
Bir küçə var
Bir küçə var bu şəhərdə…
Ətrafında dalğalanan
dar və geniş küçələrdən
Heç nə ilə fərqlənməyən,
Bir küçə var bu şəhərdə, adi küçə…
Hər gün səhər ordan keçir hamı öncə,
Keçmişimə qayıdıram səhər-axşam
o küçəni mən görüncə.
Bir zamanlar bu küçədə qış yox idi,
Nə payız yox, nə də solğun, qəmgin rəng yox.
Bu küçədə yalnız bahar, yaz olardı,
Bu küçədə arzu dolu yeni ümid doğulardı…
Çünki, burda sən də vardın…
İndi burda xəyalımda söz düzülür, sətir olur,
Bu küçənin hər ağacı yağış vaxtı gözəllərə çətir olur,
Xəyallarsız bu küçədən ötüb keçib getmək olmur.
İndi hər gün qızıl payız
Həzin-həzin dolaşaraq,
Bir əbədi sakitliyə, bir sükuta qoşularaq,
Gəzər burda, xatirələr yaradaraq…
Hər tərəfdə solmuş aləm, saralmış gün,
Burdan yenə keçməliyəm mən də hər gün.
Keçməliyəm, çünki yolum burdan keçir,
Burdan keçib və keçəcək.
Bu yol mənlə elə burda,
bu küçədə yenə səni gözləyəcək…
I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru