79-cu payız, 84-cü sıra və qürbətdən boylanan əbədi ayrılıq
Tikinti işlərinin getdiyi hasarlanmış ərazi xüsusi mülkiyyət olduğundan içəri daxil olmaq qaydalar çərçivəsində deyil. Üstəgəl bayram günüdür deyə mühafizə xidmətinə edəcəyim xahiş üçün alacağım cavab da təxminən bəlli olduğundan elə hasarın yanından səmanın şəkilini çəkməklə kifayətləndim.
Bu o mülkdür ki, 15 mart 1865- ci ildə Məhəmməd Sadıx bəy Ağabəyzadə burada anadan olmuşdur. Onun haqqında qohumum kimi yox, sadəcə bir tarixçi kimi, həm də bu gün 28 mayı daha çox xatırlanmağa haqq etdiyi üçün kiçik bir yazı ilə yada salmağı özümə borc bildim.
M. S. bəy Ağabəyzadə ilk təhsilini Bakıda alır. Daha sonra Peterburqda ali hərbi təhsilini davam etdirir. Eyni zamanda qiyabi olaraq şərqşunaslıq fakultəsini də bitirir. 21 yaşında peşəkar hərbiçi kimi fəaliyyətə başlayan Məhəmməd Sadıx bəy 48 yaşında general-mayor rütbəsi alır. O 1921-ci ilə qədər general rütbəsi alan 21 azərbaycanlıdan biridir.
Hərbi qulluqda olarkən Qafqaz ordusunda, Türküstan hərbi dairəsində xidmət edir. Ordudan ehtiyata buraxılan general Göyçaya qayıdıb burada məktəb açmaq fikrində olur. Lakin Birinci Dünya müharibəsi başladıqda o yenidən ordu sıralarına qayıdır. Qafqaz və Ukrayna cəbhələrində döyüşlərdə iştitak edir. Müharibədən sonra Məhəmməd Sadıx bəy yenidən Göyçaya qayıdır. Bu o zaman idi ki, onu şərqşunaslar ciddi elmi araşdırmalarına görə tanıyır, dövrün nüfuzlu univeristetlərinə dəvət edirdilər. M. Sadıx bəyin yazdığı “Türkmən dilinin qramatikası” əsəri həmin dövrdə çox məhşur idi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci ilin payızında M.Sadıq bəy cümhuriyyət parlamentinə deputat seçilir. Qısa müddətdən sonra baş nazir Xoyski onu daxili işlər nazirliyinə dəvət edir. Mirzə Sadıx bəy hökumətdə təmsil olunduğuna görə millət vəkilliyindən istefa verir. Polis quruculuğunda bir-birini əvəz edən üç nazirin müavini olsa da əslində həmin nazirlər daha çox siyasi faliyyət aparmalı olduğundan M.Sadıx bəy Ağabəyzadə faktiki olaraq nazirliyin və ümumiyyətlə polis sisteminin qurulmasına təkbaşına rəhbərlik edir. Azərbaycana gələn yüksək ranqlı qonaqların mühafizəsindən tutmuş polis sisteminin təsnifatının yaradılmasınadək bütün məsul işlərə bilavasitə rəhbərlik edir. Yüksək intellektə, dərin zakaya sahib olan general ana dilindən başqa türkmən, özbək, anadolu türkcəsi, ərəb, fars, rus, fransız, polyak, ukrayna dillərini mükəmməl bildiyindən cumhuriyyətə gələn qonaqlarla tərcüməçisiz əlaqə saxlayır, yeri gələndə bu missiyanı da özü yerinə yetirirdi.
AXC-nin süqutundan sonra M.Sadıx bəy İstanbula mühacirət edir. Burda tibb unversitetinin professoru olan xalası oğlu Əli bəy Hüseyzadənin evində yaşayır.
Ağabəyzadə hələ Batumda olarkən onun ata mülkü, qardaşlarının evləri Göyçayda müsadirə edilir. AXC daxili işlər nazirinin müavinini gizlətməkdə suçlandırılan bütöv bir nəsil doğma yurdlarından pərən-pərən salınır.
1927-ci ilədək Parisdə, Nitsada yaşayan Ağabəyzadə Paris univeristetlərinin birində şərqşunaslıqdan mühazirələr oxuyur. O, Faransadan öz xalası oğlu Əli bəy Hüseynzadəyə yazdığı (51 məktub) məktublarda qardaşlarından nigaran qaldığını, doğma Göyçaydan ötrü darıxdığını qeyd edir, ən böyük arzusu qan qohumlarına qovuşmaq olduğunu yazırdı.
Tale 1927-ci ildə Məhəmməd Sadıx bəyi Lvov şəhərinə gətirib çıxarır. O, burada 1944-ci ilin 8 oktyabr tarixinə qədər univesitet professoru kimi fəaliyyətini davam etdirir. Quranın rus dilinə tərcümə edilməsində öz misilsiz tövsiyyələrini verir. Polyak dilində nəşr etdirdiyi dərslik bu gün də Avropa şərqşunaslarının istinad etdiyi əsərlər sırasındadır.
Məhəmməd Sadıx bəyin elm aləmində uğurları ard-arda sıralansa da şəxsi həyatındakı problemləri bitib-tükənmirdi. Onun xanımı gənc yaşlarında dünyasını dəyişir. Xanımını Parisdə dəfn edən Sadıx bəy bir daha evlənmir. Lvov işğal altına düşdükdə Alman faşistləri yaşlı alimin yaşadığı mənzili zəbt edir. Ömrünün ahıl çağında dahi şərqşunas alim ehtiyac içində, şəraitsiz zirzəmi tipli evdə yaşamağa məcbur olur.
Böyük pedaqoq, Şərq xalqları tarixi, dili, mədəniyyəti üzrə əvəzsiz mütəxəsisis həyatının son aylarında qayğıkeş tələbəsi Olqa Bak və onun ərinin himayəsində vətəndən uzaqlarda Lvovda əbədi olaraq gözlərini yumur. Bak və ailəsi bütün rituallara rayət etməklə onu müsəlman qaydalarına uyğun şəkildə dəfin edirlər.
9 oktyabr 1944- cü il lvov, liçakovski qəbirstanlığı 84-cü sırada ömrünün 79-cu payızında Böyük alim əbədi olaraq torpağa tapşırılır.
Cümhuriyyət gününü qeyd edirik. Həmin cümhuriyyət asayiş sistemini qurub yaradan insanın, İçərişəhərdə ilk polis məktəbinin əsasını qoyan Məhəmməd Sadıx bəy Ağabəyzadənin böyük ehtiramla yad edilməsi fikrimcə yerinə və zamanına düşür.
Qürbətdə uyuyan ruhun şad olsun!
Sənin kölgəsində beşiyin qoyulan tut ağacı yoxdur daha. Ömrünü başa vurub. Sovetlər dönəmində əldən-ələ keçən, cürbəcür idarələr yerləşən mülkün idi kiminsə özəl mülkiyyətidir. Amma o mülkün üstündə açıq səma var. O mülkün torpağından rişələri şirə çəkən sənlə yaşıd, başı buludlara boylanan çinar var. Yamyaşıl çinar, masmavi səma, qıpqırmızı günlərə səsləyən umidlər var.
106 yaşlı bayram ruhuna alqış deyir, ruhun bayramı oxşayır. Bayramın, bayramımız mübarək!
Müəllif: Pərviz YƏHYALI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru