Tarixdə bu gün 18 may 1944-cü il
Tarixdə bu gün 18 may 1944-cü ildə Sovet hakimiyyəti 400 minə yaxın Krım tatarını öz dədə-baba yurdundan zorla Özbəkistan ərazisinə sürgün etmişdir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.Səbəb isə İosif Stalinin Krım tatarlarını nasistlərlə əməkdaşlıqda ittiham etməsi idi. Sürgün edilən 400 min nəfərdən təxminən 45 %-i sürgün zamanı yolda və Özbəkistana çatan vaxtlarda həyatını itirmişdir.1956-cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair də bir qərar qəbul etmədi. Krım tatarları 1980-ci illərin sonlarında Yenidənqurma hərəkatının başlanmasına qədər Mərkəzi Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260,000 tatar yenidən öz əvvəlki yurd-yuvasına geri qayıda bildi. Onların sürgünü 45 ildən sonra başa çatmışdı. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu.
2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi. 12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada “Krım tatarlarının soyqırımı” günü kimi ölkə təqviminə salındı.
Müəllif: Şəbnəm XATUN,
Tarixçi.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru