Elçin Mirzəbəyli – “Dəyişirik” deyirik, amma…

“Dəyişirik” deyirik, amma ətrafa münasibətimizin təməl yapısı, iç fəlsəfəsi olduğu kimi qalır. Bir boşluğu digəri əvəzləyir və bir rəngi diğəri örtür. “Kök” dəyişir, səkilçilərsə yox… “…çuluq”, “…çilik”… Çilik-çilik, paramparça olduq. İlin bütün fəsillərində havamız eynidi.
Və biz… bir zamanlar BOZların küncə sıxışdırdığı “Özgə adam”lar məmləkətin aşırı hikkə və məkr havasında perik düşən sahibsiz, ünvansız, kimsəsiz boz sərçələr olaraq qalmaqdayıq.

Özgə Adam

Bilirsən necə ağırdı
Öz Vətənində yad olmaq?
Bir cüt yaşlı gözdən düşən
Bir cüt qırıq qanad olmaq?…

Bilirsən necə ağırdı
Kölgə olmaq?
Kölgə-adam…
Öz yurdunda qərib olmaq,
Özgə olmaq…
Özgə – adam…

Bilirsən necə ağırdı?…

Yandırır-yaxır adamı…
Bəs mən kimin adamıyam?
Torpağın, daşın adamı,
Dərənin, dağın adamı…
Böyük torpağın adamı…
Kiçik torpağın adamı…

Bilirsən necə ağırdı?…

Elə bil ki, öz evində
Götürüblər əsir səni…
Öz dişlərin parçalayır,
Öz əllərin kəsir səni…

Bilirsən necə ağırdı?…

Cırtdanların arasında…
Böyüyəsən, Div olasan.
Ev-ev bölünə ətrafın,
Sən yenə bütöv olasan…


…Bu mənəm ey, mənəm, Vətən,
Haqqına tamarzı adam.
Ürəyini parçalayan
Güllədən də razı adam.


Sığmır bu saxsı torpağa
Külüm, yerimi dəyişim…
Doğum yerimi dəyişim?
Ölüm, yerimi dəyişim?


Ana, mənə layla demə…
Daşımır bu bədən məni…
Məni Allah öldürmədi,
Öldürdü ey…
Vətən məni…


06 may 2017-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir