Öncə söz vardı… (10)
OLJAS SÜLEYMENOV- Məşhur qazax şairi, Qazaxıstanın Xalq yazıçısı, türk dünyasının böyük oğlu, geoloq, türkoloq, etimoloq, mifoloq, linqvist-alim, ictimai xadim.
Tarixə tanıq-Oljas Süleymenov
(esse-hekayə)
(Bu rubrikanı sözü qutsal sayan şairlərə ithaf edirəm.Essenin təhkiyəsini orijinal şəkildə, yazıçının daxili monoloqu kimi verirəm)
Geoloqam…
Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir.Eşitmişəm ki, V.Hüqonun həyatını “le destin” -“tale” sözü tamam dəyişibmiş.Bir söz də mənim həyatımı dəyişəcək: “Şumer”-necə də doğmadır bu söz.Bunu yaşlı bir kişidən eşidəndə elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlmə-deşik etdi beynimdəki əndişələri, qovdu bütün şübhələrimi.Yerinə gerçəklik gəldi.Şumer, türk həqiqəti.Şumer: bu, mədəniyyətdir.Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi” lik-“köçəri” lik edə bilərəmmi?
-Bilərəm…
-Bəs harada eşitmişdim bu sözü?
Deyəsən, xatırladım:
-“Koşşi” sözünü diplomqabağı praktika zamanı Şimal-şərqi Prikaspidə sinəsində “şərəf nişanı” ordenini gəzdirən bir qocadan duymuşdum.
Oljas Süleymenovam…
Ömərxan kişinin oğluyam.Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o, məni 4 gün görüb.Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atamı.Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, məsafəcə uzağı sonralar daha yaxşı görəcəkdim.
Uzaqgörən olmaq üçün arabir qanrılıb keçmişə baxmaqda fayda var.Axı keçmiş əsla keçməmiş ulusum üçün, keçmişi olmayanlar utansın, hə, bir də adlmızı “vəhşi” qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma sovet akademikləri.Onlara kimliyimizi sübut edəcəm.Əvvəl “Az” deyəcəm, sonra “Ya”, daha sonra hər ikisini birgə: “Az i Ya”
Türkəm…
40 professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm.Ehhhh, daha nələr deyəcəm, nələr! 60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə- “bu, kifayət etməz”- deyən qərəzli alimə tutarlı cavabım da olacaq.
Nə kimi?
-Belə desəm necə olar?
-“Dadını bilmək üçün heç də Sakit okeanının suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bir damla şor su da kifayətdir”
Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündəki cizgilərin avazımalı olduğuna nişanədir.
Ehhh, hələ neçə “malı”, “məli” ni qarşımdakı akademiklərin üzünə hörəcəm.
Linqvistəm…
Geoloq kimi yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu.Tariximizin sözlərimizdə gizləndiyinə əminəm.Saxlancımız sözlərimizdir.Sözün dəyişməyi insanın dəyişməsinin xəbərçisidir, həm də xalqların.
Şumerdə-ada, türkdə-ata;
Şumerdə-tir-həyat, türkdə-tiri, diri, turu yaşamaq.
Şumerdə-Dinqir-tanrı, bizdə tenqri, tanrı, teqri.
Tələbəyəm…
İkinci ali təhsil alıram.Moskvada Ədəbiyyat İnstitutunda 1-ci kursda oxuyanda verilən kurs işi “İqor polku dastanında Şərq elementləri” idi.Həmin dastanın müəllifinin slavyan ya türk olması mənim üçün önəmsizdir.Əsas odur ki, müəllif ikidilli olub.Türkizmləri tapıb çıxarmaq gərək.Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus-şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam.
-Bu nədir? Nəyin əndişəsidir?
-Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb?
-Narahat olanlar var!
“Az i Ya” nın ilk oxucusu Konstantin Simonovun məktubunu aldım.Yazısında mənə qarşı “necə bir savaşın başladığını indidən təxmin edirəm”- deyir.Haqlı çıxır Konstantin Mixayloviç…
Təqvimin 1975-ci iliyəm…
Mənim üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı.Kipriyimlə od götürdüm sanki.Yaxşı ki, kitabım çıxanda “qalmaqalçı” adı ilə məni damğalamaqları bəs elədi.Sağ olsun, Dinməhəmmədi-Kunayevi nəzərdə tuturam.M.Suslovun ağzına atsaydılar “hooop edib” udmuşdu məni.Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, ancaq məni yeməyə hazır idi. “Antisovet”, “Pantürkist” adı ilə bəribaşdan damğasını qoymuşdu.Kunayevin Brejnevlə dostluğu işə yaradı.Dimaş məni qorudu, kitabı verdi Leonid İliçə, o da oxudu.Bəlkə də oxutdurdu neçə yan-yörəsinə.Kitab oxumaq həvəsi harada idi Leonyanın, amma xokkey olsaydı yaxşıca izləyərdi. Baş katib dedi:
- “Burada antisovet heç nə yoxdu”.Əla cavab idi, həm də yerində deyilmiş.Kunayev biraz da ürəkləndi:
-“Yoldaş Brejnev, olar bu “qalmaqalçı” nı Mərkəzi Komitənin tərkibinə seçək?”
-“Layiqdirsə, seç!”
“Az i Ya” kitabıyam…
Bütün İttifaqda səs-küylə qarşılanıram..”Az i Ya”
-qədim Slavyan əlifbasının ilk hərfi və rus əlifbasının son hərfi.
“Mən və Mən”-şərti olaraq “Sən və Mən” Okeanın o tayında da maraqlanlrlar.Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə macal tapanlar nə çoxdur!
ABŞ-də sonralar eşitdim bu haqda.Hə, birdə qulağım çaldı ki, Respublikamızda kitabım qara bazarda rekord qiymətə satılır.Öz avtomobilini –
“Jiquli” sini kitabıma dəyişənlər var.Azərbaycanda da sevilərək oxunur, dostum Məmmədə
(şair Məmməd İsmayıla) 10 nüsxə pay vermişəm.Yaxşı ülfətimiz var onunla.Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı “bala-bala” vurmuşuq.Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla, Seyranla, Sabirlə də dostuq.
Azərbaycanın böyük dostuyam…
“20 Yanvar” dəhşətini mənə gecənin ənginliyində, saat 03:00-da Bəxtiyar verdi.Səsi titrək, kədərli idi.39 dərəcə qızdırmada yanırdım, amma bu xəbər daha da yandırdı məni.Hər şeyə rəğmən gecə ilə uçdum Bakıya.Bakı mənim iki doğma şəhərimdın biridir.Bakıda mənə Azərbaycanın böyük dostu deyirlər.2021-ci il avqustun 12-də cənab İlham Əliyev sinəmə “Şərəf” ordenini taxanda Prezidentlə bir saat söhbət elədik.Sağ olsun, mənə qarşı hər zaman diqqətli davranıb.Bir kitab hədiyyə etdi.Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı dönəmi əks etdirirdi.Avtoqraf istədim.Adətən yazıçılar avtoqraf verər, lakin mən də cənab İlham Əliyevin avtoqrafını aldım. Axı o da yazıçıdır – tarix yazan yazıçı!
Yazıçıyam…
Gənclərdən narazıyam.Mütaliəni sevmirlər. “Dayanmadan, durmadan yazmaq!” şüarımı qulaqardına vurublar.Oxumağı sevməyənlər yazmağı da sevməzlər.
Diplomatam, partiya rəhbəriyəm, səfir də işləmişəm. “1001 söz”, “Türklər tarixdən əvvəl” kitablarım maraqla qarşılandı.Əvvəllər balaca ofisdə işləyirdim, dalandarlar bezdirdilər məni, işləməyə qoymurdular.Bir təhər onları çıxartdım.Bir axşam evə qayıdanda, üstümə bir neçə nəfər hücum çəkdi, özümü qorudum.Əllərində küt alət vardı.Demək ki, Tanrı türkü qorumaq istəmiş, əks-halda indi sağ qalmazdım.Azərbaycan türklərinə deyəcəklərim çoxdur.Öncə onlara gözaydınlığı yaraşır, sonra şeirlərim.Qarabağdakı zəfərimizə uşaq təki sevindim.Sanki
“Dədə Qorqud” və “Manas” dastanları canlandı gözümdə.
Bu esseni yazarkən sanki canavar ulartısını eşidirəm…Yeri gəlmişkən, qədim Şumerdə muncuqları sapa düzürmüşlər ki, ulduzları əcdadlarımızın bədənində saxlayaq.
Birazdan göy qübbəsində parlaq ulduzlar peyda olacaq.O ulduzları hər bir türk şəxsiyyətinin adına ad edəcəm.Birinə Oljas ismini verəcəm.Gecə şəmsin ölümü olsa da, səhər günəş yenidən yatağından qalxacaq, göydə yarıqövs cızacaq.Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə ulduzlarımız var.Tanrımız və Türkümüz var!
Sayğıdəyər oxucu, muncuq düzülüşü odur ki, ölümüz də dirimiz kimi dəyərlidir.
Bir də axı türkün ölüsü yox, yalnız dirisi olur!
( Esse-hekayədə şair Məmməd İsmayılın, yazıçı Seyran Səxavətin və yazıçı-dramaturq Firuz Mustafanın xatirələrinə, habelə şəxsi məlumatlarıma istinad etmişəm)
06.09.2021.
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru