ZAUR USTAC – DAĞLAR!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ramiz Qusarçaylı – İki gül

İki gül

Qərənfil şəhid qanı,
Xarı bülbül göz yaşı,
İki güllə yazıldı Vətənin qan yaddaşı…


Qönçə-qönçə güllənən qızıl qaşlı sevginin,-
Üfüqlərdən boylanan eşq danıydı qərənfil.
Hər sevginin gəlişi çiçək günü, gül günü
İki sevən ürəyin peymanıydı qərənfil.

Qərənfil gül deyildi,
ilk sevginin gözündən
Süzülüb damla-damla düşən od dənəsiydi.
Beləcə boylanırdı sevənlərin üzündən
Həyalı duyğuların gizli baxış səsiydi.

Payızın boz çənində,
qışın bəyaz qarında,
Yanırdı Günəş olub hər fəsildə Qərənfil.
Alışırdı şam təki gəlin xonçalarında
Xoşbəxtlik aktı idi hər nəsildə Qərənfil.

Qərənfil bir qış günü yol alıb Şüvəlandan
Səpələndi Sibirdə Cavidin nəşi üstdə.
Göy yerə yelkən açdı, yer göyə havalandı
Vətən gül-gül parladı sözün Günəşi üstə.

Gəldi, gül kimi gəldi düz iyirmi yanvara,
Gəldi süngü başında, tankların lüləsində.
Rənginin al yerindən tutub çəkdilər dara
Güllələr çiçəklədi gözünün giləsində.

Hər ləçəyi boyandı günahsız axan qana,
Qaboy sədası üstə can xışladı Qərənfil.
Azadlıq meydanından Dağüstü xiyabana
Tabut-tabut güllənib yol başladı qərənfil.


Canını çox üşütdü həsrət Xarı bülbülün
Ləçək-ləçək dilləri için-için sızladı.
Sudan duru gözləri aydan arı bülbülün
Naləsinin şehində ümid yeri buzladı.

Rəng alıb rəng qatırdı Tanrının bəstəsindən
Rəngi solan güllərin ölü qonşuluğunda.
Əsir düşən səslərin şikəst şikəstəsindən
Hallanırdı Turş sunun şirin turşuluğunda.

Diksinib ahlarından ətrafdakı güllərin,
Çəkirdi ciyərinə tövşiyən yağışları.
Bağrının gül başında buğlanan niskillərin
Üşənirdi nəmindən pərişan baxışları.

Açdı qırışlarını doğma əzan sədası,
Axdı ilahi səslər donan minarələrdən.
Qopardı mehvərindən “Dəmir yumruq” nidası
Qarabağ silkəlkəndi alovlu nərələrdən.

Yetişdi imdadına xilas ruhlu əsgərim
Gül ətirli qanıyla öpdü Xarı bülbülü.
Qəzəbindən qan daman qisas ruhlu əsgərim
Gözünə məlhəm kimi təpdi Xarı bülbülü.


Qərənfil ta qan deyil,
Ah deyil Xarı bülbül,
Daha qəmin taxtında şah deyil Xarı bülbül,
Qərənfil gül bayrağı, Xarı bülbül aypara,
Qərənfili yozmayın ta iyirmi yanvara!

Qərənfil döyüş ruhu,
Xarı bülbül Qələbə
İki gül keşik çəkir bu müqəddəs qəlibə!
Xarı bülbül qayıtdı Şuşada gül yerinə,
Qərənfil də qayıtsın eşqin könül yerinə…

Qərənfil ta qan deyil, Xarı bülbül göz yaşı,
İki güldən boylanır Vətənin qan yaddaşı!..

Müəllif: Ramiz QUSARÇAYLI

RAMİZ QUSARÇAYLININ YAZILARI

AĞDAM – QARABAĞ – A ZƏRBAYCAN

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru