KAMAL CAMALOV – FƏZLULLAH NƏİMİ YARADICILIĞINDA FƏZİLƏTLƏR

FƏZLULLAH NƏİMİ YARADICILIĞINDA FƏZİLƏTLƏR

Kamal Həsən oğlu Camalov

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

kamal.camalov@gmail.com

Açar sözlər: Fəzlullah Nəimi, hürufilik təriqəti, «Və­siy­yət­na­mə» əsəri, kamil insan

Key words: Fazlullah Naimi, Hurufism sect, written will work, perfect human

Ключевые слова: Фазлуллах Наими, секта Хюрифилик, произведение «Заве­ща­ние», совершенный человек

          Yaxın və Orta Şərq ölkələrində alim, şair, mütəfəkkir və ən əsası hürufilik təriqətinin banisi kimi tanınan Şeyx Fəzlullah Nəiminin anadan olmasından 685 (1339-1394), ölümündən isə 630 il ötür. Ancaq onun qələmə aldığı «Cavidan­na­­mə», «Ərşnamə», «Növmnamə» (yuxu haqqında kitab), «Məhəbbət­na­mə» və «Və­siy­yət­na­­mə» kimi əsərləri dillərdə, könüllərdə hələ da yaşamaqdadır. Bu kimi məş­hur əsər­lərin «təhlillərindən görünür ki, o, həssas bir nəzəri düşüncəyə və idrak qa­bi­liy­yə­tinə malik olmuşdur» (4, səh.78).

Hürufizmin banisi və rəhbəri Fəzlullah Nəiminin öldürülməsi tarixi və öldü­rül­düyü yer barədə hələ də mübahisəli və ziddiyyətli mülahizələr mövcuddur. Bu­nun əsas səbəbi əldə olan və istifadə edilən mənbələrdə Nəimi haqqında geniş və də­­qiq məlumatın verilməməsidir. Daha doğrusu, Nəiminin doğulduğu yer və öl­dü­rül­­mə­si tarixi yerli mənbələrdə aydın, ətraflı təsvir olunmamış və bəzən də biri di­gə­­ri­nə zidd məlumatlar verilmişdir. Ziddiyyətlərin meydana çıxmasında ilk mən­bə­lə­­rin üzü­nü köçürən xəttatların da müəyyən günahı olmuşdur desək yanıl­ma­rıq. Be­lə ki, on­lar düzgün oxuya bilmədikləri hər hansı bir sözü, rəqəmi səhv yaz­mış, ya­xud sa­­də­cə olaraq səhv köçürmüşlər. Bu və ya digər səbəblərə görə alim­lər Nəi­mi­­nin əs­li­nin haralı olması, təvəllüdü, vəfatı və s. haqqında müxtəlif və bi­ri di­gə­­­ri­nə uy­ğun gəl­məyən məlumat vermişlər.

Filologiya elmləri doktoru Qulamhüseyn Beqdeli, Yaqub Babayev, Rəhim Əli­­yev və b. Fəzlullah Nəiminin Təbrizli ol­duğunu, keçmiş sovet tədqiqatçıların­dan İ.P.Petru­şevski Nəiminin 1393-1394-cü il­lərdə Şirvanda, Məhəmmədli Tər­bi­yət 1394-cü ildə Naxçıvanda, H.Araslı 1394-cü ildə Naxçıvanda, Mirzağa Qulu­za­də 1394-cü və ya 1396-cı ildə Şirvanda, Lətif Hüseyn­zadə 1393-cü ildə Naxçı­van­da, Tağı Musəvi 1394-cü ildə Əlincədə, Əliəj­dər Səidzadə 1394-cü ildə Naxçıvan­da, «Azər­baycan tarixi» kitabında 1402-ci ildə Şirvanda, «Azər­bay­can fəlsəfəsinin ta­­ri­xi­nə dair oçerklər» kitabında isə hicri 804 (1401-1402)-cü ildə Naxçıvanda öl­dü­­rüldüyü göstərilmişdir. İranın görkəmli tarixçi alimi Səid Nəfisi Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il sentyabrın 2-də) öldürüldüyünü və qəbrinin Naxçıvanın Əlincə adlanan yerində olduğunu, Cəfər İbra­hi­mov 1402-ci ildə Naxçı­van­da və nə­ha­yət mötəbər ədəbiyyat və mənbə sayılan ASE-nin VII cil­di­ndə 1394-cü ildə Naxçıvanda öldü­rül­düyü qeyd olunmuşdur.

Şərq şairləri, o cümlədən də Azərbaycanın söz usta­la­rı öz dövrlərində baş ver­­miş müxtəlif hadisələri – şahın taxta çıxmasını, ölümünü, gör­kəm­li bir alim və şai­rin və­­­fatını və s. təsvir etmiş və həmin hadisənin nə vaxt baş ver­­­diyini əbcəd he­sa­bı ilə ver­­­mişlər. Belə şeirlər ədəbiyyatda maddeyi-tarix adla­nır.

Görkəmli bir hürufi kimi İmadəddin Nəsiminin müridi Nəimi ölümünə mad­­deyi-tarix yazdığını güman etmək olar. Odur ki, Nəsimi divanlarının əldə olan müx­­təlif əlyazma, çap nüsxələrini nəzərdən keçirir və Nəiminin öldürülməsinə həsr olun­­­muş maddeyi-tarixi axtarırıq. Nəsimi divanı­nın Tehran universitetinin mərkəzi ki­tabxanasında saxlanılan bir əlyazmasında onun Nəiminin öldürülməsi barədə olan maddeyi-tarixinə rast gəlirik. Hicri 1087 (1666-1667)-ci ildə üzü köçürülmüş 203 səhifəlik bu əlyazmasında üç şairin Nəsi­mi­nin, Seyid Nemətullahın və Əsiri­nin şeirləri toplanmışdır. Təəssüf ki, əlyaz­ma­sının son vərəqləri itmişdir.

Nəiminin ölümü haqqında olan maddeyi-tarix bu əlyazmasının 163-cü səhi­fə­­­sin­də yazılmışdır. Farsca olan bu şeirdə göstərilir ki, Şərq və Qərb Yəcucun fit­nə­­si ilə doldu (Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad törədən, işğalçı, qaniçən bir tayfadır – K.C.). Teymur ən qaddar zalım idi. Onun kimi bir zalımı heç kəs gör­mə­­yib və bundan sonra da yəqin ki, görməyəcəkdir. Miranşahın tələbi ilə Nəimi Şir­­van mül­kündən getdi. Maranşah (Teymurun oğlu Miranşah Nəimini öldürdüyü üçün hü­rufilər onu «Marahşah», yəni «İlanşah» adlandırmışlar – K.C.) onu öl­dür­dü. Bu za­man hicrətdən 796 il keçmişdi. Təsadüfən fəqirlərin bayramı olan cümə gü­­nü, zül­qədə ayının 6-sı idi (1394, 2 sentyabr).

Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da Miranşah tərəfindən Əlincədə öl­­dürüldüyünü təsvir edən bu maddeyi-tarix müxtəlif mənbələrdə həmin tarixi və ye­­ri göstərən digər müəlliflərin də düzgün məlumat verdiklərini təsdiq edir. Bu ta­rix və yeri qeyd edən həmin müəlliflərin məlumatı da öz növbəsində Nəsiminin mad­­deyi-tarixinin dəqiq bir sənəd olduğunu göstərir.

Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il sentyabrın 2-də) Miranşah tərəfindən Əlincədə öldürüldüyünü sübut edə biləcək digər bir sənəd Miran­­şahın həmin vaxtda orada olub-olmaması məsələsidir. Buna görə bu məsələ­dən də bəhs etmək vacibdir.

Teymur dövründə yaşayıb onun tarixini yazmış tarixçilərdən Şərəfəddin Əli Yəzdinin və Nizaməddin Şaminin «Zəfərnamə» adlı əsərində hicri 796-cı il hadisə­lə­ri təsvir edilərkən göstərilir ki, Teymur Məhəmməd Dərviş Bərlası bir bölük ordu ilə Əlincə qalasını tutmağa göndərdi. Rəcəb (may) ayında isə oğlu Miranşaha gös­tə­riş verir ki, Əlincəyə gedib qalanın mühasirəsi ilə məşğul olsun. Şəban (iyun) ayın­­da Xacə Ağbuca bir dəstə qoşunla Əlincəni mühasirə edən Məhəmməd Dərviş Bər­lasın köməyinə göndərilir. Teymur öz ordusu ilə Gürcüstanı və Şəkini işğal edir. Bu zaman Şirvandan xəbər gəlir ki, Toxtamışın ordusu Dərbənddən keçib Şir­va­nın bəzi əyalətlərinə hücum etmişdir. Teymur Şəkidən onlara tərəf gedir. Tox­ta­mı­şın ordusu bu xəbəri eşidib geri qayıdır. Teymur Kür çayının kənarı ilə irəli­lə­yər­kən, Toxtamışın ordusunun geri qayıtması xəbəri ona çatır. Teymur qışlamaq üçün yer seçilməsi barədə göstəriş verir. Mahmudabad şəhəri münasib hesab olu­nur. Teymur oraya gəlir və Fəxrabad kəndi yaxınlığındakı Qalıngünbəzdə düşərgə salır. O, öz ailəsini də Sultaniyyədən oraya gətirtdirir. Bu zaman Miranşah da Əlin­cə­dən Teymurun yanına gəlir. Teymur həmin ilin qışını burada keçirir. Qışın axı­rın­da isə ikinci dəfə Toxtamışın üzərinə hücum çəkir.

Tarixçilərin əsərlərindəki geniş təsvirlərin bu qısa xülasəsindən məlum olur ki, Teymur 1394-cü ilin təxminən mart-aprel aylarında Məhəmməd Dərviş Bər­la­sın başçılığı altında Əlincə qalasını almaq üçün ordu göndərir. Bu ordu mü­vəf­fə­qiy­­yət qazana bilmədiyi üçün may ayında oğlu Miranşah da Əlincəyə yola dü­şür. Qa­la­nın mühafizəçiləri onların hücumlarını mətanətlə dəf etdikləri üçün Tey­mur Xa­cə Ağbucanın başçılığı ilə yeni bir ordu göndərir. Miranşah 1394-cü ilin ortala­rın­­dan qışın əvvəllərinə qədər Əlincənin alınmasına rəhbərlik edir. Deməli, Miran­şah 1394-cü il sentyabrın 2-də Əlincədə olmuşdur. Şirvandan tələb edib gətirtdiyi Nəimi­ni həmin tarixdə öldürtmüşdür. Repressiyaya məruz qalan gözəl alim və təd­qi­qatçı Salman Mümtaz (1883-1937) da «Azərbaycan ədəbiy­yatı­nın qaynaqları» adlı əsərində də yazır ki, «Şah Fəzlullah bir çoxunun, bilxassə ca­hil və mütəəssib mollaların xoşuna gəlmədiyindən onların tərəfindən təkfir olun­muş və cahil üləmanın fitvası ilə Miran şah Şah Fəzlullahı Şirvandan gətirdərək» (5, səh.280) Naxçıvanda amansız şəkildə qətlə yetirmişdir.

          Əbu Məhəmməd oğlu Fəzlullah özünə Nəimi təxəllüsünü seçmişdir. Nəimi təxəllüsünü də təsadüfən seçməmişdir. Nəimi ərəb mənşəli söz olub – mənası ne­mət, bolluq, rifah için­də yaşama mənasını verir. Biz nəim ifa­­­dəsinə müqəddəs kita­bı­mız «Quran»da da rast gə­lirik. Yerin və göyün ya­ra­da­­nı Allah «Quran»i Kərimdə xoş əməl sahibi olanları axi­rət dünyasında cənnət­lər­lə mükafatlandırılacağını vəd edir. Belə cənnətlərdən biri də Nəimdir.Yüz iyirmi ayədən ibarət olan «Əl-Maidə» («Süfrə») surə­si­nin 65-ci ayəsində deyilir: «Əgər kitab əhli (Məhəmməd pey­ğəmbərə və Qurana) iman gətirsələr və Allahdan qorxaraq pis əməllərdən çə­kin­sələr, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnət­lə­ri­nə daxil edərik» (1, səh.97). Buradan belə ehtimal çıxara bilərik ki, Fəzlullah «Nəimi» təxəllüsünü «Quran»dan götürmüşdür. Həmçinin nəim – xoşbəxt yaşa­maq, firavan yaşa­maq, aydınlıq anlamını da ifadə etməkdədir. Bununla o, tə­rəf­dar­la­rının nəzərinə çatdırır ki, əsl firavanlıq, xoşbəxtlik xurafatçı axund və mol­la­ların vəd etdiyi cənnət­də deyildir, onu bu dünyada həqqə tapınmaq­la tapa bi­lər­si­niz.

Fəzlullah ilk əvvəl elmi bi­li­yi­ni özü öz üzərində müstəqil çalışmaqla, necə de­yər­lər, ən gözəl təhsil özü­nü­təh­sil­dir konsepsiyasını əsas tutaraq öyrənmiş­dir. Bun­dan sonra elmi dünyagörüşünü daha da artırmaq üçün 1369-cu ildə İsfahana, 1373-cü ildə isə Məkkəyə səfər etmiş, bilik əldə etmiş və mürşidlik, kamillik zir­və­si­nə ucalmışdır. 1386-cı ildən isə öz ideyasını, hürufilik təriqətini yaymağa başla­mış və yüz­lər­lə müridi əqidə birliyi ilə ətrafına toplamış­dır.

          Qoca Şərqdə onlarla təriqət yaranmışdır. Doğrudur, bəzi təriqətlərdəki (su­fi­lik, hənəfilik, mövləvilik, babilik və s.) ideyalar daha erkən təşəkkül tap­mış, daha əha­­təli və uzunömürlü olmuş, ic­ti­mai, dini-fəlsəfi, ədəbi-mədəni hə­yatın da­ha ge­niş sahələrinə nüfuz etmiş, küt­lə­vi­ləşmiş, orta əsrlər islam şərqində ədə­bi mey­­da­nın daha böyük sahəsini öz təsiri al­tına almışdır. Ancaq bir çox təri­qət­lər isə (və­ha­bi­­lik, bəhailik, tuqilik və s. ) əndazədən çıxaraq ifrata varmış, bir olan Allahın var­lı­­­ğına yox, şey­ta­ni­liyə, insanın xoşbəxtliyinə xələl gətirəcək işlərə xidmət et­miş­ və et­­mək­dədir.

Ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, təşəkkül tap­mış və uzunömürlü olmuş təriqətlərdən biri də, əsası Fəzlullah Nəimi tərəfindən qo­yul­­muş hü­rufizm təriqətidir. Əgər sufizm təriqətinin yaradıcı Hüseyn Həllac Mən­sur (848- 922) ilahi eşq fəlsəfə­si­nə üs­tünlük verirdisə, Fəzlullah Nəimi hürufi­likdə ağıla, tə­fək­­kürə, kamil­li­yə daha çox üstünlük vermişdir. Nəimi deyir ki, kainat in­sa­nın var­lı­­ğındadır. İn­san özünü öyrənsə, dərk etsə, dünyanın sirlərini öyrə­nə bilər. Həyatın, kainatın sir­lə­ri hərflər­də­dir. Hərflər insan sifətində olan xətlərdədir. Hüru­fi­likdə Allah eyni za­man­da söz-kə­lam şəklində tə­cəl­li edir. Hərflər isə sözlərin ifa­də vasi­tə­­sidir. De­mək, Allah söz­lər­də təcəssüm et­di­yi üçün eyni zaman­da hərflərdə əyan olur, hərf­lər isə kamala çat­mış insanın üzün­də əks olunmuşdur. Məhəmməd Pey­ğəm­­bərin kəlamları 28 hərf­də öz ifadəsini tap­mışdır. Dərin istedad və biliyə malik olan Fəz­lul­lah Nəimi isə fars dilində işlə­nən 32 hərfi əsas götür­müş­dür. Onun «Ca­vi­dan­na­mə»si sivu do­dan, yəni 32 hərf­dən ibarətdir. İnsanın üzündə anadangəlmə yed­di xətt var­dır: iki qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən – su, hava, od, tor­paq­dan əmələ gəl­di­yi üçün hər biri dörd hesab edilir, hamısının sayı isə 28 olur. Saç orta­dan ikiyə ay­rıldıqda yeddi xətt səkkiz olur; səkkizi dörd ünsürə vurduqda isə otuz iki alınır. «Hürufilik kodeksində insan təkcə mənəvi keyfiyyət, qüdrət və əzə­mətinə görə deyil, zahiri görünüş, camal gözəlliyi, hüsn və surəti etibarilə də Haq­qın təcəlli nuru, Tanrı vəchinin təcəllisi hesab olunurdu» (5, səh.68). Belə ki, in­­­­san surətcə də çox gözəl yaradılmışdı və Nəimiyə görə, onun hüsnündə ilahinin camal gözəlliyinin nişanələri vardır. İnsanın siması xüsusilə gözəl xəlq olunmuşdur və o, Haqqa məxsus bir sıra əlamətlərin daşıyıcısıdır. Başqa sözlə, Haqqa aid bəzi nişanələr bir dəlil kimi, bəşər övladının üzündə öz əksini tapmışdır. Məsələn, in­sa­nın üzündə «Allah» sözü yazılmışdır. Belə ki, ərəb əlif­ba­sın­dakı «əlif» (ا) – insanın qa­məti, «kaf»(ق) – qaşları, «hə» (ﺣ) – göz­lə­ri, «ləm» (ل) – bur­­nu, «mim» (ـمـ)‎‎ – ağ­zı, «nun» ( ن‎ ) – çənəsi, «dəl» (ﺩ‎) – qoca­lan­da qaməti – hərf­lərinə bən­zədilir. «Al­lah (ﷲ) kəlməsi də bu hərflərin bir­ləş­mə­sin­dən yaranır. «Buna görə hürufilər al­la­hın Fəzlullahda təcəssüm etdiyinə inanırlar» (7, səh.14).

Yaradıcılıq yolu zəngin olan, həm nəzm və həm də nəsrlə əsərlərini qələmə alan Nəiminin fikrincə, insanları ədalətə qovuşdurmaq üçün hökm­dar kamil insan ol­­malıdır, insanların hamısı kamil olmalıdır. İnsanın ən qəddar düş­­­­mə­ni cəhalətdir, na­danlıqdır.

«İnsan ədəbdən ibarətdir» kəlamını şüara çevirən və mövləvilik təriqətinin əsa­sını qoyan Mövlana Cəlaləddin Rumi irqindən, dinin­dən, dilindən asılı olma­ya­raq, bütün insanlara qucağını açan, onlara ilahi sevginin, qar­daşlığın, barışın, sül­hün və səadətin açarı olduğunu varlığı ilə anladan şeyxlər şey­xidir. Yüz dəfə günah iş­­ləsə də və yüz dəfə tövbə etsə də insanın ümidsizliyə qapılmamasını, Ulu Tanrı tə­­rəfindən yenə bağışlana­ca­ğı­nı ümid edən Mövlana belə deyirdi:

Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,

İstər xristian, istər məcusi, istər bütpərəst ol,

Bizim dərgahımız ümidsizlik dərgahı deyil,

Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl! (3, səh.178)

Dünyada ən qiymətli sərvət kamil insandır və kamil in­san surətini Allahla eyniləş­dirən Fəzlul­lah Nəimi isə deyir ki, kamil insan dedikdə onun alçağı, yük­­sə­yi, müsəlmanı, xaç­­pərəsti, bütpərəsti yoxdur. İsla­miy­yət və xaçpərəstlik ara­sın­­da ix­­­tilaf salmaq, məs­­cidlə kilsə arasında fərq qoy­maq insanları bir-birinə düş­mən edir. Dinindən, məz­­həbindən asılı olmayaraq Al­lah­dan lütf və mərhəmət uman­­­lar öz­­ləri mər­hə­mət­li və ədalətli olmalıdırlar. Həqiqi eti­qad insandan ədalət və sədaqət tə­­ləb edir. İnsa­nın etiqadı ilə əməli arasında uçu­rum olmamalıdır. Ali­mi-biəmal olan­­­lar, sözdə hə­qi­­qət və insafdan dəm vuranlar, xal­qa zülm edənlər riya­kar­dır­lar.

Qeyd edək ki, sufilik təriqətilə hürufilik təriqəti arasında müəyyən oxşarlıq­lar da vardır. Bu oxşarlıqlardan biri də hər iki təriqət üzvlərinin Allahı səmada, boş fəzada yox, insanın qəlbində tapmasıdır. Hələ Nəimidən xeyli əvvəllər yaşayan və sufi şair kimi tanıdığımız Yunus İmrə (1240-1320) yazırdı ki:

Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə məndən içəri!

Süleyman quş dilin bilir dedilər,

Süleyman var Süleymandan içəri! (8, səh.20)

Nəimi isə deyir ki, insan Haqqa məzhər və Xudanın özüdür:

Bizdən soruş, еy oğul, Xudanı

Biz məzhərik indi laməkana.

...Həqqi arama kənarda hеç vaxt,

Həqq səndədi, sən özün Xudasan (6, səh.68).

          Nəiminin sonuncu əsəri «qara buludlar»ın başının üzərini aldığı za­­man hə­ya­can­­ dolu vəziyyətdə (fikirlərini bir neçə dəfə təkrar etdiyinə görə həyəcanlı və­ziy­yət­də de­yirik) qələmə aldığı və gizli şəkildə öz yaxınlarına göndərdiyi «Və­siy­yət­na­mə» ol­­­muşdur. Əmir Tey­­­­­murun əmri ilə amansız şəkildə təqibə məruz qa­lan Nəi­­mi­­ni da­­­­ha çox qızları Fatimə, Aişə, İsmət və mü­rid­­­lə­rinin, məs­lək­daş­larının hər an faciə ilə bitəcək sa­ba­­­hları narahat edir. Yaxın dost­­­ları və məslək­daş­ları olan Dərviş Hacıya, Seyid Məhəmmədə, Xa­cə Fəxrəd­di­nə, Seyid Əliyə (İmadəddin Nəsimiyə) və b. dönələrlə, təkrar-təkrar tapşı­rıq­larını verərək yazır: «Alla­hın, Allahın, Al­la­hın xatirinə övlad­la­rımın qorun­ma­sın­da qüsura yol ve­ril­mə­sin. Dün­­yanı saxlayan ilahi-namusdur… Ola bilsin ki, təş­­kil olunmuş dəstədən adam gə­lər (Əmir Teymurun göndərə bilə­cə­yi qoşuna işa­rə­­dir – K.C.), bütün mü­rid­­lər tələf ola bilər­lər, hamıya qəsd edilə bilər. Harada ol­sa­lar elə etsinlər ki, mə­nim mü­ri­dim olma­la­rı­nı bir kimsə bilməsin» (2, səh.195).

          Nəimi Şirvanda yaşadığı son təlatümlü günlərini imam Hüseynin Kərbəlada qəddar­ca­sı­n­a aşura günündə (10 oktyabr 680-cı il) Yezid tə­rə­­findən başına gətiri­lən faciəyə oxşadır. Şirvanı isə Kər­bəlaya bənzədərək yazır:

Mən zəmanənin Hüseyniyəm, naəhlilər

də (namərdlər də – K.C.) mənim Yezid və Şümürümdürlər.

Ruzigarım başdan-başa aşuradır,

Şirvan da Kərbala (2, səh.197)

Fəzlullah Nəimi sanki qarşıda onu şiddətli faciənin gözlədiyini övliyalar ki­mi əvvəlcədən hiss edib duyubmuş. «Vəsiyyətnamə»də yazır ki, «…hər xəbər­dən bu dərəcə agah olduğum sizə də (qızları və dostlarını nəzərdə tutur – K.C.) məlum ol­sun» (2, səh.197).

Nəimi bu təlatümlü günlərin yaxında olduğunu əvvəlcədən hiss etdiyindən ya­zır ki, «öz geyiminizi və xarici görüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şək­linə salın. Möhkəm və əlçatmaz ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ or­dudan arxanızca heç kim gəlməmiş və tələfata uğramamış getmiş olasınız. Əl­bət­tə, əlbəttə, əlbəttə getməkdə tələsin. Uzaq dağlıq yerlərə çəkilin. Adlarınızı dəyişin. Dərvişlik mərasimini üzərinizdən götürün» (2, səh.196).

Fəzlullah Nəimi vəsiyyətnaməsində Şərq adət-ənənələrində olan valideyin-öv­lad münasibəti məsələlərini, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sö­­­zünə əməl etmələrini və ona  sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özün­­­­­­­dən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, meh­­­­riban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayaraq yazır: «Bacılar söz­­­dən çıxmamalıdırlar. Böyük bacı onlar üçün ata, həm də anadır. Mənim də və­ki­­­lim və canişinim odur. Allahın salamı olan böyük bacılarına (Fatiməyə – K.C.) mən də salam söyləyirəm. Öz övladlarımı görməyə olan həvəsimi şərh etmək müm­­­­­­kün deyildir. Bu iş ilahi bir iş olduğuna görə tədbirə sığmaz. Övladlarımdan ay­­­­rıldığım gün onlar kədərli idilər. Buna görə mən də çox kədərlənirəm. İndi məni heç bir ixtiyarım olmadan aparırlar. Görək iş nə ilə bitəcək. Bu fəqirin heç bir dini və dünyəvi nigarançılığı yoxdur. Ancaq tamamilə yalqız qalmış və kimsəsizlərin kim­səsindən başqa hamiləri olmayan övladlarımın dərdini çəkirəm ki, çox kö­mək­siz­dirlər. Allah-təalaya ürək bağlayın. Bacılarından göz-qulaq olmaqda diqqətini ar­tır. Onları heç incitmə. Əgər onların xeyri üçün olsa belə – incitmə. O əziz ana­sız­larıma salam söyləyin…» (2, səh.196).

          Yekun olaraq qeyd edək ki, azad fikir və sərbəst düşüncə sahibi olan Fəzlul­lah Nəimi yaradıcılığında yaradılmışların ən şərəflisi olan kamil insanı mədh et­miş, təhsili kamil insanlar yetişdirmək üçün vacib saymış, əxlaqi-etik normaları, ədəb-ərkan qaydalarını əsas götürmüşdür.

ƏDƏBİYYAT

  1. Quran (tərcümə edənlər: Z.Bünyadov., V.Məmmədəliyev). Bakı: Azər­nəşr, 1992.
  2. Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970.
  3. Mövlana Cəlaləddin Rumi. Eşq pərvanəsi. Bakı: Nurlar, 2009.
  4. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Bakı: Nafta-Pres, 2006.
  5. Salman Mümtaz. Azərbaycan ədəbiy­yatının qaynaqları. Bakı: Yazıçı, 1986.
  6. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı: Nurlan, 2007.
  7. Mirzağa Quluzadə. Böyük ideallar şairi. Bakı: Gənclik, 1973.
  8. Yunus İmrə. Güldəstə, Bakı: Yazıçı, 1992.
  9. Oruc Həsənli, Fərahim Sadıqov. Tərbiyəşünaslıq. Bakı: Elm və təhsil, 2015

Kamal Jamalov

ABSTRACT

COGNITIVE THOUGHTS IN THE MEETINGS OF FAZLULLAH NAIMI

In the article it is talked about scientist, poet, philosopher and the founder of the Hurifism sect – Sheikh Fazlullah Naimi.                                                            It is noted that one of the influenced, established and long term into deep fields of literary and cultural life sect is Hurufism founded by Fazlullah Naimi.                  Fazlullah Naimi preferred much more to the mind, mentality, perfection in Hurufism. Naimi said that universe is on existence of human. If a man learns, realized him at that time he could learn the secrets of the world.

Камал Джамалов

РЕЗЮМЕ

ДОБРОДЕТЕЛИ В ТВОРЧЕСТВЕ ФАЗЛУЛЛЫ НАИМИ

          В статье говорится об ученом, мыслителе, поэте и самое главное  об ос­но­вателе секты Хюрифилик Шейх Фазлуллах Наими. Здесь подчер­ки­вается, что сформировавшася и долгосуществовавщая секта Хурифилик, основанная Фазлуллахом Наими проникла в наиболее широкие области литературно-культурной жизни. Фазлуллах Наими в Хурифилике большое предпочтение отдавал разуму, мышлению, совершенству. Он говорил, что  вселенная в на­ли­чии человека. Если человек изучит, поймет себя он сможет выучить все тайны мира.


KAMAL CAMALOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir