Turan Uğur – Fədailərimizi tanıyaq! 

Fədailərimizi tanıyaq! (8)

QAFAR KƏNDLİ HERİSÇİ
İnqilabçı, Xaqanişünas-alim, “21 Azər hərəkatı” medalına layiq görülən fədai, filologiya elmləri doktoru, professor

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithaf edirəm)ýňň

Qafar Kəndli Herisçi 1923-cü ildə Təbrizdə doğulub. Adlı-sanlı Herisçi nəslindəndir.Herisçilər Təbrizdə qədim xalçaçı nəsli sayılırdı.

Haşiyə: Qafar müəllimin oğlu yazıçı Həmid Herisçi bəndənizlə söhbət əsnasında babalarının Güney Qaradağından gəldiyini vurğulayıb.

Qafargil yeddi qardaş, yeddi bacı olublar.Qardaşı İbrahim Herisçi də inqilabın fəallarından sayılırdı.Qafar müəllim Tehran hökumətinin izini azdırmaq üçün özünə “Kəndli” təxəllüsünü götürüb.

Qeyd: Ümumiyyətlə, fədailər arasında belə təxəllüslər çox idi.Özlərinə ən ağlasığmaz adlar götürürdülər ki, ünvanları məchul qalsın.

İnqilabçılar sırasında “Yoldaş Kəndli” kimi tanınırdı.
Həmid bəy söhbət zamanı atasının
“21 Azər hərəkatının” həmmüəlliflərindən olduğunu bildirir.Zatən bunu S.C.Pişəvərinin Qafar müəllimə olan məktub və dəvətnamələrindən də sezirik.
Pişəvərinin Qafar Kəndliyə təqdim etdiyi sənəddə yazılıb:
“Get Əhərə, orada inqilab elə!”
Əhər inqilab üçün ən çətin yer sayılırdı.Camaatı ipə-sapa yatmırdı. Qafar Kəndli at belində Əhərə Seyid Cəfərin əmrlərini yerinə yetirməyə yollanır.Ordakı inqilabi hərəkata töhfə verir, sonra Zəncanda da döyüşür.Milli hökumət Şiri-Xurşid zalında elan olunanda rəsmi dəvətnamə ilə dəvət olunanlar sırasında Qafar Kəndli Herisçi də vardı.

S.C.Pişəvərinin məktubundan:

“Ağayi-Qafar Kəndli, Sizə Mərkəzi Komitə tərəfindən məmuriyyət verilir ki, Əhərə gedəsiniz, orada Vilayət Komitəsinin köməkliyi ilə Mərkəzi Komitənin nümayəndəsi vəzifəsini icra edəsiniz.

Mərkəzi Komitənin sədri, S.C.Pişəvəri.
Təşkilat şöbəsindən-Dehqani.”

Demokratik Firqə süquta uğrayandan sonra
Quzey Azərbaycana pənah gətirən Herisçi Pişəvərinin silahdaşı kimi döyüşmək niyyətindən dönmür.

Həmid Herisçinin söhbətlərindən:
“Sən ki bunları yaxşı bilirsən, Turan. O vaxt fədailər pərakəndə halda, çox bərbad vəziyyətdə gəlmişdilər.Atam pərakəndəliyi aradan qaldırdı.Fədailərin bu taya keçməsində çox böyük rol oynadı.Ondan sonra güneylilərə münasibət dəyişdi.Elə Azərbaycan Demokratik Firqəsinin İran Xalq Partiyası “Tudə” ilə birləşməyi də atamın adı ilə bağlıdır”

Turan Uğur:
Bildiyimə görə, atanızın 1979-cu il İslam inqilabına da töhfəsi olub.

H.Herisçi: Bəli, onun ssenarisini yazanlardan biri idi.

T. Uğur: Həmid ağa, dostumuz telejurnalist Günay Arda da o taydandır ha, bizimkilərdəndir- Kəleybərdəndi.

H.Herisçi: Sənə mən bir söz deyim? Bildim hansı Günayı deyirsən, onun babasıgil olan yer Kəleybər bilirsən necə yerdi? İndi də mal-qara ilə yatıb, mal-qara ilə dururlar.Mən ciddi deyirəm…

Məni gülmək tutur.Elə Həmid bəyin də üzündə təbəssüm yaranır.

T.Uğur: Elə deməyin, Həmid ağa, xətrini çox istəyirəm Günayın.Həmid ağa, aləm bir-birinə dəysə də nəsə Təbriz sakit görünür, hələ təmkinini pozmur.

H.Herisçi:
Görünür, Təbriz ağayanalığın qoruyur.Görünür, gözləyir onun qapısını döysünlər, onu da ki, döymürlər.

Ancaq Qafar müəllim quzey Azərbaycanın qapısını ürəklə döymüşdü. Burada fəaliyyətini inqilabi müstəvidən elmi müstəviyə məharətlə köçürə bilir.
1969-71-ci illərdə Respublika Əlyazmalar İnstitunun yoxlanılmasında fəal iştirak edib.3200-ə qədər əlyazmanı oxuyub, onları kotoloqlaşdırıb.1973-80-ci illərdə Qafar Kəndli “Zərdüşt, Avesta və Azərbaycan”, “Nəsrəddin Tusi və Azərbaycan” kimi mövzularda 27 məqalə yazıb.Onların bir çoxu xaricdə də dərc olunub.
Tezliklə Xaqanişünas-alim kimi şöhrət qazanır.Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasını bitirir.1980-ci ildən ömrünün sonuna kimi həmin institutda “Qədim dövr Azərbaycan Ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışır.
“Xaqani Şirvani: həyatı, dövrü, mühiti” adlı fundamental əsərin “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir.

Qeyd:
Münşəat-ərəbcədir, “münşi” nin cəmidir.
1) yazıçının yaratdığı əsərlər;
2) məktublar;
3) idarələr, müəssisələr

Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlayan da məhz professor Qafar Kəndli Herisçi olub.
Qafar müəllim dostu, silahdaşı Seyid Cəfər Pişəvərinin ölümündən 50 il sonra-1997-ci ildə,
dünyasını dəyişir.
Qafar müəllimin ən böyük arzusu son dəfə Təbrizi görmək idi.Yazıçı, ədəbiyyatşünas Mir Cəlal da alimin ən yaxın dostlarından idi.Mir Cəlal müəllimin vaxtilə Qafar Herisçiyə verdiyi “50 illik yubiley dəvətnaməsi” bu dostluğa nişanə, həm də nümunədir.
Lap fədailərimizin nümunəvi həyatları, fədakar ömürləri kimi…

Sayğılarla!

20 may 2024

(Yazımda ruhunu minnətdar hisslərlə andığımız inqilabçı Qafar Kəndli Herisçinin oğlu, yazıçı
Həmid Herisçinin bəndənizə danışdığı faktlara, habelə yazdığım şəxsi gündəliklərimə istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir