Elçin Mirzəbəyli – MÜHARİBƏ

MÜHARİBƏ

Hansı ölkədə baş verməsindən asılı olmayaraq, amansız müharibə səhnələrindən birbaşa dinc həyata keçmək mümkün deyil. Müharibə nə qədər ədalətli olursa-olsun, bütün hallarda döyüşlərdə iştirak edən insanın psixologiyasına təsir göstərir, onun faktlara və hadisələrə münasibətini dəyişir. Müharibə insanı fiziki və psixoloji cəhətdən yorur. Hətta ən qısa zaman kəsiyində yaşanan həyacanlı anlar, sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli döyüş səhnələri belə uzun illər boyu unudulmur, yaddaşlarda iz buraxır. Məhz bu baxımdan, 30 ilə yaxın davam edən işğala son qoyan, bizə tariximizin şanlı qələbəsini yaşadan, qürur duyduğumuz qəhrəmanların dinc həyata reinteqrasiyasına yardım göstərmək təkcə dövlətin yox, hər birimizin müqəddəs borcudur.
Postmüharibə sindromu haqqında bu günə qədər çoxsaylı əsərlər yazılıb, filmlər çəkilib və bundan sonra da yazılacaq, çəkiləcək. Müharibə və postmüharibə sondromu ilə bağlı yazılan bədii əsərlərin ən yaxşılarından olan Kevin Saytsın “Müharibə sindromu. Əsgərlərin danışmadıqları”, Anna Toddun “Ən parlaq ulduzlar”, Erik Remarkın “Üç yoldaş” əsərlərinin süjet xətti real həyatdan götürülüb və hər üç əsərdə müharibənin dəhşətlərindən keçən insanların gündəlik sarsıntıları, öz doğma ailələri, yaxınları ilə bağlı yaşadıqları problemlər reallığa daha uyğun şəkildə əks olunub. Amma müəlliflərin özlərinin də etiraf etdikləri kimi, qəhrəmanlarının bədiiləşdirə bildikləri yaşantıları reallığın cüzi bir hissəsini təşkil edir. Gerçəklik daha amansızdır və onu bədiiləşdirmək mümkün deyil. Və bu amansız gerçəklik mahiyyət etibarilə humanist olan yaradıcı insanın təxəyyülünün sərhədlərinə sığmır. Eyni fikirləri çox sevdiyim rejissorlar – Klint İstvudun “Qran Torino”, Cim Şeridanın “Qardaşlar”, Ketrin Biqelounun “Fırtınalar hökmdarı” filmləri haqqında da demək olar. Heç bir film amansız döyüş səhnələrinin real qəhrəmanlarının daxili yaşantılarını olduğu kimi, bütün incəliklərinədək əks etdirmək gücündə deyil. Səbəbini bilmirəm, amma Devid Morellin əsərləri əsasında çəkilmiş “Rembo” döyüş filmləri silsiləsi, daha dəqiq desəm, filmin qəhrəmanının öz komandirinə verdiyi sual yaddaşımda daha çox iz buraxıb: “Bizə hər zaman deyirdilər ki, Vətəni sevmək lazımdır… Bəs Vətən bizi nə vaxt sevəcək?” Ola bilsin ki, iqtibas gətirdiyib sözlər kimlərəsə ritorik sual təsiri bağışlasın… Amma öncədən deyim ki, Vyetnam müharibəsinin qəhrəmanı Con Rembo yaşadıqlarına görə, kimsəni ittiham etmir, dövləti qınamır, sadəcə Vətən və qəhrəmanın sevgisinin qarşılıqlı olmasının vacibliyinə toxunur. Vətən isə bizik! Yəni hər birimiz…

Xudbin xislətin aynası

…Arabir özünün mövcudluğunu uğursuz bir şəkildə gözə soxmağa çalışsa da, düşmən darmadağın edilib. O indi, sadəcə çırpınır, bir vaxtlar uşaq və qadınları, ahılları, silahsız insanları alçaqcasına qətlə yetirən və bütün bu rəzilliklərdən özlərinə mifik “məğlubedilməzlik” donu biçən müharibə cinayətkarları və onların törəmələri Azərbaycan əsgərinin qarşısından tülkü kimi qaçmasının izahını verə bilmir, öz gerçək siması, obrazı, xarakteri, bütövlükdə kimliyi ilə qarşı-qarşıya gəlməkdən qorxur. Azərbaycan Ordusunun şərəfli əsgər və zabitləri erməniliyin saxta tarix kitablarının, oğurluq mədəniyyətlərin içərisindən çıxarılan obrazını alt-üst edib və onun separatçı, işğalçı mahiyyətinin hansı natamamlıq komplekslərindən qaynaqlandığına aydınlıq gətirib. Birinci və ikinci Qarabağ müharələri, işğaldan azad edilmiş ərazilərimizdəki xarabalıqlar xəstə ultramillətçi ideyalarla zəhərlənmiş erməniliyin xudbin xislətinin aynasıdır. O, hələlik bu aynaya baxmaqdan, gerçək kimliyi ilə qarşı-qarşı gəlməkdən qaçır. Amma haraya qədər… Qaçacaq, qovacağıq. Ta ki öz real obrazını qəbul edənə və bu rəzalətdən xilas yolu tapmaq haqqında düşünməyə qadir olanadək…

İnsan amili

Bizim isə haqqında düşünəcəyimiz məsələlərin sayı yetərincədir. Ən önəmliləri isə işğaldan azad edilmiş yurd yerlərimizin yenidən qurulması və bərpası, qazilərin, müharibə iştirakçılarının cəmiyyətə reinteqrasiyası… Hər ikisi önəmlidir. Çünki hər iksində insan amili var!
İşğaldan azad edilən yurd yerlərimizdə yenidənqurma və bərpa sürətlə işləri gedir. Amma uzunmüddətli, obyektiv və subyektiv səbəblərdən vaxt tələb edən bir prosesdir. Məhz bu baxımdan da, Vətən müharibəsi qaziləri və iştirakçılarının cəmiyyətə reinteqrasiyası, onların sosial qayğılarının öz həllini tapması daha öncül məsələdir və dövlətin də yanaşmasında bu məqam özünü büruzə verir. Şübhəsiz ki, çatışmazlıqlar var və media mənsubu kimi mən də bəzən subyektiv amillərdən, məhdud düşüncəli, problemlərin mahiyyətinə varmağı bacarmayan, həssaslıqdan uzaq, başqasının ağrısını öz ağrısı kimi qəbul edə bilməyən kiçik çaplı korafəhimlərin günahından qaynaqlanan narazılıqlar barədə müraciətlər alıram. Və təbii ki, belə hallara qarşı, problemin mahiyyətinin obyektiv şəkildə araşdırılması, təhlil edilməsi şərti ilə mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur. Lakin təəssüf ki, bir çox hallarda araşdırılmamış, yaxud mənbəyi bəlli olmayan, bəzən isə xeyli öncə öz həllini tapmış problemləri əhatə edən məlumatlar əsasında, dövlətin gözdən salınmasına xidmət edən kampaniya xarakterli fəaliyyətin şahidi oluruq. Adətən belə “məlumatlar” daha çox sosial şəbəkələr üzərindən yayılır. Prosesin önündə isə hər zaman olduğu kimi sosial şəbəkələrin Azərbaycan seqmentinə soxulmuş erməni trolları və erməniliyin nüfuz müvəkkilləri dayanır. Məqsəd isə milli birliyimizə, həmrəyliyimizə zərbə vurmaqdan, cəmiyyətimizi parçalamaqdan, Ermənistan cəmiyyətini depressiyanın dibinə yuvarladan postmüharibə sindromunu ölkəmizə tranfer etməkdən, Vətən müharibəsindəki böyük Zəfərin cəmiyyətimizə bəxş etdiyi yaradıcı, qurucu enerjini məhv etməkdən ibarətdir.

P S. Qazilərimizin, Vətən savaşında iştirak bütün əziz həmvətənlərimizin döyüş meydanında olduğu kimi, mülki həyatda da numunə olacaqlarına inanıram! Onlar bütün sahələrdə cəmiyyətimizin lokomativlərinə çevriləcək, Azərbaycanımızın inkişafına böyük töhfələr verəcəklər.

01 oktyabr 2021-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir