
Hacı Hüseyn Əfədiyev dalğası
Xəzərin mavi lacivərdliyi boyasını türk qövümlərinin sakin olduğu ucsuz-bucaqsız Türküstan ellərinə baxışından alır. Sanki od rəngli günəş şəfəqləri dalğalara baş vuraraq mavi biçimə bələnir. Bu tələtümlü türk nəhri namərd gülləsindən al qana boyanan neçə-neçə vətən oğluna son mənzil olub. Böyük-Zirənin sahillərindəki yaşıl yosunlar isə istiqlalımızın rəmzi bayrağımızın ətəyini xatırladır.
Hacı Hüseyn Əfəndiyev 1893-cü ildə Göyçayda Abdulla bəyin ailəsində doğulub. O, ilk təhsilini Göyçayda alır. Daha sonra Tiflisdə ali təhsilini başa vuraraq doğma elinə dönür. Gənc Hüseyn ata-babasının geniş təsərrüfatına rəhbərlik etməklə yanaşı Göyçayda ilk dəfə olaraq kitab və dəftərxana ləvazımatı dukanı açır. Əslində onun açdığı dükan kitabxana idi. Bu əzəmətli bina-mülk sonralar bolşeviklər tərəfindən müsadirə edilərək xəstəxanaya çevrilir. 1915-ci ildə ailə quran Hüseyn bəyin 1916-cı ildə oğul övladı dünyaya gələndə sevincinin həddi-hüdudu aşıb-daşır. Ailə həyatının xoşbəxtliyini könül dolusu yaşayan gənc heç ağlının ucundan da keçirməzdi ki, qısa zaman kəsiyindən sonra onun özünün, doğmalarının başı üzərini amansız qara buludlar alacaq. Cəmi dörd il sonra onun oğul övladı atasız qalacaq, olmazın məşəqqətlərinə düçar olacaq. Hətta təqiblərdən qorxan ana oğlunu qorumaq üçün onun soyadını da dəyişmək məcburiyyətində qalacaq. Bu azmış kimi Hüseyn bəyin atasız böyüyən övladı ll Dünya müharibəsinin odlu-alovlu səngərlərində ağır döyüş yolu keçəcək.
Hələ Hüseyn bəy həyatının ən xoş illərini yaşayırdı. Ətrafına topladığı istedadlı gənclərin maarifləndirməsi yönmündə iş aparır, saysız-hesabsız mal-mülkündən gələn gəlirlərdən təhsil alan tələbələrə təqaüdlər verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Hüseyn bəy bu tarixi hadisəni ürəkdən alqışlayır. Göyçayda Əhrar partiyasının özəyini təşkil edən gənç bəy aqrar sahədəki problemlərin həlli istiqamətində ciddi iş aparır. 1918-ci ilin dekabrında AXC-nin parlamenti fəaliyyətə başlayanda Hacı Hüseyn bəy Əfəndiyev Göyçay qəzasından millət vəkili seçilir. 7 dekabr 1918- ci ildən 27 aprel 1920-ci ilə, yəni parlamentin son iclasına qədər deputat fəaliyyətini Hacı Hüseyn bəy Əfəndiyev əsasən aqrar istiqmətdə islahatların aparılmasına həsr edir. Həmçinin Hüseyn bəy parlamentdə məsləkdaşları ilə birgə AXC-nin bütövlükdə nail ola bildiyi məsələlərdə ciddi fəaliyyət göstərmişdir.
AXC süküt edən gün, 28 aprel tarixində bolşeviklər Hüseyn bəyi həbs edir. O, XI
ordunun 7 saylı xüsusi şöbəsinin müstəntiqinin qərarı ilə 3 iyun 1920-ci ildə Böyük-Zirə (Nargin) adasında güllələnmişdir.
Cəmi 27 yaşında düşmən fətvası ilə qətilə yetirilən işıqlı aydın arzusunda olduğu çiçəklənən vətəni mavi dalğalara höpmuş ruhu ilə görməyə məhkum edildi. Yüzlərlə soydaşı kimi.
İstiqlalımızın bu gün 106-cı il dönümünü qeyd edərkən Hacı Hüseyn bəy Əfəndiyevin timsalında bütün istiqlal mücahidlərinin ruhuna sayğılarla rəhmət oxuyuruq.
Müəllif: Pərviz YƏHYALI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru