. Sonra gəlib direktorun otağında üzr istəsə də, artıq gec idi, “qatar getmişdi”…
Ağa Laçınlı zahirən qaraqabaq görünsə də, çox zarafatcıl idi. Dəqiq yadımda deyil, ya 1990-ci ilin, ya da 1991-ci ilin yayı idi. Mən Qubadlıda, ata evimizdə idim. O vaxt qardaşım Razim Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyirdi. Evə adətən çox gec gəlirdi. Bu dəfə evə tez gəlməsi məni bir az təəccübləndirdi. Gülə-gülə dedi ki, gör evə sənin görüşünə kimi gətirmişəm.
Gələn Ağa Laçınlı idi… Çox sevindik… Gecənin bir aləminədək süfrə arxasında yeyib içdik, söhbətləşdik, zarafatlaşdıq. İkimizin də dostumuz, baməzə Tahir Feyziyevin də bizimlə birlikdə olması məclisə xüsusi bir ahəng qatırdı…
Sonralar Ağa müəllimlə görüşəndə o günləri həsrətlə xa-tırlayar, Qubadlıya, Laçına birlikdə qayıtmaq arzuları ilə yaşayardıq…
Laçında yeni bir həyat qaynayanda ilk xatırladığım adamlardan biri də məhz Ağa Laçınlı oldu. Özü ilə söhbət eləyə bilməsəm də, şeirlərini yenidən oxumağa başladım və bənzərsiz şairimizin Laçınlı günlərinin poetik mənzərəsi gözlərim önündə canlandı:

Bənizi açıqdı ayazlı göyün,
Sular durulaşıb yay qurağında.
Paltar yumaq üçün arvadlar bu gün
Qazan asıbdılar çay qırağında.
Çay gedir köç kimi, gedir səs-küylə,
Düşünmə dünyada nağıl qurtarmış.
Köpük şar üzdükcə suyun üzüylə
Onu dar qıjovlar atıb-tutarmış…
“Çay qırağnda”

Budur, ay közərdib qarın tığını,
Ulduzlar çinlənib buzun çiynində.
Sanıram dünyanın çil-çırağını
Saxlayıb İşıqlı qaya çiynində.
Dağ dağı qucubdur, dərə dərəni,
Aşağı bəzəkli, yuxarı büllur.
Qaldıra-qaldıra biri-birini
Zirvələr həmişə işıqlı olur…
“İşıqlı”
Bir şehli çiçəyə çox baxıram mən,
Sanıram kirpiyi nəmli uşaqdı.
Bəlkə də havanın həlimliyindən
Dağlar mehribandı, daşlar yumşaqdı.
Uzanıb çayacan dərənin qolu,
Qotazlı nərgizlər qalxıb diklərə.
Baharın tufandan adlayan yolu
Qovuşub al-əlvan çiçəkliklərə…
“Qovuşub”
Ağa Laçınlının demək olar ki, əksər şeirlərində Azər-baycan torpağının ən dilbər guşələrindən biri olan Laçının bənzərsiz gözəlliyi poetik bir biçimdə oxucuya təqdim olunur. Özü də bu əsrarəngiz mənzərələrə lirık qəhrəmanın duyğu və düşüncələri hopduğundan onlar daha cazibədar görünür. Peyzajlar lirik qəhrəmanın duyğularına sadəcə fon deyil, bu cazibədar lövhələrin içərisində qəlbi gözəllikdən lərzəyə gələn bir inasanın ürək döyüntüləri eşidilir sanki:

Anamın bir dürmək yuxası ilə
Burda bir igidi doyurmaq olur.
Burda tüstülərin qoxusu ilə,
Bu evi o evdən ayırmaq olur.
Şamama ətrini gəzdirir tağ-tağ,
Söyüdlər arx boyu düzülüb gedir.
Çəpərdən-çəpərə adlayan budaq
Qonşudan-qonşuya elçilik edir.

Şairin şeirlərində dağ, dərə, gül, çiçək, daş, qaya, bulaq, çay obrazlaşdırılır. Elə buna görə də onun şeirlərini oxuyanda təkcə göz önündə əsrarəngiz mənzərələr canlanmır, həm də lirik qəhrəmanın hiss və həyəcanları oxucunun da qəlbini riqqətə gətirir.
Ağa Laçınlı mükəmməl orta və ali təhsil almışdı, üstəlik araşdırmalar aparıb nüfuzlu ədəbiyyatşünaslardan birinə çevrilmişdi, Bakı Dövlət Universitetində tələbələrə xaricü ölkələr ədəbiyyatından mühazirələr oxuyurdu, ancaq əsərlə-rini oxuyanda aydınca görünür ki, şairin əsas müəllimi füsünkar Laçın təbiəti, onun zəngin folklor mühiti olmuşdur. Yoxsa təbiəti bu qədər mükəmməl cizgilərlə, bədii, obrazlı dillə əks etdirmək olmazdı. Mövzusundan asılı olmayaraq onun bütün şeirlərində bu ab-hava aydınca duyulmaqdadır. Xalq dilinin incəliklərinə bələd olmadan belə misralar yaz-maq mümkün olardımı?

Arana tel vurdu dağın şimşəyi,
Yelləndi göyün də o yaş yaylığı.
Köçün yır-yığışla yola düşməyi
Çiçəklə bəzədi qərib yaylağı.

Erkəci yormadı buruq buynuzu,
Qoyun qılafladı, at daşırğadı.
Çobanın boynunda mələyən quzu
Qara yetimliyi belə qarğadı…
“Köç yolunda”

Məni əzizləyir çay həzinliyi,
Başıma əl çəkir yelpikli budaq.
Yuyur canımdakı hər əzginliyi
Ağzı gül yaşmaqlı utancaq bulaq.

Yamyaşıl çəmənlər yonca çıraqlı,
Yapışqan qoxuyur südlü sütüllər
Yeddi boyalıdı, yeddi qurşaqlı
Yeri göyqurşağı – süsən-sünbüllər…

Belə duruluğa batıb qalasan,
Yaxa verməyəsən qilü-qala da.
Çaylar Layla çala, yatıb qalasan
Durna gecələyən yaşıl talada…
“Çiçək sarığı”
Ağa Laçınlı şeirlərinin lirik qəhrəmanı elə təbətin ayrılmaz bir parçasıdı elə bil. Folklor ab-havası ilə yoğrulduğu üçün onun şeirləri canlıdı, koloritlidi. Təbiətlə insanın canlı vəhdəti, ecazkar mənzərələrlə şair ürəyindəki gözəl duyğuların qaynayıb-qarışması, bir-birinə qovuşması ədəbi uğurların rəhninə çevrilir. Bulaqların, çayların duruluğu insanın da mənəvi saflaşmasına zəmin yaradır elə bil.

Ən gözəl nəğmə də çeşmədən sızır,
Dinləyir səsini naxışlı çəmən.
Yox, əsl şeiri də şəfəqlər yazır,
Ancaq varaqlara köçürürəm mən…
“Təbiətdən öyrənirəm”

Sakitlik qoynunda açılıb səhər,
Sükut cilalayır duyğunu, hissi.
Sakitcə süzülüb ilıq şəfəqlər
Öpüşlə oyadır qönçə nərgizi.

Çəmənə deyirəm sabahın xeyir,
Şehli kirpiyini qırpır çiçəklər.
Nə başım üstündə bulud kişnəyir,
Nə döyür üzümə tozlu küləklər…
“Sakitlik”

Səciyyəvi cizgilərlə bənzərsiz təbıət lövhələri – peyzajlar yaratmağı bacaran şair həm də portret yaratmaq ustasıdır. Bu bədii portretlərin içərisində ən mükəmməli ana obrazıdır. “Anam” şeirini oxuyanda gözümüzün önündə əri müha-ribəyə gedəndə heç kəsə boyun əyməyən, balalarını böyüt-mək üçün hər zəhmətə qatlaşan, “pərinc, darı üyüdən”, dərzi yastıq kimi başının altına qoyub gözünün acısını alan, qadınlıq şərəfini yad baxışlardan qoruyan zəhmətkeş bir ananın bədii obrazı canlanır:

Satardı al taftasını,
Məxmərini, baftasını,
Çit parçadan qoftasını
Yamayardı bezdən anam.

Yağlananda cəhrə, daraq,
Sönməz idi hisli çıraq,
Gecələri gec yataraq
Oyanardı tezdən anam.

Başqa bir şeirində “gecələr yatmayan bir axar suların, bir də nigaran ürəkli analardır” olması qənaəti də ananın portretinə yeni bir rəng qatan detaldır.
Yeri gəlmişkən onu da deyək ki, səciyyəvi bədii detallardan istifadə Ağa Laşınlının poetik üslubunu şərtləndirən amillər sırasındadır. Biçin vaxtı bütün canlıların qaçıb getməsi, yuva üstündə yatan bildirçinin yerindən tərpənməməsi (“Biçin”), ananın oğluna “atan sağlığında alan paltarı göstərib demişəm oğlum gətirib” deməsi, qadının öz övladını atanın əsgərlik şinelinə bükməsi, “közə basdırılan palıd qozasının partlayıb külü göyə sovurması” və sair bu kimi onlarla detallar şairin şeirlərinin bədii dəyərini qat-qat artıran bir vasitəyə çevrilir.
Şairin elə şeirləri də var ki, başdan-başa detallar üstündə qurulub. Bu baxımdan “Üzük” şeiri kasıbçılıq içində yaşasa da mənən çox zəngin bir qadının daxili dünyasını açmaq vasitəsinə çevrilir. Qadının sevgilisinin əzab çəkməyini istəmədiyi üçün “Qırmızı sap bağla boş barmağma olsun toy üzüyü nişan üzüyü” deməsi oxucunu kövrəldir.
Zaman keçdikcə bu qadının daxili dünyası misraların boyuna biçilən silsilə detallar vasitəsi ilə açılır: “…Bir payız pul yığdım üzükdən ötrü, Qaçıb qış papağı tikdirdin mənə” – deyən şair detallar üstündə qurulan şeirini bu misralarla bitirir:

Bir gün biz yollandıq dükana sarı,
Aldıq üzüyünü nişanımızın.
Mən sənə verdiyim o yadigarı
Yazdırdın adına uşağımızın…

Ağa Laçınlının şeirlərində o qədər maraqlı bədii təsvir və ifadə vasitələrindən, dialekt sözlərindən, xalq deyimlərindən istifadə olunub ki…
Güman edirəm ki, bu bənzərsiz şairin əsərlərinin sənətkarlıq xüsusiyyətlərini, janrını, şeirlərindəki dil, ifadə incəliklərini öyrənmək olduqca vacib bir məsələdir.
Səmimi, sadə, təvazökar, təmkinli, eyni zamanda zarafatcıl, yüksək yumor duyumlu, qohumcanlı, dostcanlı bir insan, gözəl şair, ədəbiyyatşünas, müəllim Ağa Laçınlının həyat və yara¬dıcılığının elmi şəkildə araşdırılmasına böyük ehtiyac vardır. Ona görə ki, onun əsərlərində tədqiqat üçün, bədii və sosioloji təhlilər üçün zəngin mataerallar vardır.
Sonuncu dəfə Ağa müəllimlə “Azərbaycan” nəşriyyatının qarşısında görüşəndə mənə demişdi ki, qağa, sənə bir məktub yazmışam, göndərəcəm oxuyub arxivində saxlayarsan…
Təəssüf ki, Ağa müəllimin mənə ünvanlanan sonuncu məktubunu oxuya bilmədim…
Görəsən o məktubda mənə nə yazıbmış poeziyamıza Laçın havası gətirən əziz dostumuz?

12.02.2024.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QƏDİM KELTLƏRİN (SELTLƏRİN) MİFOLOJİ TERMİNLƏRİNİN İZAHI.

QƏDİM KELTLƏRİN (SELTLƏRİN) MİFOLOJİ TERMİNLƏRİNİN İZAHI.
(DRUİDİZM – AĞAC KULTU)

Dilçilik elminin problemləri qlobal problemlərdir.Bütün dünya dillərində bu problemlərin yolları araşdırılır.Buna baxmauaraq dilçilik akademiyaları bu prosesləri ləngidə bilmir, əksinə problemlər daha da dərinləşir.Dillərdə sözlər arxaikləşir və tam şəkildə sıradan çıxaraq yerini digər xalqların dillərində olan sözlərlə əvəzləşdirir.Soyumuzun mirası olan sözlər qeybə çəkilir.Bu bütün dillərdə belədir.Yeganə olaraq ərəb dilidir ki, Qurani Kərimin sayəsində qədim ərəb sözləri bu günki günə qədər qorunub saxlanmışdır.Təfsirçilər Quranın hər bir kəlamını əski qaydada izah edərək, ayələrdəki sözlərin arxaikləşməsinin qarşısını ala bilmişlər.
Bəlkə də, Şah İsmail Xətai dövrünün savadlı adamları sayəsində qələmə aldırdığı “Kitabi Dədə Qorqud”un nüsxələrini çoxaldıb yaymağa icazə vermiş olsaydı, yəqin ki, qədim oğuz dillərində olan sözlərin də çox hissəsi günümüzə gəlib çata bilərdi…
Ozümüzdən qurtarmayıb keçək qərb xalqlarının yəni keltlərin dillərində olan tanrısal sözlərin izahına.
Dilimizdə olan “Kelt dili” sözünün özü deformativ şəkildədir.”Kelt” sözü dilimizə rus dilindən “sekond-hand” (ikinci əl) kimi keçmişdir.”Kelt” sözü qədim və bu gün mövcud olan qədim avropalıların Qaliya adından əvvəlki məcmu adıdır.
“Kelt” sözü əslində avropalıların doğma dilində “Selt”dir.İngilis dilinin fonologiyasına görə “c” hərfindən sonra “e, i, y” hərfləri gələrsə, “c” hərfi “s” kimi oxunur.
Bu gün rus dilindən dilimizə keçən avropamənşəli bu strukturlu sözlərdə ingilis dilindəki “c” hərfi “s” səsi əvəzinə “k” səsi ilə oxunur.Məs: “cedrus”-“кедр”, “centaurus- “кентавр”, “cinema”-“ кино”, ”Cyprus” – “Кипр” , ”Cyrus” – “Кир” və s.
Bu gün qədim avropa xalqlarının “keltlər” adlanmasında da səs deformasiyası müşahidə olunur.”Kelt” sözü qədm avropa xalqlarının dilində “Seltae” sözündəndir.Yəni – “Seltlər”.Selt – Kelt
Tarixdən məlumdur ki, keltlərin vətəni olan Qərbi Avropa xalqları poiiteist (çoxtanrıçılıq) olmuşlar.Qərb mifologiyasının ən dərin qatları keltlərə məxsusdur.Qədim Kelt xalqları təbiətdə olan ağacları, bitkiləri, heyvanları tamamilə mifləşdirmişlər.Kelt xalqlarının tarixində “Druizm” elə bir iz qoymuşdur ki, o bu günə qədər avropa xalqlarının folklorunda və real həyatında mühüm yet tutur.Druidlərin ağac cadusu çox qədim zamanlara gedib çıxır.Hətta kelt kahinlərini “druidlər” adlandırmışlar.Druidlər ağac kultunu sehrbazlıq rəmzinə çevirmiş, özlərini ağaclarla danışa bilən, onların gücünü özlərinə tabe etdirə bilən kahinlər kimi təqdim etmişlər.Ölkədəki yüksək sehrbazlıq əhval-ruhiyyəsi druidlərə dövlətdə vəzifə tutmağa da şərait yaratmışdır.(Ensiklopedik materiallarda geniş təsvir olunduğundan təkrara ehtiyac bilmədim.)
Bu gün irlandlar kelt mənşəli dillərdə olan “draoidh”, “deru”, druiade”, “druides” və s. sözlərin kökünü “deru” sözündən yarandığını hesab edərək, “sabit olmaq, bərk qalmaq” kimi mənada qəbul edirlər.
Doğrudanmı bu belədir?
Əgər bu sözün yaşını biz axtarsaq mənbələrdə göstərilən e.ə. 500-ci ildən çox qədimdir.Əslində ən qədim mifologiyalar hər xalqın insanı ilə yaşdaşdır.Məgər dünya xalqları 2500 il əvvəl dünyanı dərk etməyə başlamışlar?Halbuki, Misir Fironları (şərti 5000 il də azdır) mifologiyanı yaradanda məgər avropa xalqları ondan kənar qala bilərdilərmi?
Əslində kelt dilində olan “draoidh” sözü çox qədimdir.Ona verilən məna sözün qədim forması ilə uyuşmur.Baxmayaraq ki, bu etimologiyanı müasir,qədim kelt mənşəli dilçi alimlər özləri vermişlər.
Əgər məsələ “druidlər” sözünün etimologiyasının açılmasından gedirsə birinci növbədə sözün yaşı axtarılmalıdır.Söz mifolojidirsə deməli, bu sözün yaşının qədimliliyi təkzib olunmazdır.
Əgır söz ““ağac” kultu ilə bağlıdırsa, ilk növbədə dilçi-tədqiqatçı “ağac” sözünün həmin dildə oxşar variantlarını izləməlidir.Əgər biz “druid” sözünü şərti olaraq 2 hecaya bölsək, 1-ci heca olan “dr”, “dra”, “dro”, “dru”, “der” sözlərinin bir kökdən olmasını görərik.
Bu gün biz ingilis dilini qədim kelt (Selt) dilinin varisi kimi qəbul ediriksə, “dro” sözünün psixolinqvistik-semantik analizlə müəyyən etmək olur ki, “dro” sözü müasir ingilis dilindəki “tree” – “ağac” sözünün qədim kelt dilindəki ilkin formasıdır.
Qədim Kelt dilində “Dryas”- “Meşə Nimfası” kimi mənalanır.
Sözün 2-ci hecası “iade” əslində qədim kelt gilində “inanc” mənasını bildirən, müasir ingilis dilindəki “idol” sözündəndir.
Qədim Kelt dilində “Druid” sözü fonoloji qaydada “Ağac inancı” mənasını bildirir.(müəllif)
Müasir rus dilində “druidlər”lə bağlı kelt mənşəli sözlər lüğət tərkibində özünə xüsusi yer tutmuşdur.Eyni zamanda bu sözlər “druid” sözünün açılmasında açar rolunu oynayır.Rus dilində “дрова” – “ağac” mənasını verir. İngilis dilindəki “İdolatres” sözü isə rus dilində “ идолопоклонник” – “bütpərəst” anlamına gəlir.İngilis dilində ”İdolatres” sözünə diqqət versək, bu sözün tərkibində həm”idol”, həm də “tree” sözlərini görərik.
Əslində “idol” sözünün özü də 2 hecadan ibarətdir.1-ci heca “İda” Qədim Friqiyalıların (Müasir Türkiyə ərazisinin Kiçik Asiya Qərbi-mərkəzi Anadoluda mövcud olmuş Friqiya dövləti) yaşadıqları ərazidə İda dağını özlərinə inanc yeri hesab edən Kibellərin inanc yerinin adından yaranmışdır.
2-ci heca “ol” isə qərb dillərində peşə bildirən “or” sözünün fonetik mümkün r-l əvəzlənməsi nəticəsində assimlatik formasıdır.”İdol” sözü qədim kelt dilində “inanca sitayiş edənlər” mənasını verir.(müəllif)
Rusiyada xristianlığın qəbulu zamanı bir müddət bütpərəstlərin çoxu yeni dini qəbul etmir, öz məsləklərində qalırdılar.Dindarlar onları “idiotlar” – “bütpərəstlər” adlandırırdılar.Sonralar Rusiyada xristianlıq hakim dinə çevrildikdən sonra bu söz rahiblər tərəfindən təhqiredici məna alaraq xalq arasında “idiot” – “axmaq” mənasında işlənmişdir
Sanki bu İslam dinində də “şərik” mənasını verən “müşrik” sözü kimi.İslamda Allahın tovhidliyini qəbul etməyən, ona şərik qoşanlara günah işlədən adamlar mənasında onlara “müşriklər” adı verilmişdir.Dildə özünəməxsus məna kəsb edən söz özünə yeni nominasiya almışdır.
Druidlərin dini ayinləribdən olan “Hollywood” bayramının adı da “ağac” mənasından yaranmadır.İngilis dilində “wood” sözü “meşə, odun, ağac, taxta” mənalarını bildirir.”Holly” sözü də Qədim Kelt dilində “holy” müqəddəs sözündən olub, “müqəddəs bayramlar” mənasını bildirir.Sözün kökü Fironizmlə bağlıdır.”Holy” sözü Qədim Misirlilərin “Hor” – “Günəş Tanrısı”nın adından yaranmadır.(mümkün r-l əvəzlənməsi)İngilis dilindəki “holyday” – “istirahət günü, tətil” sözləri də buradandır.
Qərbdən fərqli olaraq Qədim Tütklərdə ağac kultu sehrbazlıqdan çox, məişətdəki əhəmiyyətinə görə inanca çevrilmişdi.
Qədim Oğuzlar “qara ağcaqayın” ağacını müqəddəs hesab edirdilər.Onlar bu ağacdan ov və silah vasitəsi olan “ox” alətini düzəldirdilər.Ağcaqayın ağacının onların həyatında mühüm rol oynaması səbəbindən bu ağac onlar üçün müqəddəs hesab edilmişdir.Qərb ölkələri Qədim Oğuzların bu inanclarına görə “qara ağcaqayın” ağacını “Acer Tataricum” adlandırmışlar.(Avropalılar türklərə “tatarlar” deyirdilər)
Dağdağan ağacı da Qədim Türklərin müqəddəs ağac kultudur.Maraqlıdır ki, bu günə qədər folkloristlər “dağdağan ağacının” müqəddəsliyini sözün mənşəyinə görə təqdim edə bilməmişdilər.
Ta qədim zamanda türklər (eyni zamanda bütün dünya xalqları) dağları müqəddəs hesab edərək, onuOd Tanrısının məskəni kimi hesab etmişlər.Dağdağan ağacı sərt mühitə davamlı olduğundan ziyarət hesab edilən dağlarda bitdiyindən onu müqəddəs hesab etmişlər.
”Dağdağan” sözünün 1-ci hecası dağda bitdiyi üçün “dağ” sözündəndir.Qərb dillərindədə bu eyni semantikadandır.Latın dilində ”Dağdağan” – ”Montanum” sözü “mountain”- “dağ” sözündəndir.
Dağdağan sözünün 2-ci hissəsi olan təkrarlanan “dağ” sözü isə teolojidir.Teoloji düşüncəyə görə dağın zirvəsi “Od Tanrısı”nın məkanı sayılırdı.Dağdağan ağacının oduncağından düzəldilən nəzərqaytaran muncuqlar hazırlandıqdan sonra onları odda dağlayaraq ütürdülər.
Qədim Türklərin “ütmək” sözünün kökü “üt” sözü də “od” sözündəndir.”Ütü” sözü rus dilinə də “утюr” kimi adlanır. “Ütü” sözü “Od Tanrısı”nın əlaməti kimi Qədim Türkün sözyaradıcılığında onların psixoloji düşüncələrinin məhsuludur.
İngilis dilində də eyni paralellikdir.”İron”-“ütü” qədim Fironizmdən gələn “od” mənasını verən “hor-ir” sözünün assimlatik formasından yaranmadır..
Türk ağac kultundan olan Qarağac” da müqəddəs ağac hesab olunur.Ağacın rənginin matəm rəngində olması-(qalarkən qara rəng alır) həmin ağacdan qəbirüstü (başdaşı əvəzi) əlamət kimi istifadə olunmuşdur.
Ağdam rayonunda olan məhşur Qarağacı qəbirsanlığı da adını bu ağac kultundan götürmüşdür.Rəvayətlərdə söylənilən Sarıhacı və Qarahacı qardaşları hekayəti xalq etimologiyasıdır.(Həmin əraziyə yaxın olan yerdə Sarıhacılı kəndinin adı ilə Qarağacı adına oxşarlıq yaratmaq fikrindəndir.)
P.S.Mifologiya folklorun elə tərkib hissəsidir ki, o bütün xalqların tarixində mövcuddur.O, xalqların formalaşmasında mühüm yer tutur.
Bəzən mifik hesab etdiyimiz təsəvvürlər həyatda gerçəkliyə də keçə bilir.Necə ki, Qədim Türklərin uçan xalça, yerin altı ilə getmək, sevgilisinin əksini suda görmək, telinin tükününü bir-birinə sürtməklə sevgilisi ilə danışmaq və nələr, nələr…Bu gün bu mifik arzuların hər biri yeni texnologiya əsasında həyata keçmişdir.
Əgər biz insanı “ömür ağacı” kimi təsvir etsək, sanki o, ictimai formasiyanı özündə təzahür edir.İbtidai, orta, tam şəklində dünyanı hissə-hissə dərk edir.O, da nağıllardan başlayıb, gerçəkliyin dərkinə qədər.(Dünyanı dərk etmək istisna olmaqla)
Mifologiya həyatın rənglənmiş formasıdır.O, insanın əlçatmaz arzuları şəklində ömürboyu onunla olur.
Dilçilik elmi mənbələrə görə XVIII əsrdən formalaşıb.Əslində dilçilik elmi də tarix elmi kimi ibtidadan öyrənilməlidir.Deyək ki, bizlər sovet sistemində yaşadığımızdan dilçilik tarixini dərindən öyrənə bilməmişik.Yəni dilin tanrıçılıqla bağlı olduğu səbəbindən.Bəs Avropa dilçiləri Oxford, Humbolt, Kembric, Harvard Universitetlərinin akademikləri bu sahəni niyə öyrənməyiblər?Onlar sözlərin təsnifatlandırılması yolunu heç bu gün də bilmirlər.Əgər ən müasir loboratoriyalar, İTK, robotizm buna kömək edə bilmirsə yenə də fərdi insan amili daha üstündür.Onu da qiymətləndirən olsa…
Bu məqaləni bir dilçi alim yaza bilsəydi mən inanıram ki, dilçilik tarixi çox inkişaf etmiş olardı.Hər bir xalqın dilinin zənginliyi onun dil tarixinin öyrənilməsi ilə ölçülür.Bunun yolu isə birdir.Yəni heç bir elmi mənbəsi yazılmayan TEOLİNQVİSTİKA.
Fikirləşirəm, görəsən adını çəkdiyim universitetlərin aliminin biri bu məqaləni oxusaydı mənə nə cavab yazardı?…

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GƏRMƏ VƏ GERMİC SÖZLƏRİNİN KÖKƏNİ HAQDA

GƏRMƏ VƏ GERMİC SÖZLƏRİNİN KÖKƏNİ HAQDA

Bir var xəzri, gilavar, bir də var germic/gərmic küləyi. Bu söz Güney Azərbaycanın
Ərdəbil vilayətində (Ərdəbil, Xalxal, Meşkinşəhr, Germi (Muğan), Biləsuvar, Parsabad, Nir, Nəmin və Givi) və Quzey Azərbaycanın əsasən cənub və cənub-şərq bölgələrində daha çox işlənir.

Germic/gərmic sözünün mənşəyi farskökənli “gərm” (istilik) sözü ilə izah olunur. Dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan germic küləyi daha çox payızda və yazın əvvəllərində bir neçə gün davam edir və dağıntılara səbəb olur.

Germic/ gərmic quru, isti, lakin çox şiddətli küləkdir.

Yerli sakinlərin fikrincə, germic küləyi Ərdəbil vilayətinin Germi bölgəsindən əsdiyi üçün onu “germic” adlandırıblar. Bu fikri inandırıcı saymaq olar. Lakin bu, Germi şəhər adının “gərm”lə bağlı olduğu anlamına gəlmir. (Germi adının mənşəyi haqda bax: Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adları)

Yeri gəlmişkən, “istilik” anlamında işlənən “gərm” sözünü yunan mənşəli “term” sözü ilə kökdaş saymaq olar. Ola bilər ki, bu söz də (məsələn, pul sözü kimi) Əhəmənilər dövründə əxz edilmiş və yerli tələffüzə uyğunlaşdırılmışdır.

Onu da qeyd edim ki, “germ/gərm” sözü ilə bağlı Güney Azərbaycanda və Azərbaycan Respublikası ərazilərində çeşidli yer adları mövcuddur. Məsələn: Gərmə (Quzey Xorasan bölgəsində şəhər); Gərmrud şəhəri (başqa adı Gərməri); Quzey Azərbaycanda Gərmətük kəndi (Lənkəran. Tədqiqatçılar oykonimin adını “isti’ və “çəltik” mənasında izah ediblər); Babək rayonu ərazisində Gərməçataq kəndi və dağı, Gədəbəy ərazisində Gərməşöylü kəndi və s. Dilimizdə “gərməşov” sözü də vardır. Mənası “gərilə, yəni əyilə bilən, sınmayan ağac, şiv” deməkdir.

Göründüyü kimi, sözün tərkibindəki “gərmə” hissəsi “gərmək’ feli ilə bağlıdır. Bu və başqa faktlardan çıxış etsək, deyə bilərik ki, bəzi yer-yurd adlarımızın tərkibində işlənən “gərmə” sözü fərqli mənalardadır. Dialektlərimizdə “gərmə” sözünün “təzək” mənası da vardır.
(ardı var)

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Бийбимәрьям – ТЫРНАМА ЖҮРЕКТИҢ АРМАН ТӨРИНЕН

ТЫРНАМА ЖҮРЕКТИҢ АРМАН ТӨРИНЕН

Маған дилгирлердиң кештим бәринен,
Атладым дузақты қойған жеринен.
Түңлигин ашпа сен кеўил сарайдың,
Тырнама жүректи арман төринен…

Мүмкин қапалықтың муңы бар шығар,
Мүмкин жылай – жылай маған ар шығар.
Күйдирген сен қусап сәўер яр шығар,
Тырнама жүректи арман төринен…

Талай дебдиўлерим қыйнады жанды,
Дастығымды суўлап атырдым таңды,
Арзыўдың есиги басыўлы қалды,
Тырнама жүректиң арман төринен…

Жаңа сезим арнап, турыпсаң сезип,
Сондада кетпедиң сен меннен безип.
Жүректи аямай қан қылып езип,
Жүректи тырнама арман төринен…

Жаңадан сезимиң бәлким ырасты,
Жүзиме мыйықлы күлки уласты.
Ермек ушын болса қойың таласты,
Жүректи тырнама арман төринен…

Өткен умыт болсын мейли қайылман,
Өзимше жалғызбан жүрген сайылман.
Соған төртлик дизип болған шайырман,
Жүректи тырнама арман төринен…
5 – май 2024 жыл…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzizə Cəfərzadə 1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir…

Əzizə xanım qadınlarımız üçün nümunədir!

Əzizə Cəfərzadə 1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır, əldə etdiyi gəliri tikintiyə xərcləyir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız

Güney Azərbaycandan olan vətənsevər soydaşımız Həbib Yakamozla yeni bir layihəyə başlamışıq.
Məqsəd Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız, söz xəzinəmiz, gələnəklərimiz və s. haqda yazılar paylaşmaq, soydaşlarımızı məlumatlandırmaq, diqqəti Azərbaycanın bütövlüyü məsələsinə yönəltməkdir.

İnanıram ki, Biləsuvar, Parsabad və Germi adlarının kökəni haqda paylaşdığımız bilgilər, faktlar oxucularımız üçün faydalı olacaqdır.

Redaktə işi çox vaxt aparsa da, təmənnasız və sevə-sevə bu işləri görməyi özümə mənəvi borc bilirəm.

Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız
(H.Yakamoz)

Ümumiyyətlə Qacar sülaləsinin devrilməsindən dərhal sonra min il boyunca hakimiyyətə susamış dari taciklər ərkələti (hakimiyyəti) ələ keçdikdə necə deyərlər:”əli atına çatan” İran adlanan ərazidən türklük simgələrini silməkdə sanki bir yarışa giriblər.

Pəhləvi çağının ilk günlərindən Qacarlar ölkəsindəki bütün makro və bir çox mikrotoponimləri türkcədən farscaya dəyişdirməkdə o çağlar yeni qurulmuş Fars Dili və Ədəbiyyatı Akademiyasından tutmuş Şəhərsalma və Yol Nazirliyi, eləcə də Ölkə İnzibati İdarəetmə Ərazi Dairəsinə qədər və hərdən də Rayon İcra Hakimləri yeni yaranmış mərkəzçi qatı panfars hakimiyyətin qulları kimi bu işdə dəridən- qabıqdan çıxıblar.

Aşağıda qısa açıqlamasını verdiyimiz Güney Azərbaycanın yer-yurd adları Pəhləvi və İran İslam Respublikası hökumətləri tərəfindən Azərbaycan türkcəsindən farscaya dəyişdirilmiş Ərdəbil əyaləti kənd və şəhər ərazilərinin coğrafi adlarının bir bölümüdür.

Güney Azərbaycan türkləri bu yerləri hələ də öz tarixi adları ilə adlandırılır. Təəssüf ki, elmi ədəbiyyatda Güney Azərbaycanın Biləsuvar, Qoç Qışlağı (Parsabad) və Germi şəhər adlarının da kökəni haqda yanlış yozumlar yer almışdır.

BİLƏSUVAR

Biləsuvar həm Güney, həm də Quzeydə eyniadlı Azərbaycan şəhərlərindəndir. 1805-ci ildən Qacarlarla rus çarlığı arasında başlanan savaşlar 1828-ci ildə Türkmançay anlaşması ilə bitdi. Bu anlaşmaya görə Biləsuvar şəhəri də ikiyə bölündü.

Biləsavarın əski adı ərəb hökmranlığından öncə “Biləsqan”, ərəb hökmranlığından sonra isə “Beləskan” və “Beləscan” olaraq dəyişdirilib. Büveyhi dövründə “Biləsuvar” olmuşdur. Biləsuvar adı bilə boyunundan bir iz olaraq günümüzə qədər gəlmişdir. Bir sıra araşdırmaçılara görə, Biləsuvarın adı I minillikdə Araz çayı həndəvərində yaşamış suvar boyundan götürülüb.

Farsların qatı soyçuluq (şovinizm) düşüncəsinə görə, Mars planetindən tutmuş qara dəliklərdəki bütün hissəciklərin adı kəsinliklə fars dili kökənlidir. Buna görə də guya Biləsuvar şəhərinin adı farsca “Pil səvar” (“Fil minən”) bir ordu başçısının adı ilə ilgilidir.

Bunu əsaslandırmaq üçün qəzvinli Həmdullah Mustovfinin “Nüzhət əl-qulub” (“Qəlblərin əyləncəsi”) kitabında verdiyi bilgilərə istinad edirlər. Guya Biləsuvarı X yüzillikdə Büveyhi əmiri “Pilsuvar” saldırmışdır və şəhər də öz adını ondan almışdır.

Təəssüf ki, yanlış fikirlər Azərbaycan vikipediyasında
da öz əksini tapmışdır.

Əli Rövşənzadə “Türklərin dili ilə uyqarı” (“Türklərin dili və mədəniyyəti”) bölümündə yazır: “…Azərbaycan Respublikasında da Biləsuvar adlı şəhər var. İranın coğrafi atlasına görə Germidən 42 kilometr quzeydə və Ərdəbildən Biləsuvara gedən yolun sonunda yerləşir. Biləsavar Azərbaycanın quzey-batı qulağında, Xəzər dənizindən 50 kilometr aralıda yerləşir.

Biləsuvar adının bir neçə anlamı vardır: “Su olan ərazi” və “Subar və ya Suvar tayfasının ərazisi”; Bilə həm də “hovuz və ya bataqlıq və kiçik göl” deməkdir.

Savar və ya subar tayfa adıdır. Su qoruqçusuna, su olan əraziyə də deyirlər. Biləsuvar dedikdə “su işləri ilə məşğul olan savar tayfasının yurdları” nəzərdə tutulur.

Həmdullah Mustovfi “Nüzhət əl-qulub”da deyir:

“Biləsuvarın suyu Bəcravandan gəlir və hasılı taxıldır”. Bu şəhər Bəcravandan 8 ağac aralıda və Bəcravandan gələn çayın yanındadır. Həmdullah Mustovfinin bu təsviri ilə tarixi Bəcravanın təxmini yerini öyrənmək olar. Bu məsafə bugünkü ölçü ilə 40 kilometrdir. Biləsuvar hansı çayın yaxınlığında yer alıb? Balharı dərəsi və Balharı çayı. Balharı çayı hansı ərazidən qaynaqlanır? İndiki İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sınır bölgəsindən.

Germi şəhərinin doğu ərazilərində. Biləsuvar iki çayın arası kimi şərh edilmişdir. Biləsuvar “Biləlilər yaşayan yer” deməkdir. Biləsuvar iki çayın, Balhari və Ağ Bəylər arasında yerləşdiyinə görə, bəzi insanlar bilmədən, cəhalət üzündən Biləsuvar adını pillərə
(fillərə) aid edirlər ki, bu da kökündən yanlışdır. Bu şəhərin adının böyük heyvanla (fillə) heç bir ilgisi yoxdur. Çünki fillərin Biləsuvarda mövcud olması haqda qaynaq yoxdur. Muğan düzü isə bütövlükdə ekologiya baxımından bir neçə min il öncədən fillər üçün yaşamağa uyğun bir yer deyildi. Suvar və ya sabar türk tayfasının adıdır.

Diakonovun fikrincə, “subar” sözü midiyalıların“sibara” sözünə bənzəyir. Sibara (Əski Zənqan), Zənqan-Qəzvin xəttində – Sabarda Şumer yazılarında subir tayfasının adı çəkilir.

Subarlar turoklarla birlikdə qut tayfa birliyinin yaranmasında iştirak etmişlər. Eradan öncə III-II minilliklərdə Urmu gölü hövzəsində yaşamışlar. Şumer dilində subar sözü Babilin quzey-batısında yerləşən Mesopotamiya torpaqlarına aiddir.
Bunlar Araz çayının quzeyi ilə güneyində Azərbaycanın çeşidli bölgələrində kəngərlərlə ilgiləndirilmişdir.
Xəzər Ərkələtinin (hökümətinin) formalaşmasında
subarların da rolu olub. Qutlar öz adlarını Muğanlı Üngüt adında qatınqa (yadigar) qoyublar. Qızılçılar (Zərgərlər) ailəsi qutlarla eyni soydan idilər”.

PARSABAD

Güney Azərbaycanın quzeyində yerləşən Araz çayının sahilində “Parsabad” adı ilə tanınan şəhərin əski adı Qoçqışlağı, sonralar Qoçkəndi olmuşdur.
“Pars abad” (Parsa Abad) adlanan bu şəhərin adını necə yaratmışdır ?

Birıncı dönəm 1951-ci ildə bu şəhərin əsasını qoyan (ilk kanalizasiya sistemini) “Şiar Azərbaycan” şirkətinin baş direktoru mühəndis İbrahim Parsanın soyadı olan Parsa sözündən götürülmüşdür. Sonralar ard-arda iki a hərfinin tələffüzü ağır olduğundan hərflərdən biri çıxarılaraq “Parsa abad” adı “Parsabad” şəklinə salınmışdır. Ölkədə fars dilinin yayğınlığına görə də, bir çoxları şəhərin adını artıq Parsabad yox, yanlış olaraq “Farsabad” kimi deməyə üstünlük veriblər.
Bunu da bildirməliyəm ki, hazırda Muğan bölgəsinin ən böyük şəhəri kimi tanınan Parsabad şəhərinin adını Güney Azərbaycan Milli Hərəkatının mənsubları “Muğan şəhər” adlandırırlar.

GERMİ

Louis Germanın yazdığı Oksford Universitetinin araşdırmasında sunulan bilgilərə görə, Germi adının kökəni “ümumi
otlaq sahəsi olan bir neçə qəbilə mənasını verən Gerameni sözündən götürülmüşdür. Onların başçısı Gerameni adlanırdı.

Digərləri isə bu şəhərin Babək Xürrəmdinin dövründə “Baz” və ya “Bəzin” olduğunu düşünür və onun Qalabaşı məhəlləsi ilə
Ələ Dərə kəndi arasında yerləşdiyini, Dev Qalası isə Bəz qalası hesab
edirlər. Bəzi tarixçilər bu bölgənin qədim zamanlardan bəri parfiyalıların məskəni olduğunu, Germi sözünün parfiya ləhcəsində müqəddəs söz olduğunu güman edir və “günglü” (böyük bardaq) qəbirlərin mövcudluğuna dəlil gətirirlər. Tarixçilər və digər
araşdırmaçılar hesab edirlər ki, bu söz şumer sözlərindən biridir və iki hissədən (“ger” və “mi”) ibarətdir. “Ger” “məskunlaşma”, “xüsusi yer və ya ev”, “mi” isə “səmavi qanunlar” (“Səmavi qanunlar evi”) deməkdir.
Germidəki tayfaların ən qədimi Həsənlidir. Bu tayfa Şah Abbas Səfəvinin məğlubiyyətindən sonra Azərbaycanın müxtəlif yerlərində yayılmış Uzun Həsənin törəmələridir.

İbad Məmizadə “Ərdəbil kəndləri toponimi” əsərində
yazır:
“Azərbaycanda ən azı 7 yerin eyni adla tanındığını, onlardan ikisinin eyni şəhərdə (Germi şəhəri və Üngüt rayonuna tabe olan kənd), üçünün isə Azərbaycan Respublikasında olduğunu nəzərə alsaq, biri Qərbi Azərbaycandadır (Urmu kəndi) və Şərqi Azərbaycanın Miyana rayonunda bir çay eyni adla tanınır və adın Gürcüstanın Kaxeti vilayətindəki Azərbaycanın Gremi şəhəri ilə oxşarlığı belə
olmalıdır və bu baxımdan daha çox araşdırılmalıdır. Araşdırmaçıya görə, Türkiyənin güneyində “Germili oğlanları” kimi tanınan bir tayfa yaşayır. O hesab edir ki, sözügedən tayfa Səfəvilər dövründə bu şəhərin indiki sakinləri ilə mübadilə etmiş ola bilər, ancaq tarixi yaddaş bu fikrin inandırıcı olmadığını deyir. Adıçəkilən tayfa arasında “Germi plovu” adının məşhur olması bu adın bitki və ya ədviyyat adı ilə bağlı olması haqda fikirlərə də yol açır.

Qeyd edək ki, ərəb dilində yazılmış müxtəlif tarixi kitablarda Germi adı “Qerm”, “Qorm”, “Əlğorm”, “Əl-Qorm” və “Qermi, Qormi” kimi çəkilir. Bunu da Krım adı ilə bağlayırlar. Lakin Krım adı ilə Germi şəhəri arasında əlaqəyə dair heç bir dəlilə rast gəlinmir.

Halbuki Zikriya İbn Məhəmməd Qəzvinli “Asarul-ibad və əxbarul-bəlad” kitabında Muğanın vəsfində yazır:

“Tatarların əsl vətəninin Krım olduğunu nəzərə alsaq, yəqin ki, hicri 10-cu əsrdə İraq və Yəməndən gələn mühacirlər ərəb və İran yazıçılarının Krım üçün işlətdikləri sözü “Qerm”,”Ğerm”, “Əlqerm” və ya başqa bir formada işlətmişlər. Bu bölgədə yaşayan tatarlara aid edilən krım sözü zaman keçdikcə azərbaycanlıların tələffüzündə “Germi”yə çevrilmişdir.

Bu sənəd həm də türk dilinin bu bölgədə Səfəvilər dövründən sonra və hicri X-XI yüzillikdən etibarən geniş yayıldığı iddiasını rədd edir və tarixini ən azı hicri 7-ci əsrə və hətta ondan əvvələ aid edir.

Muğan Azərbaycanın geniş əyalətidir. Kəndləri və qəsəbələri var. Kim Ərdəbildən Təbrizə getsə, bu vilayət onun sağ tərəfində yerləşir. Muğan isti, Azərbaycanın qalan bölgələrinin iqlimi soyuqdur. Türkmənlər isə yemin bolluğuna və qışın xoş keçməsinə görə orada yaşamışlar və indi tatarlar türkmənləri oradan qovub özləri orada məskunlaşmışlar”.

Görünən budur ki, “Germi” adının farsca “istilik” sözü ilə ilgisi yoxdur. Buna da ən sadə cavab Germinin dağlıq ərazidə yerləşməsi və sərt qışı olmasıdır.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru