Əli Rza Xələfli -“Bir ayrılıq odu var” poema eposdan bir parça

QARDAŞIMDAN QALAN DÜNYA

(poema-etüd)

“Bir ayrılıq odu var” poema eposdan bir parça

Azərbaycanın görkəmli elm və sənət adamları Hüseyn Kürdoğlu və Şirindil Alışanlının xatirəsinə
Poema-etüd

Ayrılıq od qaladı, ruhumu ütüb keçdi,
Aldı məni hədəfə, qərəzə tutub keçdi.
Yaman vəfasız çıxdı, küsüb getdi gəncliyim,
Gördü qocalıq gəldi, cavanlıq ötüb keçdi.

Təhnalıq ürəyimə, qəlbimə sirdaş olar,
Ögey-ögey ağrılar canıma qardaş olar.
Sovurar günlərimi dövranımın ələyi,
Nələrim qalar mənə, nələrim çıxdaş olar.

Götürmək istəmədim neçə dərdi, ağrını,
Öz dərdimin ağrısı göynədərdi ağrını.
Ustadlardan qalandı, əmanət olub mənə,
Dedilər, varislərin çəkər mərdi ağrını.

Ey Tanrım, göndər gəlsin, nəyin var sinəm üstə,
Sinəm elə meydandı – haqqım yox, dinəm üstə.
Qalaq-qalaq dərdlərin elə zirvə yaradıb,
Gərək uçam səmaya, göylərdən yenəm üstə..

Gördüm dərdin zirvəsi, uca taxtı qurulub,
Ağrıdan gələn ağrı axıb, axıb durulub,
Baxır çarpaz dağlardan al-qanı süzə-süzə,
Zirvələrin Məcnunu – qoca qartal vurulub.

Sinəm üstü gül-güldü, süsən, sünbülüm yoxdu,
Xəzan vurmuş bir bağam, bülbülüm, gülüm yoxdu.
Düşmüşəm bir ocağa, yanam, Səməndər olam,
Kül altından diriləm, yanıram külüm yoxdu.

Ustad baxdı halıma, gördü halı göynəyəm,
Məni məndən irəli – deyər bu yer, göy – nəyəm,
Yurdu talan içində, bəxti yalan içində,
Yalıncıqlar əlində al boyanmış köynəyəm.

Axtardım məkanımı, kimdən sordum yerimi,
Yenə mənə söylədi, qoca qurdum yerimi.
Mən qoca Kürdoğlunun dördlük sarayındayam,
Qorusun söz qoşunum – əsgər, ordum yerimi.

Həkəridən, Arazdan, Qara göldən soruşdum,
Ağrıların lələsi Şirindildən soruşdum.
Xəyalımda yeridim, dağları gəzdim gəldim,
Dedim, ustad, mən səni yurdsuz eldən soruşdum.

Danışır Kürdoğludan yenə səhər küləyi,
Dərdli xəbər gətirir qərib durna lələyi.
Qardaşı Şirindilin hər sözündə canlanır,
Xatirəsi, obrazı, ölməz şair taleyi.

İsti idi hər kəsə sözündə, bəyanında,
Yaxınına, yadına, dostuna həyanında,
Görməsə axtarardı: “Hardasan, ay Şirindil?”
Deyərdim ki, burdayam, elə sənin yanında.

Bulaq idi duruluq damarında, qanında,
Bir böyüklük var idi varlığında, canında.
Gözlərində dünyanın dərdini daşıyardı,
Dil açıb danışardı sözü həyəcanında.p

O, tayfanın ocağı, səcdəgahı, piriydi,
Hər kəs yaxşı bilirdi, o, yüzlərdən biriydi.
Xınalanıb gülərdi hər addımı qurbanla,
Ürəklərdi məkanı, gözlər üstü yeriydi.

Atının nalı düşsə, nalbəndlər nal gətirib,
Şair qəmə batıbsa, sevənlər xal gətirib.
Xəstələnib Bərdədə – şairə dərman olar,
Dədə Şəmşir əlində bir dalaq bal gətirib.

İstisuya gedişi necə şad xəbər idi,
Qarabağda, Bərdədə hər dərdə sipər idi.
Şamil Əsgər Dəlidağ, Məmməd Aslan,Bəhmənin,
Qorxmazın, Sücaətin dilində əzbər idi.

Əli Qurban Dastançı hər dərdini bölərdi,
Dədə Şəmşir şairi sevgisinə bələrdi.
Cəbrayıldan çoxları – biri elə sən özün…
Hüseynin kimliyini ellər yaxşı bilərdi.

Dədəlik vardı onda – böyüklükdə baş idi,
Qan bağlayan sözündə təmkin ağır daş idi.
Kövrələrdi, dolardı bir sınmış budaq üstə,
Bir uşaq ağrısı da gözlərində yaş idi.

Şər-böhtan, qarayaxma yad idi, dinc Hüseynə,
Gör necə ilan olar, nahaqdan sanc, Hüseynə.
İllərin ovqatına köklənmiş Bəxtiyar da
Kürdoğlu adı verib dərnəkdə gənc Hüseynə.

Keşik çəkdi bir əsgər, ər, dəyanət adına,
Yaxın gələ bilmədi xor, xəyanət adına.
Türk oğluna ögeydi – desələr də sınmadı,
Ömürlük sadiq oldu bir əmanət adına.

El içində hörməti bir şahanə taxt idi,
Kəndə gəlir… bir bayram, bir ayrıca vaxt idi.
Hüseyn Kürdoğlu yolu… Bakı-Laçın-Əhmədli,
Dağlarda doğma kəndi mənəvi paytaxt idi.

Nə deyim, nə danışım, sözü dastan qardaşdan,
Zaman-zaman gül açan, özü bostan qardaşdan.
Hər nə desəm yarıdı – nə bitməz, nə tükənməz,
Həqiqəti kəsərdə, düzü astan qardaşdan.

…Söz oğlu söz qardaşın yarası köz olurdu,
Yara sözdən can alır hərdən göz-göz olurdu.
Danışırdı Şirindil sinəsində çəkdiyi
Ağrının mində biri dilində söz olurdu.

Xatirələr acılı-şirinli duyğulardı,
Bəzən qəmli payızdı, bəzən güllü bahardı.
Yaşamağın dəyəri xatirədə görünür,
Xatirəsiz bir həyat çox mənasız olardı.

Alışan oğlu Həsən kökün əsil xalısı,
Hüseyn, Seyfi, Sehrayə kədər – fəsil xalısı.
Gördü zaman sınağı Alışan, Sürəyya da
Urşan, Firuz, Şirindil – hər kəs nəsil xalısı.

Fəridə xanım özü Quba-Laçın körpüsü,
Məhəbbətə, sevgiyə qızıl tacın körpüsü.
Süsən, Nasir, İlhamın – sevgi, barı bəhrəsi,
Müqəddəslik adına ehtiyacın körpüsü.

Qaradağdan gələn köç – yurd saldı, binə qurdu,
Laçınları qıy vuran qayalar sinə qurdu,
Dağ arxalı bir nəsil çağırdı: “hardasan, gəl”,
Tarixə sirdaş olub qayıda, dönə, qurdu…

Sözümdə bir nəsilin taleyini yaşadım,
Dərdlərilə ağrıdım, ağrısını daşıdım.
Çiçək açdı ruhumda sözüm ilə böyüdü
Əzəldən həmdərd olan bu “ayrılıq” yaşıdım.

Əmanət bildim sözü, söz göyündə çaxana,
Canını közə tutub söz oduna yaxana,
Qartallar salam deyər, dağlar təzim eyləyər,
Əhmədlidə bir evin eyvanından baxana.

Qərib eldən hər gələn hekayət, həkət olar,
Qonaq döyən qapının ünvanı şöhrət olar.
Axın-axın dostların gəlişi bir tük salmaz,
Hər qonağın ayağı xeyir, bərəkət olar.

Kürdoğlu dördlükləri hallanır budaq-budaq,
Şirindilin şərhləri allanır budaq-budaq,
Borevlər qonaq gəlib, gülür eyvan sevinir,
Qızıl-qırmızı gilas ballanır budaq-budaq.

Qələmlərim rəngbərəng… sıra-sıra düzülüb,
Kağızlar da ağappaq… təzə süddən süzülüb.
Hardasan ilham pərim… gəlib görsən şairi
Səndən ayrı düşəli ayrılıqdan üzülüb.

Zamanım zalım oldu, verdi göz-göz dərdləri,
Sinəmdə ocaq çatdı, qoydu köz-köz dərdləri.
İndi başla, yaz görüm, hardan necə yazırsan,
Varlığında qaynayan acgöz-acgöz dərdləri.

Çağırdım qövsi-qüzeh yol olsun, yeriyim mən,
Yeddi rəngin üstündə dağ olum, əriyim mən,
Xəyalımla yeriyim, gözlərimlə oxşayım,
Səssiz sükut içində… dinməyim, kiriyim mən.

Haqq aşıqı soruşmaz pay verənin adını,
Bir almanın əvəzi alsa da həyatını…
Hər dərvişin bir payı… Kürdoğlu badə verdi
Alıb çəkdim başıma sözün şərbət dadım.

Ayrılığın özü də özümlə canbir olub,
Sözün damarlarında qan olub, can bir olub.
Bir yerdə alışmışıq, bir yerdə yanmışıq biz
Diri gözlə açmışıq – günəş bir, dan bir olub.

Çox nağıllar axır ki, sona yetdi, qurtardı,
Yaddaşlarda qalmadı, getdi, itdi, qurtardı.
Qardaşından qalanı dünya bilən qardaşın
Hekayəti, nağılı burda bitdi, qurtardı.

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir