
22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür
Hadi (1879-1920) romantizm üslubunda gözəl şeirlərilə ümumtürk ədəbiyyatında özünəməxsus yer tutur.
Şərq ədəbiyyatı, tarixi, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib.
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur.
1908-ci ildə çıxmış “Firdovsi-ilhamat” kitabına “Varmı bundan yuxarı uçmağa istedadım” misrası ilə başlanan “Cəhalətimdən şikayət”, “Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız” misrası ilə başlanan “Bu da bir həqiqət”, “Afərin olsun sənə, filusufi-zifunun” misrası ilə başlanan “Şeyxlərə-işanlara”, “Sofi, gəl öyrən həyatın tərzini heyvandan” misrası ilə başlayan “Söfiyə-zahidə” və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir
Ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayev Məhəmməd Hadi haqqında yazıb:
“XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.”
Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub.
Şair 1920-ci ilin 22 mayında Gəncədə 41 yaşında dünyasını dəyişib.
Məlumatı hazırladı: Aynurə Əliyeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru