Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (5)

Seyid Əbülqasım Nəbati-Azərbaycan şairi.

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Ədəbiyyatımızın payına düşən, 19-cu əsrdə taleyimizə yazılan nadir sənətkarlarımızdan, təbli şairlərimizdəndir Seyid Əbülqasım Nəbati.Türkcəni, farscanı, ərəbcəni mükəmməl bilən Nəbati həm də bir alim kimi tanınıb.Əruzda nadir incilər-
bəhri-təvil, qəzəl, qəsidə, tərkibbənd, tərcibənd, müxəmməs, rübai yazarkən, heca vəznində də şirin qoşmalar, lətif gəraylılar qələmə alıb.
İlk dəfə Təbrizdə 800 misradan ibarət şeirləri Füzuli divanı ilə birgə təbrizli Ağa Məhəmmədin mətbəəsində, hicri təqvimi ilə 1262-ci ildə daş basma üsulu ilə basılıb.Ancaq tanınana, sevilənə kimi hələ anadan olmaq lazım idi axı… Böyümək, yetişmək, ad-sana çatmaq şərt idi.
-Bəs Nəbati harada, nə vaxt doğulub?
-Bəzi tədqiqatçılar səhvən onun doğum yerini Muğan yazıblar.
Göstərilən 1812-ci il təvəllüdü isə çox böyük mübahisə doğurur.Çünki şair özü heç yerdə təvəllüdünü yazmayıb və onun doğum ili haqqında hansısa bir dəlil, sənəd üzə çıxmayıb.
Bunu Bəhlul Behcət uydurub və Salman Mümtaz onun bu səhvini aşkarlayıb.İkincisi, onun Muğanda nə işi vardı?
Təvəllüdündən fərqli olaraq Nəbati dəfələrlə doğulduğu yerin adını şeirlərində vurğulayıb. Güney Azərbaycanda, Qaradağın Üştibin kəndində doğulması danılmaz gerçəkdir.Nəbati özünü muğanlı deyil, qaradağlı olduğunu dönə-dönə nişan verib:
Məsələn:
Mən Nəbati rağəm bülbüli-Qaradağəm…
(Divanında, 91-ci səh)
Yaxud:
Hərçənd qaradağlıyam yoxdu kəmalım…
(Divanında, 6-cı səh)
Həm də Nəbatinin nəşr olunduğu bütün divançaların ilk səhifəsində bir ibarə qeyd olunur:
“Məcnun şah Qaradaği əlmütəxəllis bə Nəbati”
Yaşadığı kəndin Üştibin olması isə göydəki günəş qədər aydındır:
Qəzəlinə baxaq:

Səfhəyi aləmdə bir dürri-nihandır Üştibin,
Vəznə gəlməz, çəkmək olmaz çox girandır Üştibin.

Bir-biri üstündə damlar, yaxşı ali köşklər,
Bəs deyirsən Lənkəran, ya Salyandır Üştibin.

Bir qonaq-nisbət Nəbati səndə beş gün əyləşib,
Hörmətin saxla ki, o bir xan çobandır Üştibin.

Dostlar, Xan çoban kəlməsinə aldanan Bəhlul Behcət belə bir qənaətə gəlib ki, guya Seyid Nəbati mal, davar, qoyun, keçi saxlayıb, xülasə ömür boyu çobanlıq edib.Bu da tədqiqatçının naşılığından irəli gəlir, çünki Xan çoban təxəllüsü ilə şeirlər yazan Nəbatinin həm də mənsub olduğu elin, tayfanın adıdır-Xan çoban.
Bir məsələni də vurğulayaq ki, bizə Nəbatinin divanı kimi təqdim olunan, əslində, klassik mənada divan sayılmır.
-Niyə?
Gəlin, “divan nədir?” sualına cavab tapaq, onda məsələdən büsbütün hali olarıq.
1) Divan yalnız qəzəllərdən ibarət olan şeir məcmuəsinə verilən addır;
2) Divanda birikmiş qəzəllər mütləq əlifba sırası ilə tərtib olunmalıdır;
3) Divanda gedən ilk qəzəllərin ikinci misralarının axırı qafiyə və ya rədifi A hərfi ilə, son qəzəllərin ikinci misraların son misraları isə Y hərfi ilə bitməlidir.
Yalnız bu üsulda tərtib edilən şeir məcmuəsinin böyüyü divan, kiçiyi divança adlanır.
Ancaq Nəbatinin divançasının başında (böyük ehtimalla divanı olub) bəhri-təvil, tərcibənd, qəsidə, içərisində rübai, qoşma, gəraylı, sonda isə müsəddəs gedir.Nə vaxt görülüb ki, divanda və ya divançada heca şeirləri yer alsın?!
Dostlar, bunu qeyd edim ki, Nəbati bütün priyomlardan istifadə edərək əqidəsini, inancını (daha doğrusu, inancsızlığını) dünyaya baxışını ört-basdır edən, dövrün tıqiblərinə məruz qaldığı üçün fikirlərini pünhan şəkildə ərz edən şair olub.Ona görə də Nəbatini tədqiq edənlər zaman-zaman dərin ixtilafa düşüblər.Bəziləri onu təkfir ediblər, onu mürtəd-yəni dindən çlxmış, yaxud mülhid (Allaha, dinə inanmayan, dinsiz) adlandırıblar.
Əslində, buna aid çeşidli əsasları məhz elə şairin özü bizə verir.Divanının 128-ci səhifəsində:
Meyxanələr abad olsun,
Sakinləri dilşad olsun,
Məscid görüm bərbad olsun,
Saldı məni qeylü-qalə…
Bütün hallarda, böyük Azərbaycan şairi,
“Bu baş o meydana gəlsin, gəlməsin?” – deyən Seyid Əbülqasım Nəbatinin başı söz aləmində, şeiriyyat dünyamızda, ədəbiyyat meydanında cövlan eyləyir.

Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı.
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?
10 may 2024

(Yazımda Salman Mümtazın qənaətlərinə, habelə “ərəb və fars sözləri” lüğətimə istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir