Mingəçevir yazarları – ŞEİRLƏ İSİNDİK YAĞMURLU GÜNDƏ…

ŞEİRLƏ İSİNDİK YAĞMURLU GÜNDƏ…
(AYB Mingəçevir bölməsinin yaradıcılıq günündən reportaj)

Bu ilki yağışlı-yağmurlu yaz fəslinin “acığına” bu dəfə (15.05.2024) AYB-nin Mingəçevir bölməsinin iş otağına qədəm qoyan yazarların çöhrələrindən sanki nur yağır.

Əvvəlki dönəmlərlə müqaisədə söz ocağımızın başına toplaşanlar kifayət qədərdi. Tanınmış şair dostumuz Namiq Zaman Ağdaşdan, Araz Süleymanov Yevlaxdan, Mikayıl Yusif Salahlıdan gəlib. Mingəçevirdə görkəmli idman məşqçisi kimi tanınan ədəbiyyat sevdalısı Mehman Məlikov isə gəlişi ilə hamını məmnun edir. AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə Mehman müəllimi yazarlara təqdim edib deyir: – Mehman müəllim yaxın keçmişdə Rusiyada sayılıb-seçilən idmançılardan biri olub. İllər boyu qürbət eldə keçirilən idman yarışlarında kürsünün ən uca nöqsəsinə qalxmaqla pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Bir neçə ildir ki Mingəçevirdə məşqçi kimi gənclərin yarışlara hazırlanmasında öz şəxsi təcrübəsinə arxalanır. Və ən başlıcası isə, bədii yaradıcılıqla məşğul olmasa da, ədəbiyyat sevdalısı kimi hamını heyran etməyi bacarır…
Bölmə sədri yaxın aylarda nəzərdə tutulan tədbirlərdən söz açır və yazarların bəzilərinin dillərində səslənən təklifləri də dəyərləndirir. İlk dəfə söz məclisinə qatılan gənc yazarları,-Mingəçevir Dövlət Universitetinin ikinci kursunda oxuyan Əfqan Dönməz və Mədinə Rəhimovanı həmkarlarına təqdim edəndən sonra, “gəlin, indi də bir az soyuq, qaşqabaqlı yaz havasını könlümüzün söz havası ilə isindirək deyərək, təbəssümlə yazarların ruhlarını dilə gətirir.
Əvvəlcə Mikayıl Yusif, onun ardınca Ağabala Salahlı oxuduqları şeirlərlə diqqəti cəlb edir. Tələbə gənclərin,-Əfqan Dönməz və Mədinə Rəhimovanın bir az çəkinə-çəkinə oxuduqları şeirlərə də heç kim biganə qalmır. Bölmənin sədri üzünü onlara tutub deyir: “Bu otağın qapıları hamının üzünə həmişə açıqdır, elə bilin ki öz ata evinizə gəlmisiniz, ancaq yazmaqla yanaşı, öyrənməyi də özünüzə elə bəri başdan təlqin edin. Şair Elşən Əzim də gənc həmkarlarına faydalı məsləhətlər verməyi özünə borc bilir. Mahir Musa həmişə olduğu kimi bu dəfə də pafos dolu misralarla həmkarlarının eynini açır. Rəfael Dəmiroğlu dünyaya göz açdığı Kəlbəcər rayonunun Susuzluq kəndindən olan şəhid eloğlularına həsr etdiyi şeirlə fərqlənməyi bacarır. Araz Süleymanovun oxuduğu yığcam-lakonik şeirlər hamı tərəfindən razılıqla qarşılanır. Şair-publisist Məmməd Mərzili bu dəfə yazdıqlarını oxumasa da, həmkarlarına xitabən xeyir-dualarını dilə gətirir.
Ağdaş şəhərində uzun illərdən bəri pedaqoji fəaliyyətini davam etdirən Laçınlı tanınmış şair Namiq Zaman yenicə qələmə aldığı şeirləri ilə həmişə olduğu kimi bu dəfə də hamının diqqətini cəlb etməyə nail olur. MDU-nun dosenti, tədqiqatçı alim Mehman Rəsulov tədbirə qatılanlara yönəlik xeyir-duaları ilə həmkarlarını gələcəyə səsləyir. Ölkəmizdən uzaqlarda da istedadlı qələm sahibi kimi tanınan Elşən Əzimin Şuşa şəhərində yaşamaqçün köç edənlərin sevinc hissini poetik cizgilərlə önə çıxaran şeiri ilə söz məclisinə əlvan çalarlar qatır. Mingəçevirli yazarların sevimlisi, şairə Bəsti Bərdəlinin oxuduğu şeirləri də qələm dostlarının alqışlarına layiq görülür.
Bölmə rəhbəri İsmayıl İmanzadə sonda həmkarlarına uğurlar diləməklə, ertəsi gün Bakıdan gələn bir alim-şair yazarla gözlənilən önəmli söz məclisində iştirak etməyi vacib hesab edir.
İki saata yaxın zaman kəsimi ərzində davam edən AYB-nin Mingəçevir bölməsinin növbəti söz məclisi ürək açıqlığı və könül xoşluğu ilə sonuclanır. Yazarların çöhrələrindən süzülən məmnunluq və sevinc hissi bunu bir daha təsdiq edir. Bir az sərin, dumanlı-sisli, ən başlıcası isə qaşqabaqlı yaz havası deyəsən Mingəçevirli yazarların xoş əhval-ruhiyələri qarşısında addım-addım geri çəkilir… Fotolar:

MƏMMƏD GÜRŞADOĞLU
Azərbaycan Jurnalıstlər Birliyinin üzvü, şair-publisist

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – RUH OLMAĞIN ŞEİRİ

RUH OLMAĞIN ŞEİRİ

Kim uduzmadı ki, zamana,
Kim məğlub olmadı ki, faniliyinə dünyanın?
Gidiliyin bətnində bir xəyanət…
gizli də deyil əslində,
açıq-aşkar əli kürəyində gəzir
vaxtı yetişəndə vurmağa son zərbəni.

Sülhlə qurtarır bütün savaşların sonu,
amma,
qədərlə əlbəyaxanın olmur barışığı…
Doğulan andan
son nəfəsinəcən çarpışmalısan taleyinlə…
Əl var ətək axtarır tutmağa,
əl də var yapışmağa yaxa…
Tutsan da eynidir son, yapışsan da…
Bir halda ki, yenilməkdir aqibət,
dəyməz əl yeri axtarmağa
tutunub qalmaq üçün köləliyində fələyin.

Sıx yumruğunu,
nə ola-ola hayqırıb,
ilişdir alnına yazı yazanın öz möhürünü
və…
Və atıl boşluqlara yer kürəsindən…
Yoxsa ki,
nə var yaşamağa qanad çıxaranacan,
sonra da ölməyə atlı qarışqa misalı.

Özü də bilmədən
azadlıq aşiqidir bütün yaradılanların ruhları.
Yaşamağa
qəfəs varsa hər növ faniliklərlə,
qurtulmağa da
göy üzü var hər cür vəfasızlıqlardan.
Adam özünü tapır ruhunu tanıyanda,
insan özünə qovuşur ruhu xilas olanda!

15.05.2024.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru