
İLHAM QAZAXLININ ŞEİRLƏRİ
Səməd Vurğun böyük şairimizdir. 100 ilə yaxındır ki, onun poeziyası Azərbaycanı qarış-qarış, addımbaaddım gəzir, dolaşır və neçə nəslin ürəyinə və şüuruna
işıq saçır. Səməd Vurğun həm sağlığında, həm də ölümündən sonra bir ədəbi məktəb yaradıb. Onun təsiri ilə
ədəbiyyata gələn, onu ustad hesab edən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Adil Babayev, Qabil, Əliağa Kürçaylı, Hüseyn Arif, Məstan Günər dünyalarını dəyişmişlər, lakin bu gün də Səməd Vurğun poeziyasının təsiri və cazibə qüvvəsi davam edir. Onun doğulduğu
Qazaxda bunu daha çox hiss etmək olar. Əlinə qələm
alıb şeir yazan hər bir qazaxlı gənc Səməd Vurğun
poeziyasını örnək hesab edir. Haqqında söz açdığım İlham Qazaxlı da Səməd Vurğun poeziya bulağından su içib.
İlham Qazaxlı Qazax rayonunun Dağ Kəsəmən
kəndində dünyaya göz açıb. Ali təhsilini BDU-nun tətbiqi riyaziyyat və informatika fakültəsində alıb. Amma
Səməd Vurğuna, şeirə-sənətə olan sevgisi onu tələbəlik
illərində tərk etməyib. Uzun müddət tərəddüd edib,
ara-sıra mətbuatda çap olunsa da, özünü şair adlandırmayıb, yalnız dostlarının təkidi ilə 2018-ci ildə “Qəlbimin duası” adlı ilk şeirlər kitabını nəşr etdirib, dörd il sonra ikinci kitabı işıq üzü görüb. İndi mən o iki kitabla
üz-üzə qalmışam, İlham Qazaxlının şeirləri haqqında
söz açmaq istəyirəm.
İlham ilhamlı şairdir. Qəlbinə, ruhuna hansı hisslər,
duyğular yol tapırsa, onları şeirə çevirir. Həyatda, yaşadığı mühitdə və ümumən cəmiyyətdə baş verən hadisələrə heç vaxt biganə qalmır, Vətənə, xalqa məhəbbətini,
azərbaycançılığını bir çox şeirlərində qürurla söyləyir.
Gerçəklikdə baş verən naqisliklərə, rəzalətə, pisliyə, şərə
qarşı da dözümsüzdür, bir sözlə, şairlik missiyasını yetərincə ifadə etməyə çalışır. İlhamın bir şeiri var, o şeir mənim fikrimcə, onun şairlik kredosudur:
İlhamlanıb şeir yazan,
Həm şairəm, həm də ozan.
Bir bulağam, eşqə sızan
Mən məhəbbət şairiyəm.
Tanrı verib ilhamımı,
Qoruyuram inamımı.
Dostlar bilir məramımı,
Mən həqiqət şairiyəm.
Tükənməzdir dəyanətim,
Poladdandır mətanətim.
Sönməz odum-hərarətim,
Mən hürriyyət şairiyəm.
Qazaxlıyam, Vətən canım,
Damarımdan axan qanım.
İlqarımı necə danım,
Vətən, millət şairiyəm!
Şeirin sonuncu misrası İlham Qazaxlının Vətən
sevgisini ifadə edir. Və onun şeirlərində Vətənə – Azərbaycana məhəbbəti tükənməzdir. Məsələn, “Vətən”
şeirində hər bəndin sonu bu misralarla bitir:… “Sinəm-
də odumdu Vətən”, “Müqəddəs andımdı Vətən”, “Qo-
lum-qanadımdı Vətən”, “Qürurum, adımdı Vətən”,
“Kamım, muradımdı Vətən”. Deyərsiniz ki, bu ifadələr
başqa şairlərin şeirlərində dönə-dönə işlənib. Olsun! Bu
ifadələr bir də işlənərsə, təbiidir. İlham həmin şeirdə bir
bənddə yazır:
Keçmişimdir, bu günümdür,
Şadlığım, toy-düyünümdür.
Səsim, harayım, ünümdür,
Nalə, fəryadımdı Vətən!
Bu da Vətənə məhəbbətin daha önəmli ifadəsi.
Çünki Vətən həm də tarixdir və bu tarixdə nalə də, fəryad da yox deyil. 20 Yanvar faciəsi də, Xocalı soyqırımı
da, azadlıq və müstəqillik uğrunda mübarizələrdə tökülən qanlar da, Vətən uğrunda şəhid olan oğullarımız da
bizim tariximizdir. İlham Qazaxlı Vətənin ən ağır günlərində şair olmağın, Vətəni necə sevməyin, vətənpərvərliyin mənasını dərk etdiyi üçün yazır ki:
Azad düşüncəsi, fikri yoxdusa,
Məddahlıq etməyə meyli çoxdusa,
Doğrunu yazmaqdan əgər qorxdusa,
O şair cəsarət şairi deyil.
Yazırsa bülbüldən, çəməndən, güldən,
Yazmırsa yaralı Vətəndən, eldən,
O şair həqiqət şairi deyil.
“Qaldırın başları, ay ziyalılar” şeiri isə şairin öz
həmvətənlərinə – ziyalılara çağırışı kimi səslənir. Deyir
ki, pafosla “Ana Vətən” nidasını səsləndirmək hələ Vətəni sevmək deyildir, Vətəni sevmək böyük Məmməd
Araz demişkən – Vətən daşı olmaq deməkdir.
İlham Qazaxlının “Xalqım” rədifli qoşması onun
Vətən, xalq sevgisini ifadə edən ən yaxşı şeirlərindən biridir.
Üçrəngli bayrağa sevgi bəslədi,
Bir an ümidini Haqdan kəsmədi,
Gəsur oğulları hərbə səslədi,
Xain yağılara yenmədi xalqım.
Obası talandı, yuvası yandı,
Torpağı al rəngli qana boyandı.
Düşmən qabağında dağ tək dayandı,
Odlara qalandı, sönmədi xalqım.
İkinci Qarabağ müharibəsi ilə bağlı şeirlər də belə
pafosla yazılıb. “Göstər hünərini, igid əsgərim”, “Qisas
almasaq əgər” şeiri çağırış ruhundadır.
İlham Qazaxlı yaşadığımız mühitdə baş verən
nöqsanlara, ayrı-ayrı insanların bəd əməllərinə qarşı da
dözümsüzdür. “Ey nadan, özünü salma dillərə” şeirində o, şeirə, qəzələ qiymət verməyən, sözü ucuz tutan
nadanlara qarşı etiraz səsini ucaldır. “Get-gedə məhv
olur milli dəyərlər”də isə daha önəmli məsələlərə toxunur. O, avropaçılığa kor-koranə sitayiş edənləri tənqid
atəşinə tutur:
Əcdadlar demədi Avropalaşaq,
Öz soy-kökümüzdən biz uzaqlaşaq,
Neyçün yad dillərdə yazaq danışaq,
Get-gedə məhv olur milli
dəyərlər.
Ataya-anaya azalır diqqət,
Qoyulmur böyüyə-kiçiyə hörmət,
Kənar təsirlərə uyur cəmiyyət,
Get-gedə məhv olur milli dəyərlər.
İlham Qazaxlı müxtəlif mövzuda şeirlər yazmışdır.
Özü də bu şeirlərin əksəriyyəti qoşmadır, gəraylıdır, heca şeirləridir. Bu da ənənədən, Səməd Vurğuna, Osman
Sarıvəlliyə, Hüseyn Arifə olan böyük poeziya sevgisindən irəli gəlir. Ancaq o, nədən yazırsa-yazsın, öz ürəyinin səsinə qulaq asır, çalışır ki, səmimi olsun. Sevinc hisslərini paylaşanda da, nigarançılığını, nədənsə narazılığını, ya nəyəsə etirazını ifadə edəndə də səmimidir. Onun
fikrincə, hər bir insan həyatda həmişə istəyinə, arzu və
ümidlərinin baş tutacağı zirvəyə yüksəlmək istər, amma
qarşıda o qədər çətinliklər, sarsıntılar var ki…
Hər gün işdən əzgin dönürəm evə,
Günləri birtəhər vururam başa.
Zəmanə bənzəyir təpəgöz divə,
Girirəm dövranla hər gün
savaşa.
Amma bu dünyada, yaşadığımız mühitdə insanı
qanadlandıran elə hisslər, duyğular var ki, onlar “təpə-
göz divə” də qalib gəlməyə qadirdir. O hissin, o duyğu-
nun adı məhəbbətdir. Vətənə məhəbbət, yaxşı insanlara
məhəbbət, ata-anaya məhəbbət və ən əsası iki sevən insanın qarşılıqlı məhəbbəti. Sonuncusunun üzərində dayanaq. İlham Qazaxlı hələ məhəbbətin payız fəslinə daxil olmayıb, hələ bahar fəslinin məhəbbətindən söz açır.
Hissləri təbiidir, yaşanılan, ürəkdə kök salan məhəbbəti
bəyan edir. Ümumiyyətlə, məhəbbətdə yalan danışmaq olmaz.
Ətirli çiçək tək təzədir, tərdir,
Nəşəsi, sevinci dünya qədərdir.
Sevgisiz yaşanan ömür hədərdir,
Vüsala açılan qoldu sevgimiz.
Onun sevgi şeirlərində vüsal da, hicran da, məhəbbət əzabı da və bundan doğan üzüntülər də öz əksini
tapır, bunlar təbiidir. Amma “Məni bu həyata sevgi
bağladı” şeiri onun bu mövzuda yazdığı bütün şeirləri
üçün başlanğıcdır, mənbədir, yəni demək istəyir ki, sevgi-məhəbbət ali hissdir, insanın ürəyində sevgi olmasa,
onun yaşamağı heçdir, hədərdir.
İlhamam, borcluyam qələmə, sözə,
Sevgiylə görmüşəm neçə möcüzə.
A dostlar, açıram sirrimi sizə,
Məni bu həyata sevgi bağladı.
Arzu edirəm ki, bu sevgi – bu həyat sevgisi, Vətənə, insanlara, dünyaya və gözəllərə, gözəlliklərə olan
sevgisi heç vaxt tükənməsin İlham Qazaxlının…
Vaqif YUSİFLİ
ədəbi tənqidçi,
filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri.